MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

ƏDAT
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

ƏDAT. 

ÜMUMİ MƏLUMAT

Sözlərin, birləşmələrin və ya bütöv cümlələrin mənasını qüvvətləndirən, cümlədə müxtəlif məna çalarları yaradan sözlərə ədat deyilir.

Ədatlar (ərəb sözü olub «hissəcik» mənasındadır) əsas nitq hissələrindən fərqi olaraq, leksik-lüğəvi mənaya, morfoloji əlamətə malik deyildir. Əksərən həcm etibarilə özündə ən az səsi birləşdirən ən yığcam dil vahidlərindən ibarət olur. Lakin ümumiləşmiş qrammatik mənası çox güclü olub, cümlədəki fikrə mühüm təsir edir. Sözün, ifadənin, cümlənin mənasına müxtəlif çalarlar əlavə edir.
Gəl çıxaq seyrinə uca dağların! (H.A.)

Di ver cavabını, nə durmusan, din! (S.V.)
- cümlələrindən di, gəl sözlərini atsaq, birinci cümlədə təkid, ikinci cümlədə çağırış mənası xeyli zəifləmiş olar.
Təkcə Gülgəz əllərini qoynuna qoyub, evdən xeyli aralıda dayanmışdı (İ.H.)
– cümləsində təkcə ədatının işlənməsindən aydın olur ki, hadisənin müşahidəçiləri çoxdur, lakin yalnız Gülgəz fərqli mövqe və vəziyyətdə dayanmışdır.

Ədatların morfoloji əlaməti də yoxdur, söz yaradıcılığı prosesində iştirak etmirlər; cümlə üzvü vəzifəsi daşımır və sintaksisdə də sadəcə olaraq «ədat» adlandırılır.

Ədatlar qoşma və bağlayıcılardan fərqli olaraq, sözlər, cümlələr arasında əlaqə yaratmır, sözlərin, ifadə, birləşmə və cümlələrin mənasına təsir göstərir. Mənanı gücləndirir, sual çaları yaradır, təsdiq və ya inkar edir, təkid, tələb, arzu, istək bildirir, emosionallığa xidmət edir, hadisələrin zamanını dəyişir, onları müəyyən şərtlə bağlayır. Bir qismi aid olduğu sözlərdən, ifadə və birləşmələrdən əvvəl, bir qismi sonra işlənir. Bir qismi ilkin mənşəyi ilə əlaqəni tam itirmiş, bir qismi əsas nitq hissələri ilə əlaqəsini və məna izlərini saxlamışdır. Odur ki məna cəhətdən hamısına eyni nəzərlə baxmaq olmaz. Bir qismi bağlayıcılarla ortaqlıdır və hər iki köməkçi nitq hissəsinə xidmət edir.

İnkişaf xüsusiyyətlərini nəzərə alaraq, ədatları üç qrupa ayırmaq olar: 1.Sabit ədatlar;
2.Qeyri-sabit ədatlar;
3.Şəkilçiləşən ədatlar.

1.Sabit ədatlar. Azərbaycan dilindəki ədatların mühüm bir qismi dilimizdə tarixən yalnız ədat kimi formalaşmış və ədat kimi sabitləşmişdir. Bunlar əsas nitq hissələrindən əmələ gəlmiş olsalar da, artıq öz mənşəyi ilə əlaqəsini itirmişdir və hansı nitq hissəsindən yarandığını müəyyənləşdirmək xüsusi tədqiqat tələb edir. Məsələn, ən ədatı qədim şumer göy allahı An`ın adı ilə bağlıdır və bu gün də həmin sözü tələffüz etdikdə təsəvvüredilməz ucalıq, dərinlik nəzərdə tutulur. Bunlar göstərir ki, sabit ədatların tarixi də çox qədimdir. Lakin bunların yaxın vaxtlarda sabitləşənləri də vardır. Məs.:
Axı ədatı axır sözündəndir və hələ indi də yaşlı adamların dilində axır şəklində işlənməkdədir.

Azərbaycan dilində işlənən sabit ədatlar, başlıca olaraq, bunlardır: ən, lap, daha, düm, bəs, məgər, kaş, axı, di, mağul, ha (hə), təki, bəli, yox, xeyr, heç.

Məsələn:
Bəs sizin eviniz rayon mərkəzində deyil? (İ.Ə.)

Axı belə zülm olmaz axı. Kaş bütün ağaclar belə bar gətirəydi. Burnu lap burnuna bənzər, yekədir.(S.R.)

Sən məni daha da qorxutdun. Bu sözlər onu daha da həvəsləndirdi. Heç Mərdan bu gün işə gəlməmişdi. Heç mən səndən soruşurammı ki, «Ciquli»ni nəynən almısan? (İ.M.)

Öz-özümə deyirəm, bəs sən nə vaxt kişi olacaqsan? (İ.M.)

Axı yazıqdır Yavər, niyə qəlbinə dəydin onun? (İ.M.)

Görəsən, Səfa taleyindən daha nə uma bilər? (İ.M.)

Bəs bu fikirlərin əlindən baş götürüb hara qaçasan? (İ.M)

Təki sən sağ ol! Məgər bir keşiş qızına vurulmaq rüsvayçılıq deyildimi? (Elçin)

Ələm ha gözlədi, onun səsinə səs verən olmadı. (İ.M.) 

Ceyranı Təbriz saraylarına yaxınlaşdıran dümdüz, hamar yolun başlanğıcı idi. (Elçin)

Misallarda fərqləndirilmiş sözlər işləndiyi cümlələrdə sual (bəs, məgər, -mı), təəccüb (axı), arzu, istək, yalvarış (kaş, təki) kimi məna çalarları yaratmış, aid olduğu sözün, ifadənin mənasını qüvvətləndirmişdir (lap, daha da, heç, ha).

Sabit ədatlar dildə çox işlənən ədatlardır.

Qeyri-sabit ədatlar. Bu ədatlar inkişaf prosesindədir, əsas və köməkçi nitq hissələrindən təcrid olunma yolu ilə inkişaf edir.

Bunların özlərini də iki qrupa ayırmaq olar:
a) əsas nitq hissələrindən əmələ gələnlər;
b) köməkçi nitq hissələrindən – bağlayıcılardan və modal sözlərdən əmələ gələnlər.

a) «Qeyri-sabit ədat» anlayışı konversiya hadisəsidir, yəni əsas nitq hissələrinin ədat xüsusiyyəti qazanması və bir Qisminin tədricən ədata çevrilməsi prosesidir.

Qeyri sabit, yəni həm ədat, həm də başqa nitq hissəsi kimi işlənən sözlərin bir qrupu sifət, say, zərf və fellərdən ibarətdir. Bunlar ədat kimi işləndikdə də öz mənşəyi ilə əlaqəni kəsmədiyi üçün leksik məna izlərini saxlamış olur.

Həm əsas nitq hissəsi, həm də ədat kimi işlənən sözlər onunla fərqlənir ki, söz əsas nitq hissəsi kimi işləndikdə leksik mənasını tam saxlamış olur, müəyyən suala cavab verir, cümlə üzvü olur; ədat kimi işləndikdə lksik mənadan məhrum olur (yalnız məna izləri qala bilir), suala cavab vermir, cümlə üzvü vəzifəsi daşımır, yəni əsas nitq hissəsi kimi xarakterik əlamətlərini itirmiş olur. Keçid vəziyyətində olan belə sözləri aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Elə, belə sözləri. Bunlar dilimizdə həm əvəzlik, həm də ədat kimi işlənir.

Əvəzlik kimi:
O, belə adamları sevmirdi. Bir azdan saz səsi eşidildi. Elə yanıqlı çalırdı ki...(F.K.)

Mahmudu belə dözümlü bilməzdi. (Elçin)

Ədat kimi:
Onun daş səthi üzərində bir ovuc torpaq belə tapmaq mümkün deyildir. Dənizdə milyon addım getsəm belə, Yorulmaram mən bu dostlar diyarından. (S.R.)

Ədat olduğunu yoxlamaq üçün bu sözləri da, də ətatı ilə əvəz etmək də olar: Dənizdə milyon addım getsəm də...

2. Düz, artıq sözləri həm sifət, həm də ədat kimi işlənir. 
Cəfər başa düşdü ki, düz adam olduğu üçün allah onun ürəyinin səsini eşidib.(Elçin)

Artıq pay bizə lazım deyil
– cümlələrində düzartıq sözləri sifətdir. Aşağıdakı cümlələrdə həmin sözlər ədat kimi işlənmişdir:
Düz qırx ildən artıqdır ki, mən bu şəhərdə yaşayıram. Artıq tamamilə qızışmış Yarməmməd ona tərəf çevrildi. (M.İ.)

Artıq neçə vaxt idi ki, Mahmud Sofini səsləmirdi.(Elçin)

Ceyran heç nə deməyib, düz mehtər Cəfərin gözlərinin içinə baxdı. (Elçin)

3. Təkcə, bir, bircə sözləri say, zərf və ədat kimi işlənir.
Mən qaranlıq gecədə bütün yolu təkcə getdim.

Onun yalnız bircə oğlu var idi.

Kömək üçün bir adam bəsdir
– cümlələrində təkcə sözü zərf, bir, bircə sözləri saydır.

Təkcə bunu fikirləşirdi ki, yaltaqlıq necə sirri-xudadır.  (Elçin)

Bircə uşaqlar tez gələydilər. Axşam bir bizə gələrsən. Pis cəhəti bircə odur ki, möhkəm fikirli deyil (M.İ.)
– cümlələrində ədatdır.

Bu cür ikili vəziyyət fellər üçün daha xarakterikdir.

1. Bax, gəl, gəlin, gör, görün, görüm, görək, qoy, qoyun sözləri cümlədə həm fel, həm də müstəqilliyini itirərək ədat kimi işlənir. Bunların fel kimi işləndiyi hallar dildə əsas və aparıcıdır. Məs.:
Fel kimi:
Ya Şeyx, yaxın gəl! (F.K.)

Mən ölüm, Molla, bizim Xankişinin qanına bax! (S.)

Gəl yat, bala, yorğun-üzgünsən, - deyə Gülnisə qıza tərəf döndü.(İ.Ə.)

Gedim bir uşaqları görüm, danışım.

Ədat kimi:
De görüm oğurluq malları kimdən aldın? Bax bir də deyirəm, yerinizdən tərpənməyin. Gəl mənə bir koma tikək. Gəl bu yükü mənim üstümdən götürək (İ.M.)

Bax, misal üçün, sən nəfəs alanda oksigeni alıb, karbon qazı buraxırsan. (İ.Ə.)

Namərd dünya gör işi nə yerə gətirib çıxarıb.(Elçin)

Bax onda cin vurur təpəmə, mən də camaatı sancıram.(İ.M.)

Qoy qızların üzü gün kimi gülsün.(S.V.)

Əşi, Sevdimalı əmi, yenə başlama görək.(İ.Ə.)

Hə, qoçaqlar, görək bu il nə edəcəksiniz. (M.İ.)

Gəl sənə Ərdəbildə bir dükan düzəldim, ev alım. (F.K.)

b) Ədatların bir qismi köməkçi nitq hissələrindən – bağlayıcılardan və modal sözlərdən təcrid olunur. Modal sözlər köməkçi nitq hissələri içərisində semantik izləri daha çox saxladığı üçün əsas nitq hissələrinə yaxındır. Onların bir qismi məna izlərini daha da azaldaraq ədatlaşır. Buna görə də ədatlarda modallıq daha çox hiss olunur. Güman ki, mənşəyi bəlli olmayan ədatların bir qismi tarixən modal sözlərdən yaranmışdır. Onda, eləsə, gərək, bəlkə, odur, budur, gəlsənə sözlərini bu qrupa aid etmək olar. Məs.:
Onda mən hələ gecikmişəm. (F.K.)

Odur, Teymurun övladları da atalarına oxşaya bilmədilər. (F.K.)

Gəlsənə bir gəzməyə gedək. Gərək bütün cavanları ayağa qaldırasınız. (M.İ.)

Sən də gərək özünü həddən artıq sərbəst hiss etməyəsən. (Elçin)

Bəlkə, doğrudan da, belə yaxşıdır? Bəlkə bu bir sınaqdır, allah göndərib? (Elçin)

Dilimizdə bağlayıcıların bir qisminin ədatlara çevrildiyini, ədat kimi işləndiyini göstərən faktlar da çoxdur. Bağlayıcılar ədatlarla müqayisədə daha canlı, mütəhərrik dil vasitələridir. Onların bir qismi tədricən semantik çalar qazanaraq və bağlayıcı kimi işləkliyini zəiflədərək ədatlaşmışdır.

Yalnız, ancaq, amma, fəqət, da, də, hətta, isə (-sa,-sə) sözləri dilimizdə həm tabesizlik bağlayıcısı, həm də ədat kimi işlənir; məs.:
Bağlayıcı kimi:
Bir yeni rəng alır Mil , Muğan da.(S.V.) 

Bəbirin içəri girməyi Ələmin fikrini , əhvalını da alt-üst elədi.(İ.M.)


Məryəm yenə əldən düşəcəkdi, amma heç nə deməyəcəkdi. (Elçin)

Anası da bir gözü ilə şəhid olmuş oğluna ağlayır, bir gözü ilə isə kiçik oğlunun qurğusuna gülürdü. (F.K.)

Qırx altı yaşa çatmışam, amma bir gün görməmişəm.(Elçin)

Ədat kimi:
Yoxsa indi də Hacının Ceyrana gözü düşüb? Təkcə bizim əsrimizdə, yalnız bizim vətənimizdə, ancaq bizim quruluşumuzda alimlə çoban bu cür danışır. (Ə.V.)

Yoxsa nişanlınız var? (İ.Ə.)

Adamın da bu qədər tanışı olarmı? (İ.M.)

Orxan fikirləşirdi ki, təkcə bunu eşitmək üçün bu gecə «Azərbaycan» mehmanxanasının on ikinci mərtəbəsinə lap piyada qalxmaq olardı. (İ.M.)

Bircə bunu əlavə etmişdi ki, «Arvadın demaqoqu dəhşətdir».(M.İ.)

Bilirdi ki, Bayandur xan təkcə Ziyad xanın qanı ilə doymayacaq. (Elçin)

Dayımın hər işdə bəxti gətirsə , övladda, ələlxüsus oğlanlarda bəxti gətirmədi.(F.K.)

Kişi nə qədər güclü olsa da, o, qadın zəifliyi ilə birləşr.(F.K.)

Bir vaxt gələcək ki, dünyada Mahmud da olmayacaq və ən başlıcası isə bir vaxt Məryəm də qara torpağa dönəcək. (Elçin)

Uzun Həsənin fikri harasa getmişdi. (F.K.)

Ayğır nə qədər güc verdisə, qurtula bilmədi. (F.K.)

Qeyd. Amma, ancaq, yalnız, fəqət, isə, hətta sözləri bağlayıcı kimi işləndikdə cümlə üzvləri və tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında qarşılaşdırma, ziddiyyət mənası yaradır. Məs.:
Ceyranın cəmi iyirmi beş yaşı var idi, amma indidən o, gələcəyin tənhalığından qorxurdu. (Elçin)

Kağızı gətirib Lələyə verdi, dəbilqəni isə lazımsız bir şey kimi dəyirmanın küncünə atdı.(F.K.)

Bu sözlər ədat kimi işləndikdə ayırma, seçmə, məhdudlaşdırma, fərqləndirmə çalarına malik olur. Məs.:
Əbədi yalnız allahdır və onun təlimidir, qızım.(Elçin)

Ki - dilimizdə həm bağlayıcı, həm də məhsuldar şəkildə ədat kimi işlənməkdədir. Ki bağlayıcı kimi işləndikdə tabeli mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirir, budaq cümləni baş cümləyə bağlayır. Məs.:
Başa düşürdü ki, bu qaladan kənarda qanlı-qadalı hadisələr baş verir. (F.K.)

Mən niyə silahlı gəlmirdim ki, belə bir işə də düşməyəydim? (F.K.)

Ədat kimi işləndikdə iki məqamda özünü göstərir. Cümlənin sonunda işlənərək emosionallıq bildirir: Dünya qurumayıb ki. (İ.Ə.)

İndi, ay Rüstəm, od olub məni yandırmayacaqsan ki? (M.İ.)

Kim ki, kimi ki, kimə ki, hər nə ki, harada ki, nə qədər ki və s. şəkillərdə budaq cümləni baş cümləyə bağlayan bağlayıcı sözün tərkibində işlənir. Bunlardan sonra vergül qoyulmur; məs.:
Harada ki işləyirdi, oranı abadlaşdırırdı. Kimə ki üz tuturdu, eyni cavabı alırdı. Nə qədər ki sən o işıqdan əl çəkmirsən, Gülnisə yatmayacaq.(İ.Ə.)

Ki - budaq cümlələri baş gümləyə müstəqil şəkildə bağlayan ədat kimi də çıxış edir; məs.:
Sənin ki canın budur, daha nə artıq-əskik danışırsan? Mən ki dəliləri, xanımları belə incitdim, day bir də onlar mənim sözümə baxmazlar.(«Koroğlu»)

Şəkilçiləşən ədatlar. Ədatların bir qismi daha uzun tarixə malik olub, müstəqil sözlərdən köməkçi sözlərə və oradan da şəkilçiləşməyə doğru inkişaf yolu keçmişdir. Bu qrupa aşağıdakı ədatlar daxildir: -sana,-sənə; -mı,-mi,-mu,-mü; -ca,-cə. Bunlar cümlədə sözlərə bitişik yazılır. Məs.:
Mən dəliyəmmi oğlumu məktəbə, dərsə göndərəm? (S.)

Elə yerdəcə palaz salıb yatırdı? (İ.Ə.)

Yoldaş katib, gəlsənə sədri yaxalayaq, yaxşı fürsətdir.(M.İ.)

Bax görürsünüz? – deyə o, əsəbiliyini gizlətməyə çalışdı. (İ.Ə.)

Bunlarla yanaşı, dilimizdə çoxişlənən idi, imiş köməkçi sözlərindən ibarət zaman ədatları və isə köməkçi sözündən ibarət şərt ədatı da vardır. Bunlar həm bütöv şəkildə, həm də şəkilçiləşən ədat kimi işlənməkdədir. Çox zaman idi ədatı -dı,-di, du,-dü, imiş ədatı -mış,-miş,-muş,-müş, isə ədatı -sa,-sə şəklində işlənir. Məs.:
O bu üzüaşağı enişdə atı büdrəməyə qoymamalı idi. (İ.Ə.) 

Yavərin üzü körpə qız üzü kimi totuq imiş, dodaqları sallaq, işıltılı imiş, səliqəylə yana daradığı saçı yağlı, parıltılı imiş. (İ.M.) 

Düzü, heç sağalmağına ümid yox idi, ancaq, görünür, kəndiri üzülməmiş imiş. (İ.Ə.)

Şikəstəgilin eyvanında işıq yanır, ancaq həyət-bacada adam görünmür. (İ.M.)

Hə, günahları ölçən elə bir mizan-tərəzi göl olsay, kişilər kişi kimi yaşayıb, kişi kimi ölərdilər.(İ.M.)

Kəndirləri üzülməyibmiş, - deyə Mövlamverdi dilləndi. (İ.Ə.)


Muğanda suvarma işləri Babil və Misir Ölkəsindən yaxşıymış. Muğan yamyaşıl olarmış. Çox gözəl otlaqları varmış. Havası da Misir və Babilin havasından yaxşıymış. Burada üzüm tənəklərini ancaq beş ildə bir dəfə kəsərmişlər. Təzə əkilən tənəklər ikinci il məhsul verərmiş. (M.İ.)

Uzun Həsənin taxtında oturmağa layiq olan bir şəxs varsa, o da Rüstəm Mirzədir.(F.K.)

O, üzüyü barmağına keçirtdi, sonra necə elədi, üzüyün qaşı qalxdı.(F.K.)