İşin subyektin öz üzərində icra olunduğunu bildirən fellərə qayıdış növ fellər deyilir.
Əgər məchul növ fellərdə subyekt qeyri-fəal olursa, obyekt bildirən söz fəallaşaraq subyekti də əvəz edirsə, məchul növün əksinə olaraq, qayıdış növ fellərin subyekti fəal olur və obyekti də əvəz edir. Ona görə də qayıdış növdə əlavə obyektə ehtiyac olmur və iş subyektin öz üzərində icra olunur. Odur ki qayıdış növ fellərin subyektindən kənar obyekt bildirən söz axtarmaq lazım gəlmir. Məs.: Rüstəm kişi Yarməmmədi icraiyyə komitəsinə yolladı (M.İ.) – cümləsində Rüstəm kişi subyekt, Yarməmmədi obyekt, yolladı – məlum növdə olan təsirli feldir. Biz bu feli məchul növ üzrə dəyişsək, subyekt (Rüstəm kişi) fəallığını itirəcək, obyekt bildirən söz (Yarməmmədi) fəallaşaraq onun yerini tutacaqdır: Yarməmməd icraiyyə komitəsinə yollanıldı.
Əgər həmin feli qayıdış növ üzrə dəyişsək, əksinə vəziyyət yaranacaq: subyekt (Rüstəm kişi) daha da fəallaşacaq, obyekt bildirən sözə (Yarməmmədi sözü) ehtiyac qalmayacaqdır: Rüstəm kişi icraiyyə komitəsinə yollandı.
Məchul növ fellər kimi, qayıdış növ fellər də -ın,-in,-un, -ün; -ıl,-il,-ul,-ül; -n şəkilçiləri vasitəsilə təsirli fellərdən düzəlir. Bunları, təbii ki, mətnə əsasən fərqləndirmək olur. Məs.:
Sofi bu dəm geriyə çəkilsəydi, yaşamamalı idi. (Elçin)
Tahir Mirzə də neçə vaxt idi ki, gizlənirdi, gözə görünmürdü. (Elçin)
Həmin bozumtul-qırmızı dünyanın qırmızısı yavaş-yavaş azalırdı və günəş hələ qızartısı çəkilməmiş qara buludların arxasında batırdı. (Elçin)
Camaatın da nəzəri yavaş-yavaş Mahmuda dikilirdi. (Elçin)
Bu zaman dünyanın görünməmiş bir hadisəsi baş verdi. (Elçin)
Qul Məhəmməd hündür bir qayanın üstünə atılıb, sinəsinə, boynuna səpələnmiş qan ləkələrini silə-silə qışqırdı. (Elçin)
Kərim gördü ki, yavaş-yavaş qızın eyni açılır.(İ.M.)
Girəcəyin qapısı şaqqıldayıb açılanda qız sim kimi gərildi.(İ.M.)
Boğazına yumruq kimi tıxanmış qəhər onu danışmağa qoymadı. (İ.M.)
Yaylığın ucları titrəyirdi, yellənirdi. (İ.M.)
Onun ardınca daim bir dəstə uşaq hərlənirdi.(İ.Ə.)
Qeyd etdiyimiz kimi, qayıdış növlə məchul növü mətnə, subyektin vəziyyətinə əsasən fərqləndirmək olur. Misallarda sofinin geri çəkilməsi, Tahir Mirzənin gizlənməsi, gözə görünməməsi, dünyanın qırmızısının azalması, günəş qızartısının çəkilməməsi və s. də göstərir ki, hərəkət təbii şəkildə, subyektin öz vəziyyəti ilə bağlı baş vermişdir və subyektlər çox fəal olmaqlar hadisəni öz üzərlərinə götürmüşlər.
Dilimizdə az da olsa, elə fellər var ki, onlar -ın şəkilçisini qəbul edərək yalnız qayıdış növ mənası ifadə edir. Çırpınmaq, döyünmək, yuyunmaq, qızınmaq felləri belə fellərdəndir. Bunların məchul forması çırpılmaq, döyülmək, yuyulmaq şəklində olur (qızınmaq felinin kökü təsirsiz olduğundan məchul forması yoxdur):
Məchul növ
Qapı çırpıldı
Qapı döyüldü
Qablar yuyuldu
Qayıdış növ
Ürəyim çırpındı
Ürəyim döyündü
Səlmi yuyundu
Bir sıra fellər eyni şəkilçi ilə həm məchul, həm də qayıdış növ mənası ifadə edir. Bunları, qeyd etdiyimiz kimi, yalnız cümlənin mənasına görə, subyektin vəziyyətinə görə fərqləndirmək mümkündür. Məs.:
Məchul növ
Qapı açıldı
Atın yalı darandı
Otaq bəzəndi
İp çəkildi
Meyvə üzüldü
Paltar sərildi
Qablar silindi
Qayıdış növ
Gül açıldı
Əsmər darandı
Səlimə bəzəndi
Duman çəkildi
Xəstə üzüldü
Uşaq yerə sərildi
Ləkələr (öz-özünə) silindi
Ürəyim sıxıldı. Dağlar göründü. Kişinin rəngi bir qədər açıldı. Uşaq qaşındı. Bədəni gərildi. Xəstə keçindi – cümlələrində də subyekt ilə felin münasibətindən aydın olur ki, iş bilavasitə hərəkətdə olan şəxsin, əşyanın öz üzərində icra olunur və başqa bir subyektin müdaxiləsi mümkün deyil, başqa bir obyektə ehtiyac olmayıb.
Təsirli fel saitlə bitdikdə bəzən qayıdış növ şəkilçisinin saiti düşür; məs.: Əsmər dara-n-dı və bəzə-n-di. Bəzən, əksinə, y bitişdiricisindən istifadə edilir: Rəna yu(y)un-du.
Bəzən eyni fel həm -ın, həm də -ıl şəkilçisi ilə qayıdış növ mənası ifadə edir; məs.: çəkmək feli kimi:
Əhməd kənara çəkildi.
Əhməd bu işə girişməkdən çəkindi.
Bu hal felin çoxmənalılığı ilə bağlıdır.
Bu cür misallarda -ıl şəkilçili söz məchul növ ilə müştərək ola bilər, -ın şəkilçili söz yalnız qayıdış növə aid olur.
Dildə yalnız məchul növ şəklində işlənən fellər də var; məs.: Meyvə dərildi.
Məchul növ ilə qayıdış növ felləri fərqləndirmək üçün aşağıdakıları nəzərə almaq lazımdır.(1, 140)
1.Əvvəl qeyd etdiyimiz kimi, məchul növ fellərin işləndiyi cümlələrdə obyekt bildirən söz subyekti əvəz edir, qayıdış növ fellərdə isə subyekt bildirən söz fəal olur və obyektə ehtiyac qalmır. Məsələn, Əsmər dəsmalını yudu – cümləsinin feli (yudu) məlum növdədir və təsirlidir. Cümləni: Dəsmal yuyuldu şəklinə salsaq, fel (yuyuldu) məchul növ üzrə dəyişmiş olur, subyekt fəallığını itirir, obyekt bildirən söz onun yerini tutur. Əgər həmin cümləni: Əsmər yuyundu şəklinə salsaq, cümlənin feli (yuyundu) qayıdış növdə olduğundan subyekt fəallaşır, obyekt bildirən söz öz əhəmiyyətini itirmiş olur.
2.Fel məchul növdə olduqda subyekti tərəfindən sözünün köməyi ilə bərpa etmək olar: Dəsmal Əsmər tərəfindən yuyuldu.
Fel qayıdış növdə olduqda qayıdış növün şəkilçisini atıb, əl-üzünü, özünü tipli sözlərdən istifadə etmək olar: Əsmər yuyundu - Əsmər əl-üzünü yudu. Əsmər ətirləndi – Əsmər özünü ətirlədi.
3. Məchul növ fellər əksəriyyət etibarilə 3-cü şəxsdə olur: Qapı açıldı. Bağlar suvarıldı. Yollar düzəldildi və s. Qayıdış növ fellər isə hər üç şəxsdə işlənə bilir:
Mən yuyundum
Sən yuyundun
O yuyundu
Biz yuyunduq
Siz yuyundunuz
Onlar yuyundular
Qeyd. Döyülmək, vurulmaq, danlanmaq, söyülmək kimi məchul növdə olan bir qrup fel hər üç şəxs üzrə dəyişə bilir (3, 254):
Mən döyüldüm
Sən döyüldün
O döyüldü
Biz döyüldük
Siz döyüldünüz
Onlar döyüldülər
Yuxarıda qeyd etdiyimiz şəkilçilər qayıdış növ fellərin əsas şəkilçiləridir. Bunlardan əlavə, qayıdış növ mənası aşağıdakı şəkilçilərlə də yarana bilir:
1. -ıx,-ik,-ux,-ük şəkilçisi ilə; məs.: görmək – görükmək, döymək – döyükmək, durmaq – duruxmaq, duymaq – duyuxmaq və s.
Bu cür sözlərin bir qismində şəkilçi artıq sözə birikmiş haldadır və kökdən ayrılmır: darıxmaq, qarıxmaq, üzükmək və s.
2. Adlardan fel düzəldən -lan,-lən şəkilçisinin son samiti tarixən qayıdış növün -n şəkilçisinin -la,-lə şəkilçisinə daşlaşmış forması olduğundan -lan,-lən şəkilçili bir sıra fellər də qayıdış növ mənası ifadə edir; məs.: alovlanmaq, arlanmaq, ağıllanmaq, qəzəblənmək, dillənmək, fərəhlənmək və s.
Bunları -la,-lə + -n şəkilçili fellərdən fərqləndirmək lazımdır; məs.: qarşılanmaq, paralanmaq, durulanmaq fellərində iki şəkilçi var: qarşı-la-nmaq, para-la-n-maq, duru-la-n-maq. -la,-lə-dən sonra məsdər və ya inkar şəkilçisinin işlənə bilməsi iki şəkilçinin olduğunu göstərir: qarşıla-maq – qarşıla-mamaq, durula-maq – durulamamaq.
3. -laş,-ləş şəkilçisinin son samiti ş tarixən növ şəkilçisinin -la,-lə şəkilçisinə daşlaşmış forması olduğundan -laş,-ləş şəkilçili bir sıra fellər müasir dilimizdə qayıdış növ mənası ifadə edir; məs.: gözəlləşmək, yaxşılaşmaq, qıvraqlaşmaq, arxayınlaşmaq, fəallaşmaq, bədbinləşmək, qalınlaşmaq və s.
Bu cür sözlərin bəziləri həm qayıdış, həm də qarşıldıq növ mənası ifadə edə bilir. Məsələn, daşlaşmaq felində -laş birikmiş halda qayıdış növ, -la+ş şəklində bir-birini daşlamaq mənasında işlənə bilər.
Görünür, -laş şəkilçili, qayıdış növ mənalı sözlər çox qədimdir, qarşılıq növ mənasının təşəkkülündən əvvəldir, çünki indi -la+-ş şəkilçili sözlər əsasən qarşılıq növ mənasına xidmət edir; məs.: döşlə-ş(mək), gözlə-ş(mək), qarşıla-ş(maq) və s.
Belə sözlər içərisində qayıdış növ mənası ifadə edənlər azdır; məs.:
Xalq buradan aya uçmağa hazırlaşır.(İ.Ə.)
4. Qayıdış növ mənası -ış,-iş,-uş,-üş şəkilçili bir sıra fellərə də aiddir; məs.: büzmək – büzüşmək, yığmaq – yığışmaq, qızmaq – qızışmaq, sovmaq – sovuşmaq, sürmək – sürüşmək və s. Məs.:
Genə ağlım başıma yığışmadı.(İ.M.)
5. -an,-ən şəkilçili düzəltmə fellərdə də qayıdış növ mənası vardır: hıqqanmaq, hoppanmaq, gücənmək, dadanmaq və s.
6. Tarixən söz kökünə daşlaşmış -l şəkilçili bir sıra fellərdə də qayıdış növ mənası aydın müşahidə olunur: seyrəlmək, kiçilmək, yüksəlmək, islanmaq və s.
Bu sözlərin son səslərinə diqqət yetirsək, onların -l,-n şəkilçilərinin (-ın və -ıl şəkilçilərinin) sözə daşlaşmış forması olduğunu görə bilərik. Bu cür sözlərdən sifət düzələrkən son samitin hərəkətdə olması da bunu təsdiq edir: seyrəl – seyrək, kiçil – kiçik, yüksəl – yüksək və s.
Bəzi sözlərdə təsirlik şəkilçisi də (-t şəkilçisi) sözlərin son samitinin hərəkətinə səbəb olur: islan – islat, öyrən – öyrət və s.
Məchul növ fellər kimi, qayıdış növ fellər də təsirli feldən düzəlir, təsirsiz felə çevrilir.
Mühüm bir cəhət də budur ki, məchul növ fellərdən fərqli olaraq, təsirsiz feli təsirli felə çevirib, sonra qayıdış növ üzrə dəyişmək olmur. Təsirsiz fel təsirli felə çevrildikdən sonra məchul şəkilçisi fəal işlənir və qayıdış növə imkan vermir. Odur ki qayıdış növ yalnız vasitəsiz tamamlığı olan kök etibarilə təsirli fellərdən düzəlir. Qayıdış növdə obyekt öz əhəmiyyətini itirdiyi üçün felin obyekt bildirən sözü olmur, yəni təsirli fel təsirsiz felə çevrilmiş olur.
Qeyd. Soyunmaq, geyinmək felləri (Paltarını soyundu. Paltarını geyindi) istisnadır. Əslində, birinci sözdə növ şəkilçisi tarixən yersiz işlənib. Birinci fel (paltarını) geydi şəklində işlənməlidir. İkinci fel isə artıq soyunmaq şəklində sabitləşmişdir və -un şəkilçisi kökdən ayrılmır: soymaq ayrı məna verir, soyunmaq ayrı.