Azərbaycan dilinin qərb dialekti
Azərbaycan türkcəsinin qərb ləhcəsi, Gəncəbasar ləhcəsi, ya da Azərbaycan dilinin qərb dialekti (yerli ləhcədə danışdıqları dili sadəcə "musurmanca", "musurman dili" adlandırırlar) — hal-hazırda Azərbaycan Respublikasının qərb (Gəncəbasar adlanan ərazi) və Gürcüstanın cənub-şərq bölgələrində işlənən danışıq dili. Azərbaycan dilinin daxilində bir ləhcədir. Qazax, Qarabağ və Qarapapaq dialektləri qərb ləhcəsinə aiddir.
Gəncəbasar ləhcəsi Azərbaycan, Gürcüstan, Rusiya ərazisində istifadə olunur.
== Təsnifi ==
Bu dialektin cüzi fərqlənən 4 subdialekti var:
Ayrım-Qarapapaq subdialekti (Əsasən Qazax, Ağstafa, Tovuz və Gürcüstanda (Borçalı, Qaraçöp) işlənir)
Gəncə (və bir neçə yaxın rayonlar) subdialekti
İrəvan (və bütün Qərbi Azərbaycan) subdialekti
Qarabağ (və bir neçə yaxın rayonlar) subdialekti
== Xüsusiyyəti ==
"Azərbaycan dialektologiyasının əsasları" kitabına görə qərb ləhcəsinin ədəbi Azərbaycan dilindən fərqləndirən bir sıra xüsusiyyətləri var (subdialektə görə cuzi fərqlər ola bilər):
Çox vaxt sözün birinci hecasında və ərəb, fars mənşəli sözlərdə ə səsinin a səsi ilə əvəzlənməsi: xavar, zayıf, idara, tasdıx və s.
Sözün birinci və sonrakı hecasında i sesinin ı səsi ilə əvəzlənməsi: ışıx, ılıx, sıçan, bıldırçın, bıldır, qıymat, qıryat və s.
Dodaq ahənginin möhkəmliyi (-ayıb, -əyib yerinə -uyuf, üyüf): qurmuyuf (qurmoyuf), görmüyüf (görmöyüf), üydürüh (üydörüh), otduyurdu (otdordu), burduydu (burdoydu), görsöydü, göröydü və s.
Sağır n (Göytürkcə: 𐰭, Əbcəd əlibası: ڭ (Kafi Nun), Kiril əlibası: ң, Latın əlifbası: ñ, ŋ) səsinə geniş yer verilməsi: ataŋ, maŋa, saŋa, aldıŋız və s.
Söz ortasında və təkhecalı sözlərin axırında b sesinin v səsi ilə əvəzlənməsi: çovan, qavax, bava, qavır, qav, civ, div və s.
Söz ortasında və təkhecalı sözlərin axırında c səsinin j səsi ilə əvəzlənməsi: bajı, baja, qoja, gejə, alajam, gedəjəm, saj, qaj, aj və s.