MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

MƏSDƏR
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

MƏSDƏR

Məsdər hərəkətin adını bildirir.

Məsdər felin şəxssiz formalarından biri olub, işin, hərəkətin adını bildirməklə felləri isimlərə yaxınlaşdırır və fellərdə isim kimi işlənmə imkanları yaradır. Odur ki məsdər felin substantiv forması hesab olunur.

Felin məsdər forması fel kökü və əsaslarına -maq, -mək şəkilçisini artırmaqla düzəlir. Məs.:
Gecə sakit və sirli görünürdü. O sanki istirahət etməyə, xəyal və düşüncələrə dalmağa, şirin söhbətlərə qulaq asmağa çağırırdı. (M.İ.)

Dünyada çinədanı dar olmaqdan pis şey yoxdur. (M.İ.)

Fikrim işləməkdir, Muğanın su mühəndislərinə ehtiyacı var. (M.İ.)

Ana, qan qaraltısı ilə, deyinməklə, bir-birini sancıb təhqir etməklə ömür sürmək olmaz.(Ə.V.)

Məsdərin dildə əhəmiyyəti böyükdür. Məsdər şəkilçisi felin fel olduğunu yoxlamaq üçün ən mühüm vasitədir. Şəxsli fel formaları, şəxssiz fellər – feli sifət, feli bağlama məsdər əsasında yarana bilir. Doğrudur, məsdər özü də felin şəxssiz formasıdır, lakin bütün başqa təsrif formaları üçün əsas və başlanğıcdır.

Felin hibrid forması olan məsdər felin mühüm kateqoriyaları olan idarəedicilik, təsir, növ, inkarlıq xüsusiyyətləri ilə yanaşı, ismə aid xüsusiyyətləri də qazanmaqla fellərin ad kateqoriyası bildirən nitq hissələri kimi dəyişməsinə, müxtəlif sözlərlə əlaqələnməsinə, insan nitqinin daha geniş ölçüdə qol-qanad ata bilməsinə imkan yaradır, nitqimizi hərəkət məzmunlu adlar hesabına zənginləşdirir.

Məsdər felin bütün şəxsli və şəxssiz formalarının əsasında durduğu üçün idarəedicilik, öz ətrafına söz toplama, tərkib yaratma imkanlarına malikdir. Məs.:
Əvvəlki əzəməti, qüdrəti saxlamaq üçün bundan əlverişli fürsət ola bilməzdi. (F.K.)

Dədə bəy elə dedi ki, guya məclisdəki düyü təpəsini dağıtmaqdan söhbət gedirdi.(F.K.)

Dağların o tayındakı fermalara gedən yolun üstündə saldığımız o körpü nə üçün bizim bir-birimizdən soyumağımıza, hətta bir-birimizə düşmən kəsilməyimizə səbəb olsun? (İ.Ə.)

O, pələngdən aralanmağa, qaçıb yaxasını qurtarmağa cəsarət etmirdi. (İ.Ə.)

Yarı yoldan qayıtmaq sənə yaraşmaz. Kərim istirahət vaxtını ovda keçirməyi sevirdi.

Qeyd etdiyimiz misallarda saxlamaq, dağıtmaq, soyumaq, düşmən kəsilmək, aralanmaq, yaxasını qurtarmaq, qayıtmaq, keçirmək məsdərləri öz ətrafına söz toplayaraq cümlənin sintaktik quruluşunu genişləndirmişdir.

Dildə elə bir fel ola bilməz ki, məsdər şəkilçisi qəbul etməsin. Fellər isə təsirli və ya təsirsiz olur. Deməli, məsdərlər də təsirli və təsirsiz olmaqla fərqlənir. Məs.:
Atı yəhərləməyi tapşırdı, özü də artırmaya çıxdı.(M.İ.)

O, Səkinəni çağırmaq istər kimi öskürdü.(M.İ.)

Bu qədər danışmaq əvəzinə, fikrini işə versəydin, indi sən də bir ad çıxartmışdın. (M.İ.)

O özünü saxlayaraq qızın üzünə baxıb gülümsəməklə kifayətləndi.(M.İ.)

Bayaq yad adamların yanında biabır olmamaq üçün ağlamağını saxlaya bilmişdisə də, indii bacarmadı (İ.Ş.)
– misallarında yəhərləmək, çağırmaq, danışmaq məsdərləri təsirli, gülümsəmək, biabır olmamaq üçün, ağlamağını məsdərləri təsirsizdir.

Təbii ki, felin kök və əsası məsdər şəkilçisi qəbul edənə qədər növ şəkilçiləri də qəbul edə bilir və fel növlər üzrə dəyişmiş olur. Məs.:
İki il bundan əvvəl Qəmərbanı oğlunu başqa cavanlar kimi at belinə mindirməkdən ötrü, qılınc oynatdırmaqdan ötrü əlac istədi (Elçin)
– cümləsində mindirmək, oynatdırmaq məsdərləri icbar növdə,
Rüstəm kişi yenə tüstüləməkdə olan trubkasını ağzından çəkdi (M.İ.)
– cümləsində isə tüstüləmək məsdəri məlum növdədir.

Felin şəxsli və şəxssiz formalarına qədərki hissə – felin kökü və ya əsası inkarlıq əlaməti də qəbul edir. Təsdiq və ya inkar olur. Məs.:
Şah İsmayılın mərhəmətini qazanmaq, lakin öz taxtının sabahını Səfəvilərin qələbəsindən asılı qoymamaq üçün tədbirlər düşünürdü.(Elçin)

Bu misalda qazanmaq məsdəri təsdiq, asılı qoymamaq inkardır.

Məsdərdə isim xüsusiyyətləri də güclüdür. İsimlər ad bildirdiyi kimi, məsdər də ad bildirir – hərəkətin adını bildirir, ismin suallarına (nə? nəyi? nəyə? və s.) cavab verir. İsimlər kimi hallanır, mənsubiyyət şəkilçisi qəbul edir. Məs.:
Qəmərbanu yavaş-yavaş həyəcanlanmağa başladı.(Elçin)

Mahmud hər dəfə çöllərdə gəzməyə çıxanda heyrət edirdi ki, necə olub ki, yazı da, yayı da, payızı da təkcə kitab oxumaqda keçirib. (Elçin)

Üzü dumanlanmağa başlayan Rüstəm kişi bir cavab vermədi. (M.İ.)

Şor yeməkdən çöpə dönmüşəm mən. (İ.M.) 

Gəncə çinarları yarpaqlamağa başladı, qaranquşlar yuvalarına qayıtdı.(Elçin)

Mahmud gəzməyə tək çıxırdı. Qəmərbanu oğlunun gizli gözətçilərinin muzdunu artıq verirdi ki, Mahmudun qız kimi çöllərdən gül-çiçək yığmağını heç kimə deməsinlər.(Elçin)

Dostunu vaxtında xəbərdar eləməyi özünə borc bildi.

İsmin əsas sintaktik vəzifəsi mübtəda və tamamlıq olduğu kimi, məsdərlər də cümlədə daha çox mübtəda və tamamlıq vəzifələrində işlənir. Məs.:
Yumşaq, üstü örtülü cavab vermək də mümkün deyildi və Şirzadın təbiətinə zidd idi.(M.İ.)

Elə bilirsən gizlicə evlənməklə yaxanı bizim əlimizdən qurtaracaqsan? (M.İ.)

Cavan xanəndə bir söz deməyə, təşəkkür etməyə, özünü yerə atıb Ziyad xanın ayaqlarını qucaqlamağa cəsarət etmədi. (Elçin)

Səni qorumağı bacarmasam, yaşamaq mənə haram olsun. (M.C.)

Əvvəlki misalda məsdər və məsdər tərkibi mübtəda, sonrakı misallarda tamamlıq vəzifəsindədir. Son misalda da tamamlıq və mübtəda vəzifəsindədir. Məsdər və məsdər tərkibi cümlənin xəbəri vəzifəsində də çox işlənir. Müstəqil xəbər kimi:

Bu saat ən mühüm məsələ heyvanı yaza çıxarmaqdır.(İ.Ə)

Əlbəttə, zahirdə bu da irəliləməkdir. (M.İ.)

Sənin bu döyüşün dirigözlü ölümə getməkdir.(F.K.)

Məsdər (və tərkibi) xəbərin tərkibində asılı tərəf kimi də işlənir:
Onun əqidəsincə, adam öldürəni düzəltmək olar, çörək itirəni olmazdı.(M.İ.)

Şirzad sazı aldı və kökləməyə başladı. (M.İ.)

Sultan Əbu Səidə nə vasitə ilə olur-olsun, təsir göstərmək lazımdır.(F.K.)

Məsdər və məsdər tərkibləri üçün, ötrü qoşmaları ilə məqsəd zərfliyi vəzifəsində işlənir:
Qaraş gələnləri qarşılamaq üçün ayağa durdu.(M.İ.)

Əbu Səidi əzmək üçün bundan ağıllı yolumuz yoxdur.(F.K.)

Onları sorğu-suala tutmaq üçün əvvəl sifətlərinə baxdı.(F.K)

Hökmdarlar belə zindanlar tikmək, insan zəkasını buxovlamaq üçün gəlir. (F.K.)

Bu sağlam vücud, bu möhkəm qollar istədikləri həyatı qurmaqdan ötrü yaranmışdır. (M.İ.)

Məsdər ismi və feli birləşmələrin asılı tərəfi kimi də işlənir; məs.:
Ölüm səngərində yaşamaq meyli
Onların qəlbini hey dindirirdi.(S.V.)


Çay içmək, papiros çəkmək istəyənlər var,-dedi.(M.İ.)

NÖVBƏTİ
ƏVVƏLİ