Hərəkətin və ya əlamətin əlamətini bildirən sözlərə zərf deyilir.
Hərəkətin əlaməti dedikdə zərflərin şəxsli fellərlə, məsdər və feli bağlama ilə, əlamətin əlaməti dedikdə zərflərin sifət, feli sifət və zərflərlə əlaqəsi nəzərdə tutulur. Məsələn:
Bir az əvvəl sağa-sola fırlanan
Parça-parça qarlar indi yavaş-yavaş bax düşür (A.S.)
– misralarında yavaş-yavaş, indi zərfləri feli xəbərlə (yavaş-yavaş düşür, indi düşür) bağlı olub hərəkətin əlamətini - tərzini, zamanını bildirir; həmin cümlədəki əvvəl, sağa-sola zərfləri feli sifətə (fırlanan), bir az zərfi isə əvvəl zərfinə aiddir və bunlar əlamətin əlamətini bildirən zərflərdir.
Zərflər də bir nitq hissəsi kimi, leksik-qrammatik mənasına, morfoloji əlamətinə və sintaktik vəzifəsinə görə başqa nitq hissələrindən fərqlənir və əsas nitq hissələrindən biri kimi çıxış edir. Lakin zərfləri bir nitq hissəsi kimi dəqiq müəyyənləşdirmək tarixən o qədər də asan olmamışdır. Bu hal zərflərin leksik mənaları ilə başqa nitq hissələrinin leksik mənaları arasındakı yaxınlıqdan və zərflərin morfoloji əlamətinin olmamasından, inkişaf etməməsindən irəli gəlir. Zərfləri başqa nitq hissələrindən fərqləndirmək üçün sintaktik vəzifə üstün mövqe qazanır ki, bu da həmişə etibarlı deyildir. Tarixən bir sıra zərflər başqa nitq hissələrinə daxil edildiyi kimi, zərf olmayan bir sıra sözlər də zərflər sırasına daxil edilmişdir.
İndi dilimizdə zərflər bir nitq hissəsi kimi xeyli saflaşdırılmış, başqa nitq hissələrindən təmizlənmişdir. Lakin zərflərlə bağlı bir sıra çətinliklər hələ də qalmaqdadır. Bu hal zərflərin çoxşaxəli olmasından və lüğəvi mənasına görə bir sıra əsas nitq hissələri ilə ortaqlı işlənməsindən irəli gəlir. Çoxşaxəlilik o deməkdir ki, zərflər hərəkət və ya əlamət bildirən sözləri bir çox cəhətdən izah edir. Məsələn, isimlər yalnız əşya adı bildirir, fel hərəkət bildirir. Zərflər isə hərəkəti və əlaməti həm tərz, həm zaman, həm yer, həm də kəmiyyət, dərəcə baxımından izah edir və bu şaxələr üzrə bölünməsi zərfləri digər əsas nitq hissələri ilə – isimlərlə, sifətlərlə, saylarla yaxınlaşdırır. Hətta leksik mənasına görə bir sıra zərflər isimlərdən, sifətlərdən, saylardan fərqlənmir.
Digər nitq hissələri həm cümlə daxilində, həm də cümlədən xaric müəyyənləşdirilə bildiyi halda, zərfləri, başlıca olaraq, cümlə daxilində, aid olduğu sözə əsasən müəyyənləşdirmək olur. Çünki sintaktik səciyyəsinə əsasən hələ indi də bir sıra başqa nitq hissələrinə aid olan sözlər həm də zərf hesab olunur. Məsələn, gözəl, yaxşı, qəşəng, ağıllı, bərk, pis sözləri əşya bildirən sözə aid olduqda, əşyanın əlamətini bildirdikdə sifət, halhərəkət bildirən sözlərə – fellərə aid olduqda, adverbiallaşdıqda zərf hesab olunur. «Yaxşı şeir heç vaxt ölməz» (S.Rəhimov) cümləsində şeir sözünə aid olan yaxşı sözü sifət, «Yəni ay Rüstəm, adamları sən məndən yaxşı tanıyırsan?» (M.İ.) – cümləsində tanıyırsan felinə aid olan yaxşı sözü zərf hesab olunur. Az, çox, xeyli, bir qədər sözləri də əşya adı bildirən və ya hal-hərəkət bildirən sözlərə aid olması ilə fərqləndirilir:
Mən meşədə xeyli ağac qırmışam,
İstəmişəm əyməyə,sındırmışam (A.S.)
– misralarından birincisində ağac sözünə aid olan xeyli sözü say;
Xeyli danışdırdı məni, dinlədi,
Sonra nəvazişlə mənə söylədi (A.S.)
– misralarında danışdırdı felinə aid olan xeyli sözü zərf sayılır.
Gecə, gündüz, səhər, axşam tipli sözlər isə yerinə görə həm isim, həm də zərf sayılır. Lakin bu cür sözlərin ismə və ya zərfə daxil edilməsi onların aid olduğu sözlə bağlı deyil, mənasına görədir. Bu sözlər kəmiyyət, mənsubiyyət, hal şəkilçiləri qəbul edərək dəyişdikdə isim hesab olunur; məs.:
Gecəm belə keçdi, səhərim gəlsin,
Dadıma sanballı sözlərim gəlsin.
Bəzən bu cür sözlərdə zaman mənası güclənir, bu zaman sözlər morfoloji dəyişikliyə uğramır və zərf kimi dərk olunur:
Qonaq gecə gəldi, gecə getdi,
Heç bilmirəm necə gəldi, necə getdi.
Beləliklə, zərfi bir nitq hissəsi kimi müəyyənləşdirmək üçün leksik-qrammatik məna müəyyən rola malik olsa da, əsas ölçü hələlik sintaktik vəzifədir. Lakin zərf morfoloji dəyişikliyə uğramasa da, onun özünə məxsus kateqorial əlaməti olmasa da, morfoloji əlamətdən tam məhrum da deyildir. Dilimizdə zərf düzəldən bir sıra şəkilçilər (-casına,-cəsinə, -akı,-əki,-aşı,-la, -lə və s.) var ki, onlar zərfi müstəqil nitq hissələrindən biri kimi səciyyələndirir və zərflərin bir nitq hissəsi kimi müəyyənləşməsində mühüm rol oynayır.
Zərflər öz sintaktik vəzifəsinə görə başqa nitq hissələrindən daha çox fərqlənir və oricinal, müstəqil bir nitq hissəsi kimi çıxış edir. Zərflər cümlədə şəxsli felə, feli sifət, feli bağlama, məsdər, sifət və zərflərə aid olur, feli sifət, feli bağlama və məsdər mühitində tərkibdaxili üzvə çevrilir, qalan hallarda cümlənin müstəqil üzvü olur, aid olduğu üzvü tərz, zaman, yer, kəmiyyət və ya dərəcə baxımından izah edir. Məs.:
Xoruzun axırıncı banı eşidildi və Məryəm hövlnak yerindən qalxdı, bir müddət heç nə başa düşə bilmədi, dolu sinəsi həyəcanla endi-qalxdı. (Elçin)
Mahmudun sarışın saçları ay işığında o qədər işıqlı, o qədər nurlu idi ki, elə bil, Mahmud yatağında yox, Rəfrəfin belində idi. (Elçin)
Çoxdan dən düşmüş uzun saçları, adda-budda ağarmış saqqalı var idi. (Elçin)
Məryəm bürkülü yayın sübh çağında üşüm-üşüm üşüdü, sonra qonşu otaqda yatan atasının nəfəsini eşitdikcə yavaş-yavaş özünə gəldi və əvvəlcə gedib atasını durquzmaq istədi. (Elçin)
Misallardakı zərfləri aid olduğu sözlərlə birlikdə nəzərdən keçirək:
hövlnak qalxdı
o qədər işıqlı idi
bir müddət başa düşə bilmədi
o qədər nurlu idi
həyəcanla enib-qalxdı
adda-budda ağarmış
üşüm-üşüm üşüdü
çoxdan dən düşmüş
sonra özünə gəldi
yavaş-yavaş özünə gəldi
əvvəlcə durquzmaq istədi
Göründüyü kimi, zərflərin əksəriyyəti (hövlnak, bir müddət, həyəcanla, üşüm-üşüm, sonra, yavaş-yavaş, əvvəlcə) feli xəbərə, bir qismi (o qədər, adda-budda, çoxdan) sifətlə ifadə olunmuş ismi xəbərə və feli sifətə aiddir.
Bu misallar zərflərin bütün məna növlərini əhatə edə bilmir. Zərflər hərəkət və əlamət bildirən sözləri müxtəlif cəhətdən izah edir.