MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

SAY
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

SAY.

ÜMUMİ MƏLUMAT

Əşyanın miqdarını və ya sırasını bildirən sözlərə say deyilir.

Say bir qrup sözdən ibarət olub, öz daxili məzmununa görə əşyanın miqdar və ya sırasını bildirir. Miqdar bildirənlərin morfoloji əlaməti yoxdur. Sıra sayları xüsusi şəkilçi vasitəsilə miqdar saylarından düzəlir. Miqdar sayları quruluşca sadə, düzəltmə və tərkibi olur. Tərkibi sayların xüsusi əlaqələnmə üsulları vardır. Miqdar sayları yaranış etibarilə sayıla bilən maddi varlığın bir əlaməti kimi yaranmışdır. Lakin minilliklər boyu substantiv formada işlənməklə artıq heç bir konkret əşyaya işarə etmədən mücərrəd məna ifadə edə bilir. Buna baxmayaraq, əksər hallarda yenə əşya bildirən sözlə bağlı olur, əşyanın miqdarını konkret şəkildə, qeyri-müəyyən və ya kəsrlə ifadə edir. Substantivləşmə yolu ilə mücərrədləşdiyi üçün hallanır, mənsubiyyət şəkilçisi qəbul edir, cəm şəkilçisi ilə qeyri-müəyyən çoxluq ifadə edir. Adverbiallaşaraq hərəkətin kəmiyyətini bildirir. Cümlədə əsas sintaktik vəzifəsi təyindir. Substantiv və mücərrəd formada mübtəda, tamamlıq və xəbər vəzifələrində işlənir. Adverbiallaşdıqda zərflik vəzifəsində çıxış edir.

Sayın həm isimlərə, həm də sifətlərə oxşar cəhətləri vardır. İsimlər əşya adı bildirdiyi kimi, saylar da müəyyən kəmiyyət adlarını bildirir. Məsələn, on bir kəmiyyətin, on beş başqa bir kəmiyyətin adını bildirir. Ona görə də keçən əsrin əvvəllərində bizim qrammatika kitablarında saylar isim bəhsində, «ismi-ədəd» (ədəd bildirən isim) adı ilə verilmişdir.(2, 104) Sifətə uyğun cəhəti ondan ibarətdir ki, sifət kimi o da adətən isimlərdən əvvəl işlənərək onları təyin edir. Sifətlər əşyanı əlamət, keyfiyyət cəhətdən təyin etdiyi halda, say kəmiyyətcə, miqdar və sıra cəhətdən təyin edir.

Bu cür yaxınlıqlarına baxmayaraq, say isim və sifətlərdən təbii şəkildə fərqlənir. Bu fərq sayın lüğəvi mənası ilə bağlıdır. Lüğəvi mənasına, əşyanın miqdar və ya sırasını bildirməsinə görə say əşya adı bildirən isimlərdən, əşyaya məxsus əlamət, keyfiyyət bildirən sifətlərdən fərqlənərək xüsusi bir söz qrupu təşkil edir. Beləliklə, bir nitq hissəsi kimi, morfoloji əlamət cəhətdən zəif olsa da, saylar lüğəvi mənasına görə başqa nitq hissələrindən ayrılır, seçilir.

Sayların inkişafı elə getmişdir ki, müasir ədəbi dilimizdə saylar hətta isimləri özünə tabe edə bilir: konkret miqdar bildirən saydan sonra işlənən isim cəmlənə bilmir. Məsələn: 10 adamlar, 5 kitablar deyilmir.

Qeyd. İndi bir sıra dillərdə olduğu kimi, tarixən bizim dilimizdə də konkret miqdar saylarından sonra isimlər cəm şəkilçisi qəbul etmişdir; məs.:
Yedi dəxi qızoğlanlar ay üzlü,
Dişi inci kibi, gül şəhd sözlü.(«DƏH»)

Qeyd etdiyimiz kimi, sayın əsas morfoloji əlaməti sıra sayı düzəldən -ıncı, inci,-uncu,-üncü şəkilçisidir. Məs.: altmış-ıncı, doxsanıncı, bir-inci, on-uncu, doqquz-uncu, dörd-üncü, yetmiş-inci, üç-üncü və s.

Say öz xalis mövqeyində, yəni yanaşma əlaqəsi ilə isimdən əvvəl işlənərək onun miqdarını, sırasını bildirdikdə cümlədə təyin vəzifəsində çıxış edir; məs.:
Məndən işıq alır min kənd, min şəhər.(S.V.)
Qoy açılsın min bir çiçək, Qızıl güldən ətir çəkək. (S.V.)
Əlli min gözəl var, əlli min əməl, Düşmənin də olur, dostun da olur.(Ə.Q.)
Yüz dəli canımı ala bilmədi,
İndi bir ağıllı qəsdimə durub.(Ə.Q.)
Altıncı oğluna imam Cəfər Sadığın adını qoydu. (Elçin)

İsimləşərək mənsubiyyət, hal, xəbərlik şəkilçiləri qəbul edə bilir, tərkib daxilində olmadıqda cümlədə mübtəda, tamamlıq, xəbər vəzifələrində işlənir. məs.:
Üçümüz də fikirli görünürdük, üçümüz də papiroslarımızı yandırdıq.(İ.Ə.)
Çoxlarından balaca olsa da, Ümid ləvərə deyildi.(E.M.)
İsrafilin yadına düşdü ki, toyuqlarının çıxartdığı on səkkiz cücədən cəmi yeddisi salamat qaldı. (Elçin)
Bu qoca adamlar öz səksənlərinə nə ilə gəlmişdi? (Elçin)

Aşağıdakı cümlələrdə saylar isimləşərək tərkib daxilində işlənmişdir:
Mənim yüz yetmişə yaşım çatanda
Sənin altmışlaşan yaşına qurban.(S.T.)
Dördüncünü qurtaranlar qonşu kəndə təhsillərini davam etdirməyə gedərdilər. (E.M.)
On bir uşağı götürüb, on ikincini də gözləyə-gözləyə hara getmək olar? (Elçin)

Sayın aid olduğu isimlər yayğın mənaya malik olduqda, semantik cəhətdən konkret məna ifadə etmədikdə əsas vurğu sayın üzərinə düşür və sayla isim birlikdə üzv olur; məs.:
Birinci addımda lovğalananlar
İkinci addımda yıxılacaqdır.(S.V.) –

misralarından ikincisində ikinci addımda sözləri birlikdə zaman zərfliyi vəzifəsindədir.

Dediyimiz kimi, saylar substantivləşmədən mücərrədləşməyə qədər inkişaf yolu keçmişdir və ona görə də başqa dillərdə olduğu kimi, bizim dilimizdə də əşya bildirən söz olmadan, təklikdə işlənmə imkanlarına malikdir. Beş dəfə beşin iyirmi beş edər, on dəfə beşin əlli edər – kimi cümlələrdə beş, on, əlli sözlərinin arxasında konkret heç bir əşya düşünülmür. Başqa cür desək, mücərrədləşmiş bu sözləri hər cür sayıla bilən materiyaya aid etmək olar. Bu cəhətdən say sifətdən fərqlənir. Böyük, ağ, isti sözlərini hər cür əşyaya aid etmək olmaz. Amma beş, on, əlli sözlərini kəmiyyətindən asılı olaraq hər cür sayıla bilən əşyaların adına aid etmək olar. Burada məhdudiyyət ancaq əşyanın miqdarı ilə bağlı ola bilər.

Sayların bu cəhətini nəzərə alan idealistlər onun maddi aləmlə əlaqədar yaranmadığını, mücərrəd təfəkkürün məhsulu olduğunu iddia etmişlər. F.Engels buna cavab olaraq yazmışdır: «Saymaq üçün nəinki sayıla bilən şeylər olmalı, hətta bu şeyləri nəzərdən keçirərkən, onların sayından başqa, bütün digər xassələrini nəzərə almaq bacarığı da olmalıdırg İstər ədəd anlayışı, istərsə də fiqur anlayışı başda xalis təfəkkürdən əmələ gəlməmiş, ancaq xarici aləmdən götürülmüşdür».

Engels hətta sayların yazıdakı fiqurlarının da maddi varlıqdan götürüldüyünü, ilk say fiqurlarının əl və barmaqlar ilə bağlı olduğunu qeyd etmişdir.

Beləliklə, saylar substantiv və mücərrədləşmiş formada daha çox işlənir. Lakin onların əşya ilə bağlı ilkin forması da dilimizdə tam şəkildə qalmaqdadır. Substantiv formalar cümlədə mübtəda, tamamlıq, xəbər ola bilir. Sayların mənsubiyyət və hal şəkilçisi qəbul edərək dəyişməsi də onların isimləşməsi ilə bağlıdır. Qaranlıqda xeyli getdim – cümləsində isə xeyli sayı adverbiallaşaraq zərflik vəzifəsində işlənmişdir.

İsimlərdən əvvəl işlənərək konkret miqdar bildirməsi və təklikdə işlənərək substantivləşməsi, mücərrədləşməsi nəticəsində bəzən miqdar sayları konkret miqdar sayları, mücərrəd miqdar sayları kimi iki qrupa ayrılmışdır. Substantivləşmə, mücərrədləşmə sayların cümlədəki mövqeyi və üslubi işlədilməsi ilə bağlı olduğundan bu cür bölgüyə ehtiyac yoxdur.

Dünya dillərində müxtəlif say sistemlərindən istifadə olunur. İyirmilik say sistemi də vardır: 10-dan 100-ə qədər 20-nin beş dəfə təkrarı ilə yaranır. Gürcü dilində sammozda – üç iyirmi, yəni 60 deməkdir. Tat dilində sebistodəh – 3 iyirmi + 10 = 70 deməkdir. (2, 106) Lakin müxtəlif dillərdə daha çox onluq say sistemindən istifadə olunur – say 10-dan 100-ə qədər on-on artır: on, iyirmi, otuz, qırx, altmış və s. Qədim şumer dilində beşlik say sistemi olub. (7, 109) Bu dildə İ – beş deməkdir. min – 2, üş – 3 deməkdir. İmin – 7, iüş – 8 deməkdir. Rus dilində, bizim dilimizdə, ingilis dilində 10-luq say sistemi sabitləşmişdir.

Say isimdən əvvəl gəldikdə dəyişməz, hallanmaz. İsim müstəqil olub dəyişir və hallanır.

Say sayılması mümkün olan əşyaların adları ilə işlənir. Bu cəhətdən bir sıra qeyri-müəyyənlik bildirən miqdar sayları (az, çox, xeyli və s.) müstəsnadır.

Sayın iki məna növü var: 1.Miqdar sayları; 2.Sıra sayları.

NÖVBƏTİ