İZHAR

[ ər. ]
1. Aşkar etmə, meydana çıxarma, göstərmə, bəlli etmə, bildirmə.
// Bəlli, aydın, məlum.
Bir gülüzlü nigar, sərvi-xoşrəftar; Cümlə xalqa izhar, bəllidi adı. Aşıq Saleh.

□ İzhar etmək (eləmək, qılmaq) – zahirə çıxarmaq, aşkar etmək, açmaq, bəlli etmək, bildirmək.
Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman; Özümdən həm bətər bir dərdə onu mübtəla gördüm. Füzuli.
Qorxudan başımıza gələn macəranı heç kəsə izhar eləmədik. C.Məmmədquluzadə.
Necə hər gizlini mən eyləyib izhar, yazım; Qorxmayıb Qaxqulu bəydən elə təkrar yazım? Ə.Nəzmi.

2. köhn. Bir sıra birləşmələrin birinci tərkib hissəsi; məs.: izhari-nifrət, izhari-təəssüf, izhari-təşəkkür və s.
Budur qonşularımızın hal həyatda olan şair və ədibləri haqqında etdiyi izhari-məhəbbət və müvəffəqiyyət və izhari-sədaqət və xülusiyyət! F.Köçərli.
[Mürtəcelər] fikirsiz və mütaliəsiz qiyam barəsində izhari-nəzər edib, öz keçəcəklərini unudublar. M.İbrahimov.

□ İzhari-nifrət etmək (bildirmək) köhn. – öz nifrətini izhar etmək, bildirmək.
[Məşədi İbad:] Bax, elə yaz ki, xalq oxuyub Rüstəm bəyə izhari-nifrət eləsin. Ü.Hacıbəyov.

İzhari-təəssüf etmək köhn. – öz təəssüfünü bildirmək.
İzhari-təşəkkür etmək – öz təşəkkürünü bildirmək.
Məcmuəmizin açılmağı barəsində … teleqram və məktub göndərənlərdən nəhayət dərəcədə məmnun olub, bizi yada salanlara izhari-təşəkkür edirik. Mol. Nəsr.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İZHAR bəlli — aydın — məlum
  • İZHAR İZHAR, ƏRZ (kl.əd.) (aşkar etmə)
İZDİVAC
İZİN

Digər lüğətlərdə