Azərbaycan dili Azərbaycan respublikasının dövlət dili olub, dünyanın geniş yayılmış dillərindən biridir. Bu dildə 50 milyona qədər adam danışır. Azərbaycan respublikası ilə yanaşı, Cənubi Azərbaycanın da əsas əhalisi Azərbaycan türklərindən ibarətdir. Dağıstan, Gürcüstan, Türkiyə və İraq ərazilərində də azərbaycanlılar öz qədim yurdlarında toplu halda yaşamaqdadırlar. Azərbaycan torpağının böyük bir hissəsi zorla Ermənistan ərazisinə birləşdirilmiş, əhalisi isə öz qədim yurdlarından çıxarılmışdır. Bunu bizim gələcək nəsillər unutmamalı, tarixin verəcəyi fürsətdən istifadə etməlidirlər. Bunlardan əlavə, Rusiyada, Avropa ölkələrində, ABŞ-da və başqa ərazilərdə də azərbaycanlılar səpəli halda yaşamaqdadırlar.
Azərbaycan dili dünyanın ən qədim dillərindəndir. Ümumxalq Azərbaycan dili eramızın V əsrində formalaşmışdır. VI-VIII əsrlər şifahi ədəbi dilimizin təşəkkülü və inkişafı dövrüdür. Bu dövrün ən mükəmməl dil nümunələri «Kitabi-Dədə Qorqud»un dilində toplanmışdır. Yazılı ədəbi dilimizin təşəkkül tarixi IX-XI əsrləri əhatə edir. Suli Fəqihin «Yusif və Züleyxa», İsanın «Mehri və Vəfa» məsnəviləri, «Dastani-Əhməd Hərami» poeması, Həsənoğlunun qəzəlləri ədəbi dilimizin ilk nümunələri deyil, inkişaf yolunda olan bir ədəbi dilin nümunələridir. Qazi Bürhanəddin, Nəsimi, Füzuli, Qurbani, Ş.İ.Xətai, Məsihi, M.P.Vaqif, Q.B. Zakir, M.F.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, M.Ə.Sabir, C.Cabbarlı, S.Vurğun, S.Rəhimov, M.İbrahimov kimi nəhəng söz ustaları bu dildə yazıb-yaratmışlar.
Azərbaycan dili türk dilləri ailəsinə – türk dillərinin Oğuz qrupuna daxildir. Lakin formalaşma tarixi Oğuz qrupuna daxil olan dillərdən çox qədimdir. Hindavropalılar, türklər, semitlər və qafqazdillilər ulu dildən Ön Asiyada təcrid olunmuş, burada təşəkkül tapmış, Yer üzünə – şərqə, qərbə, şimala və cənuba buradan yayılmışlar. Türklərin ən qədim vətəni Ön Asiyadır, şimallıcənublu Azərbaycan əraziləridir. Azərbaycanın kuti, kassi, lullu, turukki və b. tayfalarının hələ e.ə. III-II minilliklərdə güclü dövlətləri olmuş, kutilər e.ə. 28-ci əsrdə Aratta dövlətini yaratmış, bir az sonra 100 ilə qədər bir müddətdə Şumeri idarə etmişlər. E.ə. ikinci minillikdə ulu babalarımız kaslar Şumeri 500 ilə qədər idarə etmişlər. Kutilər də, lullular da, kaslar da türk tayfaları idilər. Türk adını daha qədimlərdən yaşadan və gətirən isə Turukki tayfası olmuşdur. Turukkilər çox güclü birlik yaratmış və öz zamanlarında yırtıcı Assur dövlətini daim qorxu altında saxlamışlar. Turukki sözü «güclü, qüvvətli, doğan, törəyən» mənalarında tur/tör sözündən olub, türük//türk sözünü əmələ gətirmişdir.(1, 191192)
Miladdan əvvəl 1-ci minilliyin başlanğıcında Azərbaycan türk tayfaları güclü Manna dövlətini yaratmış, Mannanın süqutundan sonra minilliyin ortalarında böyük Midiya dövləti təşəkkül tapmışdır. Mannalılar və midiyalılar qohum tayfalardan ibarət idilər. Azərbaycan tayfaları, Azərbaycan hakimləri farsları və başqa tayfaları da özlərinə tabe etmiş, böyük imperiya yaratmışlar. E.ə. IV əsrdə respublikamızın indiki ərazisində Albaniya, cənubda Atropatena dövləti yaranmışdır. Yunan işğalı (e.ə.IV əsr), Parfiya (e.ə. 250-e.226) və Sasanilər (224-652) sülalələri dövründə şimalın və cənubun əhalisi daim birlikdə olmuş, feodalizmin ilkin inkişaf mərhələsində Azərbaycan tayfalarının konsolidasiyası əsasında ümumxalq Azərbaycan dili formalaşmışdır (III-V əsrlər).
Azərbaycanda türk dilinin formalaşması aborigen türklərin dili hesabına olmuş, vaxtaşırı Azərbaycana qayıdan türk tayfaları onları gücləndirmişdir. XI əsrdə Səlcuq oğuzları Azərbaycana gəlməyə başlayanda artıq Azərbaycan ədəbi dili var idi və onların bu dilin təşəkkülündə elə bir rolu olmamışdır. Əksinə, Azərbaycan dili uzun müddət ədəbi dil kimi ətraf aləmə və o cümlədən səlcuqlara da xidmət etmişdir: «Azərbaycan ədəbi dili XIII əsrin sonlarında və XIV əsrdə Şərqi Anadoluda yetişən bir çox şairlərin şeir dili kimi işlənilmiş və bu dildə yazılan şeirlər Osmanlı türk yazılı ədəbi dili üçün, demək olar ki, ilkin örnək olmuşdur. Elə buna görə də türk filoloqları bu həqiqəti başqa bir istiqamətdə olsa da, «əsasən səlcuqi-osmanlı ləhcəsinin əski və ibtidai şəkildə Azərbaycan ləhcəsi arasında həmin heç bir fərq yoqdu» (Köprülüzadə), «o zamanın Azərbaycan ədəbi dili ilə Anadolu ədəbi dili arasında heç bir fərq yoqdu» (İ.Hikmət) – deyərək, təsdiq etmişlər. Avropa türkoloqlarından bəzisi isə XIII-XIV əsrlər arasında Anadoluda yaşayıb-yaratmış şairlərin əsərlərinin dilindən danışarkən osmanlıcadan fərqli bir dil olduğunu göstərərək, bu dili Səlcuq türkcəsi adlandırmışlar. Diqqətlə yoxladıqda aydın olur ki, həmin dil o zaman Anadoluda işlədilən və türki adı ilə tanınan Azərbaycan dilidir».(2, 88-89)
Azərbaycan ən qədim dövrlərdən türk yurdudur və Yer üzündə İnsandan türk qolu ayrılarkən onların payına ilkin olaraq Azərbaycan əraziləri düşmüşdür.
Hələ eradan əvvəlki birinci minilliyin sonlarında Azərbaycanın cənub hissəsində əhali dövlətin adı ilə atropatenlər, şimalda albanlar adlanırdı, cənubda Atropatena dili, şimalda Alban (Aran) dili ifadələri işlənirdi. (3, 214-235)
Orta və Mərkəzi Asiyada V-VIII əsrlərdə nəhəng abidələr qoyub getmiş böyük Türk xaqanlığının yaradıcısı olan «500 evlik» Aşina ailəsi (xaqanlığı yaradan Bumın kağanın və İstəminin tayfası) Orta Asiyaya Azərbaycandan getmişdir.(bax: 4, 295-313)
«Türk» etnik adı Azərbaycanda çox qədim tarixə malikdir və e.ə.III minilliyin əvvəllərindən məlumdur. Bu etnonimin daşıyıcılarının – Turukkilərin bir hissəsi sonralar Orta Asiyaya köçsə də, əsas hissəsi Azərbaycanda idi, ona görə də Azərbaycanda bu etnonim işlənməkdə davam edirdi. Mərkəzi Asiyada Xaqanlığın yaradıcısı olan bu tayfa böyük dövlət yaratdıqdan və onu «Türk xaqanlığı» adlandırdıqdan sonra bütün Orta və Mərkəzi Asiya ərazilərində «türk» sözü sürətlə kütləviləşmiş, daha intensiv işlənmişdir. Azərbaycanda isə V əsrdən – Sasanilər dövründən kütləviləşməyə başlamışdır. Sasanilər Çindən İrana qədər böyük bir ərazidə yerləşmiş türk xaqanlığı ilə əlaqə saxlayır, bəzən qohumluq münasibətlərinə girməli olurdular. Onlar bu minvalla Azərbaycan türklərini də ‘türk’ adlandırırdılar. Digər tərəfdən, xaqanlığın öz dövründə xaqanlıq türklərinin Azərbaycana axını davam etməkdə idi. Ərəblər gəldikdən sonra şimallı-cənublu bu ölkəni də (Azərbaycanı) ‚türk ölkəsi‛ bilir və «türk ölkəsi» adlandırırdılar. Lakin ərəblər cənub ərazilərindən tədricən şimala qalxdıqları və Atropatena sözünü öz şivələrində ‘Azərbaycan’ şəklinə saldıqları, azərbaycanlıları qısa şəkildə azəri adlandırdıqları üçün bu termini şimal türklərinə də tətbiq etməyə başlamışdılar. Ona grə də ‘türk’ termini yalnız ‘Alban’ adını deyil, ‘madalı’ və ‘atropatenalı’ adlarını da əvəz etməyə başlamışdı. Eyni vəzifəni azəri sözü də yerinə yetirməkdə idi. Bu ifadələrin işlənməsi, bəzi tarixçilərin qeyd etdiklərinin əksinə olaraq, ‚VIII-IX əsrlərdən sonra‛ yox, erkən başlamışdı - türk sözü V əsrdən işləkliyini genişləndirmiş, azəri sözü isə VII əsrdən işlənməyə başlamışdı. Xalqın və onun dilinin təşəkkülü cənublu-şimallı vahid proses kimi birlikdə getmişdir. İskəndərin işğalı dövründə, Parfiya asılılığı, Sasanilər və ərəb istilası dövrlərində daim şimalla cənub birlikdə olmuş, bir canişinlikdə birləşdirilmişdir. Ona görə də bu dövrdə proses Atropatena və ya alban dilinin təcrid olunmuş təşəkkülü istiqamətində deyil, hər iki ərazidə yaşayan əhalinin birgə türk-azəri dilinin təşəkkülü və inkişafı istiqamətində gedirdi. Bu dil artıq V əsrdə bütövlükdə ümumxalq dili şəklində formalaşma işini başa çatdırmışdı. VI-VIII əsrlər şifahi ədəbi dilin təşəkkül və inkişafı dövrü kimi tarixə daxil olur. Gəlmə türk tayfalarının hamısı yaxın və qohum tayfalar idi, dilləri bir-birindən az fərqlənirdi. Odur ki heç bir tayfanın yeni gəlişi ədəbi dilin təşəkkülü yolunda maneə ola bilməmişdir. Əksinə, fars ənənəsi, ərəb asılılığı sadə xalq dilini yazıda ağırlaşdırırdı. Sonrakı əsrlərdə xalq bu təsirdən, bu ağırlıqdan xilas olmağa çalışmış və buna tədricən müvəffəq olmuşdur.
Vahid etnogenezin təşəkkülü V əsrə aiddir. Səlcuq oğuzları Azərbaycanda geniş məskən salmamış, müəyyən müddət yaşasalar da, Kiçik Asiyaya irəliləmişlər. Onların dil-nitq təsiri daha çox Azərbaycanın qərb qrupu şivələrində müşahidə olunur. Anadoluda türk dilinin təşəkkülü ilə Azərbaycanda türk dilinin təşəkkül spesifikası ciddi şəkildə fərqlənir. Azərbaycan başdan-binadan türk ölkəsi idi. Azərbaycandan miqrasiyalar da olmuşdur, Azərbaycana miqrasiyalar da olmuşdur, lakin heç vaxt Azərbaycan əhalisi içərisində türk olmayanlar üstünlük təşkil edə bilməmişdir. Anadoluda isə vəziyyət başqa cür idi. Çox qədim dövrlərdə Anadolu da türk yurdu olmuşdur. Lakin sonralar bu ərazilərdə hind-avropalılar üstünlük təşkil etmişlər. XI əsrdən Səlcuqların gəlişi ilə vəziyyət tədricən dəyişmiş, Anadolu yenidən türk yurduna çevrilmişdir. Bu cəhəti bir çoxları nəzərə almadığı üçün türk və Azərbaycan dillərini mövcud ərazilərdə paralel inkişaf edən dillər kimi düşünürlər. Bu cür düşüncə tam yanlışdır. Səlcuq oğuzları gələndə artıq ədəbiləşmiş Azərbaycan dilinin min ilə yaxın tarixi vardı və XIV əsrin ortalarına qədər Azərbaycan dili ətraf xalqlara, o cümlədən Səlcuqlara da xidmət etmişdir: ‚Türkiyədə və Azərbaycanda etnik proseslərin fərqli cəhətləri vardır. Türkiyə ərazisində həqiqətən tam türkləşmə prosesi getmişdir və bu proses həm də xristian dininin islamla əvəz olunması prosesi ilə yanaşı getmişdir. Azərbaycanlıların etnogenezində türkləşdirmə (assimilyasiya) etnik prosesin xarakterik xüsusiyyəti olmamışdır, çünki burada türk etnosları əvvəldən aparıcı rol oynayırdı‛.(5, 209)
Erkən orta əsrlərdə - Parfiya dövründə bir sıra irandilli tayfalar Azərbaycan ərazilərinə köçürülmüşdür. Lakin bunlar azlıq təşkil edirdilər. Ölkəmizin ərazisindəki tatlar, talışlar, kürdlər, lahıclar yenə də iki min il əvvəlki yerlərində yaşamaqdadırlar və yerlərini çox nadir hallarda dəyişənlər olmuşdur. İran-fars şovinizmindən fərqli olaraq, Azərbaycanda heç bir etnosun dili sıxışdırılmır.
Qaynaqlar göstərir ki, azəri dili Azərbaycanın erkən türk əhalisinin dili olmuş, fars dilindən və pəhləvi şivələrindən fərqlənmişdir. ‚Əsrimizin 20-ci illərinə kimi və daha sonra tarixi ənənə azəri məfhumunu azərbaycanlıların adı ilə bağlamışdır‛.(3, 226) Azəri sözü Antarpatianu və Atropatena sözləri ilə bir kökdəndir.
Azərbaycan sözü Antarpatianu sözündən əmələ gəlmişdir. Antarpatianu sözünün birinci hecasındakı An allah adının “n” samiti düşmüş, söz Atarpatianu, tədricən Atropatena şəklini almışdır. Bir sıra yazılarda Atropatena sözündə irəli çıxan «t» (dz) qovuşuq səsinin birinci komponentinin karlaşmış variantı t saxlanmışdır. Məsələn, monqol basqınlarını gözləri ilə görmüş Gəncəli Kirakos 1241-ci il hadisələrindən bəhs edərək yazır: "Onlar (monqollar - Q.K.) getdikcə farsların bütün ölkəsini, Atrpatakanı, Deyləmi dağıtdılar, qarşılarında bir maneə qalmasın deyə, hamısını bir-bir yağma etdilər". (6, 162)
Ərəblər isə öz dillərinin xarakterinə uyğun olaraq həmin qovuşuq səsin ikinci komponentinə üstünlük vermiş, sözü Adzirbican – Azirbican – Azərbaycan şəkillərində tələffüz etmişlər, fərqləndirmək üçün Azərbaycan ərazisində işlədilən dili "əl-azəriyə"- azəri dili adlandırmışlar. Azəri sözü bu sözdən, bu tələffüzdəndir.
Bir sıra iranşünaslar azəriləri İran tayfalarından biri hesab edib irandilli əhali saymışlar. Lakin bu xalqı və onun dilini farsdilli güman edilən bir tayfa adı ilə əlaqələndirməyin tam əsassız olduğu göz qabağındadır. Çünki tarixin az-çox yazılı mənbələri olan son beş min ili ərzində Azərbaycanda və hətta yaxın ətraf ərazilərdə azəri adında türk və ya irandilli aparıcı bir tayfaya təsadüf edilməmişdir.
Azəri sözü tayfa adı deyil, Azərbaycan sözündəndir və Azərbaycan sözünün qısaldılmış forması kimi təşəkkül tapmışdır.
Əgər tarixçilərimiz bu uydurmalara uymasa idilər, bu addan vaxtilə (XX əsrin 70-ci illərində) azərbaycanlılar imtina etməklə (və ya onları buna məcbur etməklə) böyük səhvə yol verməz, Azərbaycan ziyalıları arasında ‚türk dili‛ və ya ‚Azərbaycan dili‛ söhbətləri ilə ixtilaf yaranmazdı.
Beləliklə, azəri sözü ərəb istilası zamanından intesiv şəkildə işlənmiş və o gündən ki ərəblər bütün ölkəni ‚Azərbaycan‛ adlandırmağa başlamışlar, o gündən də dilimizə bu kökdən “-əlazəriyə” – azəri dili demişlər. Etimoloci cəhətdən Azərbaycan sözünün kökündə nə durursa, ‚azəri‛ sözündə də o durur. Bu söz 1300 ildir ki, işlənməkdədir.
Görünür, azəri dili bir termin kimi daha çox ərəb təhsillilərin dilinə məxsus olmuş, ərəblər Azərbaycanda öz mövqeyini itirdikdən sonra ‚azəri‛ sözü də işləkliyini zəiflətmişdir. Lakin bu söz tamamilə unudulmamış və bütün sonrakı minillik boyu daim Azərbaycan türk dilinin yığcam adı kimi gərəkli olmuşdur. XIII əsrdə elmi ədəbiyyatda öz izini saxladığı kimi, XIX əsr mənbələrində də özünə yer tapmışdır. XX əsrin 60-cı illərində daha işlək olmuşdur.
VII-X əsrlər elə bir dövr idi ki, ərəblər Azərbaycanı bütöv görür və onun ‚qədimdən türk yurdu‛ olduğunu yaxşı bilirdilər, dəfələrlə yerli əhali ilə toqquşmalı olmuşdular. Bir tərəfdən də, yeni türk axınları davam etməkdə idi. Aramsız olaraq türklər türk yurduna axışırdılar. Buna görə də ərəblər təbii, qanuni, məntiqi bir iş görmüş, fərqləndirmək üçün Azərbaycanın türk əhalisini azəri adlandırmış, əhalinin dilinə azəri dili demişlər. Lakin ‚azəri‛ sözünün rəsmi işlənmə imkanları əhalinin öz dillərini ‚türk dili‛ adlandırmasına mane olmamış, yuxarı dairələrdə daha çox ‚azəri dili‛, geniş xalq arasında ‚türk dili‛ sabitləşmişdir. Ərəblər bir işğalçı kimi zəiflədikcə ‚türk dili‛ üstünlük qazanmışdır. Təsadüfi deyildr ki, böyük Nizami də XII əsrdə ‚türkcə‛ sözünü işlətmişdir. Şahın məktubunda deyilir:
Türkcəlik bizə vəfalı olmağın sifəti (əlaməti) deyil,
Türkəvara deyilmiş söz bizə layiq deyil. (7, 35)
«Leyli və Məcnun» poeması Şirvanşah Mənuçehr oğlu Məlik Axsitanın şairə müraciəti əsasında yazılmışdır. Şah özü onu ərəb-fars inciləri ilə bəzəməyi məsləhət görmüşdür. Məzyədilər sülaləsindən olan Şirvanşahlar ərəb nəslindən idilər və X əsrdən fars dilinin aşiqi olmaqla sarayda fars dilindən istifadə edirdilər. Şirvan dövlətinin sonuna qədər də (XVI əsr) fars dilinə üstünlük vermiş, türk dilinə həqarətlə baxmışlar.
Bütün bunlar aydın və şübhəsizdir. Lakin biz şimallı-cənublu Azərbaycan əhalisinin dilinin türk dili adlandırılmasını eramızın I minilliyində ərəblərin müşahidə etdiyi ‚türk ölkəsi‛ və ya yeni türk axınları və yaxud da Göytürk dövləti sərhədlərinin şimaldan Azərbaycana çatması ilə məhdudlaşdırılmış olan bir prosesin nəticəsi kimi təsəvvür etmirik. Bütün ilkin türk tayfaları Ön Asiyada doğulduğu kimi, türk sözü də Ön Asiyada doğulmuşdur. Lakin sonralar Şərqdə daha çox güclənmiş və güclü bir tufan kimi öz dalğalarını bütün qərbə və o cümlədən Cənubi Qafqaza, daha aşağılara yayan bir dövlətin adı kimi geri qayıtmışdır.
Azərbaycan dilini ilk dəfə rəsmi dövlət dili elan edən Şah İsmayıl, təbii olaraq, ‚türk dili‛ ifadəsinə üstünlük vermişdir. Şah İsmayıl Azərbaycanın həqiqi müstəqilliyinə çalışmış, ona görə də Anadolu türkləri ilə qarışmamaq, müstəqil Azərbaycanın müstəqilliyini əbədi etmək üçün osmanlıların sünni məzhəbi müqabilində şiəliyi genişləndirməklə yanaşı, dövlət dilini və onun adını da beynəlxalq aləmə tam fərqli şəkildə - xalqın işlətdiyi kimi «türk dili» şəklində çatdırmış və bu hal ‚azəri dili‛ termininin daha çox məhdudlaşmasına səbəb olmuşdur.
Eyni anlayış haqqında iki termindən ‚türk dili‛nin üstünlük qazanmasında həqiqətən Şah İsmayılın xidməti böyükdür. Lakin bundan istifadə edən İranpərəstlər xalqı və bütün elm, bilik sahiblərini aldatmağa çalışmış, azəri dilinin guya İran dilləri qrupuna daxil olan bir dil olduğunu və həmin dilin zorla Şah İsmayıl tərəfindən məhv edildiyini, yerinə türk dilinin qoyulduğunu isbat etməyə cəhd göstərmişlər. Şah İsmayılın xidmətlərini unutdurmağa çalışanlar da vardır: Guya Şah İsmayılın Osmanlı sultanları ilə bir-iki yazışmasından başqa, qalan bütün dövlət işləri farsca aparılmış, azərbaycanlılar Şah İsmayıla kimi və hətta ondan sonra XVII yüzilliyə qədər kökcə İran mənşəli olan azəri dilində danışmış, Şah İsmayıl isə güc işlədərək bu dili azərbaycanlılara yabançı olan ‚türk dili‛ ilə əvəz etmişdir. Bunlar son dərəcə məntiqsiz düşüncələrdir. Dil elə bir şey deyil ki, cəmi 38 il yaşamış bir hökmdar onu xalqın əlindən alıb, yerinə ayrı bir dil qoya. Əvvəllər olduğu kimi, Şah İsmayıl dövründə də Azərbaycanda əsas ünsiyyət vasitəsi Azərbaycan türk dili idi. Lakin bu dövrdə hökmdarın dilə xüsusi nəzarəti yaranmışdır. Alman alimi Adam Olearinin yazısında 1630-cu illərdə, hətta paytaxtın Səfəvilər tərəfindən İran şəhəri İsfahana köçürüldüyü çağlarda əcnəbi elçilərin qəbulunda sarayda Azərbaycan dilinin əsas dövlət dili kimi işləndiyi göstərilir. Fransız səyyahı Can Batist Tavernye də eyni həqiqəti qeyd etmiş və yazmışdır: ‚Saray adamlarının dili türk dilidir‛. (6, 185)
1685-1694-cü illərdə Azərbaycanda olmuş alman alimi Engelbert Kempfer yazmışdır: ‚Səfəvilər sülaləsinin ana dili olan türk danışığı İran sarayında geniş yayılmış dildir. Bu dil ölkə əhalisinin adi danışıq dilindən seçilir. Türk dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmış və nəticədə elə olmuşdur ki, şahın hörmətini istəyən hər kəs bu dildə danışır. İndi iş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suç sayılır. Türk dili bütün şərq dillərindən asandır. Türkcənin danışıq tərzindəki vüqar və səslənmə əzəməti onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır.‛(8, 85) ‚Bu dil ölkə əhalisinin adi danışıq dilindən seçilir‛ dedikdə müəllif, şübhəsiz, müəyyən dərəcə ərəb, fars leksikası qarışmış ədəbi dil ilə geniş kütlənin adi, sadə danışığını nəzərdə tutmuşdur.
Daim müxtəlif imperiyalar tərkibində olması nəticəsində Azərbaycan xalqı öz dilindən az hallarda dövlət dili kimi istifadə edə bilmişdir. Şübhəsiz, Manna, Mada dövründə aparıcı aborigen tayfalar olan mannalıların, madalıların dili rəsmi dövlət dili kimi fəaliyyətdə olmuşdur. Lakin Əhəməni, Sasani imperiyalarının və Xilafətin tərkibində geniş türkdilli əhalinin işlətdiyi dil başqa, rəsmi dövlət dili başqa dil olub. Əsrlərlə davam edən bu prosesi böyük Şah İsmayıl dayandırıb. Şah İsmayılın göstərişi ilə xalq ilk dəfə öz dilindən ali məclislərdə, yazışmalarda, diplomatik sənədlərdə həvəslə istifadə etmişdir. Yalnız Səfəvilər Azərbaycan türk dilini tamhüquqlu dövlət dilinə çevirmişlər. Bununla yanaşı, onlar heç bir dilin hüququnu əlindən almamış, heç bir etnosun dilini türkləşdirməmişlər.
Azərbaycan ərazisində son iki min il ərzində türk dili getdikcə daha çox qol-qanad atdığı kimi, bir sıra başqa etnoslar da (tatlar, talışlar, ləzgilər, udinlər və b.) öz dillərini qoruyub saxlamışlar. Hind-Avropa mənşəli tayfalar Azərbaycan ərazisinə sonralar gəlmişlər: ‛Əslində, Hind-Avropa dil ailəsinə mənsub ari mənşəli tayfalar er.əv. II minillikdə Cənubi-şərqi Avropadan Orta Asiyaya gəlmişlər. Er.əv. 1700-1500-cü illərdə onların bir hissəsi - vedalar ayrılaraq Hindistana getmiş, indiki farsların, taciklərin, əfqanların, Pamirdə irandilli kiçik xalqların, kürdlərin, talışların, tatların, kiləklərin və s. ulu əcdadları isə Orta Asiyada və Əfqanıstanda qalmışlar. Er. əv. birinci minilliyin əvvəllərində farsların, kürdlərin, talışların, tatların, giləklərin və s. ari adlanan əcdadları İran ərazisinə gəlmişlər.‛(5, 39) Hind-İran dil qolu parçalandıqdan sonra İran qolu hazırkı İran yaylasının mərkəzində və cənubunda məskunlaşmış, e.ə. I minilliyin sonlarında İran ləhcələrində danışan bir sıra etnoslar Azərbaycanın şərq və qərb rayonlarına irəliləmiş, burada irandilli etnosların əsasını qoymuşlar. Azərbaycan ərazisində qədimdən irandilli tayfalar olmamışdır. Bunu İ.Əliyev özü də təsdiq edir: ‚İnamla deyə bilərik ki, əlimizdə elə bir fakt yoxdur ki, midiyalıların gəlmə element olduğunu sübut etsin. Lakin bunu deyə bilərik ki, hər hansı bir irandilli tayfa Midiya ərazisinə gəlmişdir‛. (9, 90)
Azəri sözü bizim dilimizi bütövlükdə (şimallı-cənublu) adlandıra bilən ən uğurlu termindir. Azərbaycan türklərinə daim ‚azəri türkləri‛ demişlər və bu ifadə Azərbaycan xalqını həm Anadolu türklərindən, həm də şərq türklərindən fərqləndirmişdir. Hələ Nəsrəddin şah dövründə İranda buraxılmış ‚Name-i Daneşvaran‛ adlı kollektiv əsərdə Cənubi Azərbaycan əhalisinin dili ‚azəri dili‛ adlandırılmış və aydın olmaq üçün izahat verilmişdir: ‚azəri dili‛, yəni ‚zəban-i turkan‛ (türk dili). Qərbin görkəmli şərqşünas alimləri və o cümlədən ingilis şərqşünası Q.A.Stranqe də bu cür nəzərdə tutmuş, ‚azəri‛ sözünü ‚Azərbaycanın qədim türk dili‛ adlandırmışdır. Lakin Azərbaycan türklərinə və ümumən türklərə daim qeyri-səmimi münasibət bəsləyən, tarixin gedişində mütərəqqi prosesləri daim hindavropalıların xidməti kimi qələmə verməyə çalışan alimlərin subyektiv mülahizələri ‚azəri dili‛ ifadəsini şübhə altında qoya bilmişdir.
Beləliklə, azəri xalqının - azəri türklərinin mənşəyi bilərəkdən yanlış izah edilmiş, Səlcuq imperiyası dövründə və sonralar Səfəvilərin üstün mövqeyi ilə farsların türkləşdirildiyi, Səlcuqlara qədər Azərbaycanda türk etnoslarının olmadığı kimi yanlış, zərərli və qərəzli fikirlər söylənmişdir. ‚Bizim Sovet İttifaqında bu vaxta qədər heç bir türk xalqı hakim İran konsepsiyasının ucbatından özünün həqiqi qədim tarixini aydınlaşdıra bilməyib. Bu, tarix elmində monopolizmdir‛. (21; 283) Bundan neçə il əvvəl yazıçı İsa Hüseynov elmdə irticaya qarşı etirazını bildirərək ‚İdeal‛ romanında yazmışdır: ‛İngilislər funt-sterlinqi sel kimi axıdırdılar, bütün Avropanın, özlərinin ən görkəmli arxeoloqlarını, şərqşünaslarını Cənuba doldurub Pəhləvi şahının hakimiyyətinin qanuniliyini sübut etməkdən ötrü, Cənubumuzu Şimalımızdan həmişəlik ayırıb milli azadlıq ideyalarını boğmaqdan ötrü tariximizin üstündən qələm çəkib "Pəhləvi tarixi" yazdırırdılar. ...Hamımız bilirdik ki, Azərbaycanın tarixi ‚İran tarixi‛ kimi qələmə verilir, dilimiz, dövlətimiz inkar edilir. Guya nə qədim dilimiz olub, nə ərazimiz, nə də dövlətimiz. Köçəri qəbilələrdən ibarətiymiş Azərbaycan xalqı‛. (22; 328)
1924-cü ildə Türkiyə respublikası yaradıldıqdan, türklərin dili türk dili adlandırıldıqdan xeyli sonra da dilimiz «türk dili» adı ilə tanınmaqda idi və hətta 1936-cı ildə «Türk dili» adlı məktəb dərsliyi də çap olunmuşdur. 1936-cı ilin SSRİ konstitusiyasında dilimizin adı «Azərbaycan dili» şəklində təsbit edilmişdir. 1992ci il sənədlərinə əsasən Azərbaycan dili termini bir neçə il yenidən türk dili termini ilə əvəz edilmiş, 1995-ci il respublika konstitusiyası ilə «Azərbaycan dili» ifadəsi yenidən sabitləşdirilmişdir.
Bu dil ulu babalarımız arattalılardan üzü bəri yaşamış qədim aborigen Azərbaycan türk tayfalarının dil yadigarıdır və uzun bir yol keçdiyindən inkişaf səviyyəsi ilə başqa türk dillərindən fərqlənir.