PAY

is.
1. Bir neçə adam arasında bölünən şeydən hər birinə düşən hissə.
[Heydər bəy:] Yoldaşlarım da bu səfər paylarını mənə verdilər. M.F.Axundzadə.

// Eyni mənada xörək haqqında.
[Nuriyyə:] [Ələsgərgili] nə bişirsəydilər payımı saxlardılar. İ.Əfəndiyev.

□ Pay çəkmək – hər bir adam üçün xörək çəkmək.
Səlimnaz arvad oğluna və Rəşidə pay çəkib gətirəndə onları bayaq oturduqları yerdə tapmadı. M.Hüseyn.
Xüsusi tikələrdən seçib Firəngizin payını çəkəndən sonra hərə öz qabını doldurdu. B.Bayramov.

// Bir şeyin bölündüyü hissələrdən hər biri.
Gecədən iki pay keçəndə dalandar pəlvanlarınan girib Ceyranın otağına gördülər ki, Ceyrannan Zərqova xanım yatıblar. (Nağıl).

// Miras qalmış əmlakdan hər bir vərəsəyə çatan hissə.
[Gülsəba:] Xanım, qardaşın arvadının məgər irsdə payı yoxdur? M.F.Axundzadə.
[Hüseyn:] Qardaşdırlar, iki pay onlara düşər, bir pay mənə. S.Rəhman.

2. Dəfə, kərə.
[Məşədi İbad:] …İndiki ahıllar indiki cahıllardan min pay yaxşıdırlar. Ü.Hacıbəyov.
[Rəsul:] Belə gün, belə əziyyət çəkməkdənsə, bir yol ölüb qurtarmaq min pay yaxşıdır. N.Vəzirov.

3. Hədiyyə, bəxşiş, sovqat.
…Qızın cehizində samovar yoxsa, əqrəbalardan samovar alıb pay gətirərlər. R.Əfəndiyev.

□ Payın (payınız) çox (artıq) olsun! – pay (bəxşiş, hədiyyə) verənə təşəkkür ifadəsi.
Payın çox olsun, çox sağ ol! – [Çiçək Ümidə:] Payın çox olsun, bala, ömrün uzun olsun! B.Bayramov.

4. məc. Bəxt, tale, qismət, nəsib.
□ Payına düşmək (çıxmaq) – qisməti olmaq, bəxtinə çıxmaq.
Bizim payımıza düşmüş əzəldən; Qayğısını çəkmək olur-olmazın. M.Müşfiq.

5. məc. Əvəz, qarşılıq.
□ Payını almaq məc. – əvəzini almaq, cəzalanmaq.
[Rüstəm Pərişana:] Danışar, payını da alar! M.İbrahimov.

6. Ümumi bir işə ayrı-ayrı iştirakçılar tərəfindən verilən, yaxud birinin hissəsinə düşən pul və s. miqdarı. Kooperativ payı. Üzvlərin payı.

Sinonimlər (yaxın mənalı sözlər)

  • PAY I 1. PAY, QİSMƏT Ziynət anasının qismətini göndərəndən sonra Veysəllə öz payını dəfələrlə isidib kənara qoymuşdu
  • PAY hissə — parça — cirə
  • PAY təqsim — bölgü
  • PAY tale — qismət — bəxt — nəsib

Omonimlər

  • PAY PAY I is. Yemək, ərzaq. Həsrətin çəkənlər olubdu sayıl; Yığır qapılardan pay, sarı köynək! (Aşıq Ələsgər)

Etimologiya

  • PAY “Hissə” deməkdir. Bizdən rus dilinə də keçib. Fars mənşəli hesab edənlər var, səh­və yol verirlər. Farslarda qismət, hissə sözlərindən istifadə olunur
PAVİLYÓN
PAY₂

Digər lüğətlərdə