MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

GƏLƏCƏK ZAMAN
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA
GƏLƏCƏK ZAMAN

Felin gələcək zamanı haqqında danışılan işin məlumat verilən zaman hələ icrasına başlanmadığını bildirir.

Gələcək zaman formaları ilə hələ işin, hal və hərəkətin icrasına başlanmamış, onun haqqında məlumat verilir. İş gələcəkdə icra oluna da bilər, olunmaya da bilər.Məs.:
Bir gün saçlarında qar olacağam,
Dünya tək başına dar olacağam.
Gözünün kökündə saralacağam,
İçimdə bir nəğmə öləcək mənim.(Ə.Q.)

İki dünya bir ola, biri də heç, o bu evdə gəlin olmayacaqOlmayacaq! (İ.Ə.)

Gülnisə yatmayacaq. Nə qədər ki sən o işıqdan əl çəkmirsən, Gülnisənin əynindən paltar çıxmayacaq. (İ.Ə.)

Tufan olub qoparam,
Ağ atımı çaparam,
Qəlbinə yol taparam,
Əsir-yesir olarsan.(Ə.Q.)

Əgər Şahların bir parçası olan ana bütün ömrü boyu mənə nifrət edərsə, mən necə xoşbəxt ola bilərəm? (İ.Ə.)

Gələcək zaman dilimizdə qrammatik yol ilə iki cür ifadə olunur. İş və hərəkətin qəti şəkildə icra olunacağı bildirildiyi kimi, işin icrasının sadəcə olaraq nəzərdə tutulduğu da ifadə olunur. Buna görə də gələcək zaman iki növə ayrılır:
1. Qəti gələcək zaman;
2. Qeyri-qəti gələcək zaman.

Qəti gələcək zaman işin gələcəkdə qəti şəkildə icra olunacağını (və ya olunmayacağını) bildirir.

Fel kökü və ya əsasına -acaq,-əcək şəkilçisinin və şəxs şəkilçilərinin artırılması ilə düzəlir (söz saitlə qurtardıqda zaman şəkilçisindən əvvəl «y» bitişdiricisi işlənir); məs.:
Nəticələrin, kötücələrin hələ yollardadır, baba, onlar da gələcəklər, bu yurdda alaçıq quracaqlar, ocaq yandıracaqlar. (İ.M.)

Ay ana, vaxt keçəcək, ay keçib illər ötəcək, qərinə dəyişəcək, biz hamımız gedəcəyik, allah eləməsin sahibimizin başından bir tük əskik olsun.(F.K.)

Buyur, şeyx, cəddini köməyimizə çağır, görək necə olacaq.(F.K.)

Arazın o tayına keçsək, Ərdəbil də bizim olacaq.(F.K.)

O bilirdi ki, Əbu Səidlə döyüşsüz qurtara bilməyəcəklər. (F.K.)

Gecəylə hücuma keçib düşmənə ağır zərbə vurub qayıdacaqsan.(F.K.) 

Haradan biləydim sevgi bitəcək,
Vüsalım əlçatmaz yurda yetəcək
Saçlarım bir qəmli nəğmə ötəcək,
İçimdə bir nəğmə öləcək mənim.(Ə.Q.)

Qəti gələcək zamanda işlənən şəxs şəkilçiləri aşağıdakılardır:

I ş. tək: -am,-əm
II ş. tək: -san, -sən
III ş.tək: (-dır,-dir)

al-acağ-am, gəl-əcəy-əm
al-acaq-san, gəl-əcək-sən
al-acaq-(dır), gəl-əcək-(dir)

cəm: -ıq,-ik
cəm:-sınız,-siniz
cəm: -lar,-lər

al-acağ-ıq, gəl-əcəy-ik
al-acaq-sınız, gəl-əcək-siniz
al-acaq-lar, gəl-əcək-lər

Qeyd. 1. I şəxsin təkində və cəmində -acaq,-əcək şəkilçisinin q (əslində x) səsi ğ-yə keçir: başlayacağam, işləyəcəyəm.

2. 3-cü şəxsin təkində -dır,-dir şəkilçisi işlənə də bilər, işlənməyə də bilər.

İş və hərəkətin icrasına heç bir şübhə olmadıqda və ya insan öz arzusunu bu şəkildə qərarlaşdırmış olduqda qəti gələcək formasından istifadə edilir; məs.:
Öz bəxtinə bütün insan
Bircə ulduz seçəcəkdir.
Xoş günlərin dünyasından
Bütün aləm keçəcəkdir.(S.V.)

Bu gün, sabah al geyəcək təbiətin ilk baharı,
Yenə qönçə tutacaqdır könüllərin arzuları.(S.V.) 

Dolan bulud boşalacaq! – Bu hökmüdür təbiətin. (S.V.)

Gün keçəcək, yağış yağacaq, külək əsəcək və bu ocağın yeri də buradan silinib gedəcək və heç kim bilməyəcək ki, haçansa burda bir ocaq yanıb və istisi ilə kimlərisə qızdırıb.(Elçin)

Baba Keşişə elə gəlirdi ki, indicə sarayın darvazası çırpılıb açılacaq və o dinsiz Ziyad xan oğlu dəli kimi bu yerlərdən qaçıb gedəcək; onu Müqəddəs Evin təmizliyi qovacaq, Məsihanın əməli Məryəmi Baba Keşişə qaytaracaq və öz mömin bəndəsini xilas edəcək.(Elçin)

Qəti gələcək zaman şəkilçisindən əvvəl təsirlik, növ və inkarlıq pozisiyaları boş olur və lazım gəldikdə həmin şəkilçilər işlədilir; məs.: Yanmaq – yan-dır-maq – yan-dır-acaq – yan-dırma-yacaq; gülmək – gül-dür-mək – gül-dür-əcək – gül-dür-məyəcək; qaçmaq – qaç-ır-maq- qaç-ır-ıl-maq – qaç-ır-ıl-acaq – qaç-ır-ıl-ma-yacaq və s.

Qəti gələcəyin inkarı -ma,-mə şəkilçisi ilə düzəlir:
Onlar bir də bu yurda ayaq basa bilməyəcəklər.

Mahmuda elə gəlirdi ki, bir də heç zaman gülməyəcək, bir də heç zaman sevinməyəcək. (Elçin)

Sofiyə heç kim kömək etməyəcək.(Elçin)

Qəti gələcək zamanın maraqlı üslubi imkanları var. Bədii əsərlərin dilində onun mühüm bir üslubi imkanından son dövrlərdə geniş istifadə edilir. Çox zaman tarixi şəxsiyyətlərin (bəzən də fərdi məşhur obrazların) tarixi taleyi, baş vermiş və artıq çoxdan reallaşmış hadisələr haqqında keçmiş zaman əvəzinə, gələcək zaman formasında məlumat verilir. Elçin Süleyman paşanın tarixi taleyini (XVI əsr) «Mahmud və Məryəm» romanında belə təsvir edir:
...Vaxt gələcək və bu toy məclisindən on doqquz il sonra, bütün ömrünü kiçik döyüşlərdə keçirən Süleyman paşa son kiçik döyüşdə xəyanət nəticəsində ölümcül yaralanacaq, ən yaxın adamları belə, bu uzun-uzadı xırda müharibələrdən, onları tamam təngə gətirmiş sərsəri fikirlərdən, bu sərsəri fikirlər naminə münaqişələrdən, çəkişmələrdən bezib, təngə gəlib, at belində vaxtsız qocalmış Süleymanı döyüş meydanında tək qoyub gedəcək və o zaman arxası üstə qanlı torpağın üstünə sərilmiş Süleyman huşunu itirməzdən əvvəl, aləmi bürümüş mavi boşluqda çoxdan unutduğu o iri gözləri və o iri gözlərin həmin ifadəsini görəcək. Süleyman bu gözlərin sahibini xatırlaya bilməyəcək, amma o iri göy gözlər həmin mavi boşluq içində bir paklıqdan, təmizlikdən ona baxacaq. Birdən-birə şıdırğı yağmağa başlayan yağış Süleymanın üzündən-gözündən süzülüb axacaq, qızdırmadan od kimi alışıb-yanan bədəninə bir sərinlik gətirəcək və o sərinlik içində, o mavi boşluq içində paklıqdan, təmizlikdən baxan iri göy gözlərin təbəssümü Süleymanın hədər getmiş ömründən danışacaq, nahaq axıdılmış qanlardan xəbər verəcək və Süleyman gülümsəyəcək: gecdi daha, hər şey bitib. Sonra o gülüş Süleymanın sifətində donacaq və şıdırğı yağış Süleymanın açıq gözlərinə tökülüb sifətində donmuş gülüşün üstü ilə axacaq... (Elçin)

Qeyri-qətigələcək zaman işin gələcəkdə icra olunacağı (və ya olunmayacağı) barədə qəti deyil, tərəddüdlə məlumat verən, işin icrasının nəzərdə tutulduğunu bildirən zaman formasıdır.

Qeyri-qəti gələcək zaman da işin, hərəkətin söz söylənən vaxtdan, həmin iş haqqında məlumat verilən zamandan sonra icra olunacağını bildirir. Gələcək zamanın bu forması fel kökünə və ya əsasına -ar,-ər şəkilçisini və şəxs şəkilçilərini artırmaqla düzəlir (saitlə bitən fellərdə zaman şəkilçisindən əvvəl «y» bitişdiricisi işlənir): alaram, gələrəm, bilərəm, başlayaram, anlayaram, gözləyərəm və s. Misallar:
Yağış yox, qar olub yerə yağarsan,
Mənim kipriyimə çən düşə bilər.
Birdən gülüşünü yadırğayarsan,
Birdən saçlarına dən düşə bilər.(Ə.Q.)

Sultan razılıq versə, bu qışı Qarabağda qalar, yazda Diyarbəkrə qayıdarıq.(F.K.)

Qoşunu Darül-İrşaddan gələn ehsanla saxlayarıq. Gələn müridləri silahlandırıb qoşunun sayını artırarıq. (F.K.)

Oğul, belə ata üçün ağlamazlar. Gülərlər. O, əsl kişi, əsl qəhrəman idi.(F.K.)

Qeyri-qəti gələcək zamanda işlənən şəxs şəkilçiləri aşağıdakılardır:

I ş.tək: -am,-əm
II ş. tək: -san,-sən
III ş. tək: -

al-ar-am, gəl-ər-əm
al-ar-san, gəl-ər-sən
al-ar, gəl-ər

cəm: -ıq,-ik
cəm: –sınız, -siniz
cəm: –lar,-lər

al-ar-ıq, gəl-ər-ik
al-ar-sınız, gəl-ər-siniz
al-ar-lar, gəl-ər-lər

Qeyd. Canlı danışıq dilində bəzən saitlə bitən fellərdə -ar,-ər şəkilçisindən əvvəl y bitişdiricisi artırmaq əvəzinə, -ar, -ər şəkilçisinin saiti düşür: başlayaram – başlaram, saxlayaram – saxlaram və s.

Qeyri-qəti gələcək zaman şəkilçisindən də əvvəl təsirlik, növ, inkarlıq şəkilçiləri işlənə bilir; məs.: qaçmaq – qaç-ır-maq – qaç-ır-ar-am- qaç-ır-m-ar-am; yanmaq – yan-dır-maq – yan-dırar-am – yan-dır-m-ar-am: ölmək – öl-dür-mək – öl-dür-ər-lər – öl-dür-m-əz-lər; qopmaq – qop-ar-maq – qop-ar-ar-lar – qop-arm-az-lar və s.

Qeyri-qəti gələcəyin də inkarı, misallardan göründüyü kimi, -ma,-mə şəkilçisi ilə düzəlir İnkar şəkilçisi açıq hecalı, qeyri-qəti gələcəyin şəkilçisi örtüsüz olduğu üçün, indiki zamanda olduğu kimi, inkar şəkilçisinin saiti düşür və eyni zamanda ikinci və üçüncü şəxslərin tək və cəmində -ar,-ər şəkilçisinin r samiti z-yə keçir:

al-m-ar-am, gəl-m-ər-əm
al-m-az-san, gəl-m-əz-sən
al-m-az, gəl-m-əz

al-m-ar-ıq, gəl-m-ər-ik
al-m-az-sınız, gəl-m-əz-siniz
al-m-az-lar, gəl-m-əz-lər

Məs.:
İynənin gözündən keçsək də ellik,
Bəzən darvazadan keçə bilmərik. (Ş.)

Gül görməsəm, gülmərəm,
Almanı da bölmərəm.

Əcəlimlə ölmərəm,
Sən müqəssir olarsan.(Ə.Q.) 

Fələk də gəlsə, onu sözündən döndərə bilməz.(İ.Ə.)

Atın ki ayağı sındı, qurtardı, o sağalmaz.(F.K.)

Kənd əvvəl-əvvəl belə güman edirdi ki, vəziyyət belə davam edə bilməz. (E.M.)

Amma yox, bu, onun oğlu Uzun Həsənlə təkbətək döyüşsə, çox dözə bilməz.(F.K.)

Qeyri-qəti gələcək zaman işin söz söylənən vaxtdan sonra icra olunacağını bildirir. Məsələn, Bu saat gedərsən evə, bütün əhvalatı danışarsan. Mən bir gün yenə qayıdaram, o zaman daha ətraflı danışarıq – cümlələrində gedərsən, danışarsan, qayıdaram, danışarıq felləri işin məlumat verilən vaxtdan sonra – qeyrimüəyyən vaxtda icra olunacağını bildirir və güman, tərəddüd çalarını da saxlayır.

Lakin qeyri-qəti gələcək zaman üçün bütün zamanlar üzrəfəaliyyətdə olan iş və hərəkəti bildirmək daha səciyyəvidir. Bu cəhət atalar sözlərində, məsəllərdə, aforizmlərdə özünü daha çox göstərir. Məs.: Nə əkərsən, onu biçərsən. İşləməyən dişləməz. İşləməyənə tənbəl deyərlər. Malını yeməyənin malını yeyərlər. Günü-günə satmazlar və s.

Gələcək zamanın bu forması bəzən adət, xasiyyət, vərdiş bildirir; məs.: Su axar. Göz baxar. Quş uçar və s.

Əbədi həqiqət xarakteri daşıyan iş və hərəkəti bildirir:
Dünyada nə qədər iş var, sənət var,
Birindən yapışar ağlı olanlar.(Ş.)


Bütün zamanlara aid olan işi bildirdiyi, tərəddüdlü olduğu, qətilik çalarına malik olmadığı üçün qeyri-qəti gələcək zaman keçmiş qrammatika kitablarında «müzare zaman» adlandırılırdı.

Bu cəhəti nəzərə alaraq, şair maraqlı poetik fikir söyləməyə nail olmuşdur:
Dolmuşam dalğalı ümmanlarında,
Qalmışam «Gəlmə!», «Gəl!» gümanlarında,
Azmışam felinin zamanlarında,
Qurtara bilmirəm müzare gözdən! (S.Əsəd)