Felin sadə və mürəkkəb şərt şəkli ilə yanaşı, ümumi şərt şəkli də var.
Ümumi şərt şəkli fellərə isə şərt ədatını və onun şəkilçiləşmiş -sa,-sə formasını artırmaqla düzəlir. Məsələn:
Kimin bu mənzilə ayağı dəysə,
Yeri var şahlara naz eyləyirsə (Ş.)
– misralarından birincisində dəysə sözü felin şərt şəklindədir, -sa,-sə şəkilçisi felin kökünə artırılmışdır: dəy-sə. İkinci misrada naz eyləyirsə sözündə isə şərt ədatının şəkilçiləşmiş forması zaman şəkilçisindən sonra işlənmişdir. Sözdə zaman şəkilçisi var: naz eylə-(y)ir-sə – naz eylə-(y)ir isə. Bu hal aşağıdakı misallarda tabe olarsa, əl çəkərsə, demirsə, deyirsənsə, görüblərsə sözlərinə də aiddir:
Hiss edirdim ki, əgər Şah anasının iradəsinə tabe olarsa, məndən əl çəkərsə, ölərəm.(İ.Ə.)
Əgər hamı düz demirsə, bircə sən düz deyirsənsə, bunu da başa salmağın təhəri var.(İ.Ə.)
Qartallı Dərənin camaatı həmişə köçəri olub, harada yaxşı ot görüblərsə, heyvanı ora sürüblər.(İ.Ə.)
Deməli, qeyd edilən sözlərdə isə (-sa,-sə) fel kökünə yox, felin xəbər şəklinin üzərinə əlavə olunmuşdur. Odur ki bunlara ümumi şərt şəkli və ya fel şəkillərinin şərti demək olar.
Fel şəkillərinin şərtini bildirən isə (-sa,-sə) xəbər, vacib, lazım şəkillərinə artırılır. Əmr şəklində bir qətilik, arzu şəklində şərt çaları olduğu üçün isə (-sa,-sə) əmr, arzu və şərt şəkillərinə artırılmaz. Ümumi şərt əlaməti həm xəbər, vacib, lazım şəkillərinin sadəsi, həm də mürəkkəbi ilə işlənər.
Sadə şəkillərlə.
Artırıldığı bütün fel şəkillərində isə (-sa,-sə) əksərən sözə bitişik və şəkilçiləşmiş halda yazılır və şəxs şəkilçilərindən sonra işlənir:
Şühudi keçmişin şərti
yazdımsa
yazdınsa
yazdısa
yazdıqsa
yazdınızsa
yazdılarsa
Nəqli keçmiş 1-in şərti
yazmışamsa
yazmı(ş)sansa
yazmış(dır)sa
yazmışıqsa
yazmı(ş)sınızsa
yazmışlarsa
Nəqli keçmiş 2-nin şərti
yazıbsansa
yazıbsa
yazıbsınızsa
yazıblarsa
İndiki zamanın şərti
yazıramsa
yazırsansa
yazırsa
yazırıqsa
yazırsınızsa
yazırlarsa
Qəti gələcəyin şərti
yazacağamsa
yazacaqsansa
yazacaq(dır)sa
yazacağıqsa
yazacaqsınızsa
yazacaqlarsa
Qeyri-qəti gələcəyin şərti
yazaramsa
yazarsansa
yazarsa
yazarıqsa
yazarsınızsa
yazarlarsa
Vacib şəklinin şərti
yazmalıyamsa
yazmalısansa
yazmalıdırsa
yazmalıyıqsa
yazmalısınızsa
yazmalıdırlarsa
Lazım şəklinin şərti
yazasıyamsa
yazasısansa
yazasıdırsa
yazasıyıqsa
yazasısınızsa
yazasıdırlarsa
Bunlar sadə fel şəkillərinin və ya ümumən fel şəkillərinin şərtidir.
Qeyd. Bəzi hallarda, xüsusən 3-cü şəxsdə isə ayrı yazılmaq imkanına da malikdir. Yazmırlar isə, yazmayacaqlar isə, yazmışlar isə, yazdı isə, yazmalıyıq isə, yazmalıdırlar isə, yazmalısan isə sözlərindən göründüyü kimi, isə az hallarda ayrı da yazıla bilir.
Felin şərt şəklinin şəkilçisi (-sa,-sə) ilə isə şərt ədatının şəkilçiləşmiş forması (-sa,-sə) eyni şəkildədir. Bunları aşağıdakı şəkildə fərqləndirmək olar:
1. Şərt şəkilçisi felin kökünə və ya əsasına artırılır. Şərt şəkilçisindən əvvəl yalnız təsirlik, növ, inkarlıq şəkilçiləri işlənə bilər; məs.:
köç-ür-sə-m
köç-ür-t-səm
köç-ür-t-dür-sə-m
köç-ür-t-dür-mə-sə-m
yaxşılaş-dır-sa-m
yaxşılaş-dır-ıl-sam
yaxşılaş-dır-t-dır-ıl-sa-m
yaxşılaş-dır-ıl-ma-sa-m
İsə şərt ədatının şəkilçiləşmiş forması isə zaman şəkilçilərindən,-malı,-məli,-ası,-əsi şəkilçilərindən sonra işlənir. Məs.: yaz-ır-am-sa, yaz-acağ-am-sa, yaz-malı-yam-sa, yaz-ası-yam-sa və s.
2. Şərt şəkilçisi feldən ayrı işlənə və yazıla bilməz, lakin isə şərt ədatı fellə birgə işləndiyi kimi, ayrı da işlənə bilir; məs.; gəlir isə, gəlmiş isə, gələcək isə, yazmalı isə, gəlməli isə və s.
Felin mürəkkəb şəkillərinin də şərti vardır. Mürəkkəb şəkillərin şərtində isə (-sa,-sə) zaman, şəkil əlamətlərindən, idi, imiş zaman ədatlarından (və onların ixtisar şəkillərindən) və şəxs şəkilçilərindən sonra işlənir. Bu hal əmr şəkli, şühudi keçmiş, arzu və şərt şəkillərindən başqa, qalan zaman və şəkilləri əhatə edir. Məs.:
Xəbər şəklinin hekayə və rəvayətinin şərti (bir nümunə – indiki zamanın hekayə və rəvayəti):
yazırdımsa
yazırdınsa
yazırdısa
yazırdıqsa
yazırdınızsa
yazırdılarsa
yazırmışamsa
yazırmışsansa
yazırmışsa
yazırmışıqsa
yazırmışsınızsa
yazırmışlarsa
Vacib şəklinin hekayə və rəvayətinin şərti:
yazmalıydımsa
yazmalıydınsa
yazmalıydısa
yazmalıydıqsa
yazmalıydınızsa
yazmalıydılarsa
yazmalıymışamsa
yazmalıymışsansa
yazmalıymışsa
yazmalıymışıqsa
yazmalıymışsınızsa
yazmalıymışlarsa
Lazım şəklinin hekayə və rəvayətinin şərti:
yazasıydımsa
yazasıydınsa
yazasıydısa
yazasıydıqsa
yazasıydınızsa
yazasıydılarsa
yazasıymışamsa
yazasıymışsansa
yazasıymışsa
yazasıymışıqsa
yazasıymışsınızsa
yazasıymışlarsa
Qeyd. Əksər hallarda isə ayrı da yazıla bilər.
Bütün bu formalarda dil çox müxtəlif məna incəlikləri yaratmağa imkan verir. Ümumi şərt bildirən fel təsdiq feldirsə, ümumi nəticə müsbət ola bilir; məs.:
Əgər Marqo bir gün görməyəndə soyuğa, qara baxmayaraq, onun yanına gedirmişsə, demək, oğlanı istəyirmiş. (İ.Ə.)
Təsdiq fel inkar məna da ifadə edə bilir:
Əgər mən ən qiymətli adama olan duyğularımı başqalarından gizləyəcəyəmmişsə, o zaman nə üçün, kim üçün yaşayıram? (İ.Ə.)
Cümlədən «duyğularımı gizləmirəm, ona görə də yaşayıram» mənası alınır. Baş cümlədə işin icra olunmaması çaları daha çox müşahidə olunur: Məktub yazmalıydımsa, yazmalıymışamsa, yazasıymışamsa, bəs nə üçün yazmamışam?
Təsirlik, növ, inkarlıq pozisiyaları bütün bu hallarda özünü mühafizə edir. Məs.: Yazmalıymışıqsa – yazdırmalıymışıqsa, yazdırtdırmalıymışıqsa – yazdırtdırmamalıymışıqsa; köçürtdürməməliyikmişsə, oxutdurmamalıyıqmışsa və s.