İş, hal, hərəkət müəyyən məkan və zaman daxilində icra olunduğu kimi, həm də müəyyən şəxs tərəfindən icra edilir. İş və hərəkətin icrası hər üç şəxsin təkini və cəmini əhatə edir, dildə sistem təşkil edərək şəxs kateqoriyasının yaranmasına səbəb olur. İşin hansı şəxsə aid olduğu morfoloji yolla, yəni xüsusi şəkilçilər vasitəsilə müəyyənləşir. Həmin şəkilçilərə şəxs şəkilçiləri və ya şəxs sonluqları deyilir.
Birinci şəxsin cəmini bildirən -q,-k və üçüncü şəxsin təkini bildirən -dır,-dir,-dur,-dür şəkilçiləri istisna olmaqla, qalan şəxs, mənsubiyyət və xəbərlik şəkilçiləri bir mənşədən olub, tarixən şəxs əvəzliklərindən yaranmışdır. Ona görə də cümlədə subyekt bildirən söz işlənmədikdə belə, şəxs şəkilçiləri vasitəsilə felin hansı şəxslə bağlı olduğunu, işin hansı şəxs tərəfindən icra edildiyini müəyyən etmək çətinlik törətmir.
Qeyd etdiyimiz kimi, şəxs şəkilçiləri ilə mənsubiyyət və xəbərlik şəkilçiləri əksəriyyət etibarilə formaca fərqlənmir; məsələn:
Bağlayıb bəndləri, kəsib yolları?
Qıy vurub keçdiniz bu gün hamınız.(S.V.)
Yox, yox! Ulduzlar da Yerdən uzaqdır,
Adını göylərə yazmayacaqdır (S.V.)
– misallarından birincisində hamınız əvəzliyindəki -nız şəkilçisi ilə keçdiniz felindəki -niz şəkilçisi bir şəkilçinin variantları kimi görünür. Əslində isə hamınız sözündə bu şəkilçi mənsubiyyət şəkilçisi olub mənsubiyyət mənası ifadə edir: sizin hamınız; keçdiniz sözündə isə keçmək felinin ikinci şəxsə aid olduğunu, işin icrasının ikinci şəxs tərəfindən yerinə yetirildiyini bildirən şəxs şəkilçisidir. 2-ci mislda -dır şəkilçisi sifətdən ibarət olan uzaq sözündə xəbərlik şəkilçisi, yazmayacaqdır felində isə şəxs şəkilçisi hesab olunur.
Ayrı-ayrı zaman və şəkillərdən danışarkən onların hansı şəxs şəkilçiləri ilə işləndiyini də qeyd etmişik. Burada onları ümumiləşdirməklə şəxs şəkilçiləri ilə bağlı təəssüratı bütövləşdirmək, ümumiləşdirmək olar.
Ayrı-ayrı şəxslər üzrə şəxs şəkilçiləri aşağıdakılardan ibarətdir:
I şəxsin təkində: -am,-əm; -m; -ım,-im,-um,-üm;
Bunlar aşağıdakı hallarda işlənir: Əmr şəklində: -ım,-im,-um, üm; məs.: al-ım, gəl-im, durum, gör-üm;
Şühudi keçmişdə, arzu və şərt şəkillərində, idi zaman ədatından sonra -m; məs.:
aldı-m, gəldi-m, oxudu-m, gördü-m;
(gərək) ala-m, gələ-m, oxuya-m, görə-m;
alsa-m, gəlsə-m, oxusa-m, görsə-m;
alırdı-m, gəlirdi-m, oxuyurdu-m, görürdü-m.
Nəqli keçmiş, indiki, qəti və qeyri-qəti gələcək zamanlarda, vacib, lazım şəkillərində və imiş zaman ədatından sonra -am, -əm; məs.:
yazmış-am, gəlmiş-əm, oxumuş-am, görmüş-əm;
yazır-am, gəlir-əm, oxuyur-am, görür-əm;
yazacağ-am, gələcəy-əm, oxuyacağ-am, görəcəy-əm;
yazar-am, gələr-əm, oxuyar-am, görər-əm;
yazmalı-(y)am, gəlməli-(y)əm, oxumalı-(y)am, görməli(y)əm;
yazası-(y)am,gələsi-(y)əm,oxuyası-(y)am,görəsi-(y)əm;
yazırmış-am, gəlirmiş-əm, oxuyurmuş-am, görürmüş-əm;
I şəxsin cəmində: -aq,-ək; -q,-k; -ıq,-ik,-uq,-ük;
Bunlar aşağıdakı hallarda işlənir: Əmr şəklində: -aq,-ək: yaz-aq, gəl-ək;
Şühudi keçmişdə, arzu və şərt şəkillərində, idi zaman ədatından sonra -q,-k şəkilçisi:
yazdı-q, gəldi-k, oxudu-q, gördü-k;
(gərək) yaza-q, gələ-k, oxuya-q, görə-k;
yazsa-q, gəlsə-k, oxusa-q, görsə-k;
yazsa idi-k, gəlsə idi-k; yazsaydı-q, gəlsəydi-k;
Nəqli keçmiş, indiki, qəti və qeyri-qəti gələcək zamanlarda, vacib, lazım şəkillərində və imiş zaman ədatından sonra -ıq, -ik, -uq, -ük şəkilçisi işlənir:
almış-ıq, gəlmiş-ik, oxumuş-uq, görmüş-ük;
alır-ıq, gəlir-ik, oxuyur-uq, görü-ük;
alacağ-ıq, gələcəy-ik, oxuyacağ-ıq, görəcəy-ik;
alar-ıq, gələr-ik, oxuyar-ıq, görər-ik;
almalı-(y)ıq, gəlməli-(y)ik,oxumalı-(y)ıq, görməli-(y)ik;
alası-(y)ıq, gələsi-(y)ik, oxuyası-(y)ıq, görəsi-(y)ik
alırmış-ıq, gəlirmiş-ik, oxuyurmuş-uq, görürmüş-ük.
Birinci şəxsin təkində işlənən şəxs şəkilçiləri (-am,-əm; m; -ım,-im,-um,-üm), əslində, eyni bir şəkilçidən ibarətdir. Bu şəkilçinin əsasında mən şəxs əvəzliyinin ilk elementi olan -m samiti durur. Şəxs şəkilçisinin artırıldığı söz, şəkilçi saitlə qurtardıqda şəxs şəkilçisi öz saitini itirir. Əmr şəklində qapalı saitli (-ım,-im,-um, üm), qalan zaman və şəkillərdə açıq saitli variant (-am,-əm) işlənir. Birinci şəxsin cəmi də belədir. Şəkilçinin əsasında -q,-k samitləri durur. Saitlə qurtaran sözə artırıldıqda şəkilçi öz saitini itirir, əmr şəklində -aq,-ək, qalan zaman və şəkillərdə qapalı saitli variant -ıq,-ik,-uq,-ük alınır. Fərq burasındadır ki, əmr şəkli birinci şəxsin təkində şəkilçi qapalı saitli, cəmində açıq saitlidir; qalan zaman və şəkillərdən sonra birinci şəxsin təkində açıq saitli (-am,-əm), birinci şəxsin cəmində qapalı saitli (-ıq,-ik,-uq,-ük) variant işlənir.
II şəxsin təkində: -n; -san,-sən;
Bunlar aşağıdakı hallarda işlənir:
Əmr şəkli 2-ci şəxs təkin şəxs şəkilçisi yoxdur: al, gəl, oxu, gör;
Şühudi keçmişdə, şərt şəklində, idi zaman ədatından sonra -n şəkilçisi:
aldı-n, gəldi-n, oxudu-n, gördü-n;
alsa-n, gəlsə-n, oxusa-n, görsə-n;
alırdı-n, gəlirdi-n, oxuyurdu-n, görürdü-n;
Qalan hallarda, yəni nəqli keçmiş, indiki, qəti və qeyriqəti gələcək zamanlarda, vacib, arzu, lazım şəkillərində və imiş zaman ədatından sonra -san, -sən şəkilçisi işlədilir:
almış-san, gəlmiş-sən, oxumuş-san, görmüş-sən;
alıb-san, gəlib-sən, oxuyub-san, görüb-sən;
alır-san, gəlir-sən, oxuyur-san, görür-sən;
alacaq-san, gələcək-sən, oxuyacaq-san, görəcək-sən;
alar-san, gələr-sən, oxuyar-san, görər-sən;
almalı-san, gəlməli-sən, oxumalı-san, görməli-sən;
(gərək) ala-san, gələ-sən, oxuya-san, görə-sən;
alası-san, gələsi-sən, oxuyası-san, görəsi-sən;
alarmış-san, gələrmiş-sən, oxuyarmış-san, görərmiş-sən.
Qeyd. Əmr şəklinin ikinci şəxs təkində bəzən bədii dildə, canlı danışıq dilində -sana, -sənə, -gilən/ginən şəkilçilərindən istifadə edilir; məs.: alsana, gəlsənə, algilən, gəlginən.
II şəxsin cəmində: -ın,-in,-un,-ün; -nız,-niz,-nuz,-nüz; sınız, -siniz, -sunuz, -sünüz;
Bunlar aşağıdakı hallarda işlənir:
Əmr şəklinin 2-ci şəxs cəmində -ın,-in,-un,-ün şəkilçisi işlənir: al-ın, gəl-in, oxu-(y)un, gör-ün.
Şühudi keçmişdə, şərt şəklində, idi zaman ədatından sonra: -nız,-niz,-nuz,-nüz; məs.:
aldı-nız, gəldi-niz, oxudu-nuz, gördü-nüz;
alsa-nız, gəlsə-niz, oxusa-nız, görsə-niz;
alırdı-nız, gəlirdi-niz, oxuyurdu-nuz, görürdü-nüz.
Qalan hallarda, yəni nəqli keçmiş, indiki, qəti və qeyri-qəti gələcək zamanlarda, vacib, arzu, lazım şəkillərində, imiş zaman ədatından sonra -sınız, -siniz, -sunuz, -sünüz şəkilçisi işlədilir; məs.:
yazmı(ş)-sınız, gəlmi(ş)-siniz, oxumu(ş)-sunuz;
yazıb-sınız, gəlib-siniz, oxuyub-sunuz, görüb-sünüz;
yazır-sınız, gəlir-siniz, oxuyur-sunuz, görür-sünüz;
yazacaq-sınız, gələcək-siniz,oxuyacaq-sınız, görəcək-siniz;
yazar-sınız, gələr-siniz, oxuyar-sınız, görər-siniz;
yazmalı-sınız, gəlməli-siniz, oxumalı-sınız, görməli-siniz;
(gərək) yaza-sınız, gələ-siniz, oxuya-sınız, görə-siniz;
yazası-sınız, gələsi-siniz, oxuyası-sınız, görəsi-siniz;
yazırmış-sınız, gəlirmiş-siniz, oxuyurmuş-sunuz...
Qeyd. İkinci şəxsin tək (-n; -san,-sən) və cəmində (-ın, -in, -un, -ün; -nız,-niz, -nuz,-nüz; -sınız, -siniz, -sunuz, -sünüz) işlədilən şəxs şəkilçiləri, əslində, bir kökdəndir. İkinci şəxsin təkini bildirən -san,-sən, təbii ki, sən şəxs əvəzliyinin şəkilçiləşmiş formasıdır. -n şəkilçisi isə sən sözünün son elementi və tarixən təklik bildirən şəkilçidir və mən sözü də həmin şəkilçi ilə düzəlib. İkinci şəxsin cəmini bildirən -ın şəkilçisi qapalı saitli sin (sən) sözünün qalığıdır. -nız şəkilçisində -n hissəsi yenə də sən sözünün qalığı, -z isə tarixən qoşalıq və cəmlik bildirən şəkilçidir – biz sözü də həmin şəkilçi ilə düzəlib. sınız şəkilçisində isə aydın şəkildə qapalı saitli sin (sən) sözü və qoşalıq, çoxluq bildirən -z şəkilçisi var.
III şəxsin təkində: -sın,-sin,-sun,-sün; -dır,-dir,-dur, -dür. Bunlar aşağıdakı hallarda işlənir:
Əmr şəkli 3-cü şəxsin təkində: -sın,-sin, -sun,-sün; məs.: al-sın, gəl-sin, oxu-sun, gör-sün.
Nəqli keçmişdə, qəti gələcəkdə, vacib, lazım şəkillərində: -dır,-dir,-dur,-dür:
yazmış-dır, gəlmiş-dir, oxumuş-dur, görmüş-dür;
yazıb-dır, gəlib-dir, oxuyub-dur, görüb-dür;
yazacaq-dır, gələcək-dir, oxuyacaq-dır, görəcək-dir;
yazmalı-dır, gəlməli-dir, oxumalı-dır, görməli-dir;
yazası-dır, gələsi-dir, oxuyası-dır, görəsi-dir;
Qalan hallarda, yəni şühudi keçmişdə, indiki, qeyri-qəti gələcəkdə, arzu və şərt şəkillərində, idi, imiş zaman ədatlarından sonra şəxs şəkilçisi işlədilmir:
yazdı, gəldi, oxudu, gördü;
yazır, gəlir, oxuyur, görür;
yazar, gələr, oxuyar, görər;
(gərək) yaza, gələ, oxuya, görə;
yazsa, gəlsə, oxusa, görsə;
yazsa idi, gəlsə idi, oxusa idi, görsə idi (və ya: yazsaydı, gəlsəydi, oxusaydı, görsəydi);
yazsa imiş, gəlsə imiş, oxusa imiş, görsə imiş (və ya: yazsaymış, gəlsəymiş, oxusaymış, görsəymiş).
Qeyd. Nəqli keçmiş 2-dən və qəti gələcək zamandan sonra -dır şəkilçisi işlənməyə də bilər; məs.: alıb-dır – alıb, gəlib-dir – gəlib; yazacaq-dır – yazacaq, gələcək-dir – gələcək.
III şəxsin cəmində: -lar,-lər; -sınlar, -sinlər, -sunlar, -sünlər; -dırlar,-dirlər;
Bu şəkilçilər aşağıdakı hallarda işlənir:
Əmr şəklinin 3-cü şəxs cəmində: -sınlar, -sinlər, -sunlar, -sünlər; məs.: yaz-sınlar, gəl-sinlər, oxu-sunlar, gör-sünlər.
Şühudi keçmişdə, nəqli keçmişdə, indiki, qəti və qeyriqəti gələcək zamanlarda, arzu və şərt şəkillərində, idi və imiş zaman ədatlarından sonra -lar,-lər şəkilçisi işlənir:
yazdı-lar, gəldi-lər, oxudu-lar, gördü-lər;
yazmış-lar, gəlmiş-lər, oxumuş-lar, görmüşlər;
yazıb-lar, gəlib-lər, oxuyub-lar, görüb-lər;
yazır-lar, gəlir-lər, oxuyur-lar, görür-lər;
yazacaq-lar, gələcək-lər, oxuyacaq-lar, görəcək-lər;
yazar-lar, gələr-lər, oxuyar-lar, görər-lər;
(gərək) yaza-lar, gələ-lər, oxuya-lar, görə-lər;
yazsa-lar, gəlsə-lər, oxusa-lar, görsə-lər;
yazmalı idi-lər, gəlməli idi-lər, oxumalı idi-lər;
yazmalı imiş-lər, gəlməli imiş-lər, oxumalı imiş-lər, görməli imiş-lər.
Vacib və lazım şəkillərində: -dırlar, -dirlər.
yazmalı-dırlar, gəlməli-dirlər, oxumalı-dırlar, görməlidirlər; yazası-dırlar, gələsi-dirlər, oxuyası-dırlar, görəsi-dirlər.
Beləliklə, Azərbaycan dilinin şəxs şəkilçiləri yüksək təşəkkül və inkişaf səviyyəsi, bütün şəxslərin tək və cəmini əhatə etməklə sistem təşkil etməsi baxımından dildə çox mühüm yer tutur və Azərbaycan dilinin türk dilləri ailəsində geniş və səlis inkişaf yolunu müəyyənləşdirməyə imkan verir. Şəxs kateqoriyası dildə fikir bitkinliyi və predikativlik yaratmaq, hər an subyekt ehtiyacı olmadan fikri yığcam, qısa və intensiv ifadə etmək baxımından çox mühüm rola malikdir və bütün təsrif sistemlərinin əsasında durur.