Ziyad Abbasov
Abbasov Ziyad Mehralı oğlu (10 oktyabr 1939, Kəsəmən, Basarkeçər rayonu) — Azərbaycan Dövlət Aqrar Universitetinin Maşın mühəndisliyi və standartlaşdırma kafedrasının müdiri, texnika elmləri doktoru, professor, Respublikanın "Əməkdar ixtiraçısı", "Əməkdar kənd təsərrüfatı işçisi", Rusiya Aqrar Elm və Təhsil Akademiyasının müxbir üzvü.
Ziyad Abbasov 1939-cu ilin oktyabr ayının 10-da Göyçə mahalının Kəsəmən kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1957-ci ildə İrəvan Kənd Təsərrüfatı Texnikumunda oxumuş, 1958–1963-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (hazırkı Azərbaycan Aqrar Universiteti-ADAU) mexanikləşdirmə fakültəsində təhsil almışdır.
18 dekabr 1965-ci ildən 2007-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirməsi və Elektrikləşdirilməsi İnstitutunda (indiki "Aqromexanika" EİM) kiçik elmi işçi, aspirant, baş elmi işçi, laboratoriya və şöbə rəhbəri, elmi işlər üzrə direktorun müavini, direktor vəzifələrində, 2007–2011-ci illərdə Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində işləyib, hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin Maşın mühəndisliyi və standartlaşdırma kafedrasının müdiri vəzifəsində çalışır.
1974-cü ildə namizədlik və 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə edib, 1976-cı ildə Z.Abbasovun namizədlik dissertasiyası keçmiş SSRİ-nin "ВНЕШТЕХНИКА" Birliyin tərəfindən keçmiş Almaniya Demokratik Respublikasına kontrakt əsasında satılmışdır.
Z.Abbasovun elmi rəhbərliyi altında 1974–1994-cü illərdə ixtira və patentlər səviyyəsində orijinal enerji qoruyucu texnologiya və maşınlar kompleksi yaradılmışdır. Dövlət sınağından müvəffəqiyyətlə çıxmış 8 ədəd yeni maşın və tərtibatlar Çexoslovakiya, Macarıstan, Vyetnam, Monqolustan, Rumıniya və İranda keçirilmiş beynəlxalq sərgilərdə, keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (ВДНХ) nümayiş etdirilərək sərgilərin iki qızıl, iki bürünc medallarına və birinci dərəcə diplomlarına layiq görülmüşdür.
Z.M.Abbasov 200-dən çox elmi əsərlərin, 2 monoqrafiyanın, 2 dərslik və 30-dan çox ixtira və patentin müəllifidir.
Ziyad Abbasovun müəllifi olduğu "Kənd təsərrüfatı maşınqayırma texnologiyası" adlı dərsliyinin ikinici nəşri azərbaycan və ingilis dillərində Almaniyada dərc edilərək yayılmışdır.
Onun yaratdığı enerji resurs və torpaqqoruyucu texnologiya və maşınlar kompleksi SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının qərarı ilə 1986–1995-ci illər üzrə SSRİ miqyasında perspektiv maşınlar sisteminə daxil edilərək, Rusiya Federasiyasının Həştərxan və Volqoqrad vilayətlərində tətbiq edilmiş və tərəvəz-bostançılığın mexanikləşməsində "Azərbaycan Texnologiyası" adı ilə keçmiş SSRİ miqyasında tanınmışdır.