Felin nəqli keçmiş zamanının mürəkkəbi -mış,-miş,-muş, -müş zaman şəkilçisindən sonra idi, imiş zaman ədatlarının və ya onların ixtisar şəklinin artırılması ilə düzəlir; məs.:
yazmışdım
yazmışdın
yazmışdı
yazmışdıq
yazmışdınız
yazmışdılar
yazmış idim
yazmış idin
yazmış idi
yazmış idik
yazmış idiniz
yazmış idilər
yazmışmışam
yazmışmışsan
yazmışmış
yazmışmışıq
yazmışmışsınız
yazmışmışlar
yazmış imişəm
yazmış imişsən
yazmış imiş
yazmış imişik
yazmış imişsiniz
yazmış imişlər
Nəqli keçmişin -mış şəkilçili formasının hekayə və rəvayəti mənaca fərqlənir: hekayəsində işin keçmişdə icrasının danışan şəxsin şahidliyi ilə baş verdiyi, rəvayətində isə danışan şəxsin başqasından eşitdiyi və ya tədricən xatırladığı mənası vardır, yəni şühudi və nəqli keçmişdəki hekayə və rəvayət məzmunu burada bir qədər də qabarıqdır. Məs.:
Uzun Həsən anasının «Şeyx Heydərlə gedəcəyəm» deməyinin mənasını tez almışdı. O, xəbər tutmuşdu ki, Sultan Əbu Səid babası Teymur kimi, Ərdəbildəki Şeyx Səfiyyəddin pirində ziyarət etmiş, orada böyük nəzir-niyaz vermişdi.(F.K.)
Cüneyd Uzun Həsənin bacısı Xədicə Bəyimlə evlənmiş, onlardan Heydər dünyaya gəlmişdi.(F.K.)
Oğlan bizim gözlədiyimiz vaxtdan tez gəlmişmiş.
Şühudi və nəqli keçmişin özündə hekayə və rəvayət mənası var. Nəqli keçmiş isə, adından göründüyü kimi, keçmiş zamandır. Bəs onda idi, imiş yenidən keçmişə aparmaqla hekayə, rəvayət məzmunu yaratmaqla nə ilə fərqlənir?
Yuxarıdakı misalların ikisində idi, imiş ədatlarını ataq:
O, xəbər tutmuşdur ki, Sultan Əbu Səid babası Teymur kimi, Ərdəbildəki Şeyx Səfiyyəddin pirində ziyarət etmiş(dir), orada böyük nəzir-niyaz vermişdir.(F.K.)
Oğlan bizim gözlədiyimiz vaxtdan tez gəlmişdir. Geriyə yol yox idi, addım atılmışdır. (Elçin)
Misallarda bu cür dəyişiklik etdikdə dərhal hiss olunur ki, sadə və mürəkkəb zamanlarda zaman fərqi var: sadə xəbər şəkli yaxın keçmiş, mürəkkəbi uzaq keçmiş mənası yaradır. Digər tərəfdən, mürəkkəb xəbər şəklində hekayə və rəvayət məzmunu daha qabarıqdır və güclənmiş olur. Dil bu formanı daha çox bu cəhətlərə əsasən yaratmışdır.
Nəqli keçmişin ikinci forması, yəni -ıb şəkilçisi fel zamanlarının sadə formasında 1-ci şəxsin təkində və cəmində işlənmədiyi kimi, bu şəkilçinin hekayəsi də olmur. Lakin -ıb şəkilçisinin 1-ci şəxsdə rəvayəti olur:
Mən yazıbmışam
Sən yazıbmışsan
O yazıbmış
Biz yazıbmışıq
Siz yazıbmışsınız
Onlar yazıbmışlar
Bu forma güclü rəvayət məzmununa malikdir. Məs.:
A... Miko lap gerçəkləyibmiş... (İ.Ə.)
Teymur bunlardan Anqaraya düz otuz səkkizini gətiribmiş.(F.K.)
Uşaqları onun yolunu çox gözləyibmiş.