MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

QEYRİ-MÜƏYYƏNLİK BİLDİRƏN MİQDAR SAYLARI
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

QEYRİ-MÜƏYYƏNLİK BİLDİRƏN MİQDAR SAYLARI

Miqdar saylarının bu növü əşyanın qeyri-müəyyən miqdarını bildirir.

Əşyanın miqdarını bildirən bu saylar müəyyənlik bildirən miqdar saylarından fərqli, xüsusi lüğəvi vahidlərdir. Bunlar, başlıca olaraq, az, çox, xeyli, bir az, bir qədər, o qədər, filan qədər sözlərindən ibarətdir. Bəzən sayın bu növü ədatların iştirakı ilə düzəlir, ədatlar qeyri-müəyyən miqdarı artırır və ya azaldır: lap az, lap çox, daha çox, daha az, olduqca az, çox az və s.

Qeyri-müəyyənlik bildirən saylardan az, çox, xeyli sözləri daha intensiv işlənməkdədir.

Miqdar sayının bu növü quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Sadələri azdır, az, çox, xeyli sözlərindən ibarətdir.

Qeyri-müəyyənlik bildirən düzəltmə miqdar sayları konkret miqdar saylarının üzərinə -larla,-lərlə; -larca,-lərcə şəkilçilərini artırmaqla düzəlir: onlarla adam, yüzlərlə kişi; onlarca qadın, yüzlərcə uşaq.

Qeyri-müəyyənlik bildirən mürəkkəb miqdar sayları bir sözünün az, çox, xeyli, neçə sözləri ilə, o, bu, filan, bir sözlərinə qədər qoşmasının artırılması ilə düzəlir: bir az, bir çox, bir xeyli, bir neçə, bu qədər, o qədər, filan qədər, bir qədər və s.

Sayın bu növü də cümlədə təyin vəzifəsində işlənir. Məs.:
Onun sobada zəbanə çəkən ocağa zillənmiş gözlərində minlərlə qızıl nizələr sayrışırdı. (İ.Ə.)

Bir qədər sükutdan sonra Şah sərt ifadə ilə Mikoladan soruşdu.(İ.Ə.)

Camaatın ki sifətində bu qədər xoşbəxtlik var idi, bunun müqabilində Mahmudun sifətinin alışıb-yanması bir heç idi.(Elçin)

Bu neçə gündə Xankişinin çinədanına o qədər söz yığılıb kig (İ.M.)

O gördü ki, baş-altı cavan oğlandı, hərəsi bir musiqi aləti sazlayır. (İ.M.)

Qeyri-müəyyənlik bildirən miqdar saylarından az, çox, xeyli, bir az, bir xeyli, bu qədər, o qədər, bir qədər, filan qədər sözləri hal, hərəkət, iş bildirən sözlərdən – fellərdən də əvvəl işlənə bilir: Bir qədər dincəldim. Xeyli danışdım. Çox gözlədim. Bir az mürgülədim və s. Bu zaman həmin sözlər adverbiallaşmış olur və cümlə üzvü kimi zərflik vəzifəsində çıxış edir.