Felin bacarıq tərzi işin icrasının bacarılıb-bacarılmadığını bildirir.
Felin ümumi şərt şəklindən fərqli olaraq, bacarıq tərzi bütün fel şəkillərini əhatə edir və feldə modallığın mühüm bir vasitəsi kimi çıxış edir.
Bacarıq tərzi həmişə iki felin birləşməsi şəklində olur. Ona görə də quruluşca mürəkkəbdir. Birinci tərəf -a,-ə şəkilçili müxtəlif fellərdən, ikinci tərəf bilmək felindən ibarət olur. Məs.: yaza bilmək, gedə bilmək, ala bilmək, oxuya bilmək, işləyə bilmək, dindirə bilmək və s.
Torğut. Ağa, öldürə bilərsiniz, boğdura bilərsiniz, quyuya atdıra bilərsiniz, diri-diri yerə basdıra bilərsiniz. (C.C.)
Bacarıq tərzinin birinci tərəfində işlənən fel leksik mənaya malik olub, əsas işi, hərəkəti bildirir, ikinci tərəfdəki fel isə həmin işin icrasının mümkün olub-olmadığını, bacarılıb-bacarılmadığını göstərir. Ona görə də bacarıq tərzi çox güclü modallığa malikdir və bu cəhətdən xüsusi seçilir. «Felin bacarıq tərzi» adlandırılması da bununla bağlıdır.
Bacarıq tərzində qrammatik təsirlik və növ əlamətləri əsas feldə olur: yazdıra bilərəm, yazışa bilərəm, yazıla bilərəm, oxutdura bilərəm, köçürtdürə billərəm. Zaman, şəkil, şəxs əlamətləri isə bilmək felində olur: oxuya biləcəyəm, oxuya bilməliyəm, oxuya biləsiyəm və s.
Bacarıq tərzi, yəni «fel+a + bilmək» modeli bütün şəkilləri, bütün şəkillərin həm sadəsini, bəzi istisnalarla həm də mürəkkəbini əhatə edir. Ona görə özü də iki növə ayrılır:
a) bacarıq tərzinin sadəsi;
b) bacarıq tərzinin mürəkkəbi.
Bacarıq tərzinin sadəsi. Bacarıq tərzinin sadəsində təsirlik, növ, inkarlıq əlamətlərini birinci tərəf, şəkil və şəxs əlamətlərini ikinci tərəf – bilmək feli qəbul edir.
Bacarıq tərzinin əmr forması
Mən yaza bilim
Sən yaza bil
O yaza bilsin
Biz yaza bilək
Siz yaza bilin
Onlar yaza bilsinlər
Nəqli keçmiş – 1
Mən yaza bilmişəm
Sən yaza bilmi(ş)sən
O yaza bilmişdir
Biz yaza bilmişik
Siz yaza bilmi(ş)siniz
Onlar yaza bilmişlər
İndiki zaman
Mən yaza bilirəm
Sən yaza bilirsən
O yaza bilir
Biz yaza bilirik
Siz yaza bilirsiniz
Onlar yaza bilirlər
Qeyri-qəti gələcək
Mən yaza bilərəm
Sən yaza bilərsən
O yaza bilər
Biz yaza bilərik
Siz yaza bilərsiniz
Onlar yaza bilərlər
Arzu şəkli
Mən gərək yaza biləm
Sən gərək yaza biləsən
O gərək yaza bilə
Biz gərək yaza bilək
Siz gərək yaza biləsiniz
Onlar gərək yaza bilələr
Şərt şəkli
Mən yaza bilsəm
Sən yaza bilsən
O yaza bilsə
Biz yaza bilsək
Siz yaza bilsəniz
Onlar yaza bilsələr
Bacarıq tərzinin xəbər forması (şühudi keçmiş)
Mən yaza bildim
Sən yaza bildin
O yaza bildi
Biz yaza bildik
Siz yaza bildiniz
Onlar yaza bildilər
Nəqli keçmiş – 2
-
Sən yaza bilibsən
O yaza bilib(dir)
-
Siz yaza bilibsiniz
Onlar yaza biliblər
Qəti gələcək
Mən yaza biləcəyəm
Sən yaza biləcəksən
O yaza biləcək(dir)
Biz yaza biləcəyik
Siz yaza biləcəksiniz
Onlar yaza biləcəklər
Vacib şəkli
Mən yaza bilməliyəm
Sən yaza bilməlisən
O yaza bilməlidir
Biz yaza bilməliyik
Siz yaza bilməlisiniz
Onlar yaza bilməlidirlər
Lazım şəkli
Mən yaza biləsiyəm
Sən yaza biləsisən
O yaza biləsidir
Biz yaza biləsiyik
Siz yaza biləsisiniz
Onlar yaza biləsidirlər
Bacarıq tərzinin mürəkkəbi. Bacarıq tərzinin mürəkkəbi «fel + -a,-ə + bilmək» strukturunun ikinci komponentinə felin şəkil əlamətlərinin, idi, imiş zaman ədatlarının (və ya onların şəkilçiləşmiş formasının) artırılması ilə düzəlir.
Bacarıq tərzi xəbər şəklinin hekayə və rəvayətindən bir nümunə: nəqli keçmiş 1 (əmr şəklinin və şühudi keçmişin hekayə və rəvayəti olmadığı üçün bacarıq tərzi də olmaz):
Mən yaza bilmişdim
Sən yaza bilmişdin
O yaza bilmişdi
Biz yaza bilmişdik
Siz yaza bilmişdiniz
Onlar yaza bilmişdilər
Mən yaza bilmişmişəm
Sən yaza bilmişmişsən
O yaza bilmişmiş
Biz yaza bilmişmişik
Siz yaza bilmişmişsiniz
Onlar yaza bilmişmişlər
Felin indiki, qəti və qeyri-qəti gələcək zamanları da eyni şəkildə dəyişir. Hər iki halda idi, imiş feldən ayrı da yazıla bilər.
Bacarıq tərzi vacib şəklinin hekayə və rəvayəti:
Mən yaza bilməliydim
Sən yaza bilməliydin
O yaza bilməliydi
Biz yaza bilməliydik
Siz yaza bilməliydiniz
Onlar yaza bilməliydilər
Mən yaza bilməliymişəm
Sən yaza bilməliymişsən
O yaza bilməliymiş
Biz yaza bilməliymişik
Siz yaza bilməliymişsiniz
Onlar yaza bilməliymişlər
Bacarıq tərzi arzu şəklinin hekayə və rəvayəti:
Mən gərək yaza biləydim
Sən gərək yaza biləydin
O gərək yaza biləydi
Biz gərək yaza biləydik
Siz gərək yaza biləydiniz
Onlar gərək yaza biləydilər
Mən gərək yaza biləymişəm
Sən gərək yaza biləymişsən
O gərək yaza biləymiş
Biz gərək yaza biləymişik
Siz gərək yaza biləymişsiniz
Onlar gərək yaza biləymişlər
Bacarıq tərzi lazım şəklinin hekayə və rəvayəti:
Mən ala biləsiydim
Sən ala biləsiydin
O ala biləsiydi
Biz ala biləsiydik
Siz ala biləsiydiniz
Onlar ala biləsiydilər
Mən ala biləsiymişəm
Sən ala biləsiymişsən
O ala biləsiymiş
Biz ala biləsiymişik
Siz ala biləsiymişsiniz
Onlar ala biləsiymişlər
Bacarıq tərzi şərt şəklinin hekayə və rəvayəti:
Mən yaza bilsəydim
Sən yaza bilsəydin
O yaza bilsəydi
Biz yaza bilsəydik
Siz yaza bilsəydiniz
Onlar yaza bilsəydilər
Mən yaza bilsəymişəm
Sən yaza bilsəymişsən
O yaza bilsəymiş
Biz yaza bilsəymişik
Siz yaza bilsəymişsiniz
Onlar yaza bilsəymişlər