MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

TƏSİRLİ VƏ TƏSİRSİZ FELLƏR
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

TƏSİRLİ VƏ TƏSİRSİZ FELLƏR

Azərbaycan dili fellərinin mühüm xüsusiyyətlərindən biri onların təsirli və ya təsirsiz olmasıdır. Bəzən subyekt öz işini müəyyən obyekt üzərində icra edir, obyektə təsir edir; bəzən də subyektin işi, fəaliyyəti üçün təsir obyektinə ehtiyac olmur. Bu iki cəhət öz ifadəsini qrammatik yol ilə fellərdə tapır və nəticədə təsir kateqoriyasının yaranmasına səbəb olur. Beləliklə, fellər üzərində iş icra olunan, bilavasitə hərəkətin təsirinə məruz qalan obyekt, yəni vasitəsiz tamamlıq tələb edib-etməməsinə görə iki növə ayrılır: təsirli fellər, təsirsiz fellər.

Təsirli fellər üzərində iş icra olunan, hərəkətin təsirinə məruz qalan əşya, obyekt tələb edir.

Üzərində iş icra olunan, hərəkətin təsirinə məruz qalan obyekt təsirlik halda olan sözlərlə, birləşmələrlə ifadə olunur. Ona görə də vasitəsiz tamamlıq vəzifəsində işlənən sözlər və birləşmələr hərəkətlə birbaşa, heç bir başqa vasitə olmadan əlaqələnir. Bu cür obyekt hərəkət üçün müstəqim obyekt sayılır. Məsələn:
Biz köhnə, yararsız binaları sökdük, yerində yeni yaraşıqlı evlər tikdik. Qurumuş ağacları kəsdik, yeni gözəl meyvə ağacları əkdik. Torpağı şumladıq, su arxlarını təmizlədik. Keçilməz yolları abadlaşdırdıq.

Bu misallarda binaları sözü sökdük felinin, evlər sözü tikdik felinin, ağacları sözü kəsdik felinin, torpağı sözü şumladıq felinin, yolları sözü abadlaşdırdıq felinin, meyvə ağacları birləşməsi əkdik felinin, su arxlarını birləşməsi təmizlədik felinin obyektini bildirir. Obyekt bildirən bu sözlər və birləşmələr təsirlik haldadır – bir qismi (binaları, ağacları, torpağı, su arxlarını, yolları) müəyyənlik bildirən təsirlik halda, bir qismi (evlər, meyvə ağacları) qeyri-müəyyənlik bildirən təsirlik haldadır. Müstəqim obyekt bildirən bu cür sözlər kimi? nəyi?nə? suallarına cavab verir. Məs.:
Sözünün qiymətini bilməyən adam başının qiymətini bilmir.(M.İ.)

Deyilənə görə, tut ağacını burda Mirzə Muxtarın atası əkmişdi. İkimərtəbəli binanı da o tikdirmişdi. (İ.M.)

Səkinə gəlini mütəkkə qoyulmuş divanda oturtdu. (M.İ.)

Bu misallarda təsirli fellərin (oturtdu, bilməyən, bilmir, əkmişdi, tikdirmişdi) obyektini bildirən gəlini sözlü kimi?, sözünün qiymətini, başının qiymətini, tut ağacını, binanı söz və birləşmələri nəyi? sualına cavab verir.

Məmi keçən gün yuxusunda görmüşdü ki, yekə bir maşın sürür .(İ.M.)

Ot otlayır, sümük yeyir orda insan övladları.(S.V.)

Bir qız qarlı qış günündə Dibçəkdə bir gül bitirdi.(B.V.)

Qəsri-Şirin, Əsəri-Key satıram, Ay alan, Məmləkəti-Rey satıram.(S.) –

misallarında qeyri-müəyyənlik bildirən (şəkilçisiz) təsirlik halda olan maşın, ot, sümük, gül, Qəsri-Şirin, Əsəri-Key, Məmləkəti-Rey sözləri və birləşmələri sürür, otlayır, yeyir, bitirdi, satıram təsirli felləri ilə bağlı olub, nə? sualına cavab verir.

Deməli, müstəqim obyekt bildirən sözlər həm müəyyənlik, həm də qeyri-müəyyənlik bildirən təsirlik halda olur.

Təsirlik halın nə? sualı ilə adlıq halın nə? sualını eyniləşdirmək olmaz. Adlıq halın nə? sualını və onun aid olduğu sözü təsirlik hal üzrə dəyişsək, cümlənin mənası dəyişər, təsirlik halın nə? sualına və aid olduğu sözə təsirlik hal şəkilçisi artırsaq, cümlənin mənası konkretləşər; məs.: Ocaq adam yandırır – Ocağı adam yandırır; Ocaq adam yandırır – Ocaq adamı yandırır.

Təsirli fellərlə ifadə olunan işin icrası nəticəsində obyektdə müəyyən dəyişikliklər olur:
1.Obyekt əvvəldən olmur, təsirli fellə ifadə olunan işin icrası nəticəsində yaranır; məs.: Mən bir hekayə yazdım. Ustalar sahildə yeni bir ev tikdilər.

2.Obyekt əvvəlcədən mövcud olur, lakin təsirli fellə ifadə olunan işin icrası nəticəsində yox olur, məhv olur; məs.: Biz köhnə evi sökdük. Qız stəkanı sındırdı. Ana işığı söndürdü.

3.Təsirli fellə ifadə olunan işin icrası nəticəsində obyekt qismən dəyişikliyə uğrayır; məs.: Qız evi təzəcə silib-süpürmüşdü. Boya yanaqlarını qızartmışdı. His alnını qaraltmışdı.

4.Təsirli fellə ifadə olunan işin icrası nəticəsində obyekt öz məkanını dəyişir; məs.: Qonağı otağa gətirdilər. Atı tövləyə apardılar. Zəlzələdən sonra kəndi başqa əraziyə köçürdülər.

5.Obyekt hərəkətin təsirinə məruz qalır, lakin onda elə bir dəyişiklik olmur; məs.: Mən dənizi seyr edirəm,arabir qəzet oxuyuram, sizi dinləyirəm və s.

Təsirsiz fellər isə işin icrası üçün müstəqim obyekt tələb etmir, kimi? nəyi? nə? suallarına cavab verən və təsirlik halda olan sözlərlə əlaqələnə bilmir. Təsirsiz fellər ismin yönlük, yerlik və çıxışlıq hallarında olan və qeyri-müstəqim obyekt bildirən sözlərlə, qoşmalı birləşmələrlə əlaqələnir. Üzərində iş icra olunan obyekt olmadığı üçün belə fellərdə hərəkətin təsirindən danışmaq da olmaz. Ayılmaq, baxmaq, yatmaq, gülmək, ölmək, yanmaq felləri belə fellərdəndir. Məs.:
Qarğalar genə gəlmişdi, - dedi, - gecə kəndin canına daraşmışdılar. Adamdan-zaddan da qorxmurlar (İ.M.)
Bəbir dalıdalı, yavaş-yavaş Şikəstədən aralandı. (İ.M.)

– cümlələrində gəlmişdi, daraşmışdılar, qorxmurlar, aralandı felləri təsirsiz fellərdir. Bu fellər təsirlik halda olan sözlərlə əlaqələnə bilmir, əlaqələndikləri sözlər və birləşmələr yönlük (kəndin canına) və çıxışlıq (Şikəstədən, adamdan-zaddan) hallarındadır.

Eyni cümlədə həm təsirli, həm də təsirsiz fel işlənə bilir:
İndi sənindir bu dükan sərbəsər,
Gəl, get, otur, dur, ye, iç, ol bəxtəvər (S.)

– msralarından ikincisində ye, iç felləri təsirli, gəl, get, otur, dur, bəxtəvər ol felləri təsirsizdir. Xörəyi ye, suyu iç – demək mümkün olduğu halda, o biri fellərə bu cür obyekt bildirən söz əlavə edə bilmirik.

Təsirli fellər həm müstəqim (təsirlik halda), həm də qeyrimüstəqim (başqa hallarda olan) sözlərlə əlaqələnə bilir; məs.:
Budur, Talıstanın sıx ormanları
Mənə xatırladır o zamanları (S.V.)

– misralarında xatırladır feli həm müstəqim obyekt bildirən o zamanları sözləri ilə, həm də qeyri-müstəqim obyekt bildirən mənə sözü ilə əlaqələnmişdir.

Təsirsiz fellər isə obyekt tələb etmədiyi üçün yalnız qeyrimüstəqim (üzərində iş icra olunmayan, hərəkətlə birbaşa əlaqələnə bilməyən, hərəkətin təsirinə məruz qalmayan) obyekt bildirən sözlə əlaqələnir; məs.:
Tufan getdikcə şiddətlənir, külək nəşə və qürurla uğuldayır, kimsəsiz qayalar arasında hökm sürürdü. (İ.Ə.)

Oğlan qanrılıb geri baxdı. Qatı zülmətdə heç nə görünmürdü.(İ.Ə.)

Qarabağ atları çatlayıb ölər, amma yorulub yolda qalmazlar (İ.Ə.)

– cümlələrində şiddətlənir, uğuldayır, hökm sürürdü, baxdı, görünmürdü, ölər,yorulub, qalmaz müstəqim obyekt tələb etməmişdir.

Cümlədə felin obyektini bildirən sözün işlənməməsi onun təsirsiz olması demək deyildir. Obyekt bildirən söz işlənə də bilər, işlənməyə də. İşlənmədikdə təsəvvür olunur. Məs.:
Qız üst-üstə qalanmış kələmdolmasına baxaraq gülümsədi:
-Mən bu qədər yeyə bilmərəm. Bir az götürün.
Gülnisə:
-Niyə yemirsən. Cavan adamsan, - deyib, əri ilə oğluna bir qabda çəkdi (İ.Ə.)

– cümlələrində yeyə bilmərəm, götürün, yemirsən, çəkdi felləri təsirlidir. Bu sözlərin obyekti, haqqında danışılan kələmdolması və ya ümumi şəkildə yemək sözüdür.

Dilimizdə elə fellər də var ki, onlar cümlədəki vəziyyətindən, əlaqələndiyi sözlərdən asılı olaraq həm təsirli, həm də təsirsiz fel kimi işlənə bilir. Məsələn, ağlamaq feli Uşaq ağlayır – cümləsində təsirsiz, Ölünü ortalığa qoyub ağlayırdılar – cümləsində təsirlidir; gəzmək feli istirahət etmək mənasında təsirsiz, bir şeyi axtarmaq (Uşaqları gəzirəm) mənasında təsirlidir; oynamaq feli: Mən oynaya bilmirəm – cümləsində təsirsiz, Mən bu havanı oynaya bilmirəm və ya Elə bir oyun oynayaram ki... – cümləsində təsirlidir.

Eyni bir felin heç bir şəkilçi (təsirlilik və təsirsizlik şəkilçisi) qəbul etmədən təsirli və ya təsirsiz olması fellərin məcazilik imkanları, çoxmənalılığı ilə, dildəki inkişafla, dəyişmələrlə, təfəkkürün inkişafı ilə bağlıdır. Odur ki bu və ya digər fel haqqında yoxlamadan «bu fel həmişə təsirli olur, bu fel ancaq təsirsiz olur» hökmünü çıxarmaq düz olmaz. Bunun üçün felin bütün məna imkanları nəzərə alınmalıdır.

Beləliklə, sadə fellərin bir qismi təsirli, bir qismi təsirsiz, bir qismi isə həm təsirli, həm də təsirsiz olur.

Təsirsiz felləri təsirli felə çevirmək üçün bir sıra şəkilçilər var. Bunlar aşağıdakılardır:
1. -t şəkilçisi. Bu şəkilçi aşağıdakı hallarda təsirli fel düzəldir:

a) saitlə bitən təsirsiz fellərə artırıldıqda; məs.:
qurumaq – qurutmaq
çürümək – çürütmək
oxşamaq – oxşatmaq
əsnəmək – əsnətmək

b) -al,-əl,-l şəkilçili düzəltmə təsirsiz fellərə artırıldıqda; məs.:
azalmaq – azaltmaq
çoxalmaq – çoxaltmaq
düzəlmək – düzəltmək
qocalmaq – qocaltmaq
ucalmaq – ucaltmaq

Bu şəkilçi təsirli fellərə də artırılır; məsələn: gözləmək – gözlətmək, izləmək – izlətmək, oxumaq – oxutmaq və s. Bu iki halı fərqləndirmək lazımdır. Belə ki -t şəkilçisi təsirsiz fellərə artırıldıqda onları təsirli felə çevirir, təsirli felə artırıldıqda icbar növ fel yaranmış olur. Çoxalmaq feli obyekt tələb etmir, təsirsiz feldir. Həmin felə -t şəkilçisi artırdıqda (çoxaltmaq) fel obyekt tələb edir və təsirli olur: İşçilərin sayını çoxaltdım. Oxumaq feli təsirlidir, obyekt tələb edən feldir: kitabı oxumaq. Bu felə -t şəkilçisini artırsaq, icbar növ mənası yaranmış olacaqdır: uşağı oxutdum.

2. -ıt,-it, -ut, -üt şəkilçisi. Bu şəkilçi samitlə bitən bir qrup təsirsiz feldən təsirli fel düzəldir; məs.: qorxmaq – qorxutmaq, hürkmək – hürkütmək, axmaq – axıtmaq və s.

3. -ır,-ir,-ur,-ür şəkilçisi. Bu şəkilçi samitlə (daha çox ç, t, ş samitləri ilə) bitən bəzi təsirsiz fellərdən təsirli fel düzəldir; məs.: qaçmaq – qaçırmaq, köçmək – köçürmək, uçmaq – uçurmaq, bitmək – bitirmək, itmək – itirmək, artmaq – artırmaq, yatmaq – yatırmaq, bişmək – bişirmək və s.

Bu şəkilçi felin indiki zaman şəkilçisi ilə (-ır,-ir,-ur,-ür) omonimdir. Cümlədə bunları bir neçə şəkildə fərqləndirmək olar.

a) zaman şəkilçisindən sonra növ və inkarlıq şəkilçisi işlənə bilməz; məsələn: yazır sözünə -ıl (növ), -ma (inkarlıq) və məsdər şəkilçilərini artırmaq olmaz. Təsirlik şəkilçisindən sonra hər bir felə növ, inkarlıq və məsdər şəkilçiləri artırmaq olar: köç (mək) – köç-ür-(mək) - köç-ür-ül(mək) – köç-ür-ül-mə(mək); biş(mək) – biş-ir (mək) – biş-ir-il(mək) – biş-ir-il-mə(mək).

b) indiki zaman şəkilçisindən sonra -t şəkilçisini işlətmək olmaz (yoxlayın). Təsirli fel düzəldən -ır şəkilçisindən sonra -t şəkilçisini artırmaqla təsirli feli icbar növ felə çevirmək olar; məs.: itmək – itir-mək - itirtmək, artmaq – artırmaq - artırtmaq, yatmaq – yatırmaq - yatırtmaq, bişmək – bişirmək – bişirtmək, qamaq – qaçırmaq – qaçırtmaq və s.

c) sözdə əvvəlcə təsirlik, sonra zaman şəkilçisi işlənər; məs.: qaçırıram, köçürürəm, artırıram, bitirirəm fellərindəki birinci -ır təsirlik, ikincisi zaman şəkilçisidir.

ç) zaman şəkilçili felin (əgər təsirli fel deyilsə) yalnız subyekti olur; məsələn: Səlim yatır. Rəna köçür. Xörək bişir – cümlələrində -ır indiki zamanın şəkilçisidir və cümlələrin Səlim, Rəna, xörək sözlərindən ibarət subyekti vardır; -ır şəkilçili təsirli felin həm subyekti, həm də müstəqim (təsirlik halda) obyekti olur; məs.: Quş uçur – Bu quşu uçur – cümlələrindən birincisində quş sözü subyekt, uçur sözü indiki zamanda olan təsirsiz feldir, xəbər şəklindədir. İkinci cümlədə subyekt nəzərdə tutulan sən sözüdür, quşu sözü vasitəsiz tamamlıq, uçur sözü əmr şəklində olan təsirli məlum növ feldir.

4.-ar, -ər şəkilçisi. Bu şəkilçi samitlə bitən bəzi təkhecalı təsirsiz fellərdən təsirli fel düzəldir; məs.: qop(maq) – qopar (maq), çıx(maq) – çıxar(maq).

Bu şəkilçi qeyri-qəti cələcəyin -ar,-ər şəkilçisi ilə omonimdir. Bunları -ır,-ir,-ur,-ür təsirlik şəkilçisindən danışarkən göstərdiyimiz qayda ilə fərqləndirmək – inkarlıq və məsdər şəkilçiləri ilə yoxlamaq olar.

Həm -ır,-ir,-ur,-ür, həm də -ar,-ər təsirlik şəkilçisindən sonra icbar məna yaranması üçün -t-dır,-dir,-dur,-dür şəkilçiləri birlikdə də işlənə bilir; məs.:
qop(maq) – qopar (maq) – qopartdır(maq)
biş(mək) – bişir(mək) – bişirtdir(mək)

Qeyd. Təsirli fel düzəldən -ır şəkilçisindən sonra -t şəkilçisini artırdıqda fel icbar növə çevrilir. Lakin icbar məna ifadə etməyə də bilər. Bu hal şəkilçidən düzgün istifadə edilib-edilməməsindən asılıdır.
Məsələn, Mən yazının üzünü köçürtdüm – cümləsi mətndən asılı olaraq iki cür anlaşıla bilər: mən özüm köçürdüm; başqasına köçürtdüm. Birinci halda fel yalnız təsirli olur, ikinci halda həm təsirli olur, həm də icbar məna ifadə edir. Bu cəhət dil daşıyıcılarının yanlış ifadəsindən irəli gəlir: düzgün danışıq üçün (işi subyekt özü icra etdikdə) -ır şəkilçisindən sonra -t artıqdır: Mən yazının üzünü köçürdüm – deyilməlidir.
Lakin əksərən Mən yazının üzünü köçürtdüm - deyilir və bu cür yanlışlıq tədricən qələti-məşhura çevrilməkdədir. Qopartmaq, çıxartmaq, qaçırtmaq kimi bəzi fellər -t şəkilçisini qəbul etmiş olsa da, icbar növ mənası ifadə edə bilmədikdə icbar məna üçün -dır şəkilçisini də artırmaq olur: qopartdırmaq, çıxartdırmaq, qaçırtdırmaq və s.

5.-dır,-dir,-dur,-dür şəkilçisi. Bu şəkilçi samitlə (daha çox n, l, s samitləri ilə) bitən təsirsiz fellərdən təsirli fel düzəldir; məsələn:
din(mək) – dindir(mək)
yan(maq) – yandır(maq)
gül(mək) – güldür(mək)
öl(mək) – öldür(mək)
sol(maq) – soldur(maq)
küs(mək) – küsdür(mək)

Bu şəkilçi qayıdış və qarşılıq növ fellərdən də təsirli fel düzəldir; məsələn:
yuyun(maq) – yuyundur(maq)
geyin(mək) – geyindir(mək)
soyun(maq) – soyundur(maq)
görüş(mək) – görüşdür(mək)
yazış(maq) – yazışdır(maq)
öpüş(mək) – öpüşdür(mək)
vuruş(maq) – vuruşdur(maq)

-dır,-dir,-dur,-dür şəkilçisi omonim və çoxfunksiyalı şəkilçidir. Aşağıdakı morfoloji vəzifələri vardır:
- adlara artırılaraq xəbərlik şəkilçisi vəzifəsində işlənir; məs.: Keçmiş sədr biləndir, adama qiymət qoyandır, yaxşı adamdır. (İ.Ə.)

- felin zaman və şəkil əlamətlərindən sonra şəxs şəkilçisi vəzifəsində işlənir; məs.: Digər bir məsələ də bizi düşündürməlidir: cinayətkar cəzasız qalmamalıdır.(T.K.)

- təsirsiz feldən təsirli fel düzəldən şəkilçi kimi işlənir; məs.:
O dediyim hisslər məni yaşadandır, yaxşılaşdırandır. (T.K.)
Bəs rəssam nə üçündür, təsəvvür etməli, gözlərində canlandırmalıdır. (T.K.)

- təsirli feli icbar növ felə çevirir: ucalt(maq) - ucaltdırmaq, düzəlt(mək) – düzəltdir(mək) və s.

Qeyd. Bəzən iki sait arasında «d» səsinə keçən -t təsirlik şəkilçisindən sonra indiki zaman şəkilçisi işləndikdə -dır şəkilçisinə oxşar forma yaranır. Bunu (-d(t)-ır şəkilçi birliyini) -dır şəkilçisi ilə qarışdırmamalı. Məs.: On beş ildir ki, qızımı tək böyüdürəm (böyü(mək) – böyü-t(mək) – böyüd(t)ürəm). (T.K.)

6. -dar,-dər şəkilçisi. Bu şəkilçi bir neçə təsirsiz feldən təsirli fel düzəldir; məs.: qon(maq) – qondar(maq), qondur (maq); dön(mək) – döndər(mək).

7. -ız,-iz,-uz,-üz şəkilçisi. Bu şəkilçi də qeyri-məhsuldar olub, bir neçə təsirsiz feli təsirli felə çevirir; məs.: qalx(maq) – qalxız (maq), qorx(maq) – qorxuz(maq)

8. Bəzi sözlərdə -ız şəkilçisi tək işlənə bilmir, -dır şəkilçisi ilə birlikdə, -ızdır,-izdir şəklində çıxış edir: çim(mək) – çimizdir(mək), dam(maq) – damızdır(maq), əm(mək) – əmizdir(mək). Müstəqil işlənən -ız şəkilçisindən sonra -dır gəldikdə icbar məna yaranır: qorxuzdurmaq, qalxızdırmaq və s.