MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

SİFƏTİN ADVERBİALLAŞMASI
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

SİFƏTİN ADVERBİALLAŞMASI

Sifətlərdə substantivləşmə ilə yanaşı, adverbiallaşma meyli də güclüdür. Eyni bir sifət əşya bildirən sözdən əvvəl işlənib əşyanın əlamətini bildirdiyi kimi, iş, hal, hərəkət bildirən sözlərdən – fellərdən əvvəl işlənərək hərəkətin də əlamətini bildirə bilir. Bu sonrakı prosesə adverbiallaşma deyilir.

Substantivləşmə dilçilikdə yaxşı dərk olunduğu, substantiv sözlər və o cümlədən sifətlər çox asan müəyyənləşdirilə bildiyi halda, adverbial sifətləri seçmək çətindir. Bunun mühüm bir səbəbi zərflərin zəif formalaşması və özünə məxsus əlamətlərinin zəifliyi ilə əlaqədardır. Zərflər lüğət ehtiyatı cəhətdən də zəifdir. Bunun da mühüm səbəbi vardır. İnsan tarixən maddi varlığı və onun əlamətlərini, keyfiyyətlərini daha tez müəyyən etmiş və adlandırmışdır. Hərəkətin əlamətini görmək nisbətən çətin olduğu, mücərrəd prosesin dərki olduğu üçün zərflər gec inkişaf etmişdir. Və daha mühüm başqa bir səbəb də, mücərrəd olsa da, hərəkətin xüsusiyyətlərinin maddi varlığın xüsusiyyətləri ilə uyğunluğudur. Maddi varlığın seçilən əlamətləri yaxşı və pis olduğu kimi, hərəkət də insana yaxşı və pis təsir bağışlayır. Obyektiv varlıq insanda gözəllik duyğuları doğurduğu kimi, insanın, digər canlı və cansız varlıqların hərəkəti də eyni duyğuları yarada bilər. Əşyanın əlaməti, keyfiyyəti ilə hərəkətin əlamət və keyfiyyəti arasındakı yaxınlıq, uyğunluq əşyaya məxsus əlamət, keyfiyyət bildirən sözlərin hərəkətə aid edilməsinə də səbəb olur. Belə ki insan hərəkətin bu və ya digər keyfiyyətini öyrəndikcə yeni leksik vahidlərə ehtiyac duymamış, çox vaxt öz leksikonunda artıq çox qədimdən mövcud olan uyğun leksik vahidlərdən istifadə etmiş, nəticədə əksər sifətlər eyni zamanda hərəkətin əlamətini bildirən zərf məqamında işlənməli olmuşdur. Bu, əslində, adverbiallaşmadır. Odur ki müasir dilçilikdə həqiqi zərflərlə adverbial sifətlər fərqləndirilmir. İllərdən bəri mübahisə törədən Yaxşı tələbə yaxşı oxuyar – cümləsindəki yaxşı sözləri məktəb dərsliyində tələbə sözündən əvvəl sifət, oxuyar sözündən əvvəl zərf hesab olunur. «Azərbaycan dilinin qrammatikası», «Müasir Azərbaycan dili» kitablarında da bu prinsip əsas götürülmüşdür. Lakin faktlar aşkar şəkildə göstərir ki, isimdən əvvəl təyin, feldən əvvəl zərflik vəzifəsində işlənən bu cür sözləri sintaktik vəzifə əsasında felə aid olduqda həmişə zərf hesab etmək doğru deyildir. Bu prinsipin yanlış olduğunu ilk dəfə prof.Ə.Dəmirçizadə görmüş, bu cür sözlərin yalnız sintaktik vəzifəcə fərqləndiyini, nitq hissəsi kimi sifətlərdən ibarət olduğunu xüsusi qeyd etmişdir. (5, 56) Bu cür sözlərin dərəcə əlamətləri qəbul etməsi də (O lap yaxşı oxuyur, çox gözəl danışır. Çox yekə danışma, oğul! Bu şəkil çox əla çəkilib və s.) onların sifət olduğunu göstərir. Bu cür çətinlik qarşısında qalaraq, bəzi dilçilər zərflərin də dərəcələr üzrə dəyişməsindən danışmışlar.

Beləliklə, bir sıra sifətlərin zərf məqamında işlənməsi, hərəkətin əlamətini bildirməsi təbiidir. Heç insan da hərəkətin əlamətini bildirmək üçün bu qədər yeni sözə ehtiyac duymur. Adverbiallaşma yerinə düşür və zərflik vəzifəsi sifəti zərf məqamına yerləşdirir. Adverbial sifətlər öz əlamət, keyfiyyət məzmununu saxlamaqla yanaşı, yeni xüsusiyyət – zərf xüsusiyyəti qazanır.

Substantivləşmə ilə adverbiallaşmanın struktur fərqi var. Substantivləşmədə sifət özündən sonrakı sözü – ismi itirir, özü ya tabe edən, ya da tabe olan sözə çevrilir, ya mübtəda vəzifəsində işlənərək feli xəbəri özünə tabe edir, yaxud da yönlük, təsirlik, yerlik və çıxışlıq hallarından birinə düşərək fel vasitəsilə idarə olunur. Məsələn: Arıx heyvanlar aranda qalıb – Arıxlar aranda qalıb.
Arıx heyvanları aranda saxlayıblar – Arıxları aranda saxlayıblar –
cümlələrində arıx sözü isimləşərək mübtəda və tamamlıq vəzifələrində işlənmişdir, substantivləşmə aydın şəkildə müşahidə olunur.

Adverbiallaşmada isə sifət ismin başı üzərindən adlayaraq felin qarşısına düşür, lakin heç bir struktur dəyişikliyə uğramır, öz natural formasında - isimlərə yanaşdığı kimi, felə yanaşmış olur: Gözəl qız danışır – Qız gözəl danışır.

Kürəyi küpün ağzı girdəliyində qapqara qaralmışdı – Sofi közərən ocağın işığında küpün bu qapqara yerini görəndə birdənbirə tamam yumşaldı.(Elçin)

Eyni cümlədə: Buludlar qıpqırmızı qızarmışdı və bu lopalopa qırmızı buludlar göz işlədikcə uzanan bozumtul çöllükdə bozumtul-qırmızı bir dünya yaratmışdı və elə bil ki, bu bozumtulqırmızı dünyada heç vaxt canlı bir məxluq olmamışdı.(Elçin)

Hətta eyni söz isimdən əvvəl də öz yerində qala bilər: Gözəl qız gözəl danışır.

Sifətlər adverbiallaşmış olduqda onunla fel arasında şəkildə, tərzdə, vəziyyətdə sözləri və ya adverbiallaşarkən üzərindən keçdiyi isim zəif şəkildə olsa da, təsəvvür edilə bilər:
O, yaxşı oxuyur – O. yaxşı (kitab, mahnı) oxuyur
O, gözəl danışır – O, gözəl (bir nitq ilə) danışır.
Yekə danışma, oğul! – Yekə (söz) danışma, oğul!

Lakin adverbial sifətlərin hamısında bu cür əməliyyat aparmaq mümkün olmadığı kimi, buna elə bir ehtiyac da yoxdur. Əbil bərk qəzəbləndi - cümləsində bərk sözünün sifət olduğuna şübhə yoxdur. Lakin qəzəbləndi sözündən əvvəl hansı ismin buraxılmış, üstündçən keçilmiş olduğu təsəvvür edilmir. Amma ümumən sifətlərlə həqiqi zərfləri fərqləndirməyin bir mühüm meyarı ola bilər: həqiqi sifətlər tələffüz zamanı özündən sonra isim, həqiqi zərflər tələffüz zamanı özündən sonra fel tələb edir. Məs.:

Sifət kimi
gözəl (adam)
ağıllı (uşaq)
böyük (yazıçı)
təbii (insan)
qırmızı (parça)
isti (su)
cəsur (döyüşçü)
uca (çinar)

Zərf kimi
cəld (qaçmaq)
yavaş (yerimək)
asta (addımlamaq)
sakit (addımlamaq)
qəhrəmancasına (vuruşmaq)
mərdliklə (döyüşmək)
dinc (oturmaq)