Sözdüzəldici şəkilçilərin müxtəlif nitq hissələrinə, xüsusilə adlara artırılması ilə düzəltmə fellər əmələ gəlir. Hal və hərəkət məzmunlu yeni sözlərin yaranması üçün sözdüzəldici şəkilçilərdən istifadə edilir.
Düzəltmə fellər əsasən adlardan - isim, sifət, say və təqlidi sözlərdən, bəzən də əvəzlik və zərflərdən əmələ gəlir. Təqlidi sözlər düzəltmə fel üçün daha çox material verir. Fellərdən fel düzəldən bir sıra şəkilçilər də var.
-la, -lə şəkilçisi. Bu şəkilçi məhsuldar şəkilçidir. İsim, sifət, say, əvəzlik, zərf, nida və təqlidi sözlərdən fel düzəldir. Artırıldığı sözün mənasından asılı olaraq düzəltdiyi sözlərin bir qismi təsirli, bir qismi təsirsiz fel olur. Məsələn, naxoş, arıq tipli sözlər -la, lə şəkilçisini qəbul etdikdə obyekt tələb olunmur və təsirsiz fel yaranır: naxoşlamaq, arıqlamaq. Ov, ləkə, güllə tipli sözlərə artırıldıqda, obyekt tələb olunur və təsirli fel yaranır: ovlamaq, ləkələmək, güllələmək.
İsimlərdən: sazlamaq, düzləmək, yarpaqlamaq, tumurcuqlamaq, işləmək, belləmək, daşlamaq, şüşələmək, çəpərləmək, gölləmək və s.
Bu şəkilçi bədən üzvlərinin, demək olar ki, hamısının adından fel düzəldə bilir: başlamaq, saçlamaq, boyunlamaq, boğazlamaq, burunlamaq, üzləmək, gözləmək, dillə(n)mək, dişləmək, ağızlamaq, qulaqlamaq, döşləmək, qollamaq. dirsəkləmək, əlləmək, barmaqlamaq, dırnaqlamaq, yanlamaq, qarınlamaq, içləmək, paçalamaq, dizləmək, ayaqlamaq...
Sifətlərdən: pisləmək, murdarlamaq, qaralamaq, təzələmək, ağlamaq, qırmızılamaq, zəifləmək, hamarlamaq, durulamaq və s.
Saylardan: üçləmək, beşləmək, cütləmək.
Əvəzlikdən: özləmək.
Zərflərdən: irəliləmək, geriləmək.
Təqlidi sözlərdən: partlamaq, üfləmək, ulamaq.
Nidalardan: pəhpəhləmək, afərinləmək.
Vokativlərdən: mələmək, düdüləmək, dəhləmək.
-lan, -lən şəkilçisi. Bu şəkilçi isim və sifətlərdən əşyanın müəyyən vəziyyət kəsb etdiyini bildirən fellər düzəldir. Məs.:
İsimlərdən: alovlanmaq, dillənmək, ağıllanmaq, təəccüblənmək, təəssüflənmək, maariflənmək, sürətlənmək, güclənmək, güzgülənmək, qəzəblənmək, heyrətlənmək, nurlanmaq və s.
Sifətlərdən: xəstələnmək, avaralanmaq, genişlənmək, kifirlənmək və s.
Buşəkilçi -la,-lə şəkilçisinə qayıdış növün -(ı)n şəkilçisinin daşlaşması ilə yaranmışdır. Ona görə də bu şəkilçi ilə düzələn fellər təsirsiz olur.
Qeyd. Bəzən -la,-lə şəkilçisindən sonra qayıdış növün -n şəkilçisi işlənir və nəticədə bu iki şəkilçi ilə -lan,-lən şəkilçisi oxşar forma alır. -la,-lə+n şəkilçisi ilə -lan, -lən şəkilçisini fərqləndirmək üçün inkarlıq və məsdər şəkilçilərindən istifadə etmək olar. İnkarlıq və məsdər şəkilçiləri -n ünsüründən əvvəl işlənə bildikdə sözdə iki şəkilçi (la+n), işlənə bilmədikdə bir şəkilçi (-lan,-lən) olur. Məs.: alovlandı, dilləndi sözlərini Alovlamaq, alovlamamaq, dilləmək, dilləməmək şəklində işlətmək olmaz, bu sözlərdə -lan,-lən fel düzəldən şəkilçidir. Başlandı, işləndi sözlərini başlamaq, işləmək, başlamamaq, işləməmək şəkillərində işlətmək olur. Sözdə -la,-lə fel düzəldən,-n isə növ şəkilçisidir.
-laş,-ləş şəkilçisi. Bu şəkilçi isim, sifət, say və zərflərdən fel düzəldir.
İsimlərdən: dərdləşmək, sözləşmək, insanlaşmaq, avtomatlaşmaq, sənayeləşmək, kristallaşmaq, vidalaşmaq, sözləşmək, məktublaşmaq, fikirləşmək, köməkləşmək və s.
Sifətlərdən: yaxşılaşmaq, fəallaşmaq, durğunlaşmaq, arxayınlaşmaq, qalınlaşmaq, bədbinləşmək, qartlaşmaq, dostlaşmaq, qızğınlaşmaq , iriləşmək və s.
Saylardan: birləşmək, çoxlaşmaq.
Zərflərdən: tezləşmək.
Bu şəkilçi də -la,-lə şəkilçisinə -(ı)ş növ şəkilçisinin daşlaşması ilə yaranmışdır. -ış şəkilçisinin qarşılıq növ mənasının hələ tam sabitləşmədiyi qədim dövrlərdə bu şəkilçi qayıdış növ mənasına xidmət etmişdir. Odur ki bu şəkilçi ilə düzələn fellərin bir qismində qayıdış növ mənası, bir qismində işin qarşılıqlı icrası mənası olur.
Qayıdış növ mənalı fellər: kristallaşmaq, arxayınlaşmaq, fəallaşmaq, qartlaşmaq, fikirləşmək;
Qarşılıq növ mənalı fellər: vidalaşmaq, sözləşmək, məktublaşmaq, birləşmək və s.
-laş,-ləş şəkilçisi ilə düzələn fellər təsirsiz olur.
Qeyd. -la,-lə şəkilçili düzəltmə fellərə qarşılıq növün şəkilçisini artırdıqda -laş,-ləş şəkilçili düzəltmə fellərlə oxşar forma alınır. Fel düzəldən -la,-lə və növ şəkilçisi kimi işlənən -ş şəkilçisini -laş,-ləş şəkilçisindən fərqləndirmək üçün yuxarıdakı qayda ilə inkarlıq və məsdər şəkilçilərindən istifadə etmək olar:
Avtomatlaşmaq – avtomatlamaq, avtomatlamamaq demək olmaz.
Qarşılaşmaq sözünü qarşılamaq, qarşılamamaq şəklində də işlətmək olar. Birinci sözdə bir, ikinci sözdə iki şəkilçi var.
-al,-əl,-l şəkilçisi. Bu şəkilçi əksərən sifətlərdən, bəzən də isim və saylardan əşyanın müəyyən əlamət, keyfiyyət, kəmiyyət kəsb etmiş olduğunu göstərən fellər düzəldir. Məhsuldar şəkilçidir.
Sifətlərdən (söz kökü saitlə bitdikdə şəkilçinin saiti düşür): gicəlmək, qısalmaq, dikəlmək, dirilmək, düzəlmək, genəlmək, incəlmək, boşalmaq, sağalmaq, qocalmaq, ucalmaq, kökəlmək, yekəlmək, köhnəlmək, daralmaq, saralmaq, qaralmaq və s.
Saylardan: azalmaq, çoxalmaq və s.
İsimlərdən: yönəlmək.
Qeyd. 1.Saralmaq, qaralmaq sözləri dissimilyasiya nəticəsində saralmaq, qaralmaq şəklinə düşmüşdür. Sözlərin əsli sararmaq, qararmaq şəklində - -ar şəkilçili olmuşdur. 2.Kiçilmək tipli sözlərdə -l şəkilçisi ayrılmır.
-al,-əl şəkilçisi mənşə etibarilə qayıdış növün -ıl şəkiilçisi ilə bir kökdən olduğu üçün onun vasitəsilə düzələn sözlərin hamısında qayıdış növ mənası olur.
-ar,-ər şəkilçisi. İsim və sifətlərdən fel düzəldən bu şəkilçi söz kökünün mənasına müvafiq müəyyən hərəkətin və əlamətin yarandığını bildirir; məs.:
İsimlərdən: otarmaq, suvarmaq, közərmək və s.
Sifətlərdən: ağarmaq, bozarmaq, yaşarmaq və s.
Qeyd. Suvarmaq sözü qədim suv (sub) kökünə -ar şəkilçisinin artırılması ilə düzəlmişdir.
-a,-ə şəkilçisi. Bu şəkilçi ilə düzələn fellər obyektdə dəyişiklik yaradan hərəkəti bildirir.
İsimlərdən: ələmək, qanamaq, sanamaq, gözəmək, diləmək, yaşamaq, dişəmək, bən(i)zəmək, oy(u)namaq və s.
Sifətlərdən: boşamaq.
-ı,-i,-u,-ü şəkilçisi. Məhsuldar olan bu şəkilçi sifətlərdən və isimlərdən artırıldığı sözün mənasına müvafiq əlamətə, keyfiyyətə, əşyaya malik olan fellər düzəldir.
Sifətlərdən: acımaq, turşumaq, bərkimək, təngimək, genimək, nəmimək, bayatımaq, ləngimək, yavaşımaq və s.
İsimlərdən: dadımaq, yerimək, iyimək və s.
-ılda,-ildə,-ulda,-üldə şəkilçisi. Bu şəkilçi vasitəsilə təqlidi sözlərdən saysız fel düzəlir: pıçıldamaq, şaqqıldamaq, cingildəmək, xoruldamaq, donquldanmaq, zingildəmək, taqqıldamaq, nərildəmək, qaqqıldamaq, dınqıldamaq, guruldamaq, vıyıldamaq, şırıldamaq və s.
Nidalardan: ufuldamaq, vayıldamaq və s.
-sa,-sə;-sı; -sın,-sin şəkilçiləri: susamaq, qəribsəmək, tamahsımaq, diksinmək, tamsınmaq.
-imsə,-ümsə şəkilçisi. Qeyri-məhsuldar olub, əvəzlik vəfeldən fel düzəldir: mənimsəmək, gülümsəmək.
-ıq,-ik,-ux,-ük şəkilçisi. Az da olsa, isim, sifət, say, zərf və fellərdən fel düzəldir:
İsimlərdən: yoluxmaq
Sifətlərdən: darıxmaq, şir(i)nikmək
Saylardan: birikmək
Zərflərdən: gecikmək
Fellərdən: sınıxmaq, keyikmək
-an,-ən şəkilçisi. İsimlərdən və təqlidi sözlərdən fel düzəldir: dadanmaq, gücənmək, hıqqanmaq, hoppanmaq.
-xa,-xala,-ğa,-ğala şəkilçisi: çalxamaq – çalxalamaq, ovxamaq – ovxalamaq, çulğamaq – çulğalamaq, yayxamaq – yayxalamaq.
Qeyd. -xa və -la eyni mənanın ifadəçiləri olan şəkilçilərdir.
-xa şəkilçisi arxaikləşməkdə olduğundan onun işləndiyi sözlərə -la şəkilçisi də artırılır: çalxamaq – çalxalamaq, ovxamaq – ovxalamaq, yayxamaq – yayxalamaq və s.
-aş şəkilçisi: yan köməkçi adından yanaşmaq.
-ırğa şəkilçisi: yad ismindən yadırğamaq.
-na,-nə şəkilçisi: vokativlərdən: kişnəmək, qıs felindən qısnamaq.
Aşağıdakı şəkilçilər təsirsiz fellərdən təsirli fel düzəldir:
-t şəkilçisi: oxşamaq – oxşatmaq, əsnəmək – əsnətmək, qocalmaq – qocaltmaq, ucalmaq – ucaltmaq və s.
-ıt, -it,-ut,-üt şəkilçisi: axmaq – axıtmaq, qorxmaq – qorxut-maq, hürkmək – hürkütmək və s.
-ır,-ir,-ur,-ür şəkilçisi: bitmək – bitirmək, qaçmaq – qaçırmaq və s.
-ar,-ər şəkilçisi: qopmaq – qoparmaq, çıxmaq – çıxarmaq və s.
-dır,-dir,-dur,-dür şəkilçisi: gülmək – güldürmək, ölmək – öldürmək və s.
-dar,-dər şəkilçisi: qonmaq – qondarmaq, dönmək – döndərmək və s.
-uz şəkilçisi: udmaq təsirli felindən uduzmaq təsirli felini düzəldir.
Aşağıdakı şəkilçilər təsirli fellərdən təsirsiz fel düzəldir:
-ıl,-il,-ul,-ül şəkilçisi. Bu şəkilçi məchul və qayıdış növ fellər düzəldir; məs.: sərmək – sərilmək, açmaq – açılmaq və s.
-ın,-in,-un,-ün şəkilçisi: döymək – döyünmək, çırpmaq – çırpınmaq və s.
-ış,-iş,-uş,-üş; -aş,-əş şəkilçiləri. Əksərən təsirli, bəzən də təsirsiz fellərdən təsirsiz fellər düzəldir: salamlaşmaq, qarşılaşmaq, vuruşmaq və s.
-xul şəkilçisi: burmaq təsirli felindən burxulmaq təsirsiz felini düzəldir.
Məlumat üçün. Son dövrlərdə təsirlik və növ şəkilçiləri feldən fel düzəldən şəkilçilər kimi verilir. Təsirlik və növ şəkilçiləri bir sistem halında feldən fel düzəldən şəkilçilər kimi verilirsə, o zaman məntiq tələb edir ki, təsirlik və növ anlayışları, təsirlik və növ mənaları fel düzəldicilik sisteminə daxil edilməli, düzəltmə fellərin məna xüsusiyyəti kimi öyrənilməlidir. O zaman adlardan fel düzəldən şəkilçilərdə də bu cür mənalar axtarmaq məntiqi olardı və əslində, mümkündür də. Lakin biz ənənəvi olaraq təsirlik və növ kateqoriyalarını felin müstəqil kateqoriyaları kimi saxlamağı lazım bildik. Odur ki təsirldik və növ şəkilçilərini nisbi feldüzəldicilik əlamətləri kimi yığcam şəkildə xatırladıb, haqqında kateqoriya əlamətləri kimi geniş danışmağı lazım bildik.