Qarabağ Birlik Məclisi Partiyası

Qarabağ Birlik Məclisi (az-əbcəd. قاراباغ بیرلیک مجلیسی‎), həmçinin sadəcə Qarabağ məclisi (قاراباغ مجلیسی) və ya əvvəlki adı ilə Difai firqəsinin Qarabağ bölməsi (دیفای فیرقه‌سینین قاراباغ بؤلمه‌سی) — Difai Partiyasının Qarabağ regionunda fəaliyyət göstərən bölməsi.[1] 1907-ci ilin martında və ya avqustunda yaradılmışdır. Mərkəzi Şuşada idi. Regionda çox populyar olan "Qarabağ Birlik Məclisi" partiyanın ən çoxsaylı, nüfuzlu və fəal bölməsi hesab olunur.[2][3] Onun fəaliyyəti bütün Yelizavetpol quberniyasının Cavanşir, QaryaginŞuşa qəzalarını əhatə edirdi. Təşkilatın təxminən 400 nəfərlik döyüş drujinası var idi.[2]

Qarabağ Birlik Məclisi

قاراباغ بیرلیک مجلیسی
Sədri Kərim bəy Mehmandarov
Qurucu
Quruluş tarixi 1907 (mart və ya avqust)
Dağılma tarixi may 1909 (rəsmi)
1910-cu illərin əvvəlləri (gizli)
Sələfi Difai Partiyası
Baş qərargah
İdeologiya Azərbaycan milliyətçiliyi
islamçılıq
antiimperializm
sosial ədalət
sosial-demokratiya
Üzv sayı 400+

Difai Partiyasının Qarabağdakı fəaliyyətinin başlaması "Qarabağ Birlik Məclisi"nin yaradılmasından əvvəlki illərə təsadüf edir. Difaiçilər Qafqaz Süvari Diviziyasının komandiri, general-mayor V.N. Qoloşşapovun sui-qəsdi və onun dəftərxana müdiri Kleşşinskinin öldürülməsini təşkil etmişdi. 1906-cı ildə Şuşada çağırılan məclisdə Əhməd bəy Ağaoğlu, Əbdülkərim bəy Mehmandarov və başqaları general Qoloşşapov haqqında demişdilər ki, o, "erməni hampaları ilə əlbir olaraq tatarlara qarşı çıxmış, onların evlərini dağıtmış, minlərlə müsəlman ac-yalavac qalmışdır". Burada canişindən onun geri çağırılması barədə xahiş olunması məsələsi qoyulmuşdur. Bundan az sonra Şuşada Qoloşşapova qarşı çağırışlar səslənmişdir. Buna baxmayaraq, həmin dövrdə bu məsələ ilə bağlı tədbir görülməmişdir. 1906-cı ilin payızında Şuşada, Muxtar Qaytaranın evində keçirilmiş iclasda sui-qəsd planları qəbul edilmişdi, Gülablı kəndinin sakini Hüsü Əli oğluna "Smith & Wesson" tipli tapança və Tiflisə getmək üçün 300 rubl xərclik verilmişdi. Hüsü Əli oğlu 8 noyabr 1906-cı ildə V.N.Qoloşşapov faytonda gedərkən ona iki atəş açılmış və o, ölümcül yaralanmışdı. Hüsü Əli oğlu sui-qəsd aktını həyata keçirəndən sonra gizlənməyə məcbur olmuşdu. Bundan az sonra "Difai" bir neçə qəzet redaksiyasına özünün möhürü ilə proklamasiyalar göndərmiş və bu sui-qəsdə görə məsuliyyəti öz üzərinə götürmüşdür.[4]

Təşkilatın yaradılmasından əvvəl 1907-ci ilin martında Yelisavetpolda şəhər qlavası Əsgər ağa Adıgözəlovun evində Maku xanlarının iştirakı ilə Zaqafqaziya, Şimali QafqazKrım müsəlmanlarının qurultayı keçirilmişdir. Qurultay "Daşnaksutyun"dan nümunə götürərək, Zaqafqaziya Müsəlman Birliyini təşkil etmək və sonuncu kimi terrorla hökumətdən güzəştlər almaq qərarına gəlmişdir. Bundan başqa, yaz aylarına qədər Qarabağda erməni "xumbaları" müqabilində Cəfər bəy Vəzirovun başçılıq etdiyi "Difai" dəstələri yerləşdirmək qərarı qəbul edilmişdir.[5] Bakı kapitalistləri TağıyevlərƏsədullayevlərin köməyi ilə Usmiyevlərin Ağdam yaxınlığındakı mülklərini ermənilərdən almaq planlaşdırılırdı. Onlar regionda "yalnız müsəlmanların məskunlaşdırılması, şuşalıların hökmən Şuşada yaşamağa məcbur edilməsi və ümumiyyətlə, Qarabağın müsəlman əyalətinə çevrilməsi üçün" Ağdamdan Xocalı stansiyasına qədər olan bütün torpaqları da ermənilərdən almağı planlaşdırırdılar.[6]

Bəzi mənbələrə görə, təşkilat 1907-ci ilin martında[6] və ya avqustda Əhməd bəy Ağaoğlu Şuşaya gəlməsindən sonra[7] yaradılmışdır. Bu, "Hidayət" xeyriyyə cəmiyyətinin himayəsi altında Difai Partiyasının Qarabağ bölməsi kimi Şuşada yaradılmışdır.[5][8] Sonradan "Qarabağ Birlik Məclisi" adlandırılmışdır,[5] lakin qısaca "Qarabağ" məclisi də deyilirdi.[7]

Əhməd bəy Ağaoğlu Şuşaya gəldikdən sonra burada nüfuzlu tatarların (sonradan azərbaycanlılar adlandırılmışdır) məclisini təşkil etmişdir. "Qarabağ Birlik Məclisi"nin fəaliyyət sahəsi Şuşa, Cavanşir, Qaryagin və yaxınlıqdakı Zəngəzur qəzalarını əhatə edirdi. Təşkilatın icra hakimiyyətinin rəisləri məsul olduqları qəzaları gəzərək bu qəzaların müxtəlif iri mərkəzlərində partiyanın yardımçı komitələrini təsis edir, işlərin təşkilinə və aparılmasına dair, eləcə də əhalidən vergi yığılması və başqa tədbirlər barədə lazımi təlimatlar və göstərişlər verirdi.[7] "Qarabağ Birlik Məclisi" Birinci Rusiya inqilabı nəticəsində kənd bölgələrində Rusiya imperiyasının dövlət strukturlarının fəaliyyətinin zəiflədiyi bir dövrdə "yarımdövlət" funksiyasını yerinə yetirmişdir.[9]

Təşkilatın pul vəsaitlərinin mənbəyi üzvlük haqları, partiya proqramının bu və ya digər maddələrinin pozulmasına görə təqsirkarlardan tutulan cərimələr, məhkəmə qarşısında dayanan cavabdehlərdən və iddiaçılardan alınan rüsumlar və nəhayət, hər bir rayon nümayəndəsi tərəfindən əhalidən tutulan cüzi yığımlar idi.[10] Cavanşir qəzasında pul cərimələri və həbs cəzaları tətbiq etmək yolu ilə əhali arasında mal-qara oğruluğunu yox dərəcəsinə endirilmişdi, quldurluq halları azaldılmışdı. Bundan başqa, cinayət xarakterli yeni işlərlə yanaşı on ilə qədər əvvəl baş vermiş köhnə işləri də araşdırılır, cavabdehdən cərimə tutularaq bu məbləğ təşkilatın xəzinəsinə daxil edilirdi.[11]

Zəruri hallarda hökumət müəssisələri, o cümlədən kənd məhkəmələri boykot edilirdi. Bu halda bütün məhkəmə çəkişmələri təşkilatın rayon komitələrinə keçirdi. "Qarabağ Birlik Məclisi"nin razılığı olmadan hətta Şəhər Dumasının qlasnıları da seçilə bilməzdi. Şəhərləri və kəndləri tərk edib getmiş insanların əmlakı və evləri də təşkilatın mülkiyyətinə keçirdi. Onlardan əldə edilən gəlirlər yoxsullar arasında bölüşdürülməli idi.[12] Təbliğatçılar əhali arasında fəal iş aparırdı. Kəndlərdə iqtisadi ehtiyacları öyrənmək üçün rəy sorğusu keçirmək bəhanəsi ilə xalqı bir yerə toplayır və eyni zamanda ona şəriətin tələbləri izah edilir, heyvan oğurluğuna, qarətlərə son qoymaq tövsiyə edilir, "qüsurlu" insanlar pislənir, ermənilər ilə dinc münasibətlər yaratmaq təbliğ edilirdi. Cavanşir qəzasında 38 kənd icmasından yalnız 8-nin rəhbəri hökumət məmurları, kənd hakimləri tamamilə kənarlaşdırılmışdı, qulluqçuların bütün başqa ştatları "Qarabağ Birlik Məclisi" və onun üzvləri tərəfindən ələ keçirilmişdi. Təşkilatın fəaliyyəti nəticəsində kəndlərdəki vəzifəli şəxslər partiyanın nüfuzuna tabe edilmiş, partiyanın xüsusi döyüş drujinaları yaradılmışdı.[10] "Qarabağ Birlik Məclisi"nin təxminən 400 nəfərlik döyüş drujinası var idi.[13] Buna əlavə olaraq, təşkilatın bəzi komitələrinin öz silah anbarları vardı. Bu silahların bir qismi "Əncümən" partiyası üçün Qacar İranına göndərilirdi.[14] Odur ki, təşkilat müharibə səyləri üçün əhalidən pul yığırdı. Təkcə Şuşa şəhərinin ətrafındakı Çuxurməhlədə Məşədi Ələsgər Abbas oğlu və Bahadur Kərim oğlu yerli sakinlərdən 3,000 rubl pul yığmış, bu pula silah, patron, "Revolver" alınmış, adamlar hazırlanmış və Məşrutə inqilabında Səttar xanın köməyinə göndərilmişdi.[15]

Təşkilatın Şuşa komitəsinin üzvü Əfrasiyab Əzimov.

Şuşa komitəsinin qərarı ilə 1907-ci il mayın 1-dən 2-nə keçən gecə Şuşa şəhər sakinləri Muxtar Kərbəlayı Cabbar oğlu və onun oğlu Rəhim Muxtar oğlu qətlə yetirilmişdir. Onlar ermənilərin xeyrinə cəsusluqda ittiham edilirdi. Tiflis Quberniya Jandarm İdarəsinin rəisinin Yelizavetpol quberniyasındakı köməkçisinin 14 dekabr 1903-cü il tarixli məlumatında bildirilir: "Muxtar Cabbar oğlu çox pis ad çıxarmışdı və həm Şuşa şəhərinin, həm də qəzanın bütün xadimləri onu "əclaf Muxtar" kimi tanıyırlar".[15] "Qarabağ Birlik Məclisi" aqrar məsələ ilə bağlı Cavanşir qəzasında kəndlilər ilə birlikdə iğtişaşa başlamış, bu iğtişaşlar 1908-ci ilə qədər davam etmişdir. İğtişaşların sona çatması üçün Rusiya imperiyası hökuməti tərəfindən məhsul yığımına dair vahid qaydaların təmin edilməsi üzrə xüsusi komissiya yaradılmışdır.[10]

Ləğv edilməsi

[redaktə | mənbəni redaktə et]

Artıq 1908-ci ildə bütün difaiçilərə qarşı repressiya kampaniyasına başlanmışdı.[15] 1909-cu ilin may ayında "Qarabağ Birlik Məclisi"nin üzvlərinin işi üzrə məhkəmə araşdırması aparılmışdı. İş üzrə müttəhimlər kimi "Difai"nin Şuşa bölməsinin üzvləri Məşədi Şamil Hacıyev, Əfrasiyab Əzimov, Kərbəlayı Usub Mirsiyabov, İrzabəy İrzabəyov və Məmməd İsmayıl oğlu, Ağdam bölməsinin üzvləri Hacı Miriş Mirbağırov, Mirzə Davud Ağamirzəzadə, Baxış bəy Kazımbəyov, Hacı Cümşüd Hacı Cəfərqulu oğlu, Zülfüqar bəy Abdullabəy oğlu Haqverdiyev və Muxtar Kərbəlayi Məmməd oğlu keçirdi. Adları çəkilən şəxslər "fəaliyyətinin məqsədi Zaqafqaziyanın müsəlman əhalisini qanuna və hökumətin sərəncamlarına itaət etməməyə təhrik etməkdən ibarət olan, özünü müsəlman "Difai" partiyası və "Qarabağ Məclisi" adlandıran, üzvləri ətraf kəndləri gəzərək əhalidən partiyanın ehtiyacları və silah üçün pul yığan, partiyanın adından inzibati və məhkəmə vəzifələrini yerinə yetirən, əhali arasında çəkişmə və mübahisələri tənzimləməklə məşğul olan cinayətkar birlikdə iştirak etməkdə" ittiham olunurdu. Araşdırma nəticəsində Yelizavetpol mahal məhkəməsi 15 may 1909-cu ildə "Qarabağ Birlik Məclisi"nin üzvlərinin işi üzrə hökm çıxarmışdı. Məhkəmənin qərarı ilə həmin şəxslərdən 8 nəfəri 8 aydan 2 ilə qədər həbs cəzasına məhkum edilmiş, 3 nəfərin isə təqsiri sübut edilmədiyinə görə məhkəmə onlara bəraət vermişdi.[16]

Repressiyalar nəticəsində təşkilat fəaliyyətini 1910-cu illərin əvvəllərinə qədər davam etdirmiş, bunu gizli və passiv formada həyata keçirməli olmuşdur. Bərdə mülkədarı İsmayıl bəy Tağıbəyovun romistr Kornilova ünvanlanmış 8 aprel 1910-cu il tarixli məktubunda qeyd edilir ki, polkovnik Qamkrelidzenin səyləri sayəsində bu il hökumətin düşmənləri, "Difai"nin Bərdə komitəsinin üzvləri tutulub saxlanmışdır. 1912-ci ildə "Difai"ni bərpa etməyə, eləcə də partiyanın "Qarabağ Birlik Məclisi"nin fəaliyyətinin təbliğat işini dirçəltməyə cəhd göstərilmişdi. Bununla əlaqədar, təşkilatın katibi Xuduş Quliyev Şuşada tutulmuşdu.[16]

Difai firqəsinin loqosu.

"Qarabağ Birlik Məclisi" antifeodal və milliyətçi mövqe tuturdu.[10][17] Rusiya imperiyasının məmurları şübhə edirdilər ki, təşkilat geniş özünüidarə məsələləri və çox güman ki, gələcəkdə Qafqazın müsəlman bölgələrinin muxtariyyətinin təbliği ilə məşğuldur. Təşkilat sosial ədalət probleminə toxunur, bu məsələsinin həll yollarını izləyirdi. "Qarabağ Birlik Məclisi" millətin konsolidasiyası nəzəriyyəsini təbliğ edirdi. Bundan başqa, təşkilatın proqramının aqrar sahəsinə toxunan bəzi bəndləri Rusiya imperiyasının məmurlarını təşkilatın sosial-demokratik xarakteri barədə düşünməyə sövq etmişdi.[18] Odur ki, təşkilatın siyasi diskursu əsasən kəndlilərə xitab edirdi. Təşkilatın 1907-ci il oktyabr ayında qəbul edilmiş və 53 bənddən ibarət proqramı[19] müsəlmanların bir-biri ilə və başqa millətlərlə münasibətləri müəyyən edirdi, müsəlmanlar arasında məzhəblərarası qarşıdurmanı (əsasən şiəsünni) pisləyirdi. Hər halda, təşkilata görə, Bütün məsələlər şəriət qanunları əsasında həll edilməli idi. Dini xadimlər "var-dövlətə şirniklənmədən millətin tərəfini saxlamalı və öz səlahiyyətlərini şəriət əsasında yerinə yetirməli" idilər, əks halda onlar ictimai mövqeyini və ruhani rütbəsini itirə bilərdilər Təşkilatın ticarət məsələsində mövqeyi ondan ibarət idi ki, "müsəlmanlar başqa millətlərə deyil, özümüzə xeyir vermək üçün yalnız müsəlmanlardan mal alsınlar". Səhmdar şirkətləri və imkanlı müsəlmanlar da kənd təsərrüfatı məhsullarını və sənaye mallarını yalnız müsləmanlardan almağa borclu idi. Bu tələbləri yerinə yetirməyənləri "millətə xəyanətə görə" cərimə gözləyirdi. Maarif sahəsində proqram "kişi və qadın cinsindən olan uşaqlar üçün təhsil müəssisələri açmaq və onların yeni üsulla öyrədilməsi üçün hər cür səy göstərməyi" nəzərdə tuturdu.[12]

"Qarabağ Birlik Məclisi"nin proqramında aqrar məsələ radikal şəkildə həll edilirdi və proqrama görə, "torpaq əməkçiləri sinfinə məxsus olmalıdır". Torpağın kəndlilərə verilməsinin həyata keçirilməsi mexanizmləri barədə qeyd-şərt yox idi. Buna baxmayaraq, praktikada həm təşviqat sahəsində, həm də torpaq sahiblərinə təsir etməyin başqa formalarında müəyyən addımlar atılmışdı.[12] Odur ki, Qarabağ zadəganları təşkilatın fəaliyyətinə zidd mövqe tuturdu. "Qarabağ Birlik Məclisi"nə qoşulan bir çox zadəgan sonradan provokator və xəbərçi kimi çıxış etmişdi.[6]

"Qarabağ Birlik Məclisi"nin və Şuşa komitəsinin rəhbəri Əbdülkərim bəy Mehmandarov.

Əhməd bəy Ağaoğlu tərəfindən yaradılmış[7] "Qarabağ Birlik Məclisi"nə və Şuşa komitəsinə doktor Əbdülkərim bəy Mehmandarov başçılıq edirdi.[13] Məclisdə ziyalılar, tacirlər və ruhanilərlə yanaşı kəndlilər, o cümlədən varlı kəndlilərin də xeyli hissəsi təmsil olunmuşdu.[2] "Qarabağ Birlik Məclisi"nin xalqa çox güclü təsirindən narahat olan təxminən 100 nəfər Qarabağ xanı "xalqla və bu cəmiyyətlə əlbir olacaqlarına sədaqət andı içmişlər".[6]

"Qarabağ Birlik Məclisi"nin regionda müxtəlif komitələri var idi. Onlardan ən əsası Şuşa komitəsi idi. Şuşa komitəsinin üzvləri arasında Cahangir xan Nuribəyov (sədrin köməkçisi), Xuduş Quliyev (komitənin katibi), Məşədi Şamil Hacıyev, Məşədi Məmmədcəfər Cəfər oğlu (İran təbəəsi), Məşədi Əhməd Əzimov, Hacı Mirzəhüseyn Kərim oğlu, Şükür bəy Məşədi Ağalar oğlu, Bahadur Sarı Kərim oğlu, Əfrasiyab Hacı Əzim oğlu, Məşədi Məmmədcəfər Muxtarov, Hacı Hüseyn Münşiyev, Kərbəlayı Usub Mirsiyabov, Müseyib Sarı Kərim oğlu, Məşədi Yusif Qəhrəman oğlu, Seyidhüseyn Seyidrza oğlu, Məşədi Məhəmməd Əzim oğlu da vardı. Komitənin bütün üzvləri məşvərətçi səsə malik idi. Onlardan bəzilərinin müxtəlif vəzifələri vardı.[20]

Bəzi mənbələrə görə, təşkilatın Ağdam komitəsinə Xasay xan Usmiyev başçılıq edirdi. Buraya Səlim bəy Rüstəmbəyov, Cəfər bəy Vəzirov, Qasım bəy Vəzirov və Qəhrəman ağa Cavanşirov daxil olmuşdur.[21] Başqa məlumatlara görə, Ağdam komitəsinə Zülfüqar bəy Haqverdiyev başçılıq etmişdir. Komitənin üzvləri kəndbəkənd gəzərək partiyanın şöbələrini yaradır, əhalini "Difai"yə tabe olmağa and içdirirdi. Ağdam yardımçı komitəsinin katibi Mirzə Davud Ağamirzəyev idi. Komitənin Mirzəməmməd İbrahimov başda olmaqla 6 nəfər təbliğatçı vardı.[8]

Cavanşir qəzasında Bərdə, Tərtər, Qaryagin, Cəbrayıl komitələri fəaliyyət göstərirdi. Bərdə komitəsinin Yevlaxda və Tərtərdə bölmələri vardı. Cəbrayıl komitəsi sayca iri komitə idi. Onun Cəbrayılda, habelə XocahanGenlik kəndlərində şöbələri vardı. Qəzanın bütün kənd komitələri mərkəzi komitələrə, onlar isə öz növbəsində Şuşa komitəsinə tabe idi. "Difai" partiyasının Şuşa komitəsinin sərəncamlarını 1906-cı ildə Malıbəyli kəndində təsis edilmiş, əhalidən vergilər və cərimələr şəklində yığılan vəsaitlər hesabına fəaliyyət göstərən "Komissiya" yerinə yetirirdi.[14]

  1. HƏSƏNOV, BƏXTİYAR KAMİL oğlu. HACIYEV, İ.M. (redaktor). AZƏRBAYCANIN QARABAĞ REGİONU XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ (PDF) (az.). Bakı: AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU. 2018. səh. 6.
  2. 1 2 3 İsmayılov, Mahmud; Maksvell, Nigar; Hüseynova, D.; Bağırova, İ., redaktorlar AZƏRBAYCANIN İCTİMAİ-SİYASİ HƏYATI (1900- 1914-cü illər) // Azərbaycan tarixi. Yeddi cilddə (az.). V cild (1900-1920-ci illər). Bakı: Elm. 2008. səh. 118. ISBN 978-9952-448-41-2.
  3. Çingizoğlu, Ənvər. "Zülfüqar bəy Haqverdiyev: Sinəsi sipər oğul". fedai.az (az.). 3 iyun 2020.
  4. Əzizov, Eldar. "1906-1908-ci illərdə "Qarabağ Birlik Məclisi" - "Difai"nin fəaliyyəti". Ədalət. 1 mart 2011. səh. 6 – Azərbaycan Milli Kitabxanası vasitəsilə.
  5. 1 2 3 Багирова, И.С. Политические партии и организации Азербайджана в начале ХХ века. 1900-1917 (rus). Баку: Елм. 1997. 172–173.
  6. 1 2 3 4 Багирова, И.С. Политические партии и организации Азербайджана в начале ХХ века. 1900-1917 (rus). Баку: Елм. 1997. 173–174.
  7. 1 2 3 4 Əzizov, Eldar. ""Qarabağ Birlik Məclisi": təşkilati strukturu və proqramı". Ədalət. 23 fevral 2011. səh. 6 – Azərbaycan Milli Kitabxanası vasitəsilə.
  8. 1 2 Çingizoğlu, Ənvər. "Mirzə Cəfər bəy Vəzirov: "Difai"nin sərkərdəsi". Ordum.az (az.).
  9. Ədilli, Şirvani. "Azərbaycan türklərinin ilk millətçi təşkilatı – DİFAİ". davam.az. 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-24.
  10. 1 2 3 4 Əzizov, Eldar. ""Qarabağ Birlik Məclisi": təşkilati strukturu və proqramı". Ədalət. 26 fevral 2011. səh. 16 – Azərbaycan Milli Kitabxanası vasitəsilə.
  11. "Allahverdi Hacı Pənahalı oğlu: şərəf şərdən üstündür." Atesh.Az - Hədəfimiz Qarabağdır!. 2023-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-24.
  12. 1 2 3 Əzizov, Eldar. ""Qarabağ Birlik Məclisi": təşkilati strukturu və proqramı". Ədalət. 25 fevral 2011. səh. 6 – Azərbaycan Milli Kitabxanası vasitəsilə.
  13. 1 2 Dünyaminqızı, Qərənfil. ""Xalq düşməni" olan xeyriyyəçi həkim". Kaspi. 3 oktyabr 2016. səh. 7 – Azərbaycan Milli Kitabxanası vasitəsilə.
  14. 1 2 Əzizov, Eldar. ""Qarabağ Birlik Məclisi": təşkilati strukturu və proqramı". Ədalət. 24 fevral 2011. səh. 6. 2013-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-24Azərbaycan Milli Kitabxanası vasitəsilə.
  15. 1 2 3 Əzizov, Eldar. "1906-1908-ci illərdə "Qarabağ Birlik Məclisi" - "Difai"nin fəaliyyəti". Ədalət. 3 mart 2011. səh. 6 – Azərbaycan Milli Kitabxanası vasitəsilə.
  16. 1 2 Əzizov, Eldar. "1906-1908-ci illərdə "Qarabağ Birlik Məclisi" - "Difai"nin fəaliyyəti". Ədalət. 5 mart 2011. səh. 9 – Azərbaycan Milli Kitabxanası vasitəsilə.
  17. Fedai.az Araşdırma Qrupu. "Niyə məhz Fədai?". veteran.az (az.). 2019. 2020-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-24.
  18. Багирова, И.С. Политические партии и организации Азербайджана в начале ХХ века. 1900-1917 (rus). Баку: Елм. 1997. 177–178.
  19. Багирова, И.С. Политические партии и организации Азербайджана в начале ХХ века. 1900-1917 (rus). Баку: Елм. 1997. 176–177.
  20. Багирова, И.С. Политические партии и организации Азербайджана в начале ХХ века. 1900-1917 (rus). Баку: Елм. 1997. 174–175.
  21. Məmmədov, Xəqani Məmməd oğlu. Qəndilov, S. T. (redaktor). Azərbaycan milli hərəkatı: 1875-1918-ci illər. Sabah; Bakı Biznes Universiteti. 1996. səh. 87.[ölü keçid]