MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

ZAMAN ZƏRFLƏRİ
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

ZAMAN ZƏRFLƏRİ

Zaman zərfləri işin, hərəkətin icra zamanını bildirir və nə zaman? nə vaxt? haçan? suallarına cavab verir.

Məs.:
İndicə-indicə ancaq yetir on bir yaşına,
Ağlı kəsmir, hələ bir körpə uşaqdır uşağım. (S.)
 

İndi o, ümidini Təbrizdən gətiriləcək kitablara bağlamışdı. (Elçin)

Gecə Qəmərbanu tərtəmiz göyə baxdı. (Elçin)

Məryəm tezdən atası kilsəyə gedəndən sonra ev-eşiyi sahmanlayırdı. (Elçin)

Əvvəl Əli dayı ilə məsləhətləş, sonra işə başla.

Zaman zərfləri də, tərz zərfləri kimi, quruluşca fərqlənir, sadə, düzəltmə və mürəkkəb olur.

Sadə zaman zərfləri bir qrup leksik vahiddən ibarətdir və ikinci bir morfemə parçalanmadan dilin lüğət tərkibində sadə sözlər kimi özünə yer tutmuşdur. Buraya: indi, bayaq, dünən, hələ, daim, həmişə, sonra, əvvəl, səhər, axşam, gecə, bildir, sabah, bəzən, tez, gec və s. kimi sözlər daxildir.

Bunların bəziləri (səhər, axşam, gecə və s.) isimlərin adverbiallaşması nəticəsində zərf kimi çıxış edir. Hələ, daim, həmişə, səhər, əvvəl, sabah, bəzən alınmalardan ibarətdir. Tez, gec sözləri də sadə zaman zərfləridir. Lakin bu sözlərdə bəzən tərz mənası da olur.

Sadə zaman zərfləri tərkib daxilinə düşmədikdə cümlədə müstəqil zaman zərfliyi vəzifəsində işlənir. Məs.:
Bayaq yol ilə gedəndə də, gələndə də fikirləşirdim ki, sənin adını niyə Qədir qoyublar? (M.C.)

Dünən bu hadisə onu bərk əsəbiləşdirmişdi. (M.İ.)

Bu saçlar, bu saqqal nə tez ağardı, qocalıq Ziyadı nə tez haqladı? (Elçin)

Sonra evlərinin qənşərindəki bulaq səhradakı o tək xurma ağacının dibindən qaynadı. (Elçin)

İndi bütün bunları kitabdan üz döndərməyi ilə yozurdu. (Elçin)

Qısır Qarı həmişə başını aşağı salardı.(Elçin)

Həmişə heyifsilənirdi ki, Vələdin fironluq elədiyi dövrdə çox cavan olub. (İ.M.)

Mərcan xala haçansa Qubada demişdi ki, səndə bit var. (Ə.Ə.)

Buna görə də qız uzun müddət pəncərə qabağında dayanıb durdu və çox gec yuxuya getdi.(M.İ.)

Vaxtdır, lakin hələ hamı yığışmayıb.(M.İ.) 

Sadə zaman zərfləri ismi xəbərə də aid ola bilir:
Günəş yerə yaxınlaşıb böyümüşdü, amma hava hələ bürkülü idi. (İ.M.)

İndi, bacıqızı, onun sözü olmasın, əvvəl təam, sonra kəlam. (İ.Ə.)

Qeyd. Tez, gec sözləri zaman zərfləri olsa da, bəzən tərz zərfi kimi necə? sualına cavab verir. Məs.:
Əhməd tez yeriyir – cümləsi ilə Əhməd tez yaşa doldu – cümlələrindəki tez sözlərini fərqləndirmək olar. Əvvəlki cümlədə «cəld, iti» mənası, sonrakı cümlədə «vaxtından əvvəl» mənası var.

Düzəltmə zaman zərfləri. Zaman zərflərinin bir qismi quruluşca düzəltmədir.

Zaman zərfi düzəldən şəkilçilər az və qeyri-məhsuldar olub, digər məna növlərinə xidmət edən şəkilçilərdən ibarətdir. Aşağıdakı şəkilçiləri qeyd etmək olar:

-dan şəkilçisi. Bu şəkilçi zaman bildirən tez, bayaq, sonra, əvvəl, qabaqca sözlərindən tezdən, bayaqdan, sonradan, əvvəldən, qabaqcadan, əvvəlcədən kimi bir sıra zaman zərfləri düzəldir; məs.:
Əvvəldən bilsəydim, verməzdim pulu. (Ü.H.)

Qabaqcadan nəs gətirməzlər. Hərdən Məryəmə elə gəlirdi ki, müqəddəs Məryəm onun özüdür.(Elçin)

İndidən başımızın altına yastıq qoymağın xeyiri yox, zərəri var.(M.İ.)

Çoxdan dən düşmüş uzun saqqalı vardı.(Elçin)

O bu ağrını çoxdan ürəyində gəzdirirdi.(Elçin)

Hərdən onun gözləri göyə sataşırdı.(Elçin)

Hərdən səhər tezdən yuxudan oyananda kimsəsiz daxmasının pəncərəsindən göyə baxardı. (Elçin)

Aran torpağı əzəl binadan mal-qaranın, qoyun-quzunun otlaq yeri olub.(İ.M.)

Obaşdannan çölə getməliyik,- dedi.(İ.M.)

Salman çoxdan Pərşanı özününkü bilirdi.(M.İ.)

İndidən özünü belə çəkir, stolun dalına keçəndə hökmünün qabağında durmaq olmaz.(M.İ.)

Bu şəkilçi qeyri-müəyyənlik bildirən çox sayından və hər əvəzliyindən də zaman zərfi düzəldir: çoxdan, hərdən.

-liklə,-likdə şəkilçisi. Bu şəkilçi tez, təzə, indi tipli sözlərdən zaman zərfi düzəldir: tezliklə, təzəliklə, indilikdə, tezlikdə və s. Məs.:
Hərgah üz görsəydim, bu tezlikdə qayıtmazdım. (Ə.V.)

İndilikdə hələ burada qalın, sonrasına baxarıq.

-da şəkilçisi. Bu şəkilçi o işarə əvəzliyindən onda zərfini düzəldir. Onda sözü həm zərf, həm də modal söz kimi işlənir:
Onda (o zaman) mən kənddə yaşayırdım.

Onda (elə isə) mən getmirəm.

Onda bəs nə üçün Qəmərbanunun özünün bədbəxtliyi köməyə gəlmirdi? (Elçin)
– cümlələrindən birincisində zaman zərfi, sonrakılarda modal sözdür.

-lik şəkilçisi. Bu şəkilçi zaman mənalı indi, hələ, həmişə, daim tipli sözlərdən zaman zərfləri düzəldir: indilik, hələlik, həmişəlik, daimilik və s.:
Hələlik bir yanda qalsın bu sual. (S.V.)

Hələlik ağzın isti yerdədir. (Ə.V.)

İndilik mənim konkret təkliflərim var. (Ə.V.)

Sadə zaman zərflərinin bir qisminə dildə -lar,-lər,-ları, -ləri şəkilçiləri artırılır. Bu şəkilçilər olmadıqda zaman zərfi konkret məna ifadə edir; məs.: Səhər getdim, axşam qayıtdım. Lakin həmin şəkilçilər zərflərin mənasına bir ümumilik və qeyri-müəyyənlik çaları əlavə edir. Odur ki onları da düzəltmə zaman zərfləri saymaq olar; məs.: axşamlar, səhərlər, indilər, gecələr, sonralar, əvvəllər və s.
Əvvəlləri Balaş Bakıda olanda bankın faytonu səhərdən axşamacan məni gəzdirirdi. (C.C.)

Əvvəllər – axırıncı yazdan əvvəl – suallar çox olurdu.(Elçin)

Bəs bu gözlər əvvəllər hara baxırdı? (Elçin)

Tanrıqulu gecələr idarəyə qarovul çəkirdi.(İ.M.)

Səhərlər bizim söhbətimiz çox vaxt bundan başlanırdı. (Ə.Ə.) 

Ön şəkilçili alınma dərhal sözünü də düzəltmə saymaq olar:
Dərhal ikinci kibriti alışdırır, Rüstəm kişinin çubuğu doldurub-qurtarmasını gözləyirdi.(M.İ.)

-ca,cə şəkilçisi. Əvvəlcə, indicə, yenicə, təzəcə, təkcə, yüngülcə, gizlincə tipli sözlərdə vurğulu -ca,-cə şəkilçisi adverbiallıq yaradan şəkilçidir. Bu şəkilçinin mühüm xüsusiyyəti ondan ibarətdir ki, sözün mənasında ciddi dəyişiklik yarada bilmir (müqayisə et: indi – indicə, yüngül – yüngülcə, əvvəl – əvvəlcə, gizli –gizlicə və s.), lakin sözlərə adverbial keyfiyyət verir, sanki təkcə tərz zərflərinə deyil, zərfin digər məna növlərinə də artırılmaqla adverbiallıq yaratma istiqamətində inkişaf edir. Məs.:

Yenicə cisminə düşüb vəlvələ, Təzəcə dəyənək alıbsan ələ. (V.)

Əvvəlcə gedib atasını durquzmaq istədi. (Elçin)

Vələd indicə dediklərini bərkdən təkrar elədi.(İ.M.)

Bax indicə Şirzad da, Nəcəf də, mən də onu deyirdik.(M.İ.)

Sofi indicə yun şalın altında gizlətdiyi bağlamaya baxdı.(Elçin)

Keçəlin başında lap təzəcə qoyun qarnı var idi.(Elçin)

Mahmud qorxdu ki, indicə qaça-qaça gedib o çadıra girəcək.(Elçin)

Əvvəlcə Miko, sonra da Şah daxil oldular.(İ.Ə.)

Mürəkkəb zaman zərfləri aşağıdakı hallarda düzəlir:

1. Zaman mənalı sözlərin təkrarı ilə: indi-indi, əvvəl-əvvəl, səhər-səhər, axşam-axşam, tez-tez, yenicə-yenicə, indiicəindicə və s.

Əvvəl-əvvəl girərəm onun qılığına.(C.C.)

Səhər-səhər gül, A saçı sünbül! (S.V.)

İndicə-indicə kişi özünü düzəldirdi ki, bu yandan da onu geri çağırdılar.(«Kirpi»)

Onların nəzərləri tez-tez divarları qar kimi ağaran ikimərtəbəli idarəyə tuşlanırdı. (M.İ.)

Lakin həmişəki kimi, onun qalstuku tez-tez sürüşüb yana qaçırdı.(M.İ.)

2. Zaman bildirən əks mənalı sözlərin birləşməsi ilə: gec-tez, tez-gec, səhər-axşam, axşam-səhər, bugün-sabah, əvvəlaxır, gecə-gündüz və s. 
Gecə-gündüz yaş tökülür gözlərinin qarasından.(S.V.)

Əvvəl-axır işin üstü açılacaq.(Ə.V.)

İndi olmasın, on dəqiqədən sonra olsun – gec-tez Bəbir yemək istəyəcək.(İ.M.)

Rüstəm kişi səhər-axşam gözünü göylərə tutaraq, havaların açılmasını gözləyirdi.(M.İ.)

Əbülqasım iki gün gecə-gündüz dilinə su vurmadı. (Elçin)

Qəmərbanu gecə-gündüz alma ağacının yanında oldu. (Elçin)

3. Zaman mənalı sözlərin çıxışlıq və yönlük halda işlənməsi ilə: Gündən-günə, haçandan-haçana, sonradan-sonraya və s.:
Kişi haçandan-haçana başa düşdü ki, səhv eləyib.(Ə.V.) 

Qarışıq mallar mağazası axşamdan-axşama açılırdı.(İ.M.)

4. Bu, o, bir, hər, heç, neçə sözlərinin an, vaxt, saat, zaman, müddət və s. sözlərlə birləşməsi yolu ilə: bu an, bu saat, bu vaxt, o gün, o saat, hər an, hər gün, hər saat, hər vaxt, heç vaxt, bir zaman, bir vaxt, bir an, bir dəfə, bir müddət, neçə gün və s. Məs.:
Mollalar, taleyimiz oldu əcəb yar bu gün.(S.)

Elə bu anda birdən Şaqqıltıyla meşədən Çıxdı bir sürü maral.(M.S)

Bir dəfə mollanın eşşəyini oğurlayırlar. («Lətifələr»dən)

Bir müddət heç nə başa düşə bilmədi.(Elçin)


Baba Keşiş heç vaxt yalan demirdi.(Elçin)

Məryəm burasını bilmirdi ki, mərhum anası hər gün atası ilə söhbət edirdi.(Elçin)

Bu vaxt qapı açıldı, Ziyad xan içəri girdi. (Elçin)

Ziyad xanın çox şeydən xəbəri yox idi və yəqin ki, heç vaxt da xəbəri olmayacaqdı.(Elçin)

Qəmərbanu bu dəm Cavanşir xanı xatırlamışdı.(Elçin)

Bəbir indi qışqırar, bir azdan qışqırar. (İ.M.)

O, Əbilin dınqıltısını min dəfə eşitmişdi.(İ.M.)

Bu anda oğlanın gözləri ona dəniz kimi dərin göründü. (İ.Ə.)

Bu saat ən mühüm məsələ heyvanı yaza çıxarmaqdır. (İ.Ə.)

Hissiyyata əsaslanan mülahizələri çox zaman doğru çıxırdı. (M.İ.)

Qeyd. Bu cür zərflərin tərəfləri bəzən müstəqil nitq hissəsi kimi də çıxış edir. Məs.: Bu saat səni axtarırdım – cümləsində bu saat sözləri mürəkkəb zaman zərfi, Bu saat o saatdan yaxşı işləyir – cümləsində bu əvəzlik, saat isimdir.

5. Hərdən, ara sözlərinin bir sözü, ara sözünün sıra sözü ilə birləşməsindən ibarət olan mürəkkəb zaman zərfləri: hərdənbir, arabir, ara-sıra. Məs.:
Arabir silərək alın tərini Açır həyatının qəm dəftərini. (S.V.)

Baba Keşiş arabir Məryəmin suallarına cavab vermirdi. (Elçin)

6. Bunlardan əlavə, dilimizdə ismi birləşmələr şəklində qurulan ilk əvvəl, səhər ertə, axşam çağı, axşam üstü, günorta, hər iki tərəfi çıxışlıq halda olan binadan-başdan sözləri də mürəkkəb zaman zərfləri hesab olunur.
Günorta Məryəm atasına yemək aparmışdı.(Elçin)

Ziyad xan günün günortaçağı Qəmərbanunun otağına gəlirdi. (Elçin)

Gərək vaxtlı-vaxtında qapı-pəncərəni açasan ki, hava təzələnə. (İ.Ə.)