Mustafa Abdülcemil Qırımoğlu
Mustafa Əbdülcəmil Qırımoğlu (13 noyabr 1943, Ay-Serez qəsəbəsi) — 1943-cü ilin 13 noyabrda o zaman Rusiya Federasiyasının tərkibində olan Krım Muxtar Sovet Sosialist Respublikasının Sudak vilayətinin Ay-Serez qəsəbəsində çoxuşaqlı ailədə anadan olub. Bütün Krım tatarları kimi onun da ailəsi 1944-cü il 18 may tarixində Krımdan Orta Asiyaya köçürülüb.
Haşiyə: "International Relations and Security Network" media agentliyinə 2009-cu il iyulun əvvəllərində verdiyi müsahibəsində Mustafa Cemilev deyib: "Bizim xalq soyqırımın qurbanıdır. İkinci dünya müharibəsi sonunda bizim milləti Stalinin əmri ilə Orta Asiyaya köçürdülər. Heyvanlar üçün nəzərdə tutulmuş vaqonlarda köçürülərkən və Orta Asiyadakı yeni yerlərdə Krım tatarlarının yarısı acından, xəstəlikdən məhv oldu… Mən uşaq olanda, ana və atamın axşamlar göz yaşı içində pıçıldaşmalarından anladım ki, bizim Vətənimiz olub. Bu Vətən – müasir müstəqil Ukraynanın tərkibində olan Krımdır."
== Həyatı ==
1959-cu ildə orta məktəbi bitirən Mustafa bəy sənədlərini Daşkənddəki Orta Asiya Universitetinin Şərqşünaslıq fakültəsinə verir, lakin ona bildirilir ki, Krım tatarlarını bu fakültəyə qəbul etmirlər. Bundan sonra Cəmilev Özbəkistanın Mirzəçaul təmir-mexaniki zavodunda çilingər, tornaçı, elektroçilingər işləyir, daha sonra Daşkəndə köçərək aviasiya zavodunda tornaçı sənətində çalışır.
1961-ci ildə M. Cəmilev gizli yaradılmış "Krım tatar gənclərinin ittifaqı" (KTGİ) təşkilatında tarixi şöbəyə başçılıq edir. Təşkilat bir neçə ay fəaliyyət göstərir və SSRİ "DTK"-si (Dövlət Təhlükəsizlik Komitəsi) tərəfindən repressiyaya məruz qalır. Təşkilatın rəhbərləri Marat Ömərov və Səid Həmzə Ömərov həbs edilərək, 3 və 4 il olmaqla ciddi rejimli əmək-islah kolonunda cəzaya məhkum edilirlər.