Hallana bilən nitq hissələrinə qoşularaq adlarla adlar və adlarla fellər arasında əlaqə yaradan sözlərə qoşma deyilir.
Qoşmalar cümlə daxilində hallana bilən sözlərə qoşularaq onları adlar və fellərlə əlaqələndirir. Məs.:
Ey bu axşamın sahibi, oğlumu sənə tapşırıram. Sən onun qılıncını ağlı kimi iti, baxtını atı kimi yüyrək, taleyini göylər çırağı kimi işıqlı elə. (F.K.)
Uzun Həsən qırğı kimi ayğırın yalına yatmışdı. Beynindən ildırım kimi bir fikir keçdi.(F.K.)
Bu misallardan birincisində kimi qoşması mənsubiyyət şəkilçili, adlıq halda olan ağlı, atı, göylər çırağı sözlərinə qoşularaq, onları iti, yüyrək, işıqdı sifətləri ilə əlaqələndirmişdir. İkinci misalda kimi qoşması isimlərə (qırğı, ildırım) qoşularaq onlarla yatmışdı, keçdi felləri arasında əlaqə yaratmışdır.
Qoşmaların ən mühüm xüsusiyyətlərindən biri özündən əvvəlki sözü, yəni qoşulduğu nitq hissəsini ismin bu və ya digər bir halında tələb etməsidir. Yəni qoşmalar idarəedicilik xüsusiyyətinə malikdir və onların qoşulduğu söz ismin müəyyən bir halında olmalıdır. Məs.:
Hər ağac altında göz-göz bulaqlar,
Axır almaz kimi, göz yaşı kimi.(S.V.)
Yağışlar başlanana qədər səpini qurtarmaq əkinçinin qədim və ən şirin arzusu olmuşdur. (M.İ.)
Səlcuqşahbəyim Sara xatuna tərəf dizin-dizin süründü.(F.K.)
Bu sözdən sonra Aləmşahbəyim özünü saxlaya bilməyib hönkürdü.(F.K.)
Bu misallarda kimi qoşması adlıq halda (almaz kimi, göz yaşı kimi), qədər, tərəf qoşmaları yönlük halda (başlanana qədər, Sara xatuna tərəf), sonra qoşması çıxışlıq halda (sözdən sonra) sözə qoşulmuşdur.
Qoşmaların lüğəvi mənası olmasa da, qoşulduğu sözlə birlikdə müəyyən məna ifadə edir. Köməkçi nitq hissələrindən biri kimi, qoşmaların morfoloji əlaməti də yoxdur. Sintaktik vəzifəsinə gəlincə, qeyd etdiyimiz kimi, qoşma başqa köməkçi nitq hissələrindən fərqlənir və qoşulduğu sözlə birlikdə cümlənin bir üzvü olur. Məs.:
Şahlar orada olmadığı üçün Sevdimalı əmi də Səlimə ilə əvvəlki kimi acıqlı danışmırdı. (İ.Ə.)
Sübh namazından sonra nənən Sara xatunla Əbu-Səidin ordugahına gedirsən (F.K.)
– cümlələrində qoşmalı əvvəlki kimi sözləri tərz, sübh namazından sonra sözləri zaman, Şahlar orada olmadığı üçün sözləri səbəb zərfliyidir. Qoşmalı sözlər cümlədə tərkib daxilinə də düşə bilir. Məs.:
Bir çox mətləblər var ki, mən onlari əşyayi-sübut kimi gətirib Sultanın fikrini döndərərəm (F.K.)
– cümləsində əşyayi-sübut kimi sözləri feli bağlama tərkibi içərisindədir.
Lüğəvi mənaya malik olmadığı üçün qoşma təklikdə suala cavab vermir. Qoşulduğu sözlə birlikdə suala cavab verir. Yuxarıdakı misallarda kimi qoşmasının iştirakı ilə yaranan tərz zərfliyi necə?, sonra qoşmasının iştirakı ilə yaranan zaman zərfliyi nə zaman?, üçün qoşmasının iştirak etdiyi feli sifət tərkibi – səbəb zərfliyi nə üçün? sualına cavab verir.
Qoşmalar cümlədə təklikdə öz yerini dəyişə bilmir. Yalnız qoşulduğu sözlə birlikdə öz yerini dəyişə bilir. Məs.:
Bu geniş düzənlikdə onlardan başqa, heç kim yox idi (Elçin)
– cümləsində üçün qoşmasının iştirakı ilə xüsusiləşmiş tamamlığın yerini aşağıdakı kimi dəyişmək olar:
Onlardan başqa, bu geniş düzənlikdə heç kim yox idi. – Bu geniş düzənlikdə heç kim yox idi, onlardan başqa.
Qoşmalar cümlədə dəyişmir. Yalnız xəbər vəzifəsində işləndikdə xəbərlik şəkilçisi qəbul edir. Məs.:
Sofi elə bilirdi ki, yüz nazlı-qəmzəli maral misal bir qız görəcək, görəcək ki, qaşlar kamandır, gözlər şəvə kimidir. (Elçin)
Yeşiyin üstündə oturan atamın arxası qapıya sarıydı.(A.R.)
Qızıl gül kimidir isti yanaqlar.(S.V.)
Ah eylədiyim nəşəyi-qəlyanın üçündür,
Qan ağladığım qəhvəyi-fincanın üçündür.(S.)
O, azan çaylar kimidir, birdən-birə gözləmədikləri yerdən vurub-çıxacaq.(F.K.)
Bir qoşma müxtəlif qrammatik mənalar ifadə edə bilir. Bu, onların qoşulduğu sözlərin mənası ilə bağlı olur. Məsələn, kimi qoşması qoşulduğu sözdən asılı olaraq, bənzətmə, müqayisə, zaman və məkan hüdudu bildirir; məs.:
Bu at elə bil, ayaqlarının dördünü də birdən atır, qızıl ilan kimi şütüyüb gedirdi.(F.K.)
Hökmdar nəsli dəvə kimi kinli olur. (F.K.)
O, qapıda görünən kimi, xidmətçilər, sərkərdələr, əyanlar onun ətrafına yığıldılar. (F.K.)
Mahnı qurtaran kimi, Yavər əl çaldı. (İ.M.)
Yol rayonun mərkəzinə kimi uzanırdı
– misallarından əvvəlki ikisi bənzətmə, müqayisə, sonrakı ikisi zaman, sonuncusu məkan hüdudu bildirir.
Eləcə də üçün qoşması həm səbəb, həm də məqsəd bildirir:
Salatının isti evdən çıxdığı üçün qızarmış koppuş yanaqlarından öpdüm.(İ.Ə.)
Qarı ömrü boyu hamını pislədiyi üçün, hamını şeytanladığı üçün zorla dilinə yaxşı sözlər gətirdi. (Elçin)
Gedib-gələnləri gözdən qoymur, uşaqları xilas etmək üçün məqam gözləyirdi.(F.K.)
Onları sorğu-suala tutmaq üçün əvvəl sifətlərinə baxdı (F.K.)
– cümlələrindən əvvəlki ikisində üçün qoşmasınin qoşulduğu feli sifət və feli sifət tərkibi səbəb, sonrakı cümlələrdə həmin qoşmanın qoşulduğu məsdər tərkibləri məqsəd zərfliyi vəzifəsindədir. Bəzən üçün qoşması qoşulduğu sözlə birlikdə aydın məqsəd mənasına yox, məqsəd çalarına malik olur və bu zaman qoşulduğu sözlə birlikdə tamamlıq vəzifəsində işlənmiş olur; məs.:
Əbih Sultan artıq onun üçün yoxdur. (F.K.)
Bu qan-qan deyən şahzadəni onunla üz-üzə qoymaq onun üçün ən böyük cəza idi. (F.K.)
Bir qoşma qoşulduğu sözlə birlikdə müxtəlif mənalar ifadə etdiyi kimi (bu xüsusiyyət bütün qoşmalara aid deyil), müxtəlif qoşmalar da eyni bir məna ifadə edə bilir. Məsələn, başqa, özgə, qeyri, savayı qoşmaları istisnaetmə, ayırma mənasına, kimi və qədər qoşmaları zaman və məkan hüdudu bildirmə mənasına malikdir və s.