1. Diqqətsizlik üzündən harada isə salmaq, yaxud məlum olmayan yerə qoymaq, hara qoyduğunu bilməmək. Açarı itirmək.
– …Mən … gördüm, pullarını itirmişdi, bütün ciblərini axtardı, çevirdi, axırda birindən tapdı.
// Qeyb etmək, əlindən çıxarmaq.
…Sevdiyi qızı həmişəlik itirə biləcəyi fikri [gənci] dəli edə bilərdi.
2 məc. Məhrum olmaq, qeyb etmək. Oğlunu itirmək. Ərini itirmək. Dostunu itirmək. – Zəhra analarını itirmiş bu üç qızın halını, ürək parçalayan səmimi göz yaşlarını görərək ixtiyarsız gözləri yaşardı.
□ Ata-anasını (ata və anasını) itirmək – yetim qalmaq.
Lap balaca yaşlarında o, ata və anasını itirmişdi.
3. Malik olduğu əvvəlki keyfiyyətindən məhrum olmaq. Təravətini itirmək. Danışıq qabiliyyətini itirmək. İşləmək qabiliyyətini itirmək.
– Araba yolunun kənarlarındakı qanqal və sirkanlar yaşıl rəngini çoxdan itirib bozarmışdı.
Sonradan kor olanlar gün işığından danışan kimi [Səttarzadə] də itirdiyi cavanlığından həsrətlə danışır.
4. Hədər yerə, mənasız, səmərəsiz sərf etmək. Boş-boşuna pul itirmək.
– Dünənki aydın havada Cavanşir qəsəbəsindən çıxmaması, günü hədər itirməsi Zərrintac xanımı ağrıdır.
5. Yox etmək, yoxa çıxarmaq.
Deyərəm, nökərlər başını kəsər; İtirərlər, qalmaz səndən bir əsər!
// Qovmaq, rədd etmək.
6. məc. Örtmək, gizlətmək.
Bu gün [Salmanın] paltarı bədəninin yastı-yapalaqlığını bir qədər itirirdi.
7. bax itirtmək.
[Əhməd:] …Hərgah Cabbar bəy razı olsa, mən onun oğlunu bir gündə bu vilayətdən itirrəm.
8. Köməkçi feil kimi isimlərlə yanaşı işlədilərək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ağlını itirmək, başını itirmək, özünü itirmək, huşunu itirmək.