1. Zəhmət, xidmət, istedad, məharət və s. nəticəsində hamı tərəfindən tanınma; məşhur olma, şərəfli ad qazanma, məşhurluq, ad-san. Əmək şöhrəti. Artistin şöhrəti. Alimin şöhrəti dünyaya yayılmışdır.
– [Ağa Mərdan:] Əgər bu iş mən deyən kimi baş tutsa, Təbrizdə mənim şöhrətim ərşifələyə çıxacaq.
Hüseynin [Ərəblinskinin] şöhrəti də, təcrübəsi də getgedə artırdı.
// Adı çıxma, ad qazanma.
C.Məmmədquluzadəni ədəbiyyata gətirən nə pul qazanmaq, nə də şöhrət həvəsi idi.
□ Şöhrət etmək – məşhur olmaq, tanınmaq, ad çıxartmaq.
[Hacı Nuru şair:] Mərhum zəhmət çəkib sənə pakizə dəlləklik öyrətmişdi, sən ona razı olmayıb, Tiflis həkimləri kimi, istədin ki, həkimlikdə dəxi şöhrət edəsən.
Şöhrət qazanmaq (tapmaq) – məşhur olmaq, hamı tərəfindən tanınmaq, məşhurlaşmaq.
…Qeyrətimə sığışdıra bilmirəm ki, mən dura-dura və mən olan yerdə məndən savayı bir özgə adam gəlib burada bir ad çıxartsın, gəlib Tiflisdə şöhrət qazansın.
Tapdıq qazmaçılar arasında öz mehribanlığı ilə şöhrət qazanmış ( f.sif. ) mahir bir usta idi.
2. Şöhrətbazlıq, şöhrət düşkünlüyü.
Teymurbəyi … sövq edən yeganə amil şöhrət və heysiyyət məsələsi idi.
3. Şan, şərəf, iftixar. Əmək ölkəmizdə şərəf işinə çevrilmişdir.
– Hər kəndə, hər şəhərə zinətdir bayrağımız; Alnıaçıq hər kəsə şöhrətdir bayrağımız.