Nağı Hacıbayramlı-Bayramgil
Nağı Hacıbayramlı Mustafa oğlu — bolşevik kommunist hakimiyyətinə qarşı Qarayazı gizli təşkilatın üzvü, kolxoz quruculuğuna qarşı Qarayazı kəndli qiyamının iştirakçısı, bəzi halda rəhbəri, siyasi mühacir.
Nağı Mustafa oğlu Hacıbayramlı Tiflis quberniyasının, Tiflis qəzasının Qarayazı pristavlığının Kosalı kəndində 1902-ci ildə mülkədar ailəsində anadan olmuşdur.
Atası Mustafa Hacıbayramoğlu (1870–1916) zamanəsinin qabaqcıl fikirli, zəngin insanlarından biri olmuşdur. Çox böyük sürüləri, naxırları, qışlaq və yaylaqda otlaq yerləri, əkin sahələri, bağları, kənddə, pristavlıqda, Tiflis şəhərində mülkləri, digər daşınmaz əmlakları, çoxsaylı ticarəti, bankda hesabı və möhürü olmuşdur.
Çar Rusiyası dövründə var-dövləti qiymətləndirilərkən bir milyon o zamankı pul vahidində dəyərləndirilmişdir. Birinci dünya müharibəsinin başlanması eləcə də Çar Rusiyasında baş verən məlum siyasi hadisələr mülkün rəsmiləşdirilməsinə mane olmuşdur. İndiki Qardabani, keçmiş Qaratəpədəki mülkünə dəmiryol vağzalından XIX əsrin sonlarında elektrik xəttinin çəkilməsi, süd-yağ və tikiş məhsullarının istehsalı üçün sənaye miqyaslı maşınlarının Qaratəpəyə gətirilməsi, böyük un dəyirmanının inşaası, aclıq illərində öz vəsaiti hesabına Odessa şəhərindən vaqonla unun gətirdib təmənnasız xalqa paylanılması Nağı Hacıbayramlının atası Mustafa Hacıbayramoğlu tərəfindən edilmişdir. Kosalı, Nəzərli kəndlərinin ağsaqqallarının ümumi iclası əhalinin vəsaiti hesabına kənddə məktəb açılmasına qərar vermiş və bu işin icrasına tapşırılanlardan biri Mustafa Hacıbayramoğlu olduğu göstərilmişdir.
Dövrünün çox nüfuzlu şəxslərindən olan Mustafa Hacıbayramoğlu indi də Qarayazıda müxtəlif fikirlərin qısa ifadəsində insanların məsəl yeridir. Mustafa Hacıbayramoğlu övladlarının təhsil alması və Tiflis şəhər işguzar mühitinə qarışmasında mühüm işlər görmüş, oğlu Nağı 1919-cu ildəTiflisdə dördillik rus dilində kommersiya təmaüllü gimnaziyanı bitirmişdir.