Axtaçılar
Axtaçılar — türk tayfalarından biri. Bu tayfanın üzvləri ordunun və dövlətin heyvanlarına, xüsusilə atlarına baxan məsul şəxslər idi. Onları bəzən atçəkən, bəzən də miraxurla eyniləşdirirlər.
Axtaçı adı türklərin və monqolların ortaq birləşdiyi adlardan biridir. Sözün kökü "axta" – "axtalamaqla" əlaqədar olub, monqol dilindədir. Ona əlavə edilən şəkilçi isə türk dilindəki "-çı" şəkilçisidir. Zəki Vəlidi Toğan bu adı oğuzlarla əlaqələndirir. Amma mənbələrdə axtaçı adına ilk dəfə Çingiz xanla əlaqədar hadisələrdə rast gəlinir. Sonralar monqol-türk dövlətlərinin və hakim tayfaların başında məhz axtaçıların durduğu və onun ilkin mənasından ayrılaraq sərkərdə, tayfa başçısı kimi işlədildiyi görünür. Maraqlıdır ki, Sultan Əlaəddin Keyqubad Axtaçı ünvanı almış, Ərtoğrul Qazi axtaçı akıncılarına başçılıq etmişdir.