Asiman Həsənov
Asiman Həsənov (4 sentyabr 1974, Nüvədi, Meğri rayonu) — Azərbaycan alimi, ümumi cərrah, tədqiqatçı. 2 metodik vasitə, 1 dərslik, 1 dərs vəsaiti, 1 praktik vəsaitin müəllifidir. Səhiyyə idarəetməsi və Azərbaycanda xəstəxanaların qurulmasındakı fəaliyyətləri ilə tanınır.
Həsənov Asiman Balakişi oğlu 4 sentyabr 1974-cü ildə Zəngəzur mahalı, Meğri rayonunun Nüvədi kəndində anadan olmuşdur. 1981–1991-ci illərdə Nüvədi kənd orta məktəbində orta təhsil almış, 1991-ci ildə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1997-ci ildə müalicə işi ixtisası üzrə məzun olmuşdur.
1997–1998-ci illərdə bir illik internatura təhsili alaraq həkim-cərrah ixtisasını qazanmışdır.
1999, 2001, 2006-cı illərdə İzmirdə Ege Universistetində Loporoskopiya və Endoskopiya üzrə ixtisasartırmada olmuşdur.
2022-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinin menecment ixtisası üzrə məzun olmuşdur.
2009-cu ildə "Mədə və 12 barmaq bağırsaqda aparılan əməliyyatlardan sonra xroniki pankreatitin gedişi və tənzimlənməsi" elmi işini müdafiə etmiş və 2010-cu ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Hazırda "Açıq və miniinvaziv cərrahi əməliyyatların tibbi, sosial və iqtisadi aspektləri" adlı doktorluq dissertasiyası üzərində çalışır.