İnsanın duyğularını, coşqunluq və həyəcanını bilavasitə ifadə edən sözlərə nida deyilir.
Məs.:
Ah!.. Nə qəribə bənzəyiş idi. (S.Q.)
Uf... başımg (M.H.)
Aha, güllə dəyib! (M.H.)
Vay... İraq olsun, bu nədir? (S.Q.)
Aldatmadı bu milləti təzvirlərim, heyf! (S.)
Bərəkallah, bacıoğlu! (F.K.)
Nidalar mənaca cümləyə ekvivalent olur, lakin mənanı hissi yolla bildirdiyindən nida ilə ifadə olunan duyğular əksərən əqli yolla – cümlə vasitəsilə də ifadə olunur; məs.: Bəh, bəh, bu ki ağıl dəryası imiş! - cümləsindəki bəh, bəh nidası ilə ifadə olunmuş kinayə Bu ki ağıl dəryası imiş – cümləsi ilə də ifadə edilmişdir.
Dilçilik tarixində nidalar bəzən zərflərə, ədatlara daxil edilmiş, bəzən də başqa nitq hissələri nida kimi verilmişdir. Məfhum bildirmədiyi üçün nidaları söz hesab etməyənlər də olmuşdur. Əksər dilçilər bu fikirdədir ki, söz üçün xarakterik cəhət məna bildirməsidir. Məfhum bildirmək, müəyyən anlayış ifadə etmək onun ikinci xüsusiyyətidir. Nidalar məfhum bildirməsə də, mənaya malikdir. Ünsiyyət özü də iki yolla ifadə olunur: əqli yolla, hissi yolla. Söz həm məfhum ifadə edə bilər, həm də hiss və duyğuları. Çoxdan görüşmədiyimiz bir yoldaşla görüşərkən «Xoş gördük! Nə gözəl təsadüf!» - deyə əqli yolla şadlığımızı bildirdiyimiz kimi, nidalarla da bildirə bilirik.
Deməli, nidalar hissləri ifadə edən sözlərdir. Dilin lüğət tərkibinin zəruri hissəsi, xüsusi söz qrupu, nitq hissəsidir.
Nidalar xüsusi söz qrupu – nitq hissəsi kimi, müstəqil mənalı sözlərdən, qoşma və bağlayıcılardan, ədatlardan və modal sözlərdən, təqlidi və vokativ sözlərdən fərqlənir.
Nidalar əsas nitq hissələrinə daxil olan sözlərdən fərqli olaraq, əşya adı, əlamət, keyfiyyət, miqdar, sıra, hal-hərəkət bildirmir. Nidalar sözün nominativ funksiyasından məhrumdur. Çünki nidalar hiss və həyəcanı adlandırmır, bilavasitə, birbaşa ifadə edir. Cümlənin ümumi məzmunu ilə intonasiya vasitəsilə bağlanır. Sintaktik cəhətdən cümlənin üzvləri ilə əlaqələnə bilmir. Cümlə üzvü vəzifəsi daşımır.
Nidalar yalnız isimləşdikdə başqa sözlərlə, xüsusən fellərlə əlaqələnərək, cümlə üzvünün bir hissəsi kimi çıxış edə bilir. Məs.:
Nə qədər ah çəkdi bizim babalar!.. (S.V.)
Ah-uf səsi gəlmədiyi üçün atdığı güllənin hədəfə dəymədiyini güman etdi. (M.H.)
Ah idi həmnəfəsim, ah ki ol həm axir Çıxdı ikrah qılıb külbeyi-ehzanımdan. (F.)
Nidanın bir nitq hissəsi kimi, xüsusi morfoloji əlaməti də yoxdur. Nidalar sözdüzəldicilik və sözdəyişdiricilik imkanlarından da məhrumdur.
Köməkçi nitq hissələrindən qoşma və bağlayıcılar sözlər arasında əlaqə yaradır, cümlələri əlaqələndirir. Nidalar belə əlaqə yaratma imkanına malik deyil, lakin qoşma və bağlayıcılardan fərqli olaraq, mənaya malikdir.
Nidalar da modal sözlər kimi, danışanın hadisəyə, fikrə münasibətini bildirir. Lakin modal sözlər münasibəti bilavasitə bildirdiyi halda, nidalar dolayı yolla bildirir. Məsələn, Görünür, mənim tənqidimdən canını qurtarmaq istəyirsən? (R.S.) – cümləsində görünür modal sözü danışanın şübhəsini bilavasitə ifadə edir. Afərin! – Əmirxan da dik qalxdı (B.B.) – cümləsində isə Əmirxanın Afərin! sözü onun razılığını, sevincini bildirir və deməli, dolayı yolla o bu işdən xoşlanmış olduğunu ifadə etmiş olur.
Nidalar təbiətdə olan canlı və cansız əşyaların çıxardığı səslərin yamsılanması yolu ilə əmələ gələn sözlərdən - təqlidi sözlərdən də fərqlənir. Nidalar hiss-həyəcan ifdə edir, təqlidi sözlər isə müxtəlif səsləri təqliddən ibarətdir, əşyanın hərəkəti haqqında obrazlı təsəvvür yaradır. Təqlidi sözlər əsasən eyni quruluşda olur: qır-qır, mır-mır, şır-şır, cır-cır, xır-xır və s. Nidalar isə müxtəlif quruluşda olur: a, ox, pəh, paho, vayy və s. Təqlidi sözlərdən -ıltı və -ılda şəkilçiləri ilə çoxlu isim və fel düzələ bilir: vıyıltı, nərilti, gurultu, şaqqıltı, xorultu; vıyıldamaq, nərildəmək, guruldamaq, şaqqıldamaq, xoruldamaq və s.
Nidalardan isə çox nadir hallarda yeni söz yarana bilir. Təqlidi sözlər bir dildən başqa dilə keçə bilmir, hər dildə özünəməxsus ifadə olunur, nidalar isə keçə bilir. Məsələn, dilimizdə amin, afərin, əhsən, bərakallah, ura, allo kimi alınma nidalar vardır.
Təqlidi sözlər olduğu şəkildə ancaq fellə işlənir, tərz zərfliyi kimi çıxış edir: şır-şır şırıldayır, xor-xor xoruldayır, nır-nır nırıldayır, gur-gur guruldayır, vıy-vıy vıyıldayır və s. Nidalar isə ayrılıqda üzv olmur, az hallarda, həm də çəkmək, demək, etmək felləri ilə işlənir: ah çəkmək, uf demək, of eləmək və s.
Nidalar vokativ sözlərdən də fərqlənir. Vokativ sözlər heyvanlırı, quşları çağırarkən, yemləyərkən, kənara qovarkən işlədilən sözlərdir. Məs.: toyuq-cücəni çağırarkən işlədilən düdü-dü, düüü-düüü, qovarkən işlədilən kiş-kiş, atı sürərkən işlədilən dəh-dəh, itlərə ks-ks, pişiiyə piş-piş deyə işlədilən sözlər vokativ sözlərdir. Bunlardan əlavə, qaramal ilə əlaqədar oha, hoho, ho-ha, dəvə ilə əlaqədar xıx-xıx, yuh-yuh, itlərə deyilən küçən-küçən, fişt-fişt belə sözlərdəndir. (bax: 8)
Vokativ sözlərdə iradi-əqli cəhət, nidalarda hissi cəhət əsas olur. Vokativ sözlərdən yeni sözlər düzəlir: düdüləmə, dəhdələmə və s. Nidalarda bu cəhət çox məhduddur. Odur ki hətta vokativ sözlərin çağırış bildirən nidalar kimi verilməsi də düz deyil.
Nidalar və vokativ sözlər təkrarlana bilir. Nidaların təkrarı emosional mənanı şiddətləndirmək məqsədi daşıyır, vokativ sözlərin təkrarı çağırışa təkidlilik, davamlılıq çaları verir. (6, 496)
İnsana müraciətlə işlədilən ədə, əyə, əşi, aaz tipli sözlər də vokativ sözlərə daxil edilir. Bunlara imperativ sözlər də (əmr şəklində çağırış bildirən sözlər) deyilir.
Nidalar uşaq sözlərindən də (baba, bəbə, cici, tıq-tıq, çiçə, ham-ham, xıx (elə), quc (elə), qaqa, mama, papa və s.) fərqlənir. (6, 503)