MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

MƏCHUL NÖV FELLƏR
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

MƏCHUL NÖV FELLƏR

Subyekti qeyri-fəal olan fellərə məchul növ fellər deyilir.

Məchul növ fellərdə subyektin məchul olmasəı, «məlum olmaması» anlayışı formal xarakter daşıyır. Subyekt əksərən mətnə əsasən məlum olur. Əsas məsələ subyektin bir aktiv subyekt kimi, bir mübtəda kimi cümlədə işlənə bilməməsi, qeyri-fəallığıdır. Məsələn: Sərvər tərəfindən binanın yeni layihəsi tərtib edildi – cümləsində tərtib edildi feli məchul növdədir, lakin işin icraçısı məlumdur: iş Sərvər tərəfindən icra edilmişdir. Fel ona görə məchul növdədir ki, işin icraçısı, subyekti (misalda Sərvər sözü) cümlədə fəal bir subyekt kimi, mübtəda kimi özünü göstərə bilmir, vasitəli tamamlıq şəklində çıxış edir.

Məchul növ fellər yalnız təsirli fellərdən əmələ gəlir, təsirli fellərin üzərinə -ıl,-il,-ul,-ül; -ın,-in,-un,-ün; -nıl,-nil, -yıl şəkilçilərini artırmaqla düzəlir. Məs.:
Məryəm gördü ki, qarşıdakı divarda İsanın kiçik şəkli asılıb. (Elçin)

Ziyad xan öldürülmüşdü, amma indi bunun heç bir mənası yox idi.  (Elçin)

Direktorluq tərəfindən ona sinif komitəsi işini aparmaq həvalə edilmişdi. (A.Ə.)

Arxalı birisinə də kiminsə vasitəsilə əla qiymət yazılır. (A.Ə.)

Sinfə lövhə alınacaq – pul, skamyalar təmir ediləcək – pul... (A.Ə.)

Geriyə yol yox idi, addım atılmışdı.(Elçin)

Misallardakı məchul növ fellərin hamısı təsirli fellərdən ibarətdir: asmaq, öldürmək, həvalə etmək, təyin etmək, yazmaq, almaq, təmir etmək, atmaq.

Məlum növdən danışarkən, dediyimiz kimi, fel təsirli olduqda onun həm subyekti, həm də müstəqim obyekti olur. Məsələn, Əsmər kitabı oxudu. Səlim məktub yazdı. Nadir odunu doğradı. Qədir yeri şumladı – misallarında oxudu, yazdı, doğradı, şumladı felləri məlum növdə olan təsirli fellərdir. Həmin cümlələrdə Əsmər, Səlim, Nadir, Qədir subyekti, iş görəni bildirir, kitabı, məktub, odunu, yeri sözləri isə təsirlik halda olub, üzərində iş icra olunan obyekti bildirir. Biz həmin fellərə məchul növün müvafiq şəkilçilərini artırsaq, cümlələrin subyekti öz fəallığını itirəcək, tamamlıq vəzifəsində olan obyekt bildirən sözlər fəallaşaraq onların yerini tutacaq və mübtədaya çevriləcəkdir:

Məlum növ
Əsmər kitabı oxudu
Səlim məktub yazdı
Nadir odunu doğradı
Qədir yeri şumladı

Məchul növ
Kitab oxundu
Məktub yazıldı
Odun doğrandı
Yer şumlandı

Biz kim tərəfindən? sualı ilə əsl subyekti cümləyə gətirə bilərik, lakin fel yenə də məchul növdə olacaqdır:
Kitab Əsmər tərəfindən oxundu.
Məktub Səlim tərəfindən yazıldı.
Odun Nadir tərəfindən doğrandı.
Yer Qədir tərəfindən şumlandı..

Məchul növün şəkilçiləri fellərə aşağıdakı qayda ilə artırılır:
a) fel «l» samiti ilə bitdikdə -ın,-in,-un,-ün şəkilçisindən istifadə edilir:
almaq – alındı
salmaq – salındı
bilmək – bilindi
silmək – silindi
yolmaq - yolundu
bölmək – bölündü


b) fel saitlə qurtardıqda şəkilçinin saiti düşür, əsas element kimi -n şəkilçisi qalır:
başlamaq – başlandı
işləmək – işləndi
gözləmək – gözləndi
üzləmək – üzləndi
dizləmək – dizləndi
qorumaq – qorundu
sürümək – süründü
bürümək - büründü

Bu formada olan məchul növ fellər qayıdış növə çox yaxındır. Məsələn, silindi felinin ifadə etdiyi işi subyektin özünün də icra etdiyini (Ayaq izləri tədricən silindi), başqasının da etdiyini (Stolun üstü təmiz nəm əski ilə silindi) düşünmək olar. Odur ki dil imkan verir ki, -n şəkilçisindən sonra məchul növün -ıl şəkilçisi də əlavə olunsun. Bu zaman artıq sözün iki cür başa düşülmək ehtimalı qalmır:
başlamaq – başlandı - başlanıldı
işləmək – işləndi – işlənildi
gözləmək – gözləndi - gözlənildi
üzləmək – üzləndi - üzlənildi

c) qalan hallarda təsirli fellərə -ıl,-il,-ul,-ül şəkilçisi artırılır:
yazmaq – yazıldı
qoymaq – qoyuldu
döymək – döyüldü
göstərmək – göstərildi
öyrənmək – öyrənildi
axtarmaq – axtarıldı
soruşmaq – soruşuldu

Verdiyimiz misallar göstərir ki, məchul növ fellər üçüncü şəxsdə olur. Felin nəzərdə tutulan subyektindən əlavə, qul, ağa, dustaq, zindan sözlərindən ibarət obyekti də vardır.

Qeyd etdiyimiz kimi, məchul növ fellər yalnız təsirli fellərdən əmələ gəlir. Təsirsiz felləri məchul növ üzrə dəyişmək üçün əvvəlcə təsirli felə çevirmək lazımdır; məs.:
yanmaq – yandırmaq - yandırıldı
gülmək – güldürmək - güldürüldü
ölmək – öldürmək - öldürüldü
yatmaq – yatırmaq - yatırıldı
köçmək – köçürmək - köçürüldü
bişmək – bişirmək - bişirildi

Məchul növün şəkilçiləri digər növ şəkilçilərindən – qayıdış və qarşılıq növlərdən sonra da işlənə bilir. Bunun üçün onlar əvvəlcə təsirli felə çevrilməli olur. İcbar növ fellər təsirli oluğundan məchul növ üzrə daha asan dəyişir. Məs.:
didmək – diddirmək –diddirilmək
yığmaq – yığışmaq – yığışdırmaq – yığışdırılmaq
gözləmək – gözlətmək – gözlətdirmək – gözlətdirilmək
hazırlamaq – hazırlaşmaq – hazırlaşdırılmaq;
qarşılamaq – qarşılaşmaq –qarşılaşdırılmaq.

Maraqlıdır ki, məchul növün şəkilçisindən sonra heç bir təsirlik və növ şəkilçisi işlənə bilmir və məchul növün şəkilçisi bir növ qapalı sıra yaratmış olur. Məs.:
Muxtar Bədheybət kəsilmiş əlini qurudub özündə saxlamışdı. (Elçin)

Elə bil, bunların hamısı Məryəmin əlləri ilə düzülmüşdü.(Elçin)

Vaxt gələcək, Süleyman paşa kiçik döyüşdə xəyanət nəticəsində ölümcül yaralanacaq. (Elçin)

Rəqqasə tovuz lələklərindən düzəldilmiş iri yelpiklərlə Süleyman paşanın ətrafını yelləyən qızların yanında oturmuşdu. (Elçin)

Sonra Davudun burnuna çalınmış ot iyi gəldi. (İ.M.)

Beş-altı yaşlı bir uşağın böyüdülmüş şəkli vardı burda. (İ.M.)

Şahın boz ürgəsi qoruqda hörüklənmişdi.(İ.Ə.)

Məchul növ fellərlə qayıdış növ fellər çox yaxındır. Hiss olunur ki, məchul növ tədricən qayıdış növ fellərdən təcrid olunmuşdur. Qarabağ cinsinin kökü kəsilir (İ.M.) - cümləsini iki mənada – həm Qarabağ cinsindən olan qoyunların tədricən öz-özünə azalması, həm də insanlar tərəfindən qayğısızlığa görə məhv olması kimi anlamaq olar.