Sintaktik vəzifəsinə görə bağlayıcılar iki qrupa ayrılır:
a) tabesizlik bağlayıcıları;
b) tabelilik bağlayıcıları.
Tabesizlik bağlayıcıları. Bu qrupa daxil olan bağlayıcıların əlaqələndirdiyi dil vasitələri bərabərhüquqlu olur, biri digərindən asılı olmur, biri digərini izah edib aydınlaşdırmır. Tərəflər eyni dərəcədə bir-birindən asılı olur. Odur ki bu bağlayıcılara biz iki məqamda - həmcins üzvlər və tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında rast gəlirik.
Tabesizlik bağlayıcıları dörd qrupa ayrılır.
1.Birləşdirmə bağlayıcıları. Bu qrupa və, ilə, həm, həm də, həmçinin, da, də, nə, nə də bağlayıcıları daxildir.
Bu bağlayıcılardan yalnız ilə mürəkkəb cümlə komponentlərini əlaqələndirə bilmir, yalnız həmcins üzvlər arasında işlənir. Məs.:
Elə bu vaxt Məryəm ilə Mahmud yenə əl-ələ verib o düzənlikdə gəzişirdi.(Elçin)
Orxan qaymağa oxşayan xörəyi qaşıqlayıb yedi, sac çörəyi ilə motal pendirindən də daddı.(İ.M.)
Ər ilə arvadın davasını yatırtmaq Salmana peşə olmuşdu.(M.İ.)
Qeyd. İlə bağlayıcısı ilə qoşmasından mətndə asanlıqla fərqlənir. İlə – bağlayıcı kimi işləndikdə onu və bağlayıcısı ilə əvəz etmək olur: Elə bu vaxt Məryəm və Mahmud yenə əl-ələ verib o düzənlikdə gəzişirdi. Qoşma kimi işləndikdə bu cür əvəzetmə mümkün deyil. Məs.:
Sofi var gücü ilə bu Çaldıran müsibətindən uzaqlaşmaq istəyirdi (Elçin) – cümləsində ilə qoşmadır və onu və bağlayıcısı ilə əvəz etmək olmaz. Bərabərhüquqlu tərəfləri yoxdur.
Birləşdirmə bağlayıcılarından və, həm, həm də, da, də, nə, nə də həm həmcins üzvləri, həm də tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirir.
Və bağlayıcısı:
Şirzad pul kimi qızardı və susdu. (M.İ.)
Sofi Ziyad xandan əlac istəyirdi və Sofi bilmirdi ki, hərgah dünyada bir əlacsız varsa, o da elə Ziyad xanın özüdür.(Elçin)
İllər keçmişdi və Ziyad xan bu əhvalatı tamam unutmuşdu. (Elçin)
Gedib onunla yanaşı dayandı, onun uzun, ağ və taqətsiz barmaqlarından tutdu. (F.K.)
Və bağlayıcısı cümlədə qapalı sıra yaradır, yəni bu bağlayıcıdan sonra komponent bir dəfə işlənə bilər:
Günəş batdı, göylər qaraldı və şiddətli yağış yağmağa başladı. (Ə.M.)
Nə bağlayıcısı:
Nə məlulam, nə də şadam. (Elçin)
Nə Mahmud, nə də Məryəm ağlına gətirə bilməzdi ki, dünyada belə bir yeddi gün mövcuddur.(Elçin)
Bugünkü əhvalın xoşuma gəlmir, nə fərli yeyirsən, nə içirsən.(İ.M.)
Mahmud nə Sofinin yalvarışlarına fikir verirdi, nə də, heç olmasa, bir dəfə ayağını saxlayıb arxaya baxırdı. (Elçin)
Mahmud nə yorulmaq bilirdi, nə soyuq, yağış ona təsir edirdi. (Elçin)
Nə Əbih Sultan qoşun yığmaq həvəsində idi, nə də Əmir Hüseyn Əlixani.(F.K.)
Bu qızdan nə Orxanın xoşu gəlirdi, nə Səfanın.(İ.M.)
Bundan sonra yüz il yaşasam da, nə mən qızımı görə bilərəm, nə də o məni. (F.K.)
Batonla nə Fatma həkim bacara bildi, nə Orxan. (İ.M.)
Da, də bağlayıcısı:
Əlbəttə, bu qızı da, atasını da itirmək asan iş id.(Elçin)
Yavərin nazik, qara bığından da, aypara qaşlarından da, azacıq üzdə olan dəyirmi gözlərindən də Orxanın zəhləsi getdi.(İ.M.)
Ağzımda bir quranlıq söz danışıram, sən də öz bildiyini eləyirsən.(F.K.)
Həm, həm də bağlayıcısı:
Ümumi iş pərdəsi altında həm Nəcəfi razı saldı, həm də Rüstəm kişinin təklifi ilə razılaşdı.(M.İ.)
Ona həm yazığı gəlir, həm acığı tutur, həm nifrət edir, həm də mərhəmət duyurdu. (M.İ.)
Gedib Ağbəyimi taparam, həm özü ilə tanış olaram, həm də işləri ilə. (İ.M.)
Murad onun yatağan ilan kimi tullanıb qılınc çalmağına hazır vəziyyətdə idi. Özü də qılıncını çıxartmışdı. Həm də yəhərdə oturmuşdu. (F.K.)
Hətta bağlayıcısı:
Bir də duyuq düşdü ki, Səfa fikrindən çıxmır, hətta gecələr yuxusuna da girir. (İ.M.)
Uşaq kimi ondan üz döndərir, sözünə cavab belə vermir, hətta onu acılayan vaxtları da olurdu.(M.İ.)
Əl verdilər, hətta qucaqlaşıb öpüşənlər də oldu. (M.İ.)
Birləşdirmə bağlayıcıları həm həmcins üzvləri, həm də tabesiz mürəkkəb cümlədə zaman, ardıcıllıq, bəzən də səbəbnəticə əlaqəli cümlələrin tərkib hissələrini əlaqələndirir.
Birləşdirmə bağlayıcılarına məna və vəzifəcə yaxın bağlayıcılar içərisində özü də, bir də bağlayıcılarını da qeyd etmək olar. Bu bağlayıcılar «həm də» bağlayıcısının mənasına yaxın məna bildirir, qoşulma əlaqəsinə xidmət edir. Məs.:
Əhvalat, doğrudan da, maraqlı idi, özü də hələ çox adam bilmirdi. Sən mənim sözümə bax, bu dəfə güzəştə gedək, bir də belə şey eləsə yerində oturdaq. (M.İ.)
Onun tez-tez batıb çıxan, gah işığa, gah kölgəyə bürünən üzünün ağlığını görürdü, bir də aypara qaşlarını. (İ.M.)
Həmçinin bağlayıcısı:
Orxan yuxudan oyanan kimi, bu qərara gəldi ki, Çapıqqayadan getsin. Gəzməli, görməli yerlər nə çox. Dost-tanış da həmçinin. (İ.M.)
Qeyd. Bu bağlayıcıları başqa cür də qruplaşdırırlar. Həm, həm də, hətta bağlayıcılarını «iştirak bağlayıcıları», nə, nə də bağlayıcısını «inkar bağlayıcısı» adlandırılır.(5,237-239; 6,437-441) «Azərbaycan dilinin qrammatikası» kitabında isə «bitişdirmə bağlayıcısı» kimi izah edilmişdir. (7,267-272) Əslində isə və, ilə, həm, həm də, da, də, nə, nə də bağlayıcılarının hamısı tərkib hissələri, tərəfləri birləşdirmə məqsədi ilə işlədilir. İnkar aspektində, təsdiq aspektində olsa da, məqsəd birləşdirmədir: Şirzad pul kimi qızardı və susdu – Şirzad pul kimi qızardı da, susdu da – Şirzad həm pul kimi qızardı, həm də susdu – Şərzad nə pul kimi qızardı, nə də susdu. Digər tərəfdən isə birləşdirmə, qarşılaşdırma, bölüşdürmə, aydınlaşdırma kimi bölgülərlə inkar bağlayıcıları, iştirak bağlayıcıları terminləri tutmur və vahid prinsip pozulmuş olur.
2.Qarşılaşdırma bağlayıcıları. Bu qrupa amma, ancaq, lakin, fəqət, halbuki, yoxsa bağlayıcıları daxildir. Bu bağlayıcılar da həmcins üzvləri, tabesiz mürəkkəb cümlələrin tərkib hissələrini, mətnin komponentlərini əlaqələndirir.
Amma bağlayıcısı:
Sofi öz adını bir də eşitdi, amma bilmədi ki, onu yuxuda çağırırlar, ya doğrudan çağırırlar. (Elçin)
Əbih Sultan onun yumşaldığını gördü, amma fürsəti əldən vermədi.(F.K.)
Məryəmi allah qədər istəmək günah idi, amma Məryəmin təmizliyi, Məryəmin sadəliyi bu günahı yuyurdu. (Elçin)
Yağış kəsmişdi, amma hava açılmamışdı.(Elçin)
Şah İsmayıl bütün bunları bilirdi, amma Şah İsmayılın ürəyində heç bir nigarançılıq yox idi. (Elçin)
Mirzə Salman nəsə kəskin bir söz demək istədi, amma Ziyad xan əlinin işarəsi ilə onu saxladı. (Elçin)
Ondan yazan olub-olmayacağını bilmirəm, amma səndən lap yaxşı qəhrəman olar.(M.İ.)
Bəzən nöqtədən, abzasdan sonra işlənərək mətnin komponentlərini əlaqələndirir:
O, bir an key kimi oldu. Amma özünə gələn kimi qalxanı götürüb başına çəkdi. (F.K.)
Bu bağlayıcının işlənmə tarixi qədimdir «Dədə Qorqud»un dilində də işlək olmuşdur:
Oğul, baban sağdır, əmma söyləməyə qorxudum, kafərə varasan, kəndözini urasan, halak olasan.
Ancaq bağlayıcısı:
Bu qızdan nə Orxanın xoşu gəlirdi, nə Səfanın, ancaq Yavərin xatirinə qızın sırtıqlığına dözürdülər. (İ.M.)
Bu «yenə» sözü Rüstəm kişinin lap qulağını deşdi. Ancaq özünü o yerə qoymadı.(M.İ.)
Şirzad pul kimi qızardı və susdu. Ancaq Rüstəm kişinin sözü təsirsiz qalmadı. (M.İ.)
Lakin bağlayıcısı:
Yerdən «təsdiq olunsun!» deyə qışqırışdılar. Lakin, görünür, bu səslər Nəcəfə xoş gəlmədi.(M.İ.)
Az qalırdı gedib Salmanı tapa və soruşa: «O sənin nəyini sevir?» Lakin özünü saxlayıb getmirdi.(M.İ.)
Halbuki bağlayıcısı: Bu yastılıq onu ortaboylu adamlardan balaca göstərirdi. Halbuki əslində heç də balaca deyildi.(M.İ.)
Misallardan göründüyü kimi, bu bağlayıcılar həmcins üzvləri, tabesiz mürəkkəb cümlənin tərkib hissələrini və mətnin komponentlərini əlaqələndirməklə, ziddiyyət, qarşılaşdırma mənaları yaradır, odur ki qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında daha çox işlənir.
İsə - şərt ədatı kimi işlənməklə yanaşı, bəzən qarşılaşdırma bağlayıcısı kimi də işlənir. Bağlayıcı kimi işləndikdə, adətən, ikinci komponentin qarşılaşdırılan əsas sözündən sonra yerləşir:
Şirzad adəti üzrə sakit görünürdü. Salman isə həmişəki kimi mülayim səslə dedi.(M.İ.)
Ona elə gəlirdi ki, məhsuldarlığı artıra bilərlər, şərtləri isə, deyəsən, az götürmüşlər.(M.İ.)
Nağdalı dünya görmüşdü, Bulud isə təcrübəsiz idi. (Ə.V.)
Şirzad bir az dalğınlaşdı. Salman isə daha da canlandı.(M.İ.)
Yoxsa bağlayıcısı ikinci komponentin əvvəlində işlənməklə birinci komponentə əks, zidd olan nəticəni göstərir:
Mal-qara üçün bol yem tədarük etmək lazımdır, yoxsa heyvanı qışdan çıxarmaq olmaz.
Bu bağlayıcı bəzən yaxud bağlayıcısının mənasına yaxın məna ifadə edir. Məs.:
Qurbanın olum, ay oğul, sənsən, yoxsa yuxu görürəm? (M.H.)
Buna baxmayaraq bağlayıcısı da qarşılaşdırma bağlayıcılarına məxsus funksiyanı yerinə yetirir və bu bağlayıcını amma, ancaq, lakin bağlayıcıları ilə əvəz etmək olar. Məs.:
Yenə bir neçə yerdən səs gəldi ki, gündəlik təsdiq olunsun. Buna baxmayaraq, Nəcəf demokratiyanı gözləyərək səsə qoydu.(M.İ.)
Bunlara baxmayaraq, Salman tərəddüd edirdi.(M.İ.)
Fəqət bağlayıcısı ədəbi dilimizdə məhdud hallarda işlənir, XX əsrin əvvəllərində işlək olmuşdur. Məs.:
Bəlkə səhvim var, fəqət gördüklərim həp böylədir. (H.C.)
Yuxusuz gecələr çıxdı qarşıma, Fəqət töyşümədi bu polad sinəm. (S.V.)
Canlı danışıq dilində işlənən di gəl ki bağlayıcısı da amma bağlayıcısı məqamında özünü göstərir. Məs.:
Əhəd təzə məhlə yeri götürə bilərdi, daş ev tikdirə bilərdi, di gəl ki istəmirdi. (İ.M.)
3. Bölüşdürmə bağlayıcıları: ya, ya da, yaxud da, gah, gah da, gah da ki, istər, istərsə, istərsə də.
Ya, ya da, yaxud, yaxud da bağlayıcıları. Bu bağlayıcılar tək də işlənə bilir; məs.:
Üzünə baxan deyər ki, görəsən, bu alimdir, ya şair? (M.İ.)
Səndən qorxdum, ya sənin qohum qardaşlarından? (C.M.)
Misallardan göründüyü kimi, ya bağlayıcısı tək işləndikdə həm də «yoxsa» mənasını verir.
Lakin bu bağlayıcı əksərən təkrar olunan bağlayıcı kimi çıxış edir; məs.:
Bu oğlan özünü çırpır yerdən-yerə ki, ya özümü gərək öldürüm, ya da bu saat gərək eşşəyi aparam.(C.M.)
Xudayar bəy övrətinə hər nə eləsəydi, - ya döyəydi, ya söyəydi, heç vaxt deməzdi ki, boşaram.(C.M.)
Sanki Şirzadı, yaxud Salmanı seçmək onun üçün həllolunmaz məsələ olmuşdu.(M.İ.)
Gah, gah da bağlayıcısı.
Nəcəf yenə gah Salmana baxırdı, gah kəndin küçələri ilə birləşən balaca cığıra.(M.İ.)
Qasım Kəngərli gah tədarük sistemində, gah maliyyə quruluşu və planlaşdırmada qüsurlu saydığı cəhətləri qeyd edər, gah da bu və ya digər işçinin yanlış hərəkət etdiyini söylərdi.(M.İ.)
Badəni süfrəyə qoyub çaşqın-çaşqın gah Orxana baxdı, gah Səfaya.(İ.M.)
Zərb alətindən gah top gurultusu qopurdu, gah zindan cingiltisi.(İ.M.)
Məcnun sinəsindən söz bağlayırdı, Gah oxşatma deyir, gah ağlayırdı. (N.)
Gah bədənini soyuq tər basır, gah da hərarət bürüyürdü.
İstər, istərsə, istərsə də bağlayıcısı:
Bu kişi tayfası ki var, görünür, elə ürəyinin bir guşəsi qaranlıq olur, - istər uşaq olsun, istər böyük. (M.İ.)
İstər çarpayılar, istərsə də uşaqların döşlükləri çox təmiz idi. (İ.Ə.)
Ya, ya da, yaxud da, gah, gah da, gah da ki, istər, istərsə, istərsə də bağlayıcıları da, digər tabesizlik bağlayıcıları kimi, həmcins üzvləri və bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirir.
4. Aydınlaşdırma bağlayıcıları: yəni, yəni ki. Məs.:
Bəlkə də onun heç belə fikri yox idi, yəni heç bu barədə düşünməmişdi. (M.İ.)
Maşınlara qarşı etinasız münasibəti çoxdan Nəcəfin gözünə dəymişdi. Yəni bunu çoxdan hiss edirdi ki, pambıqyığan maşın məsələsində sədr çox etinasızdır.(M.İ.)
Mirzə Salman «məsləhət allahdandı» dedi, yəni allahın işinə qarışma.(Elçin)
Aydınlaşdırma bağlayıcıları əlavəli üzvlə cümlə üzvünün əlavəsini və aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirir.
Tabelilik bağlayıcıları. Bağlayıcıların bu qrupu tabeli mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirir, budaq cümləni baş cümləyə bağlayır. Tabelilik bağlayıcılarının aşağıdakı növləri var:
1. Aydınlaşdırma bağlayıcıları: ki, belə ki.
Ki bağlayıcısı, dediyimiz kimi, müasir ədəbi dilimizdə ən çox işlənən tabelilik bağlayıcısıdır. Tarixən də işlək bağlayıcı olmuşdur. Analitik tipli mübtəda, xəbər, tamamlıq, təyin, tərz, dərəcə, zaman, səbəb, məqsəd, şərt, nəticə budaq cümlələrini baş cümləyə bağlayır. Məs.:
Düz altı il idi ki, qılıncının gücü ilə, ağlının itiliyi ilə Gəncə taxtına sahib olmuşdu.(Elçin)
Doqquz il idi ki, Qəmərbanu ilə bir yastığa baş qoyurdular. (Elçin)
Elə adam tapım ki, bir az təpərli olsun. (M.İ.)
Günah məndə oldu ki, sənin şikarını əlindən çıxartdım.(F.K.)
Mahmud başa düşmüşdü ki, əsl sözü deyən dil deyil, ürəkdir. (Elçin)
Üç gün idi ki, yağış başlamışdı. (F.K.)
Qeyd. Bir kökdən olan ki bağlayıcısı ilə ki ədatı asan fərqlənir. Ki bağlayıcısından sonra mütləq budaq cümlə gəldiyi halda, ki ədatından sonra belə bir tərkib hissəyə ehtiyac olmur, ona görə cümlə ki ədatı ilə qurtara bilir; məs.:
Qoyun ağızları yorulunca danışsınlar, niyə fikir verirsiniz ki? Əə, başdan-zaddan xarab olmayıb ki?! (M.İ.)
Sintetik budaq cümlələrin əvvəlində bağlayıcı sözlərlə işlənən ki də ədat hesab olunur və ondan sonra vergül qoyulmur:
Kimin ki deməyə sözü var idi, hamısını deyə bildi. Sənin ki belə məharətin var, nə əcəb toylarda tamadalıq eləmirsən? (İ.M.)
Belə ki bağlayıcısı daha çox nəticə çalarına malikdir, nəticə budaq cümləsini baş cümləyə bağlayır:
Oyun Səlimin xeyrinə qurtardı, belə ki o, bir neçə gedişlə dostunu mat eləyə bildi.
2. Səbəb bağlayıcıları. Bu qrupa çünki, zira, ona görə ki, buna görə ki, ondan ötrü ki, bundan ötrü ki, onun üçün ki, bunun üçün ki və s. bağlayıcılar daxildir. Bu bağlayıcılar səbəb budaq cümlələrini baş cümləyə bağlayır, eyni zamanda mətnin komponentləri arasında əlaqə yaradır.
Çünki bağlayıcısı mətnin komponentləri arasında da əlaqə yaradır; məs.:
Qızın onu sevib-sevməməsi isə yenə şübhəli idi. Salmana elə gəlirdi ki, sevmir. Çünki qız onu həmişə tənəli sözlərlə qarşılayır. (M.İ.)
Camaat ona yastı Salman deyirdi. Çünki o hər şeyin dünyada hamar, yastı olmasını istəyirdi.(M.İ.)
Məhəbbəti gizlətmək olmaz. Çünki bir cüt göz kimi şahidi var. (M.İ.)
Lakin bu bağlayıcı daha çox səbəb budaq cümləsini baş cümləyə bağlayır. Bu cəhət ona görə, buna görə sözləri ilə birgə işlənən ki bağlayıcısına da aiddir; məs.:
O öz şübhələrini doğma qızından da gizli saxlamışdı, çünki bu fikirdə olan adamları qəzetlər tənqid etmişdi. (M.İ.)
Baba Keşiş Məryəmdən heç nə soruşmurdu, çünki deməli bir söz var idisə, Məryəm özü deməli idi. (Elçin)
Sofi indiyə qədər evlənməmişdi, çünki Sofinin özü barədə fikirləşməyə vaxtı olmamışdı. (Elçin)
Sevinci hədsiz idi, ona görə ki kəndə qayıdan kimi, gördüklərinin hamısını yoldaşlarına danışacaqdı. Kərbəlayı Məhəmmədəli evləndiyini bərk gizlədirdi, ondan ötrü ki İrandan gələndə Tükəzbanın qardaşları onu bərk qorxutmuşdular. (C.M.)
3.Nəticə bildirən bağlayıcılar. Bu qrupa ona görə, buna görə, ona görə də, buna görə də, onun üçün də, bunun üçün də, odur ki və s. bağlayıcılar daxildir. Bu bağlayıcılar nəticə budaq cümləsini baş cümləyə bağlayır, mətnin səbəb-nəticə əlaqəli komponentləri arasında mənanı gücləndirir; məs.:
Deyirlər, dostu çox olan adamın dərd-qəmi olmaz. Yəqin ona görə Yavər həmişə gümrahdı. (İ.M.)
Rüstəm kişi imzasız məktubun Nəcəf tərəfindən yazıldığını güman edir və buna görə də onu yaxına buraxmırdı. (M.İ.)
O hamıya xoş gəlməyə çalışırdı, məhz buna görə də o, Şirzada pis təsir bağışlayırdı. (M.İ.)
Atasını təcrübəli, sarsılmaz hesab edirdi. Buna görə də atasının sevdiklərini sevməyə, pislədiklərini pisləməyə adət etmişdi. (M.İ.)
Siz düz danışırsınız, ona görə də mən sizdən incimirəm. Səlim istəyinə çatmışdı, odur ki özünü xoşbəxt hiss edirdi.
Bağlayıcılar mətndə işlənmə yerinə görə də fərqlənir. Təkrar olunmadan işlənən və, amma, ancaq, lakin, hətta, yəni, zira, ki, çünki, ona görə də, buna görə də, belə ki, ona görə ki, buna görə ki, odur ki bağlayıcıları fəal şəkildə iki vəziyyətdə işlənir:
a) mürəkkəb cümlənin komponentləri arasında;
b) yeni cümlənin əvvəlində.
Mürəkkəb cümlənin komponentləri arasında işlənərək tərkib hissələri əlaqələndirdikdə tərkib hissələr arasında fasilə və durğu fərqli olur.
Və bağlayıcısından əvvəl və sonra fasilə edilmədiyi üçün vergül də qoyulmur. Məs.:
Mən ona qulaqburması verərəm və sənin qızın da qayıdar gələr atasının evinə. (Ə.H.)
Ki bağlayıcısından sonra fasilə edilər və bu bağlayıcıdan sonra vergül qoyular; məs.:
Amma o bilmirdi ki, gənc Heydəri neçə vaxtdır elə buraya bağlayan Aləmşahbəyimdir. (F.K.)
Sofi baxıb gördü ki, bura qoyun-quzunun yaylaq yeridir.(Elçin)
Bu iki bağlayıcıdan (və, ki bağlayıcılarından) başqa, qalan bağlayıcılar mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirdikdə onlardan əvvəl fasilə edilir və vergül onlardan əvvəl qoyular. Məs.:
Əlbəttə, bu qızı da, atasını da itirmək asan iş idi, amma Qəmərbanu burasını tam dəqiq bilirdi ki, haçansa Mahmudun ürəyi yaralansa, o yara sağalan deyil. (Elçin)
Bu söz Telli arvadın ağlına batdı, hətta onu utandırdı da. (M.İ.)
O bilirdi ki, Əbu Səidlə döyüşsüz qurtara bilməyəcəklər, ona görə də özünə təzə atlar seçməyi tapşırmışdı. (F.K.)
Sofi heç vaxt kim olduqlarını demirdi, çünki Sofi qurşağındakı ləl-cəvahirdən qorxurdu. (Elçin)
Mən sizin toy gününüzü səbirsizliklə gözləyirəm, çünki o məclisin tamadası olmaq arzusundayam.(İ.M.)
Dünyada hər şeyə dözmək olardı, amma dini xəyanətə dözmək mümkün deyildi. (Elçin)
Cümlədə təkrar olunan bağlayıcılar işləndikdə əvvəlincidən sonrakı təkrarlardan əvvəl vergül qoyulur. Məs.:
Gah istədi desin, gah istədi deməsin, qaldı kəkələyə-kəkələyə. (İ.M.)
Onun həm mənfi, həm müsbət cəhətlərini fikrindən keçirirdi.(M.İ.)
Bu bağlayıcılar cümlədə yalnız bir dəfə – ikinci komponentdə işləndikdə də yazıda onlardan əvvəl vergül qoyulur. Məs.:
Orxan artıq pulu olanda, ya da dost-tanışlar dəvət eləyəndə restorana gedərdi. (İM.)
Təkrar olunmadan işlənən və, amma, ancaq, lakin, hətta, yəni, zira, çünki, ona görə də, buna görə də, belə ki, ona görə ki, buna görə ki, odur ki bağlayıcıları mətn daxilində məntiqi rabitədə olduğu cümlədən (yazıda nöqtədən) sonrakı cümlənin əvvəlində də işlənərək mətnin komponentlərini əlaqələndirir. Məs.:
Bizim nəsildə hələ yaltaq görünməyib. Amma hamıya hörmət eləmişik.(M.İ.)
Az qalırdı gedib Salmanı tapa və soruşa: «O sənin nəyini sevir?» Lakin özünü saxlayıb getmirdi. (M.İ.)
Haçansa Mahimudun ürəyi yaralansa, o yara sağalan deyil. Buna görə də çox ehtiyatlı olmaq lazım idi.(Elçin)
Tabesizlik bağlayıcılarının imkanları genişdir. Bəzən makromətnlərdə bu və ya digər abzas qarşılaşdırma bağlayıcıları ilə başlanır, həmin bağlayıcının iştirak etdiyi abzasdakı fikir əvvəlki abzasdakı fikirlə qarşılaşdırılır.
Həmcins üzvlər, tabesiz mürəkkəb cünlənin tərkib hissələri arasında işlənən və bağlayıcısı bədii üslubda bəzən cümlənin, abzasın əvvəlində özünü göstərir, həm yazıya lirik ton verir, həm də əvvəlki mətnlə əlaqə yaradır. Lakin bu hal elmi üslub üçün səciyyəvi deyildir. Bağlayıcılar cümlə sərhədi ilə məhdudlaşmır, geniş imkanları ilə böyük mətnləri əlaqələndirən vasitə kimi çıxış edir.
Bağlayıcı və bağlayıcı sözlər. Bağlayıcılarla bağlayıcı sözləri eyniləşdirmək olmaz. Bağlayıcı sözlər əksəriyyət etibarilə mənşəcə sual əvəzliklərindən – nisbi əvəzliklərdən ibarətdir. Onların əsasında kim, nə, hara, necə, nə cür, neçə, nə qədər, hansı sözləri durur. Ki ədatı, hal şəkilçiləri, hər əvəzliyi ilə birlikdə bunlar çox müxtəlif şəkillər alır:
Kim, kim ki, hər kim, hər kim ki, hər kimə ki, hər kimi ki, hər kimdə ki...
Nə, hər nə, hər nə ki, hər nəyi ki, hər nəyə ki, hər nədə ki, hər nədən ki...
Harada, haraya ki, harada ki, haradan ki, hər haraya ki...
Nə qədər, hər nə qədər, nə qədər ki, hər nə qədər ki...
Nə zaman, nə zaman ki, haçan ki, nə vaxt ki...
Nisbi əvəzlik iştirak etməyən bağlayıcı sözlər də çoxdur: hər kəs ki, hər kəsin ki, hər kəsə ki, o gün ki, o vaxt ki, onda ki, o zaman ki, nə zaman ki və s.
Bunlar budaq cümlənin əvvəlində işlənir. Bu cür cümlələrdə budaq cümlə baş cümlədən əvvəl yerləşir. Deməli, bağlayıcı sözlər, adətən, tabeli mürəkkəb cümlənin əvvəlində olur. Məs.:
Kim ki iş üstündə ürək əridir, Gülşənə döndərir bomboz çölləri (S.V.) – cümləsində kim ki bağlayıcı sözü cümlənin əvvəlində olsa da, özündən sonrakı – ikinci komponentlə əlaqə yaradır, aid olduğu komponenti sonrakı komponentlə bağlayır və sonra gələn komponentdə – baş cümlədə onun korrelyatı işlənir, cümlənin sonrakı hissəsi ilə əlaqə yaranır. Yuxarıda dedik ki, tək işlənən, təkrar olunmayan bağlayıcılar da cümlənin əvvəlində işlənə bilir. Məs.:
Səfanın ala gözlərindəki ifadəni Orxan lap uzaqdan da görürdü. Ancaq Yavərin baxışlarını tuta bilmirdi (İ.M.) – cümlələrində ancaq bağlayıcısı bağlayıcı sözlərdən fərqli olaraq, özündən əvvəlki cümlə ilə əlaqə yaradır. Verdiyimiz misaldakı ancaq bağlayıcısı nöqtədən əvvəlki cümlə ilə qarşılaşdırma münasibəti doğurur. Bunlar dildə tamamilə fərqli proseslərdir.
Bunların, yəni bağlayıcı sözlərin işləndiyi cümlələrdə əsas bağlayıcı vasitə elə bağlayıcı söz özüdür. Doğrudur, bunların olduğu cümlələrdə bağlayıcı sözlə birlikdə ki ədatı, budaq cümlənin sonunda – xəbərində -sa,-sə şəkilçisi ola bilir (ki ədatı və -sa,-sə şəkilçisi müasir dildə növbəli işlənir, yəni biri olduqda o biri olmaz), lakin yenə də əsas vasitə bağlayıcı sözdür. Çünki ki ədatı və -sa,-sə şəkilçisi növbəli işlənməklə yanaşı, heç işlənməyə də bilər, lakin budaq cümlədə bağlayıcı söz mütləq olmalıdır. Məs.:
Kimi görürdü, ona oxuduğu yeni romandan danışırdı.
Kimi ki görürdü, ona oxuduğu yeni romandan danışırdı.
Hər kimi ki görürdü, ona oxuduğu yeni romandan danışırdı.
Hər kəsi ki görürdü, ona oxuduğu yeni romandan danışırdı.
Kimi görürdüsə, ona oxuduğu yeni romandan danışırdı.
Hər kimi görürdüsə, ona oxuduğu yeni romandan danışırdı.
Hər kəsi görürdüsə, ona oxuduğu yeni romandan danışırdı.
Bu cümlələrin hamısının başlanğıc forması «Kimi görürdü, ona oxuduğu yeni romandan danışırdı» - cümləsidir. Hətta bu cümlədə baş cümlədəki qarşılıq bildirən ona sözü də işlənməyə bilər:
Kimi görürdü, oxuduğu yeni romandan danışırdı
Bağlayıcılarla bağlayıcı sözlər məna və vəzifəcə fərqləndikləri kimi, sintaktik roluna və bir nitq hissəsi kimi xarakterinə görə də fərqlənirlər. Bağlayıcı köməkçi nitq hissəsidir, bağlayıcı sözlər əsas nitq hissəsi – bunların əsaısında əvəzlik durur. Bağlayıcı cümlə üzvü olmadığı halda, bağlayıcı sözlər üzv olur. Yuxarıdakı misalda kim (ki) budaq cümlənin mübtədasıdır. Yaxul: O yerdə ki işləri korlayıb, day ora getməyə ömür-billah üzü gəlmir (İ.M.) – cümləsində bağlayıcı söz (o yerdə ki) budaq cümlənin yer zərfliyidir.
Bunları nəzərə aldıqda əgər, əgər ki, hərçənd, hərçənd ki, hərgah, madam, madam ki, indi ki, bir halda ki, vəqta ki sözləri mübahisəli görünür. Bunlar da əslində bağlayıcı sözlərdir və bağlayıcı sözlərlə eyni funksiyanı yerinə yetirir, cümlənin əvvəlində gələrək özündən əvvəlki yox, sonra gələn komponentlə – baş cümlə ilə əlaqə yaradır. İndi ki, vəqta ki zaman, bir halda ki, madam ki şərt bildirir və bunlar zaman və şərt zərflikləri sayıla bilər. Lakin əgər, hərçənd, hərgah sözləri daha çox bağlayıcılaşmışdır. Bu cəhəti nəzərə almaqla, onları da bağlayıcı sözlər sırasında qeyd etmək olar. Hərçənd və hərgah sözləri bağlayıcılara çox yaxın görünsələr də, əslində, bağlayıcı söz kimi formalaşmışlar (hər çənd – hər neçə, hərgah – hər gah) .