sif. [
fars. ]
1. Səhhəti yerində olmayan, bir xəstəliyi olan; naxoş, azarlı. Xəstə uşaq.
– Xəstə əsgər dərindən nəfəs aldı. H.Nəzərli.
Xəstə atalarının ürəyini sıxmaq istəməyən oğul və qız güzəranlarından şikayət eləmədilər. Ə.Abasov.
// İs. mənasında. Xəstənin yanına getmək. Xəstənin halı yaxşılaşdı.
– Bənnasız hörgü hörülməz; Təbibsiz xəstə dirilməz. “Koroğlu”.
Əri xəstə üstə getdikdə ya ölü üstə aparıldıqda, o, dükanda oturub alış-veriş edərdi. S.S.Axundov.
Bunu görən xəstə Aydını heç yaxına belə buraxmamışdı. H.Seyidbəyli.
□ Xəstə düşmək, xəstə yatmaq – xəstələnmək, azarlamaq, yorğan-döşəyə düşmək.
Xəstə düşdüm, gələn yoxdur üstümə; Qərib öldüm, bikəs öldüm, yad oldum. M.V.Vidadi.
Həsrətindən xəstə düşdüm; Eylə dərdə çarə, Ceyran! Aşıq Ələsgər.
Bu hadisədən Molla Qasım sarılıq azarına düşüb xəstə yatdı. S.S.Axundov.
Xəstə olmaq – xəstə yatmaq, azarlı olmaq, naxoş olmaq.
Bəstəri-möhnətdə xəstə olduğum; Gözləri şəhlaya dedin, nə dedi? Q.Zakir.
Mən diqqətlə [Məmmədə] baxdım, xəstə olduğuna heç şübhəm yoxdu. C.Cabbarlı.
Xəstə salmaq – xəstələndirmək, azarlatmaq, xəstələnməsinə səbəb olmaq.
Yar gəlməsə məndən dirilən olmaz; Məni xəstə salan busə dağıdı. Q.Zakir.
2. məc. Şairanə təşbehlərdə dərdli, qayğılı, mənən üzgün mənasında.
Çox edən bimarə xidmət aqibət bimar olur; Leyk könlüm xəstədir ol nərgisi-bimarsız. S.Ə.Şirvani.
3. məc. Sönük, zəif, cılız, ölgün.
Kiçik bir lampanın ziyası evə xəstə və ölgün bir işıq nəşr edirdi. S.Hüseyn.
4. məc. Bir şeyə həddindən artıq meyil edən, aludə olan; aludə, mübtəla, düşkün. Kino xəstəsi. Futbol xəstəsi. Bilyard xəstəsi.
5. məc. klas. Yazıq, zavallı, aciz, fağır, bimar.
Füzuli xəstəyə düşmən sözü ilə dust cövr eylər. Füzuli.
Vidadi xəstəyəm, günlər sanaram; Dərd əhliyəm, qəm hərfini qanaram. M.V.Vidadi.
◊ Xəstə baxıcısı – müalicə müəssisələrində ağır xəstələrə və binanın təmizliyinə baxan kiçik tibb xidmətçisi.