MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

QEYRİ-MÜƏYYƏNLİK BİLDİRƏN ƏVƏZLİKLƏR
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

QEYRİ-MÜƏYYƏNLİK BİLDİRƏN ƏVƏZLİKLƏR

Cümlədə konkret olmayan şəxsin, əşyanın adı əvəzində işlənən əvəzliklərə qeyri-müəyyənlik bildirən əvəzliklər deyilir.

Əvəzliyin bu növünün işləndiyi cümlələrdə şəxsin, əşyanın adı qeyri-müəyyən olaraq qalır. Sual əvəzliyi vasitəsilə müəyyənləşdirmək istədiyimiz şəxs, əşya, əlamət, kəmiyyət, hərəkət cavab cümləsində aydınlaşsa da, qeyri-müəyyənlik bildirən əvəzliklərlə ifadə olunan əşya və hadisələr özünü bilavasitə göstərə bilmir və onun qeyri-müəyyən şəkildə qalması dinləyəni, oxucunu narahat etmir.

Qeyri-müəyyənlik bildirən əvəzliklər kim, nə, bir, kəs, hər tipli bir sıra sözlərin müxtəlif köməkçi söz, ədat və şəkilçilərlə birləşməsi nəticəsində əmələ gəlir.

1. Kim sözünün isə şərt ədatı, mənsubiyyət şəkilçisi və hər əvəzliyi ilə birləşməsindən əmələ gələnlər: kimi, kimisi, kim isə, hər kim; məs.:
Kim isə daha da ucadan səsləndi: -Nə var, nə olub, Məşədi? (M.H.)

Kimisi ayaq üstə durmuş, kimisi oturmuşdu.
Elə bil, kim isə Müqəddəs Qocanı qovurdu.(Elçin)

2. sual əvəzliyinin iştirakı ilə düzələnlər: nə isə, hər nə, nəsə, hər nə isə; məs.:
O nə isə demək istəyir, amma bərk tövşüdüyü üçün dayanıb yenə nəfəsini dərirdi. (M.H.)

O, nəyinsə fikrini çəkirdi. Kimi kurorta getmişdi, kimi Xəzərin yamyaşıl, duzlu, ilıq suyunda sərinlənirdi. (İ.M.)

Elə bil, kimsə yanında oturub onun ürəyindəkilərə qulaq asırdı.(İ.M.)

Şərif nəsə bir möcüzə yaratmaq, qəhrəmanlıq göstərmək arzusunda idi. (İ.M.)

Bu həyatda Qartallı Dərə üçün tamamilə təzə olan nə isə var idi. Mən bu «nəisə»nin nədən ibarət olduğunu bilmirdim.(İ.Ə.)

Kimsə sözü yuxarıdakı misalda olduğu kimi, həm kim isə mənasında, həm də:
Mənim səndən başqa bir kimsəm yoxdur. Mənə elə gəldi ki, bu aləmdə Şahlarla məndən savayı kimsə yoxdur (İ.Ə.)

Kimsəni ona yaxın gəlməyə, ona toxunmağa qoymazdım (İ.Ə.)

– tipli cümlələrdə heç kim mənasında işlənir.

3. Bir, hər sözlərinin iştirakı ilə düzələnlər: biri, birisi, hər biri, hər birisi, bir neçələri, bir şey, hər şey və s.:
Birinin adamı öləndə qapısını birinci açan Yastı Salman olardı.(M.İ.)

Körpə deyil, hər biri söz anlayır. (S.)

Necə ki dün birisi baxdı mənə, Gördü ayinədə ancaq özünü. (S.)

Biri bir axmaq söz dedi, gərək bunlar da oturub ona axmaq-axmaq gülələr. (Ə.H.)

Salman ora qaçar, bura qaçar, bir şeyin yaddan çıxmasına imkan verməzdi. (M.İ.)

Nəysə, bir şey bizi yeyir qurd kimi. (M.M.)

Hər ipdə oynayan, hər şeyə qadir Qaya kimi böyük bir tufandır o.(M.M.)

Bir söz desə, elə cavab eşidər ki, hər şey alt-üst olar.(Elçin)

4. Kəs sözünün hər, bir, filan tipli sözlərlə birləşməsindən düzələnlər: hər kəs, bir kəs, filan kəs, o kəs və s.:
Məndə hər kəs görür öz qaş-gözünü. (S.)

Adını demirəm, eldən ayıbdır, Filankəsin qızı filan oynasın. (Ələsgər)

Hər kəsin evinə gedib-gələr, hər kəsin sirrini bilərdi. (M.İ.)

Hər kəs bu dünyada gülərsə artıq, Ondan uzaq olar, məncə, xoşbaxtlıq.(N.)

Qeyri-müəyyənlik bildirən hərə əvəzliyi hər sözünə şəkilçisinin artırılması ilə düzəlmişdir: Yalan olmasın, hərəmiz bir aslana dönmüşdük. (M.H.)

Hərə sözü 1-ci və 2-ci şəxs təkin mənsubiyyət şəkilçisini, 3-cü şəxs cəmdə isə -lər şəkilçisini qəbul edə bilmir.

Bunlardan əlavə, hamı, hamısı, bəzisi, bəziləri, neçələri kimi qeyri-müəyyənlik bildirən və çoxişlənən əvəzliklər də var; məs.:
Gecə idi. Hamı yatmışdı. (M.H.)

Bəziləri bu məsələni başa düşmək istəmirdilər. Gəlin xanım,  kəndimizdə çox şey yoxdur, hamısına da günahkar özümüzük.(M.İ.)

Hər şeyin başı təsərrüfata bağlıdır, var-gəlir oldu, hər şey olar.(M.İ.)

Hamının atası var, hamını ana doğub, hamı üçün ata-ana əzizdir.(M.İ.)

Neçələri bu yolu getmək istədi, amma gedə bilmədi.

Qeyri-müəyyənlik bildirən əvəzliklər isimləri və isimləşmiş sözləri əvəz etdiyi üçün isim kimi hallanır; məs.:

kimisi
kimisinin
kimisinə
kimisini
kimisində
kimisindən

hər kəs
hər kəsin
hər kəsə
hər kəsi
hər kəsdə
hər kəsdən

hər nə
hər nəyin
hər nəyə
hər nəyi
hər nədə
hər nədən

biri
birinin
birinə
birini
birində
birindən

Kim isə, nə isə, nəsə, hər nə isə əvəzlikləri hallanmır və ya hallanarkən məntiqi mənaya malik ola bilmir.

Qeyri-müəyyənlik bildirən əvəzliklər isimləri əvəz etdikləri, ismin morfoloji əlamətlərini qəbul etdikləri kimi, sintaktik vəzifəsinə görə də isimlərdən asılı olub, mübtəda, tamamlıq vəzifələrində işlənir. Məs.:
Biri oynayırdı şirin qaytağı.(M.M.)

Axşam qaranlığını hərə bir cür qarşılayırdı. (M.İ.)

Şirzad biləyindəki qızıl saata baxdı: -Hələ tezdir, nə tələsirsən, qoy hamı yığışsın, - dedi. (M.İ.)

Salman onun əlini əlinə alıb sıxdı və nə isə dedi. (M.İ.)

Rəyasət heyətində kim isə şit-şit və ucadan güldü. (M.İ.)

Hər kəs öz aləmində kimin haqlı, kimin haqsız olduğunu kəsdirməyə çalışırdı. (M.İ.)

Mən hərəmizə bir stəkan çay süzdüm.(İ.Ə.)

– cümlələrində biri, hərə, hamı, kim isə, hər kəs sözləri mübtəda, nə isə, hərəmizə tamamlıq vəzifəsindədir.