Rhamnus alaternus
Həmişəyaşıl murdarça (lat. Rhamnus alaternus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin murdarçakimilər fəsiləsinin murdarça cinsinə aid bitki növü.
Aralıq dənizyanı ölkələrində, Balkanda və Kiçik Asiyada təbii halda yayılıb.
Hündürlüyü 3 m-ə çatan qollu-budaqlı həmişəyaşıl koldur. Zoğları qırmızımtıl və ya tünd-yaşıl rəngdədir. Yarpaqlarının uzunluğu 2-6 sm, eni 1-3 sm, üstdən tünd-yaşıl, altdan açıq-yaşıldır, yan damarları 3-4 cütdür. Çiçəkləri beş üzvlüdür, zəngvari, sarımtıl-yaşıl rəngli, ikievli, sadə və ya zəif şaxələnmiş qısa saplaqlı çiçək qrupunda yerləşir. Meyvəsi üç çəyirdəkli, az ətlidir, əvvəl qırmızı, yetişdikdə isə qara rəngli olur. Mart-aprel aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Rütubət sevən bitkidir.