Felin xəbər şəkli işin, hərəkətin hansı zamanda hansı şəxs tərəfindən icra olunduğunu bildirir.
Felin bu şəkli fel kökü və ya əsasına zaman və şəxs şəkilçilərinin artırılması ilə formalaşır. Odur ki felin bu şəklini belə düsturlaşdırmaq olar:
Xəbər şəkli = fel kökü və ya əsası + zaman şəkilçisi + şəxs şəkilçisi.
Bu, sadə xəbər şəklidir. Məs.:
Gəzmişəm yurdumu mən qarış-qarış,
Qayalar görmüşəm başı bulutda. (S.V.)
Sən də mənimlə gedərsən, orada Qaraca qız ilə oynarsan. (S.S.A.)
Bu misallarda gəzmişəm, görmüşəm, gedərsən, oynarsan felləri xəbər şəklindədir, çünki bu sözlər fel kökündən, zaman və şəxs şəkilçilərindən ibarətdir: gəz-miş-əm, gör-müş-əm, get(d)ər-sən, oyna-r-san.
Məlumdur ki, felin bütün şəkilləri şəxs şəkilçilərinin iştirakı ilə düzəlir. Xəbər şəkli ilə əmr şəklinin fərqi orasındadır ki, əmr şəklində şəxs şəkilçiləri birbaşa fel kökü və ya əsasına artırıldığı halda, xəbər şəklində zaman şəkilçilərindən sonra işlənir.
Digər tərəfdən, əmr və xəbər şəkillərində işlədilən şəxs şəkilçilərində də müəyyən fərqlər var. Eyni zamanda, xəbər şəkli başqa şəkillərdən də fərqlənir. Başqa şəkillərin özünə məxsus xüsusi morfoloji əlaməti vardır, xəbər şəkli isə belə xüsusi əlamətlə deyil, zaman şəkilçilərinin iştirakı ilə düzəlir. Təbii ki, xəbər şəklində işlənən zaman şəkilçiləri də başqa şəkillərlə işlənmir.
Ümumiyyətlə, obyektiv aləmdə zaman anlayışı şəxs anlayışından qədim olduğundan xəbər şəklində fellərə əvvəlcə zaman, sonra şəxs şəkilçiləri artırılır. Zaman şəkilçiləri Azərbaycan dilində bir sistem təşkil edir, keçmiş, indiki və gələcək zamanları əhatə etməklə, fellərin bütün zamanlar və şəxslər üzrə təsriflənməsinə səbəb olur.
Felin xəbər şəklində zaman şəkilçilərinə müvafiq olaraq şəxs şəkilçilərinin işlənməsində fərqlər vardır. Bu fərq daha çox şühudi keçmiş şəkilçisinin saitlə, qalan zaman şəkilçilərinin samitlə bitməsindən irəli gəlir. Şühudi keçmiş zamanın şəkilçisi açıq hecalı olduğundan şəxs şəkilçisinin saiti düşür. Odur ki fərq şuhudi keçmişdə işlənən şəxs şəkilçiləri ilə qalan zamanlarda işlənən şəxs şəkilçiləri arasındadır.
Şühudi keçmişdə işlənən şəxs şəkilçiləri aşağıdakılardır:
I ş. tək: -m
II ş. tək: -n
III ş. tək: -
Məsələn:
Mən yaz-dı-m
Sən yaz-dı-n
O yaz-dı
cəm: -q,-k
cəm: -nız,-niz,-nuz,-nüz
cəm: -lar,-lər
Biz yaz-dı-q
Siz yaz-dı-nız
Onlar yaz-dı-lar
Nəqli keçmişin, indiki, qəti və qeyri-qəti gələcək zamanların şəkilçiləri əsasən eynidir və aşağıdakılardan ibarətdir:
I ş. tək: -am,-əm
II ş. tək: -san,-sən
III ş. tək: -dır,-dir,-dur,-dür
Məsələn:
Mən yaz-mış-am
Sən yaz-mı(ş)-san
O yaz-mış-dır
cəm: -ıq,-ik,-uq,-ük
cəm: -sınız,-siniz,-sunuz,-sünüz
cəm: -lar,-lər
Biz yaz-mış-ıq
Siz yaz-mı(ş)-sınız
Onlar yaz-mış-lar
Beləliklə, xəbər şəklinin mahiyyəti fellərin zamanlar və şəxslər üzrə təsriflənməsi ilə müəyyənləşir. Odur ki xəbər şəkli daxilində əvvəlcə fel zamanlarını nəzərdən keçirək.