Grand Theft Auto (oyun seriyası)
Grand Theft Auto və ya rəsmi abreviaturu ilə GTA — oyun proqramçıları Deyvid Cons, Mayk Deylli, Den Hauzer və Sem Hauzer, oyun dizayneri Zakeri Klark tərəfindən yaradılan videooyun seriyası. İlk dəfə İngiltərədə Rockstar North tərəfindən hazırlanmış və Rockstar Games tərəfindən nəşr edilmişdir. Oyun seriyasının adı, böyük avtomobil oğurluğu mənasını verən "grand theft auto" ifadəsindən gəlir.
Serialdakı xəyali məkanlar Amerika şəhərlərindən ilham alaraq dizayn edilmişdir. Oyunlar, oyunçuların hekayə boyunca irəliləməsi üçün hərəkət edə biləcəyi, habelə döyüş-macəra, sürücülük, rol oynamaq, yarış elementlərini özündə cəmləşdirən sərbəst dünyaya malikdir. Oyunların başlıca mövzusunda sətiraltı Amerika mədəniyyəti tənqid olunsa da, yetkin təbiəti və şiddət mövzusu ilə bir çox mübahisələrə səbəb olmuşdur. Oyunların ssenarisi cinayət dünyasında fərqli səbəblərdən yüksəlməyə çalışan əsas personajlara yönəldilmişdir. Dəstəkləyici personajlarda isə əsas personaja və ya təşkilatına xəyanət edən və əsas personajın irəliləməsini ləngidən personajlardan ibarətdir.
hal-hazırda on əsas və dörd inkişaf paketindən ibarət olan seriyanın təməli DMA Design tərəfindən 1997-ci ildə qoyulmuşdur. Seriyanın üçüncü oyunu Grand Theft Auto III, seriyaya üç ölçülü qrafika və sərbəst dünyalar gətirmişdir.