Tip 95 Ha-Qo yüngül tankı
Tip 95 Ha-Qo yüngül tankı (九五式軽戦車 ハ号, Kyuqo-şiki kei-senşa Ha-Qo) – 1930-cu illərin əvvəllərində Yaponiya ordusu üçün hazırlanmış yüngül tank modeli. Çinlə müharibədə və Sakit okean müharibəsi illərində Yaponiya ordusu üçün yararlı hərbi texnika olduğunu sübut etsə də, ABŞ tankları və antitank silahları ilə müqayisədə geridə qalmışdır.
Modelin ilk 2 prototipi 1934-cü ildə Mitsubishi şirkəti tərəfindən tamamlanmışdır. 1936-cı ildə kütləvi istehsal olunmağa başlanmışdır. Çində və Yaponiyada sınaqdan keçirildikdən sonra Tip 95 adı ilə standartlaşdırılmışdır. Şirkət modelə Ha-Qo adını versə də, ordu modelə Ke-Qo adını vermişdi. 1943-cü ilə kimi bu tank modelinin 1100-dən çox nümunəsi istehsal olunmuşdur.
Modelin gövdəsi və lüləsi pərçimlənmiş konstruksiyadan ibarət idi və qalınlığı 6–14 millimetr arasında dəyişirdi. Tankı idarə edən şəxs yuxarı hissənin sağında, pulemyotçu isə onun solunda dayanırdı. Pulemyotçu 6,5 millimetrlik və sağa-sola dönmə manevrası 35° olan Tip 91 silahdan istifadə etsə də, bu daha sonra 7,7 millimetrlik Tip 97 ilə əvəz olunmuşdur.