MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

ZƏRFİN MƏNACA NÖVLƏRİ
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

ZƏRFİN MƏNACA NÖVLƏRİ

Zərfin aşağıdakı məna növləri var:
1. Tərz zərfləri;
2. Zaman zərfləri;
3. Yer zərfləri;
4. Miqdar zərfləri.

TƏRZ ZƏRFLƏRİ

Tərz zərfləri işin, hərəkətin icra tərzini, hərəkətin və əlamətin keyfiyyətini bildirir, necə? nə cür? na halda? nə tərzdə? nə vəziyyətdə? suallarına cavab verir.

Məs.:
Qərib-qərib, qəmgin-qəmgin ötərsiz,
Üz tutubsuz nə məkanə, durnalar? (Vid.) 

Alay-alay, qatar-qatar
Qəhrəmanlar çıxdı yola.(S.V.)


Bahar sularının daşqınları tək Qanım dalğa-dalğa yeriyib axdı. (S.V.)

Bu misallarda qərib-qərib, qəmgin-qəmgin, alay-alay, qatar-qatar, dalğa-dalğa sözləri işin icra tərzini bildirir.

Bu mədəniyyətlə də müavin olmaq istəyirsən, -deyə Şirzad qırmızı-qırmızı soruşdu.(M.İ.)

Nəcəf, nə mənə əyri-əyri baxırsan? (M.İ.)

Salman yastı-yastı güldü.(M.İ.)
– misallarındakı qırmızı-qırmızı, əyri-əyri, yastı-yastı sözləri işin icra tərzi ilə yanaşı, subyektin də hal-vəziyyətini bildirir.

Torpaq deyər, əz məni, əzizləyim səni, yəni mənə yaxşı bax. Pis baxsan, xar eləyərəm səni (M.İ.)
– cümlələrində isə yaxşıpis sözləri hərəkətin keyfiyyətini bildirir.

Tərz zərfləri quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

Sadə tərz zərfləri zərfin ən tipik növüdür. «Hərəkətin əlamətini bildirir» ifadəsi sadə tərz zərfləri üçün daha xarakterikdir. Dildə başqa nitq hissələri, xüsusən sifətlə qarışmayan və həqiqi mənada tərz zərfi kimi fəaliyyət göstərən bir sıra sözlər var. Bura cəld, asta, dürüst, sərrast, yavaş, yeyin və s. kimi sözlər daxildir. Bu sözlər tələffüz edilərkən ilk növbədə hal-hərəkət bildirən sözlər – fellər yada düşür. Əgər bunlardan sonra isim yada düşürsə, nəzərə almaq lazımdır ki, arada fel düşmüşdür. Məsələn, cəld adam deyilirsə, həmin birləşmə cəld tərpənən adam birləşməsinin ixtisar şəklidir; dürüst adam, sərrast adam birləşmələri də belədir.

Qalan hallarda sadə zərflər fel qarşısına düşən, yəni adverbiallaşan sifətlərlə qarışır və adverbial sifətlər zərf hesab olunur. Məs.:
Amerika, yaxşı dinlə bu qatarın ilk səsini! (S.V.)

Qubad Mərcan xaladan bərk incimişdi. (Ə.Ə.)

Bunları sifətin adverbiallaşması kimi anlamaq daha doğru olar. Yaxşı, gözəl, bərk, pis, əla, ağır, qəşəng tipli sözlər belələrindəndir.

Düzəltmə tərz zərfləri isim, sifət, say, əvəzlik və zərflərdən sözdüzəldici şəkilçilər vasitəsilə yaranır. Əksəriyyət etibarilə qeyri-məhsuldar olan zərf düzəldən şəkilçilərin az bir qismi məhsuldardır.

Tərz zərfləri aşağıdakı sözdüzəldici şəkilçilər vasitəsilə düzəlir:

-la,-lə şəkilçisi. Bu şəkilçi ilə qoşmasının şəkilçiləşmiş formasıdır. Konkret isimlərə artırıldıqda yenə də qoşma funksiyasını saxlayır; məs.:
Qələmlə yazdım.
Traktorla şumladım.
Bıçaqla kəsdim. 
Tramvayla getdim.
Həsənlə danışdım
və s.

Yalnız mücərrəd isimlərə artırıldıqda hərəkətin necə, nə halda, nə tərzdə icra olunduğunu bildirən zərflər düzəldir; məs.:
İşlər yaxşı olacaq, -deyə, mehribanlıqla gülümsədi.(İ.Ə.)

Mən neyləyirəm ki? – deyə oğlan təəccüblə soruşdu.(İ.Ə.)

Kamandar bu sözə xitam vermək üçün ötkəm bir ahənglə dedi. (İ.M.)

Dolu sinəsi həyəcanla endi-qalxdı. (Elçin)

Məryəm ana özünü güclə səhradakı bu tənha ağaca yetirdi. (Elçin)

Baba Keşiş diqqətlə qulaq asdı və Məryəm yuxusunu danışıb qurtardı. (Elçin)

Qəmərbanu ömründə hiss etmədiyi bir sevinclə gözləyirdi. (Elçin)

Qısır qarı dünyanın quşlarına həsədlə baxırdı. (Elçin)

Mirzə Salman daxili bir razılıqla otaqdan çıxdı.(Elçin)

Məmi babasının əməllərini minnətdarlıqla xatırladı. (İ.M.)

Səbirsizliklə göylərə baxan təkcə Rüstəm kişi deyildi. (M.İ.)

Nəcəf yonma daş kimi möhkəm bədənini sevinclə düzəltdi. (M.İ.)

-dan,-dən şəkilçisi. Əvvəlki şəkilçidən fərqli olaraq, bu şəkiçi az da olsa, müxtəlif nitq hissələrindən zərf düzəldir; məs.:
İsimlərdən: ürəkdən, qəlbdən;
Sifətdən: bərkdən, ucadan;
Saydan: birdən;
Zərfdən: astadan, yavaşdan və s.
Məs.:
Səhranın qumuna bulaşmış çağa bərkdən qışqırdı. (Elçin) 

Birdən Qəmərbanunun ağlına gəldi ki, Mahmudu ayıltmaq lazımdır. (Elçin)

Ələm yumruğunu ağzına dirəyib iki dəfə astadan ösgürdü. (İ.M.)

Şirzad birdən cavab vermədi, fikirləşdi və yavaş-yavaş dedi. (M.İ.)

Hamı susdu, yalnız Yarməmməd ucadan təsdiq etdi. (M.İ.)

Qara Kərəm oğlu birdən qışqırdı.(M.İ.)

Birdən o, indiyə qədər ərə getmədiyinə sevindi.(İ.Ə.)

Şikəstə başladı təzədən ət doğramağa.(İ.M.)

-casına,-cəsinə şəkilçisi. Bu şəkilçi isimlərdən, sifətlərdən və zərflərdən hərəkətin tərzini bildirən zərflər düzəldir.
İsimlərdən: xilaskarcasına, filosofcasına, dərvişcəsinə, uşaqcasına;
Sifətlərdən: fədakarcasına, yaxşıcasına, amansızcasına, vəhşicəsinə, dəlicəsinə, arxayıncasına;
Zərflərdən: sakitcəsinə, yavaşcasına.

Birinci dəfə olaraq, Yarməmmədin gözlərinin maymaqcasına yumulub-açıldığına diqqət yetirdi.(M.İ.)

Rüstəm kişi əlini etinasızcasına yana çəkdi. (M.İ.)

-ca,-cə şəkilçisi. 
Balaca elektrik lampası ilə zəifcə işıqlanmış tövlənin aşağı tərəfində iki cavan oğlan pıqqıldayıb güldülər.(İ.Ə.)

Başı yüngülcə gicəllənirdi və Tanrıqulu bu baş gicəllənməsindən ləzzət ala-ala özü özü ilə zarafat eləyirdi. (İ.M.)

Ceyran kənizləri ehmalca kənar etdi.(Elçin)

O, şam ağacının dibinə yatıb bu müddət ərzində gizlicə çılpaq Ceyrana baxmışdı.(Elçin)

Bağlamanı ehmallıca yun şalın altından götürdü. (Elçin)

Qız sakitcə cavab verdi. (İ.Ə.)

Mikola yavaşca soruşdu.(İ.Ə.)

Zəifcə, yüngülcə, ehmalca, gizlicə, sakitcə, yavaşca sözlərinin kökü sifət (zəif, yüngül, gizli) və zərflərdən (ehmal, sakit, yavaş) ibarətdir. Sözün kökü ilə -ca,-cə şəkilçili forma arasında, az da olsa, məna fərqi var. Sözlərin kökünə nisbətən, -ca,-cə şəkilçili formada adverbiallıq güclüdür. Sözlərin kökləri əksərən həm sifət, həm də zərf kimi çıxış edə bildiyi halda, -ca,-cə şəkilçili formada adverbiallıq üstündür və bu cür sözlər əksərən zərf kimi özünü göstərir. Lakin bir çoxunda məna fərqi çox azdır. Görünür, bu şəkilçi sifətlərin tədricən zərfləşməsinə xidmət edən vasitə kimi inkişaf etməkdədir. Bunu aşağıdakı misallar da göstərir:
Şahlar usdufca başını kənara çəkdi.(İ.Ə.)

Sofi paltarını qurutmağa macal tapmadı, təkcə ocağın işığında gizlicə məktub yaza bildi. (Elçin)

Adına layiq işıqlı bir şey vardısa, o da təzəcə salınmış yaşıl rəngli qapısı idi.(M.İ.)

Elə buradan başla, Rüstəm dayını bir yaxşıca təriflə.(M.İ.)

Neçə müddət idi ki, beləcə köçəri həyat sürürdülər, beləcə gizlənə-gizlənə dinsiz nəfəsindən qaçırdılar.(Elçin)

Qısır Qarı da beləcə başını girləyir. (Elçin)

Aşağıdakı şəkilçilər qeyri-məhsuldar olub, cəmi bir neçə sözdən (bəzən yalnız bir sözdən) zərf düzəldir.

-akı,-əki şəkilçisi; Bu şəkilçi yançəp sözlərinə artırılaraq hərəkətin vəziyyətini bildirən yanakı, çəpəki sözlərini əmələ gətirir:
Oğlan qaranlıqda təəccüblə yanakı ona baxdı.(İ.Ə.)

-yana, -anə şəkilçisi; Bu şəkilçi ilə isim və sifətlərdən tərz bildirən mərdana, uşaqyana, şairanə, adamyana zərfləri düzəlir. Məs.:
Qız bu ani baxışı hiss etməyərək, zarafatyana bir ifadə ilə: «Təqsir sizdədir», - dedi.(İ.Ə.)

-dıqca,-dikcə şəkilçisi. Bu şəkilçi əslən feli bağlama şəkilçisidir; məs.:
At getdikcə qadın Ələkbərə daha çox qısılırdı (M.C.)
– cümləsində feli bağlamadır.
Bu fikir getdikcə aydınlaşır və ona həqiqət kimi görünməyə başlayırdı (M.İ.)
– cümləsində öz funksiyasını itirərək, tədricən mənasında zərfləşmişdir.

-lıqda,-likdə şəkilçisi:
İşləri sizlə birlikdə düzəldəcəyik.(İ.Ə.)

Tələsik, yanaşı, sevincək sözləri də -ik,-aşı, -cək şəkiilçili düzəltmə zərf hesab oluna bilər:
O, tələsiksevincək dedi.

Mürəkkəb tərz zərfləri düzəltmə zərflərə nisbətən daha çox inkişaf etmişdir və bir sıra mürəkkəb zərf formaları öz məhsuldarlığı ilə diqqəti cəlb edir.

1. Mürəkkəb tərz zərfləri daha çox eyni sözün təkrarı ilə yaranır, müxtəlif nitq hissələrinin təkrarı əsasında düzəlir.

İsimlərin təkrarı ilə: maddə-maddə (saydım), damcı-damcı (töküldü), addım-addım (yaxınlaşdı), qapı-qapı (gəzdim), qurtum-qurtum (içdim) və s.

Sifətlərin təkrarı ilə: yaxşı-yaxşı (yedi), arxayın-arxayın (danışdı), şirin-şirin (söhbət etdi), bərk-bərk (yapışdı), mənalı-mənalı (baxdı), yanıqlı-yanıqlı (dilləndi), acıqlı-acıqlı (cavab verdi) və s.

Sayların təkrarı ilə: bir-bir (getdilər), iki-iki (gəldilər), üç-üç (düzüldülər), çox-çox (görünürlər) və s.

Zərflərin təkrarı ilə: tez-tez (görüşürlər), yavaş-yavaş (yeriyirlər), asta-asta (addımlayırlar), ehmal-ehmal (söhbət edirlər) və s.

Təqlidi sözlərdən: şır-şır (şırıldayırdı), üşüm-üşüm (üşüdü), xısın-xısın (danışdı), əsim-əsim (əsdi), maddım-maddım (baxdı) və s.

Misallar:
Qonşu otaqda yatan atasının nəfəsini eşitdikcə yavaş-yavaş özünə gəlməyə başladı. (Elçin)

Məryəm o bürkülü yayın sübh çağında üşüm-üşüm üşüdü. (Elçin)

Qəmərbanunun özündən də gizlətdiyi eşqinə gizli-gizli qəzəllər yazardı.(Elçin)

Lap kefin istəyən kişidir, - deyə xısın-xısın pıçıldadı. (Elçin)

Hamı xımır-xımır yeyirdi. (İ.M.)

Qafar Vələdə tərs-tərs baxdı. (İ.M.)

Bəbir yavaş-yavaş Sadaya doğru getdi. (İ.M.)

Son vaxtlar sinəsi xış-xış xışıldayırdı.(İ.M.)

Çamadanın içində məktublar çin-çin yığılmışdı. (İ.M.)

Tar yarımlal dili ilə Şikəstənin qulağına asta-asta nəsə pıçıldayırdı. (İ.M.)

Saday pərt-pərt onun əlini silkələdi. (İ.M.)

Öskürək içini gör-gör göynədirdi.(İ.M.)

Qönçənin bədəni uçum-uçum uçundu.(İ.M.)

Qənirə ərinə bərk-bərk tapşırmışdı ki, Yaşılxan törəmələri ilə kəlmə kəsməsin. (İ.M.)

Məmi nəzərlərini sədrin burnunun üstündəki çopurlara zilləyib incik-incik soruşdu. (İ.M.)

Qırış xətləri, elə bil, bir-bir xəncərlə cızılıb.(Elçin)

Həmin bu qapının qabağında üç gənc durub şirin-şirin söhbət edirdi.(M.İ.)

2.Mürəkkəb tərz zərfləri eyni sözün ba,bə bitişdiricisi ilə birləşməsi yolu ilə düzəlir; məs.:
Evə gələn kimi, görəcəksən qapı-pəncərəni açıb qoydu taybatay. (İ.Ə.)

Bu xain dünya ilə Ziyad xan təkbətək qaldı. (Elçin)

Ziyad xan hiss etdi ki, indi üzbəüz oturduqları bu əziz adamla, əslində, tamam yadlaşıblar. (Elçin)

Yazılsa nöqtəbənöqtə, deyilsə hərfbəhərf, Qurtarmaz həşrə qədər halü macərası gülün. (Natəvan)

Onda görürsən yıxılıb yanbayan Bir neçə növrəsdə cavan laybalay. (S.)

3. Yanaşma-uzlaşma əlaqəli ismi birləşmələrin mürəkkəb sözə çevrilməsi yolu ilə: gözaltı, gözucu, addımbaşı, əlüstü, dilucu və s.; məs.:
Müqəddəs Məryəm ayaqyalın, başıaçıq səhra ilə qaçırdı. (Elçin)

Nəcəf və Şirzad dilucu «Pis olmaz» dedilər. (M.İ.)

Rüstəm kişi dodaqucu və etinasızcasına: -Yaxşı, keç əyləş, Mıxməmməd olma! – dedi.(M.İ.)

O, əlaltı öz işini görürdü.

4. Eyni və ya əks mənalı, birincisi çıxışlıq, ikincisi yönlük halda olan sözlərin birləşməsindən ibarət olur:
Qız gəlib döşəkçənin üstündə oturaraq altdan-yuxarı oğlana baxıb soruşdu. (İ.Ə.)

Tanrıqulunun ağlına gələn birdən-birə onun da ağlına gəldi.(İ.M.)

Yaz gələndən sonra birdən-birə hər şey dəyişdi. (Elçin)

Sevdimalı lümə xoruz kimi altdan-yuxarı ona baxdı.(İ.Ə.)

İttihad əmrinə dair danışırsızmı barı?
- Danışır bir paramız, leyk boğazdan-yuxarı. (S.)

5. Feli bağlamanın zərfləşməsi yolu ilə:
Adamlar artırmadan enəndə istər-istəməz Şikəstəgilin kürsülü evinə tərəf baxırdılar.(İ.M.)

İstər-istəməz ayağa qalxdı, yola düzəldi.

6. Bu, o sözləri ilə cür sözünün birləşməsi yolu ilə:
O heç vaxt bu cür sevinməmişdi, bu cür gülməmişdi. (Elçin)

7. Yaxın mənalı sözlərin birləşməsi ilə:
Svarşik Siracın səssiz-səmirsiz kölgə kimi içəri girdiyini Ələm gördü. (İ.M.)

Bütün bunlar tək-tənha çöllərdə gəzəndə başlayırdı. (Elçin)

Çoxdan dən düşmüş uzun saçları, adda-budda ağarmış saqqalı var idi. (Elçin)

Get-gedə bu hiss başqa bir hisslə əvəz olundu. (Elçin)

Bibimlə Mərcan xala yorğun-arğın yatırdılar. (Ə.Ə.)

Bütün uşaqlar doğularkən bir səs çıxardıqları halda, o elə belə, sakitcə, dinməz-söyləməz dünyaya gəlmişdi. Zor-güc özlərini şəhərə çatdırdılar.

8. Eyni sözün əvvəl adlıq, sonra yönlük halda işlənməsi ilə:
Hər gün üzünə gülüb, qabaq-qabağa çay içdiyi müdirinin «əksinqilabi hərəkətlərindən» yazdı. (M.İ.)

Rüstəm kişi ilə Şərəfoğlu yuxarı başda yan-yana oturmaq istəyirdilər. (M.İ.)

Anabala buxarı qabağında üz-üzə oturmuşdular.

Bunlardan əlavə, alt sözünün çıxışlıq halda təkrarı ilə (altdan-altdan şəklində), nahaq, boş, əbəs tipli sözlərin yönlük halda yer sözünə yanaşması ilə (nahaq yerə, boş yerə, əbəs yerə) düzələn və nəhayət, öz-özünə, başdansovdu, qeyri-ixtiyari, xoş-naxoş tipli sözlərdən ibarət olan mürəkkəb tərz zərfləri də var.

NÖVBƏTİ
ƏVVƏLİ