Əli Verdiyev
Əli Mürsəl oğlu Verdiyev (30 yanvar 1936, Bakı – 8 may 2020) — Azərbaycan rəssamı, pedaqoq, Azərbaycan SSR əməkdar rəssamı (1982).
Əli Mürsəl oğlu Verdiyev 1936-cı ildə Bakıda anadan olmuşdur. 1958-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra 10 il ərzində Sankt-Peterburqda təhsil almış, İ. Repin adına Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda, V. Muxina adına Leninqrad Ali Rəssamlıq və Sənaye Məktəbində oxumuşdur.
1995-ci ildə İstanbula köçən rəssam sonralar Kayseridə işləməyə başlamış, Ərciyəs Universitetinin professoru olmuşdur.
Əli Verdiyev 8 may 2020-ci ildə vəfat etmişdir.
Əli Verdiyev yaradıcılıq fəaliyyəti dövründə müxtəlif mövzu və janrlara müraciət etmiş, onun yaradıcılığında dəqiq və aydın rəsmlər əsas yer tutmuşdur. Müxtəlif süjetli kompozisiyaların müəllifi olmuşdur. Onun "Savadsızlığın ləğvi" (1969), "Gənclik" (1970), "Qızıl toy" (1971), "Cənnət və cəhənnəmə gedən yol" (1973), "Əmək qələbəsi" (1977), "Xatirələr" (1980), "Qocalıq" (1980), "Həyəcanlı gün" (1995), "Dəniz gəzintisi" (1997), "Folklor" (1998), "Azıx mağarası" (2011) və başqa kompozisiyaları bu qəbildən hesab edilir. Onun "Adilə", "Fatma" və qızı Zemfiranın portretləri yaşlarda fırçaya aldığı portretləri bu janrdakı əsərləri arasında xüsusi əhəmiyyətə malikdir.
Əli Verdiyev elmi-metodiki fəaliyyətlə də məşğul olmuşdur.