Murad Mayıl oğlu Nağıyev (9 fevral 1997; Qazax rayonu, Azərbaycan — 11 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.
Murad Nağıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qazax rayonu, Azərbaycan |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Cəbrayıl rayonu, Azərbaycan |
Dəfn yeri | II Fəxri Xiyaban |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Leytenant |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Zəngilanın azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Murad Nağıyev 1997-ci il fevralın 9-da Qazax rayonunda anadan olub.[1] O, hələ bir yaşı tamam olmamış ailəsi ilə birgə Bakı şəhərinə köçüb. 2003-2011-ci illərdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 271 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul imtahanlarında iştirak edib və burada yüksək nəticə göstərdiyinə görə İstanbulda Kuleli Hərbi Liseyinə seçilib. 2015-ci ildə həmin liseyi uğurla başa vurub və Ankarada Quru Qoşunları Məktəbinə daxil olub. Murad Nağıyev 2016-cı ildə Azərbaycana qayıdıb və təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) davam etdirib. O, 2020-ci ildə oradan tank bölmə, hissə və birləşmələrin döyüşə tətbiqi ixtisası üzrə məzun olub. Subay idi.
Murad Nağıyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsi ilə tank taborunda taqım komandiri, tank komandiri olaraq xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Murad Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl, Zəngilan və Hadrut istiqamətlərindəki döyüşlərdə vuruşub. Müharibənin birinci dəqiqələrində Kənd Horadizin azad edilməsində, həmçinin Ermənistan Ordusunun strateji obyektlərinin, zirehli texnikasının və canlı qüvvəsinin məhv edilməsi və qənimət götürülməsi zamanı fərqlənib. Murad Nağıyev oktyabrın 11-də Cəbrayıl rayonu istiqamətində şəhid olub. Onun şəhid olduğu ərazi 8 gündən sonra tam nəzarətə götürülə bilib və o, oktyabrın 20-də II Fəxri Xiyabanda dəfn olunub.
Murad Nağıyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.[2]
Leytenant Murad Nağıyev həm də Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.[3]
Murad Nağıyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.[4]
Murad Nağıyev həm də şairliyi ilə tanınıb. Onun Azərbaycan və Türk dillərində yazdığı şeirləri müxtəlif ədəbiyyat çevrələrində bəyənilib və Kardeş Kalemler jurnalında və Ədəbiyyat qəzetində dərc olunub.
2021-ci ildə şair Barat Vüsal Murad Nağıyevin xatirəsinə "Muradım mənim" şeirini qələmə alıb.
2022-ci ildə Murad Nağıyevin şərəfli həyatından və şanlı döyüş yolundan bəhs edən, özünün müəllifi olduğu şeirlərin də daxil edildiyi “Murad” kitabı işıq üzü görüb.[8]
Murad Nağıyevin həyatını onun gözündən təsvir edən, Kamran Ağabalayevin Murad Nağıyevin şeirlərini səsləndirdiyi, onun dilindən danışdığı “Qayıtsaydım” filmi 2022-ci ilin oktyabr ayında təqdim olunmuşdur.[9]