MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

MODAL SÖZLƏRİN MƏNACA NÖVLƏRİ
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

MODAL SÖZLƏRİN MƏNACA NÖVLƏRİ

Modallığı, adətən, məna etibarilə həqiqi, zəruri və ehtimali modallıq olmaqla üç qrupa ayırırlar. Lakin modal sözləri bu cür üç qrupla məhdudlaşdırmaq qeyri-mümkündür. Odur ki dilçilik ədəbiyyatında müxtəlif şəkildə qruplaşdırılır.

Modal sözləri aşağıdakı kimi qruplaşdırmaq tədris baxımından daha əlverişlidir:
1.Yəqinlik bildirənlər: əlbəttə, şübhəsiz, doğrudan da, həqiqətən və s. Bunlar fikrin gerçəkliyini, doğruluğunu qəti şəkildə təsdiq edən modal sözlərdir və həqiqi modallığın ifadə vasitələridir. Məs.:
Doğrudan, adam o vaxt öz başını da unudarmış. (M.F.)

Əlbəttə, Qulu da özünü Həsən kişinin yanında aydan-arı, sudan duru göstərməyə səy edirdi. (M.İ.)

Düzü, buranın Çapıqqaya olduğunu bilmirdi. (İ.M.)

Əbil stuldan dura-dura: -Onsuz da, İran şahının qızını alıram,-dedi. (İ.M.)

Bu xalçanı, əlbəttə, Ağbəyim öz əlləri ilə toxumuşdu. (İ,M.)

Elə əslində də, sədrin ondan xoşu gəlirdi. (M.İ.)

Təbiidir ki, bu inam Rüstəm kişinin ürəyində daha güclü idi. (M.İ.)

Varisin taleyi, əslində, taxtın taleyi idi.(Elçin)

Keşiş də, şübhəsiz ki, Ərzuruma tərəf yol almışdı.(Elçin)

2.Güman, ehtimal, şübhə bildirənlər: bəlkə, bəlkə də, yəqin, yəqin ki, ehtimal ki, güman ki, deyəsən və s. Bunlar ehtimali modallığın əsas ifadə vasitələri olub, hadisəyə münasibətin gümanlı olduğunu bildirir. Məs.:
Bəlkə də, qəlbində yurd saldı iblis. (S.V.)

Deyəsən, bu xəstə heç o birilərinə oxşamır. (M.H.)

Yəqin, yenə də ağzını farağat saxlamayıb də. (M.H.)

Görünür, silosu vaxtında yaxşı hazırlamamısınız. (İ.Ə.)

Deyəsən, axı mən Bəndalı əminin yerini tutdum. (İ.Ə)

Yəqin ki, çox əziyyətlər çəkmisiniz.(İ.Ə.)

Deyəsən, artıq-əskik danışırsan axı? (F.K.)

Görünür, sonbeşik olduğundan Ümidi çox istəyirdi. (E.M.)

İşığa, nədənsə, səs demir adam.(Ə.Q.)

Lakin, görünür, bu səslər Nəcəfə xoş gəlmədi. (M.İ.)

Görəsən, nə üçün Şahlar da, atası da elə ucaboylu olduqları halda, Sevdimalı əmi bu cür gödək qalıb? (İ.Ə.)

Görəsən, Şəfiyevin qızı var? (İ.M.)

Deyəsən, Şirzadı hələ yaxşı tanımıram, deyəsən, Salman bundan yaxşıdır.(M.İ.)

Nə isə demək istədi, lakin, nədənsə, danışmadı.(M.İ.)

Yavərin artıq-əskik danışmağı, yəqin, onun da xoşuna gəlməyib. (İ.M.)

3. Bənzətmə, müqayisə bildirənlər: elə bil, elə bil ki, sanki, deyəsən, guya ki və s. Bunlar müqayisə çaları ilə yanaşı, fikrin irrel olduğunu da ifadə edir; məs.:
Sanki bütün təbiət oxuyurdu.(M.İ.)

Odunlar çatırtı ilə yandıqca sanki otağımda hər əşyaya görünməz bir həyat qüvvəsi enirdi. (İ.Ə.)

Elə bil ki, onlar şimal qütbünü kəşf etməkdən gəlirdilər. (İ.Ə.)

Elə bil, alçacıq dağları bunlar yaradıb.(İ.Ə.)

Stolun üstündə yemək-içmək olmasaydı, bu gecəki məclis, deyərdin bəs, kolxoz iclasıdır.(İ.M.)

Yavər elə fərəhlənirdi, deyirdin bəs, dünyanın ən bəxtəvər adamıdır. (İ.M.)

Saday darıxırdı. Elə bil, yurd-yuvasına qayıtmaqdan peşman olmuşdu. (İ.M.)

Piano, elə bil, müğənni ilə danışırdı. (İ.M.)

Elə çapırdı ki, sanki onu arxadan canavar bölüyü qovurdu. (F.K.)

Sən demə, ürəyi doluymuş bu sarıbəniz oğlanın.(İ.M.)

4. Nəticə, sıra, ümumiləşdirmə bildirənlər: ümumiyyətlə, beləliklə, xülasə, deməli, nəhayət və s. Bunlar söylənilən fikri ümumiləşdirmə, yekunlaşdırma, nəticə çıxarma kimi qrammatik mənalara malikdir. Məs.:
Yastığa baş qoyub yataq, deməli? (S.V.)

Demək ki, kainat bir padşahındır? (S.V.)

Demək, mənə elçiliyə gəlmisən, qardaş? (F.K.)

Nəhayət, sözümü qurtarıb – «İndi söz sizindir» – deyə gülümsədim.(İ.Ə.)

Bir sözlə, mən sizin toy gününüzü səbirsizliklə gözləyirəm. (İ.M.)

Bir sözlə, belə yaşamaq mənə sərf eləmir. (İ.M.)


Beləliklə, Rüstəm kişi havaların açılmasını gözləyirdi. (M.İ.)

Ümumiyyətlə, Salman Şirzadı özünə ciddi rəqib hesab etmirdi. (M.İ.)

Əvvəla, - deyə o, hərarətlə etiraz elədi. -Belə baxanda mən səndən yaşlı görünürəm. İkincisi, bizim aramızda nə böyük fərq var ki? (İ.Ə.)

Nəhayət, o, söhbəti qurtarıb dəstəyi asdı. (İ.Ə.)

Əvvəla, bilsin ki, çox yekə səhv edir. (M.İ.)

Yaxşı, mənə at gətirəcəkdilər. (F.K.)

Yaxşı, sən deyən olsun, hökmü dəyişirəm. (F.K.)

Onda, deməli, hər şey yalan idi. (Elçin)

Mahmud bu sözləri elə ciddi deyirdi, az qaldı, Sofini də vahimə bassın.(Elçin)

5. Mənbə və isnad bildirənlər: məncə, səncə, deyilənə görə, fikrimcə və s. Bu qrupa daxil olan sözlər cümlənin ümumi məzmunu ilə bağlı olan modallığı bildirən və eyni zamanda söylənilən fikrin mənbəyini göstərən modal sözlərdir. Məs.:
Məncə, bu işlər bütün şiveyi-küffardır. (S.)

Deyilənə görə, çox ağıllı bir oğlan olan atası cəbhədə həlak olub.(İ.Ə.)

Zənnimcə, məsələ yalnız bir yerdə işləməkdən ibarət deyil. (İ.Ə.)

Bunlardan əlavə, dilimizdə necə deyərlər, qəribədir ki, məlumdur ki, aydındır ki, bəllidir ki, aşkardır ki, mümkündür ki, bilirsənmi, kim bilir tipli cümlələrin modal sözlərə doğru inkişafı da müşahidə olunur.

Bəzən bir cümlədə iki modal söz işlənir. Bu cür hallarda çox zaman işin həqiqət olduğu gümanlı şəkildə iqrar olunur. Məs.:
Deyəsən, doğrudan da, tanış idilər. (İ.M.)

Doğrudan da, deyəsən, yersiz söz danışdım. (Ə.V.)

Modal sözlərin də bölgüsündə şərtiliklər var. Bir modal söz müxtəlif mənalara xidmət edə bilir. Ona görə də bölgülərə ehkam kimi yanaşmaq doğru deyildir.

Modal sözlər yazıda durğu işarəsi ilə fərqləndirilir. Cümlənin əvvəlində gəldikdə ondan sonra, sonunda gəldikdə ondan əvvəl, daxilində işləndikdə hər iki tərəfində vergül qoyulur.

NÖVBƏTİ
ƏVVƏLİ