MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

HAL VƏ MƏNSUBİYYƏT ŞƏKİLÇİLİ İSİMLƏRDƏ SƏSDÜŞÜMÜ
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

HAL VƏ MƏNSUBİYYƏT ŞƏKİLÇİLİ İSİMLƏRDƏ SƏSDÜŞÜMÜ

İkihecalı, sonu samitlə bitən bir sıra alınma isimlər həm mənsubiyyət, həm də hal şəkilçilərini (yiyəlik, yönlük və təsirlik halların şəkilçilərini) qəbul edərkən söz kökünün ikinci hecasının saiti düşür.

Mənsubiyyət şəkilçisi qəbul edərkən:

sinif
sinfim
sinfin
sinfi
sinfimiz
sinfiniz
sinfi

ömür
ömrüm
ömrün
ömrü
ömrümüz
ömrünüz
ömrü

fikir
fikrim
fikrin
fikri
fikrimiz
fikriniz
fikri

Hallanarkən:

sinif
sinfin
sinfə
sinfi
sinifdə
sinifdən

ömür
ömrün
ömrə
ömrü
ömürdə
ömürdən

fikir
fikrin
fikrə
fikri
fikirdə
fikirdən


Xalis Azərbaycan sözlərində yalnız mənsubiyyət şəkilçisi qəbul edərkən səsdüşümü olur; məsələn: ağız, burun, boyun, könül, qarın belə sözlərdəndir.

ağız
ağzım
ağzın
ağzı
ağzımız
ağzınız
ağzı

burun
burnum
burnun
burnu
burnumuz
burnunuz
burnu

könül
könlüm
könlün
könlü
könlümüz
könlünüz
könlü

boyun
boynum
boynun
boynu
boynumuz
boynunuz
boynu

Bu cür sözlərə yiyəlik, yönlük, təsirlik halların şəkilçilərini artırdıqda səsdüşümü olmaz. Bu hal ondan irəli gəlir ki, Azərbaycan dilinin özünə məxsus sözlərdə ikinci saitin mövqeyi alınmalardakı eyni hecanın saitinə nisbətən güclüdür, həmin sait dilin qanununa əsasən mövcuddur. Alınmalarda isə ikinci sait protetik olduğu üçün hər iki halda düşür. Xalis Azərbaycan sözlərində ikinci hecanın saiti buraxılsa, hal və mənsubiyyət mənaları qarışar. Məsələn, yiyəlik halda burunun əvəzinə burnun deyilsə, söz «sənin burnun» kimi anlaşılar. Dildə bu hal var. Saitlə bitən isimlərlə onların mənsubiyyət şəkilçili forması hallanarkən oxşar forma alır:

ata
ata-nın
ata-ya
ata-nı
ata-da
ata-dan

ata-n (sənin ata-n)
ata-n-ın
ata-n-a
ata-n-ı
ata-n-da
ata-n-dan