Subyektin işə, hərəkətə münasibəti müxtəlif olur. Bəzən subyekt işin icrası haqqında (icra olunub-olunmaması barədə) sadəcə məlumat verir. Məs.: Yaz gəlir. Ağaclar yaşıllaşır. Quşlar doğma yuvalarına qayıdır...
Bəzən subyekt işin icrasını təkid edir, tələb edir:
Oxuyun, bir qızıl kitabam mən,
İnqilab oğlu inqilabam mən.(S.R.)
Bir çəngə üzərlik yandır, ay nənə,
Bu kənd axşamına göz dəyər birdən.(V.B.)
Bəzən də fellərdə işin icrasının vacib və gərəkli olduğu, arzu olunduğu, işin, hərəkətin müəyyən şərtdən asılı olduğu öz ifadəsini tapır. Məs.:
Oxumalısan.
Gərək oxuyasan.
Oxuyasısan.
Əgər oxusan... və s.
Subyektin işə, hərəkətə bu cür münasibəti cümlədə modallığın, yəni danışanın söylədiyi fikrə, obyektiv gerçəkliyə münasibətinin ifadəsinə səbəb olur. Həm də bu cür münasibət morfoloji yolla – feldə xüsusi şəkilçilər vasitəsilə ifadə olunur. Bu isə öz növbəsində fellərin müxtəlif şəkilçilər qəbul edərək dəyişməsinə, müxtəlif formalara, şəkillərə düşməsinə, şəkilləşməsinə səbəb olur.
Subyekt ilə iş, hal, hərəkət arasındakı əlaqə və münasibətin qrammatik yolla fellərdə ifadəsi dildə bir sistem təşkil edir və şəkil kateqoriyasının yaranmasına səbəb olur.
Subyektin gerçəkliyə münasibətini bildirmək üçün fellərin düşdüyü şəkillərə felin şəkilləri deyilir.
Fellərin şəkillər üzrə dəyişməsi onların zaman, şəkil və şəxs şəkilçiləri qəbul edərək dəyişməsi deməkdir.
Fellərin zaman, şəkil, şəxs şəkilçiləri qəbul edərək dəyişməsinə feli təsrif deyilir. Fellərin zaman, şəkil və şəxs şəkilçiləri qəbul edərək dəyişməsi nəticəsində fel şəkilləri yaranır.
Fel şəkillərinin morfoloji əlamətlərinin bir qismi fellərin kökünə və ya əsasına artırılır. Məsələn, zaman şəkilçiləri, -malı, -məli, -ası,-əsi, -a,-a, -ə,-ə, -sa,-sə şəkilçiləri və felin əmr şəklinə məxsus şəxs şəkilçiləri fellərin kökünə, əsasına artırılır; məs.:
yaz-ım,
yaz-ır-am,
yaz-malı-(y)am,
gərək yaz-a-m,
yaz-ası-(y)am,
əgər yaz-sa-m və s.
Bunlar fel şəkillərinin sadəsidir. Sadə fel şəkilləri aşağıdakılardır:
1. Əmr şəkli
2. Xəbər şəkli
3. Vacib şəkli
4. Arzu şəkli
5. Lazım şəkli
6. Şərt şəkli
Qeyd. Əslində, bizim dilçilikdə fel şəkillərinin sayı süni şəkildə artırılmışdır. Felin vacib, arzu, lazım şəkilləri mahiyyət etibarilə bir şəkildə birləşdirilə bilər. Çünki vacib olan iş eyni zamanda lazım olandır və arzu olunandır. İstirahətə gedəcəksənmi? – sualına «Getməliyəm», «Gedəsiyəm», «Gərək gedəm» cavabları çox cüzi çalarla fərqlənir. Şəkilləri əmr, xəbər, vacitb və şərt şəkilləri üzrə qruplaşdırmaq kifayət edərdi. Lakin biz də tədris ənənəsini pozmadıq.
Felin sadə şəkillərinin üzərinə idi, imiş, isə zaman və şərt ədatlarını və ya onların şəkilçiləşmiş formasını (-dı,-di,-du,-dü; mış, -miş, -muş, -müş; -sa,-sə) əlavə etdikdə feli təsrif mürəkkəbləşmiş olur və fel şəkillərinin mürəkkəbi yaranır. Məsələn:
köçürəm, yazıram, baxıram,
köçməliyəm, yazmalıyam, baxmalıyam,
gərək köçəm, gərək yazam, gərək baxam
köçəsiyəm, yazasıyam, baxasıyam
köçsəm, yazsam, baxsam
– felləri xəbər, vacib, arzu və şərt şəkillərinin sadəsi hesab olunur. Əgər bu sözlərin üzərinə idi, imiş, isə və ya onların ixtisar şəklini əlavə etsək, fel şəkillərinin mürəkkəbi yaranmış olacaq:
alırdım, yazırmışam, baxıramsa,
almalıydım, yazmalıymışam, baxmalıyamsa,
gərək ala idim, gərək yaza imişəm və s.
Fel şəkillərinin mürəkkəbinə aşağıdakılar daxildir:
Fel şəkillərinin hekayəsi;
Fel şəkillərinin rəvayəti;
Fel şəkillərinin şərti.