1. Binaların üstünü saxlamaq və daxilini bölmələrə ayırmaq üçün müxtəlif tikinti materiallarından çəkilən sədd. Daş divar. Divara kağız çəkmək. Divarın üz tərəfi.
□ Divar kağızı – suvanmış otaq divarlarına yapışdırılan naxışlı kağız.
Divar qəzeti köhn. – idarənin, müəssisənin, yaxud məktəbin işlərini, müvəffəqiyyət və nöqsanlarını əks etdirən, divardan asılan qəzet.
Divar peçi (sobası) – divarın içində hörülmüş peç, buxarı.
Divar saatı – divardan asılan saat.
Divar şkafı – divarın içində olan şkaf.
2. Həyətlərin (keçmişdə həm də şəhər və qalaların) ətrafını əhatə edən daşdan, kərpicdən və s.-dən tikilən uca barı; hasar. Qala divarı. Kreml divarları.
3. Müxtəlif qabların, yeşik, çəllək və s. şeylərin yan tərəfi. Çənin divarı. Sandığın divarları. Borunun divarı.
// Bəzi bədən üzvlərinin yan tərəfi. Bağırsağın divarları. Göz almasının divarı üç qişadan ibarətdir.
4. məc. Maneə, sədd mənasında. Aramızda bir divar vardır.
◊ Divara dirəmək (qısnamaq) – danışıq və ya mübahisə zamanı birini çıxılmaz vəziyyətə salmaq, sıxışdırmaq.
Dörd divar(ın) arasında və ya içində qalmaq (oturmaq) – xarici aləmlə, heç kəslə əlaqə saxlamamaq.