MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

BACARIQ TƏRZİNİN MÜRƏKKƏBİNİN ÜMUMİ ŞƏRTİ
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA
BACARIQ TƏRZİNİN MÜRƏKKƏBİNİN ÜMUMİ ŞƏRTİ

Əmr şəklinin, şühudi keçmişin hekayə və rəvayəti olmur. Qalan şəkillərin bacarıq tərzinin hekayə və rəvayətinə isə (-sa, sə) artırıla bilir. İsə ayrı yazıldıqda da, bitişik yazıldıqda da bütün şəkilçilərdən, hətta şəxs şəkilçilərindən də sonra işlənir.

Bacarıq tərzi xəbər şəklinin hekayə və rəvayətinin ümumi şərti (bir nümunə – nəqli keçmişin hekayə və rəvayətinin ümumi şərti):

Hekayəsində
yaza bilmişdimsə
yaza bilmişdinsə
yaza bilmişdisə
yaza bilmişdiksə
yaza bilmişdinizsə
yaza bilmişdilərsə

Rəvayətində
yaza bilmişmişəmsə
yaza bilmişmi(ş)sənsə
yaza bilmişmişsə
yaza bilmişmişiksə
yaza bilmişmi(ş)sinizsə
yaza bilmişmişlərsə

Digər zamanlar da bu qayda ilə dəyişir.

Bacarıq tərzi vacib şəklinin hekayə və rəvayətinin ümumi şərti:

Hekayəsi
yaza bilməliydimsə
yaza bilməliydinsə
yaza bilməliydisə
yaza bilməliydiksə
yaza bilməliydinizsə
yaza bilməliydilərsə

Rəvayəti
yaza bilməliymişəmsə
yaza bilməliymi(ş)sənsə
yaza bilməliymişsə
yaza bilməliymişiksə
yaza bilməliymi(ş)sinizsə
yaza bilməliymişlərsə

Bacarıq tərzi arzu şəklinin hekayə və rəvayətinin ümumi şərti:

Hekayəsi
yaza biləydimsə
yaza biləydinsə
yaza biləydisə
yaza biləydiksə
yaza biləydinizsə
yaza biləydilərsə

Rəvayəti
yaza biləymişəmsə
yaza biləymişsənsə
yaza biləymişsə
yaza biləymişiksə
yaza biləymişsinizsə
yaza biləymişlərsə

Bacarıq tərzi lazım şəklinin hekayə və rəvayətinin ümumi şərti:

Hekayəsi
yaza biləsiydimsə
yaza biləsiydinsə
yaza biləsiydisə
yaza biləsiydiksə
yaza biləsiydinizsə
yaza biləsiydilərsə

Rəvayəti
yaza biləsiymişəmsə
yaza biləsiymi(ş)sənsə
yaza biləsiymişsə
yaza biləsiymişiksə
yaza biləsiymi(ş)sinizsə
yaza biləsiymişlərsə

Mən yaza bilmişmişəm - Mən yaza bilməliymişəm - Mən gərək yaza biləymişəm - Mən yaza biləsiymişəm - Mən yaza bilsəymişəm - cümlələrinin hər birində mühüm bir modal çalar var və fel şəkillərinin bacarıq tərzində bu cür dəyişməsi ilə hər bir təsrif forması bir məna ifadə edir. Birinci cümlədə təəccüb, ikincidə vaciblik, üçüncüdə təəssüf, dördüncüdə bacarıq, sonuncuda şərt çaları aydın seçilməkdədir. Bütün bunları nəzərə aldıqda Azərbaycan dili morfoloji quruluşunun nə qədər zəngin olduğu xoş təəssürat doğurur. Dediyimiz kimi, hələ bunlara təsirlik, növ, inkarlıq əlamətlərini də artırmaq mümkündür.

İnkarlıq əlaməti -ma,-mə təsirlik və növ şəkilçiləri ilə bərabər birinci tərəfdə olmalıdır. Lakin bacarıq tərzində hər iki tərəf inkarda ola bilir və inkarlığın ifadə vəziyyətinə görə bacarıq tərzində olan felləri dörd qrupa ayırmaq olur:

Hər iki tərəfdəki təsdiq fel olur: yata bilərəm, yeyə bilərəm, oxuya bilərəm, gözləyə bilərəm və s.

Birinci tərəfdəki fel inkar, inkinci tərəfdəki təsdiq olur: oxumaya bilərəm, getməyə bilərəm, yazmaya bilərəm, görməyə bilərəm və s.

Birinci tərəfdəki fel təsdiq, ikinci tərəfdəki inkar olur: qaça bilmərəm, işləyə bilmərəm, qoruya bilmərəm, gözləyə bilmərəm və s.

Hər iki tərəfdəki fel inkar olur və iki mənfi bir müsbət fikir ifadə edir: yeməyə bilmərəm, işləməyə bilmərəm, oxumaya bilmərəm, yazmaya bilmərəm.

İnkarlığın təbii forması üçüncü formadır.