MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

ŞƏXS ƏVƏZLİKLƏRİ
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

ŞƏXS ƏVƏZLİKLƏRİ

Şəxs anlayışını heç bir konkretlik bildirmədən, ümumi şəkildə ifadə edən əvəzliklərə şəxs əvəzlikləri deyilir.

Şəxs əvəzlikləri hər üç şəxsin təkini və cəmini bildirən mən, sən, o, biz, siz, onlar sözlərindən ibarətdir. Mən – danışan şəxsi, sən – dinləyəni, o – haqqında danışılanı bildirir. Şəxslər öz mövqelərini daim dəyişə bilir.

Göründüyü kimi, 1-ci və 2-ci şəxslərin cəmi müasir dildə yeni fonetik tərkibə malik olan sözlə, yəni -lar,-lər şəkilçisi olmadan, biz, siz şəklində - suppletiv şəkildə (suppletum – tamamlama deməkdir) ifadə olunur. 3-cü şəxsin cəmi isə o sözünə –lar şəkilçisini artırmaqla düzəlir – onlar şəklində.

1-ci və 2-ci şəxslərin tək və cəmi yalnız şəxs əvəzlikləri ilə, 3-cü şəxsin təki və cəmi isə həm şəxs əvəzliyi, həm də isimlərlə ifadə olunur:

mən
sən
o (uşaq)

biz
siz
onlar (uşaqlar)

Qeyd. 1. III şəxsin cəmində cəm şəkilçisindən əvvəlki n səsi söz kökünün qədim an formasını bərpa edir, bərpaedici samitdən ibarətdir.

2. Bəzi türk dillərində 1-ci və 2-ci şəxslərin cəmi də -lar,-lər şəkilçisi ilə düzəlir. Məsələn, tofalar dilində bizim biz, siz sözləri əvəzinə biler, siler işlədilir.

1-ci və 2-ci şəxslərin cəmi cəm şəkilçisi ilə düzəlməsə də, bəzən cəm şəkilçisini də qəbul edir: bizlər, sizlər. Bu hal əvəzlikdə xüsusi məna çalarının yaranmasına səbəb olur. Belə ki bu zaman mən, sən sözləri ilə ifadə olunan şəxsin çoxluğu deyil, müəyyən dərəcə konkretlik ifadə olunur – nəsil, tayfa, təbəqə, dəstə mənası yaranır. Yəni biz, siz sözləri ilə ifadə oluna bilən daha geniş çoxluq bir növ məhdudlaşmış olur. (3, 82) Məsələn:
Oğul mənimdir, baba, dəxli nədir sizlərə?
Kim sizi qəyyum edib hökm edəsiz bizlərə? (S.)

Bu misralarda sizlərə sözü ilə elm, təhsil tələbi ilə çıxış edən intelligentlər, bizlərə sözü ilə təhsilin əleyhinə olan cahil, avam, dindar atalar nəzərdə tutulmuşdur.

Eyni zamanda biz, siz sözləri də «mən» və «sən»in çoxluğunu bildirmir, müəyyən məqsədlə birləşmiş adamlar birliyini ifadə edir.

Şəxs əvəzlikləri isimləri əvəz edir. 1-ci və 2-ci şəxslərin tək və cəmi kim? sualına, 3-cü şəxs həm kim?, həm də ? sualına cavab verir.

İsimləri əvəz etdiyi üçün şəxs əvəzlikləri isim kimi hallanır. Hallanmada isimlərdən fərqli cəhət ondan ibarətdir ki, 1-ci şəxsin təki və cəmi yiyəlik halda -in şəkilçisini assimilyasiya ilə -im şəklində qəbul edir. 3-cü şəxsin təki hallanarkən bütün hallarda bərpaedici n samitindən istifadə olunur:

mən
mənim
mənə
məni
məndə
məndən


biz
bizim
bizə
bizi
bizdə
bizdən

sən
sənin
sənə
səni
səndə
səndən


siz
sizin
sizə
sizi
sizdə
sizdən

o
onun
ona
onu
onda
ondan


onlar
onların
onlara
onları
onlarda
onlardan

Şəxs əvəzlikləri də isimlər kimi qoşmalarla əlaqələnə bilir. Üçün, ilə qoşmaları adlıq halda olan isimlərə qoşulur, lakin bu qoşmalar əvəzlikləri yiyəlik halda tələb edir: sənin üçün, sənin ilə, onun üçün, onun ilə. Məs.:
Mən Gülnisə xala üçün aldığım paltarlığı Şahlardan xəlvət aparıb verdim. (İ.Ə.)

Baş recissor səhnə ilə üzbəüzdəki locada oturub tamaşaya baxırdı. (İ.M.)

Bu artıq mənim üçün bir kəşf idi.(İ.Ə.)

Əngəl olmayın, bizim üçün çalışmağınız özünüzə qalsın. (İ.Ə.)

Şahlar da, mən də sizin üçün əlləşirik.(İ.Ə.)

Mənə elə gəlirdi ki, dünyada gözəl, qiymətli nə varsa, hamısı sizin üçündür. (İ.Ə.)

Sənin kimi əziz qonaq üçün də qoyun kəsməyəcəyik, kimin üçün kəsəcəyik? (İ.Ə.)

Yoxsa atası, qardaşı onun üçün cehiz düzəldəcək? (İ.Ə.)

Əvvəlcə az qalmışdı dalaşam onunla. (İ.M.)

Bu qoşmalar 3-cü şəxsin cəmini adlıq halda tələb edir: onlar üçün, onlar ilə.

Şəxs əvəzlikləri təyin vəzifəsində işlənə bilmir. Biz qızlar bəzən elə axmaq işlər tuturuq ki... (İ.Ə.) - tipli cümlələrdə biz sözü təyin deyil, mübtədadır, qızlar tipli sözlər isə mübtəda yanında xüsusiləşməyən əlavələrdir. 1-ci və 2-ci şəxslərin cəmi – biz, siz sözləri yiyəlik halda olduqda və ikinci tərəf mənsubiyyət şəkilçisi olmadan işləndikdə təyin ola bilir. Məs.:
Bilirsiniz, bizim polkovniki Tbilisidə gördüm. (İ.Ə.)

Mən heyvanların körpə otları necə tələsik-tələsik yediklərinə tamaşa edir və bizim Ukrayna çöllərini xatırlayırdım.(İ.Ə.)

Burada bizim Ukrayna kimi taxıl olmur (İ.Ə.)

Bizim bu camaat da lap ağlını itirib.(İ.Ə.)

Nə qədər zəngindir sizin meşələr! –

cümlələrində bizim, sizin sözləri aid olduğu üzvlərin təyinidir.

Şəxs əvəzlikləri -kı,-ki şəkilçisini qəbul edərək ümumi və qeyri-müəyyən şəkildə mənsub əşyanı bildirə bilir; məs.:
Tale mənə dun oldu, mənimki belə düşdü,
İqbal zəbun oldu, mənimki belə düşdü.(S.)

Bu şəkilçini qəbul etdikdən sonra da şəxs əvəzlikləri hallana bilir:
Şəxs əvəzlikləri -lik-li şəkilçilərini qəbul edərək isim və sifət kimi işlənir: mənlik, sənlik, bizlik, sizlik, mənli, sənli, bizli, sizli;-cığaz,-ciyəz şəkilçisi ilə əzizləmə, nəvaziş, kinayə çaları qazanır: Mənciyəz qarışan deyiləm (R.S.) – cümləsində mənciyəz sözündə etiraz və kinayə çaları vardır.

Şəxs əvəzliklərinin bir sıra üslubi işlənmə məqamları da mövcuddur. Təvazökarlıq məqsədilə mən əvəzinə çox zaman biz, rəsmi münasibət, hörmət üçün sən əvəzinə siz işlədilir və hətta dövlət adamlarına, görkəmli şəxslərə müraciətlə siz sözünün baş hərfi böyük yazılır:
-Siz professor Qarqarlının qızısınız?
-Bəli, ortancıl qızıyam. (Ə.V.)

ƏVVƏLİ