MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

YER ZƏRFLƏRİ
MÜASİR AZƏRBAYCAN DİLİ. MORFOLOGİYA

YER ZƏRFLƏRİ

Yer zərfləri işin icra olunduğu yeri bildirir, hara? haraya? harada? haradan? suallarına cavab verir.

Məs.:
Məlum oldu ki, səs irəlidən deyil, geridən gəlirmiş. Gördü fənadır işinin axiri, Qaçdı o saət ayı ordan geri.(A.S.)

Kim irəli çox tələsir, buyursun.(M.İ.)

Tərgül qalın kipriklərini aşağı endirdi. (Ə.V.)

Bəri gəl, oğlum, bu yerlərdə indi heç kimi tapmaq olmaz. Ta axşamacan sədr buralarda görünməyəcək.(İ.M.) 

Qarı həmişə başını aşağı salırdı, yuxarı qaldırmırdı. (Elçin)

İsmayılzadə başını qeyri-ixtiyari yuxarı qaldırdı. (M.H.)

Bu misallarda irəli, geri, aşağı, yuxarı, bəri, ordan, buralarda sözlərinin bir qismi hərəkətin yerini, istiqamətini (səs irəlidən deyil, geridən gəlirdi, ayı ordan geri qaçdı və s.), bir qismi əşyanın tutduğu sahəni (başını yuxarı qaldırmırdı, sədr buralarda olmayacaq və s.) bildirir.

Yer zərfləri də quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

Dilimizdə daha çox işlənən irəli, geri, yuxarı, aşağı, bəri, az işlənən dışarı sözləri əslində tarixən məkan mənalı sözlərə -ru,-qaru şəkilçilərinin daşlaşması ilə yaranmış sözlərdir. Qeyd edilən şəkilçilər tarixən istiqamət halının şəkilçiləri olduğundan istiqamət mənası həmin sözlərdə qalmışdır, ona görə də çox vaxt bu sözlərə yönlük halın şəkilçisini əlavə etmək lazım gəlmir. Bu cür sözləri həm yönlük halın şəkilçisi ilə, həm də şəkilçisiz işlədə bilirik: yuxarı qalxdım – yuxarıya qalxdım, geri döndüm – geriyə döndüm, irəli getdim – irəliyə getdim və s.

İrəli, geri, yuxarı, aşağı, bəri sözləri sadə yer zərfləri hesab olunur. Məs.:
Kefsizləyib qonaq evində qalmışdım,- deyə kişi geri çevrilmədən cavab verdi. (İ.Ə.)

Dədəm aşağı, quyunun üstünə endi. (İ.Ə.)

Qızyetər gülüb geri çəkildi.(M.İ.)

Saday bir qolunu stulun söykənəcəyinə qoyub, başını salmışdı aşağı.(İ.M.)

İrəli getməkdən başqa çarəmiz yoxdur.

Qeyd
1. Bu sözlərin ismin halları üzrə sərbəst şəkildə dəyişməsi göstərir ki, əslində, bunlar ad bildirən sözlərdir. Ora, bura sözləri də belədir. Yuxarı qaranlıqdır. Aşağı istidir. Ora mənim işlədiyim yerdir – cümlələrində aşağı, yuxarı, ora sözləri məkan adları kimi dərk olunur. Lakin eyni zamanda bu sözlərdə güclü adverbiallaşma vardır. Odur ki bu sözləri adverbial sözlər adlandırmaq olar.

2. Ora, bura sözləri yerlik və çıxışlıq hallarında həm orda, burda, həm də orada, burada şəklində tələffüz edilə və yazıla bilər. Bunların sualı kimi işlənən harda – harada sözü də belədir.

Azərbaycan dilində düzəltmə yer zərfləri o qədər də inkişaf etməmişdir. Ora, bura, içəri sözlərinin düzəltmə söz olduğunu qeyd etmək olar. Bunlar o, bu, iç sözlərinə -ra, -əri (-qaru) şəkilçilərinin artırılması ilə əvəzlik və isimlərdən yaranmış sözlərdir.

Dilimizdə -lıqda,-likdə şəkilçisi vasitəsilə də bir neçə yer zərfi düzəlir. Aralıqda, ortalıqda, yaxınlıqda sözləri belə sözlərdəndir. Məs.:
Ay oğul, olmaz ki, burda danışmamış, əvvəl imkanlarımızı orda, öz evimizin içində ayırd edək? (M.İ.)

Kamandar təbdən çıxıb qalmaqal salar bura.(İ.M.)

Bəbirin içəri girməyi Ələmin əhvalını alt-üst elədi (İ.M.)

Bəd əməllər, fitnə-fəsadlar orda törəyir, anasının əmcəyini kəsənlər də elə orda yaşayırlar.(İ.M.)

Gəncəni bura köçürəcəyəm, sarayımı da elə tikdirəcəyəm ki, Göygölə baxsın.(Elçin)

Bir ovuc darıdı, hara səpələsən, elə oradaca qalır. (Elçin)

İçəri iki kişi girdi.(İ.M.) 

Dilimizdə bir sıra mürəkkəb yer zərfləri də vardır. Bunlar məkan mənalı antonim sözlərin birləşməsi ilə düzəlir: ora-bura, orada-burada, sağa-sola, yuxarı-aşağı, aşağı-yuxarı və s. Məs.:
Gündə neçə dəfə irəlini-gerini yoxlayan bu adam dostu ilə danışanda səsini alçaldıb oraya-buraya baxır. (Ə.V.)

Ələm aşağıya-yuxarıya baxdı.(İ.M.)

Yer zərflərinin hamısı isim mənşəli olduğundan asanlıqla hallanır, kəmiyyət, mənsubiyyət və hal şəkilçiləri qəbul edərək dəyişir. Məs.:
Şəfiyev özü söz verib ona, deyib ki, yuxarıdan sənin adına istəmişəm onu.(İ.M.)

Qəmərbanu bu gözlərdə burasını da görmüşdü ki, həmin məhəbbət məhkum məhəbbətdi. (Elçin)

Məlumat üçün. Azərbaycan dilində yer zərfləri ilə yanaşı, yer zərflərindən miqdarca daha çox köməkçi adlar işlənməkdədir. Bunlara: alt, üst, qıraq, kənar, yan, böyür, qabaq, iç, ara və s. sözləri misal göstərmək olar. Bunlar daha çox ismi birləşmənin ikinci tərəfi kimi işlənib (evin içində, evin qabağında, evin yanında, evin böyründə, evin dalında, evin üstündə və s.) məkan mənası yaratmaqdadır. Lakin bunlar yer zərfi deyil, köməkçi adlar hesab olunur.

Çox zaman o, bu sözlərinin yan, tərəf, tay tipli sözlərlə yaratdığı o tərəf, bu tərəf, o yan, bu yan, o tay, bu tay və s. birləşmələr də yer zərfi hesab olunur. Lakin bunlar köməkçi adlarla əvəzliklərin yaratdığı söz birləşmələridir. Məs.:
Bəbir o yana baxdı, bu yana baxdı, heç kimi görə bilmədi. (İ.M.)

O tərəfə getmə, bala, olsa bu tərəflərdə olacaq. Arvad oğlunun üzünü o yana çevirdiyini gördükdə gözləri dişi pələng gözləri kimi parıldadı.(İ.Ə.)

Gülnisə həyətdə o yan-bu yana qaçan Mikoya baxıb qaşlarını çatdı.(İ.Ə.)

Hər, heç, bir əvəzlik və ədatlarının köməkçi adlara (yan, tərəf, yer və s. sözlərə) yanaşması ilə yaranan birləşmələri də yer zərfləri hesab etmək olmaz; məs.: hər yan, hər tərəf, hər yer, heç yan, heç yer, bir yan, bir tərəf, bir yer. Bunların ikinci tərəfi daha çox yönlük, yerlik, çıxışlıq hallarında işlənir və birləşmə bütövlükdə adverbial məkan anlayışı bildirir. Məs.:
Heç yerdə görmədim düz bənövşəni. (Qurbani)

Heç yana, heç yerə mən tələsmirəm.(S.V.)

Hər tərəf lalələrlə örtülmüşdü.

Bunları mürəkkəb üzv hesab etmək olar.

NÖVBƏTİ
ƏVVƏLİ