Sifətlərdə isimləşmə – substantivləşmə meyli çox güclüdür. Bir vaxtlar məktəb dərsliklərində sifətlər «əsli sifətlər» və «nisbi sifətlər» kimi iki qrupa ayrılırdı. Sonralar bu cür bölgü elmi qrammatikalara da yol tapdı. (1, 115) Əsli sifətlər dedikdə saf sifət kimi işlənənlər, nisbi sifət dedikdə substantivlik keyfiyyəti qazanan sifətlər nəzərdə tutulurdu. Qəhrəman təyyarəçi buradadır əvəzinə, Qəhrəman buradadır - cümləsindəki qəhrəman sözü nisbi sifət hesab olunurdu. (Prof.Ə.Dəmirçizadə nisbi sifətlər dedikdə düzəltmə sifətləri nəzərdə tuturdu. Bax: 5,58) Lakin tədricən nitq hissələrində keçid prosesləri öyrənildikcə bu cür sifətlərin isimləşmiş sifətlər olduğu aydınlaşdı. (3,59-61;6,54-89)
Konversiya, başqa sözlə, keçid prosesi elə bir prosesdir ki, bu prosesdə bir nitq hissəsi öz xüsusiyyətlərini saxlamaqla başqa bir nitq hissəsinin xüsusiyyətlərini də qazanmış olur. Demək olar ki, bütün əsas nitq hissələrində, köməkçi nitq hissələrində və əsas nitq hissələri ilə köməkçi nitq hissələri arasında konversiya mövcuddur. İsimlər atributivləşmə-adyektivləşmə ilə sifət keyfiyyəti, sifətlər substantivləşməklə isim, adverbiallaşmaqla zərf xüsusiyyəti qazanır, saylar əvəzlikləşə bilir, substantivləşə, adverbiallaşa bilir. Fellər feli bağlama şəkilçilərinin köməyi ilə adverbiallıq, məsdər şəkilçisinin köməyi ilə substantivlik, feli sifət şəkilçiləri vasitəsilə atributivlik keyfiyyəti qazanır, bir sıra əsas nitq hissələri qoşmalaşır, modallaşır, bağlayıcılar ədatlaşır və s.
Substantivləşmə - maddi varlğa, materiyaya xas olan əlamətin, keyfiyyətin dildə maddi varlığı, materiyanı əvəz etməsi hadisəsinə deyilir.
Substantivləşmə özünü sifət, say, işarə əvəzlikləri və feli sifətlərdə daha çox göstərsə də, az-çox başqa nitq hissələrini də əhatə edir. Dil kitablarında hətta köməkçi nitq hissələri də asanlıqla substantivləşir; məs.: Amma, ancaq, lakin, fəqət qarşılaşdırma bağlayıcılarıdır. Çünki səbəb bağlayıcısıdır. Əfsus, əhsən, dəhşət törəmə nidalardır və s. kimi cümlələrdə amma, ancaq, lakin, fəqət, çünki, əfsus, əhsən, dəhşət sözləri isimləşərək mübtəda vəzifəsində işlənmişdir.
Substantivləşmə müxtəlif şəraitdə, müxtəlif səbəblərlə əlaqədar təzahür etsə də, sifətin substantivləşməsi, başlıca olaraq, əlamət, keyfiyyət bildirən sözün, yəni sifətin əşya bildirən sözü ismi əvəz etməsi, əlamət, keyfiyyət mənasını saxlamaqla yanaşı, əşya mənası da kəsb etməsi əsasında yaranır. Məsələn:
Cavanlar özlərini qocalara göstərib daha cəld işləyirdilər.
Dəlinin ağlına bələddir hər kəs,
Ondan bu incilər saçıla bilməz. (N.)
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım! (S.)
Məlumdur ki, sifətlər bir saf sifət kimi işləndikdə, əşyanın əlamətini və ya keyfiyyətini bildirdikdə cəmlənməz, mənsubiyyət şəkilçisi qəbul etməz və hallanmaz. Sadəcə olaraq aid olduğu ismə yanaşar. İdarə, uzlaşma əlaqələrinə girə bilməz. Yuxarıdakı misallarda isə cavan sözü (1-ci misal) sifət olmasına baxmayaraq, cəm şəkilçisi qəbul etmişdir, adlıq haldadır, işləyirdilər xəbərini uzlaşma yolu ilə özünə tabe etmişdir. Həmin cümlədəki qocalara sözü kəmiyyət və hal şəkilçisi qəbul etmişdir, göstərib feli bağlaması vasitəsilə idarə olunmuşdur. İkinci misalda dəli sifəti yiyəlik halın şəkilçisini qəbul edərək ağıl sözü ilə uzlaşma-idarə əlaqəli birləşmə (dəlinin ağlına) yaratmışdır. Son misalda cavan sözü mənsubiyyət şəkilçisi qəbul etmiş və mənsubiyyət birləşməsinin ikinci tərəfi kimi işlənmişdir. Bunlar qeyd etdiyimiz sifətlərin isim xüsusiyyəti kəsb etməsi, substantivləşməsi ilə əlaqədardır. Misallara diqqət yetirsək, görərik ki, həmin sifətlərdən sonra gəlməli olan isimlər işlənməmiş, düşmüş, həmin isimlərə məxsus morfoloji əlamətlər isimlərin mənasını da özündə ehtiva edən sifətlərin üzərinə köçürülmüşdür. Bu cür proses substantivləşmə hesab olunur. Substantivləşmiş sözlərdən sonra işlənməli olan, lakin substantivləşmə nəticəsində işlənməmiş isimləri bərpa etmək, öz yerinə gətirmək də olar:
Cavan oğlanlar özlərini qoca kişilərə göstərib daha cəld işləyirdilər.
Dəli adamın ağlına bələddir hər kəs,
Ondan bu incilər saçıla bilməz.
Ey gözüm, ey canım!
Get məktəbə, cavan oğlum!
Göründüyü kimi, sifətlər substantivlik (əşya bildirmə) keyfiyyətini tam itirmiş, ismə məxsus olan kəmiyyət, mənsubiyyət, hal şəkilçiləri öz yerinə – isimlərin üzərinə qayıtmışdır. Deməli, sifətlərin kəmiyyət, mənsubiyyət şəkilçiləri qəbul etməsi və hallanması onların substantivləşməsi ilə bağlıdır.
Sifətin cümlədə mübtəda və ya tamamlıq vəzifəsində işlənə bilməsi də onun substantivləşmə keyfiyyəti ilə bağlıdır. Mübtəda əşya bildirən, hallana bilən və adlıq halda olan sözlərlə ifadə olunur. Sifət bu keyfiyyətləri qazanaraq, yəni substantivləşərək adlıq halda işlənə bilməklə mübtəda vəzifəsində çıxış edə bilir. Eləcə də tamamlıq vəzifəsində işlənmək üçün substantivləşərək hallana bilməli, idarə olunma keyfiyyəti qazanmalıdır. Həqiqətdə də sifətlər yalnız bu yolla mübtəda və tamamlıq vəzifələrində işlənə bilir. Məsələn:
-Ölkənizdə açılıbdırmı qiraətxanə?
-Tazələr açmış idi, qoyduq onu viranə. (S.)
O zaman üzütüklülər, motalpapaqlı və büzmətumanlılar zalın əksəriyyətini təşkil edərdi. (M.İ.)
Öldürməyin, amandır, yaralını öldürməzlər. (M.İ.)
Bu misallarda tazələr, üzütüklülər, motalpapaqlılar, büzmətumanlılar isimləşərək cəm şəkilçisi qəbul etmiş, adlıq halda mübtəda vəzifəsində işlənmişdir. Yaralını sözü təsirlik halda, vasitəsiz tamamlıq vəzifəsindədir. Sifətlər isimləşərək tərkib daxilində də idarə oluna bilir; məs.: Düz sözü eşitməyə qulaq gərək, yaxşını pisdən seçməyə göz gərək. (M.İ.)
Sifətlərdə substantivləşmə müxtəlif keyfiyyətdədir, xüsusən intensiv işlənmə baxımından fərqlidir. Bir sıra sifətlər dildə çox vaxt substantiv vəziyyətdə işlənir. Kar, kor, keçəl, topal, axmaq, tənbəl, gözəl, cavan, qoca sifətləri əksərən isimsiz işlənir. Kar adamdır, kor adamdır, keçəl adamdır deyilmir, adətən, karın, korun, keçəlin, gözəlin, topalın hərəkətinə bax – deyilir. Heç bir nağılda «Keçəl adamın nağılı» ifadəsinə rast gəlmək olmaz, «Keçəlin nağılı» deyilir. Bu cür sözlərdə substantivləşmə bir növ daimi xarakter daşıyır və belə sözlərin bir qismi tədricən isimlər qrupuna daxil olur. Daşqın, sürücü, sağıcı, uçağan və s. bir sıra isimlər belə əmələ gəlmişdir.
Sifətlərin əksəriyyətində substantivləşmə müvəqqəti xarakter daşıyır, fikirin qısa, yığcam, sürətli ifadəsi üçün isim ixtisar edilir və nitq prosesində sifət onun da məna və struktur xüsusiyyətlərini qazanır. Ay kişi! Biz də bu işə soyuq baxırıq. Dərinlərə əl atmırıq ki, görək günah kimdədir (Ə.V.) – cümləsində soyuq sözündən sonra «bir iş kimi», dərin sözündən sonra «yerlərə» sözləri ixtisar olunmuşdur. Yaxud:
Mən ayın sözünü kəsdim bir anlıq,
Dedim çirkinlərdən danışma artıq.(S.V.)
Əbilin o biri qardaşı Əhədi görəndə balaca da ayağa qalxır, böyük də (İ.M.) -
cümlələrində çirkinlər, balaca, böyük sözləri «çirkin adamlar», «balaca adamlar», «böyük adamlar» mənasındadır. Bu cür isimləşmə aşağıdakı cümlələrdə ucaboylular, balacalar, ucalar, yaşılı, qırmızısı, sarısı, narıncısı, yaşlılar, ağsaqqallar sözlərinə də aiddir:
Ucaboylular balacaların çiyninin üstdən baxır, balacalar ucaların böyründən başını çıxararaq maraqlı gözlərlə maşından düşənləri seyr edirdilər.(M.İ.)
Mahmudun bütün zehnini qamaşdıran o yaz yaşılı, qırmızısı, sarısı, narıncısı keçib getməmişdi. (Elçin)
Yaşlılar, ağsaqqallar bilirdilər ki,Mirzə Güldəstənin yeganə qardaşıdır. (İ.M.)