İmam Zeynül-Abidin
Əli ibn Hüseyn (6 yanvar 659, Mədinə – 21 oktyabr 713, Mədinə, Hicaz, Əməvilər xilafəti) — şiələrin dördüncü imamı. Şiələr arasında daha çox Səccad və Zeyn al-Abidin kimi tanınır.
İslam qaynaqlarına və şiə tarixçilərinə görə, Mədinədə doğulmuş və gəncliyində atasını Kərbəla çölündə müşayiət etmiş, lakin xəstəlik səbəbiylə Kərbəla döyüşündə iştirak etməmiş və bu səbəbdən qırğından sağ çıxmışdır. Atasının və yaxınlarının Kərbəlada şəhid olmasından sonra tutuldu və əvvəlcə Kufəyə, sonra isə Şama köçürüldü.
Zeyn əl-Abidinin təlimləri əsasən dua şəklində idi. Məşhur əsəri dua şəklində yazılmış Səhifeyi Səccadiyyədir. Ayrıca Risalə əl-Hüquq onun digər əsərlərindən biridir. Əli ibni əl-Hüseyn Hicaz ağsaqqalları və alimləri arasında yüksək mövqe tuturdu. Fərəzdağın dediyi məşhur şeiri bu vəziyyətin bariz nümunəsidir.
Şiə rəvayətlərinə görə, Zeyn əl-Abidin Vəlid ibn Əbdülməlik zəhəri ilə öldü və əmisi Həsən ibn Əli ilə birlikdə Bəqi qəbiristanlığında dəfn edildi.