Mürəkkəb sifətlər iki müstəqil mənalı sözün birləşməsi nəticəsində əmələ gəlir. Müxtəlif nitq hissələrindən, xüsusilə sifət və isimlərdən ibarət olan sözlər birləşərək bir vurğu ilə tələffüz olunur və bir məna, bir məfhum ifadə edir.
Mürəkkəb sifətlər aşağıdakı yollarla əmələ gəlir:
1. Sadə və düzəltmə sifətlərin təkrarı ilə; məs.: uzun-uzun (ağaclar), gözəl-gözəl (yollar), yaşıl-yaşıl (çəmənlər), dadlı-dadlı (meyvələr), güllü-güllü (bağçalar), əzik-əzik (paltarlar) və s.
2. Sadə və düzəltmə sifətlərin birləşməsindən ibarət olur: ağsaçlı (ana), ağıryüklü (maşın), qoşabuynuzlu (keçi) və s.
3. Hər iki tərəfi düzəltmə sifətlərdən ibarət olur: açıqfikirli (adam), enlikürəkli (oğlan) və s.
4. Yaxın mənalı düzəltmə sifətlərin birləşməsindən ibarət olur: bağlı-bağçalı (kəndlər), hədsiz-hesabsız (maşınlar), dilliağızlı (adamlar), güllü-çiçəkli (bağlar), qırıq-sökük (bina) və s.
5. Tərəflərindən biri və ya hər ikisi yaxın və ya əks mənalı düzəltmə sifətlərdən ibarət olur: boy-buxunlu (oğlan), ata-analı (uşaq), hay-küylü (adam), dərə-təpəli (yer); ətli-canlı (qadın), qollu-budaqlı (ağac), güllü-çiçəkli (çəmən), daşlı-kəsəkli (yollar), enişli-yoxuşlu (yollar), dərəli-təpəli (yerlər), bitməz-tükənməz (əfsanələr) və s.
6. Tərəflərdən biri mənasız sözlərdən (qoşa sözlər) ibarət olur: qara-qura (yerlər), dar-düdük (geyim), qatma-qarışıq (məsələ), əyri-üyrü (yollar) və s.
7. Birinci tərəfi sadə, yaxud düzəltmə sifət, ikinci tərəfi isimlərdən ibarət olur: göygöz (kosa), uzunsaç (qız), qaraqaş (oğlan), ağsaqqal (kişi), qaragöz (qız), ucaboy (qadın), xoşbəxt (adam), bədbəxt (hadisə) əyribel (qarı), gülərüz (uşaq) və s.
8. Birinci tərəfi isim, ikinci tərəfi müxtəlif nitq hissələrindən ibarət olur. a) hər iki tərəfi isimdən ibarət olur: badımcanburun (kişi), motalpapaq (kişi) və s. b) isim və düzəltmə sifətdən ibarət olur: daşürəkli (insan), ayüzlü (qadın), bərabərüzlü (cisim) və s. v) isim və saydan ibarət olur: qapıbir (qonşu), anabir (uşaq) və s.
9. Birinci tərəfi mənsubiyyət şəkilçili isim, ikinci tərəfi isimdən, sadə və düzəltmə sifətlərdən ibarət olur: qəlbidaş (insan), başıboş (adam), suyuşirin (oğlan), əliboş (kişi), qarnıyoğun (kişi), qolugüclü (adam), əliəyri (uşaq), meymunabənzər (insan), ağlagəlməz (hadisə) və s.
10. Birinci tərəfi say, ikinci tərəfi sadə isimlərdən ibarət olur: beşguşə (ulduz), beşmərtəbə (ev). Bu cür mürəkkəb sifətlərin ikinci tərəfi daha çox düzəltmə sifətdən ibarət olur. Məs.: beşguşəli (ulduz), dördbucaqlı (otaq), altıyanlı (fiqur), ontəkərli (maşın) və s.
11. Azərbaycan dilində mənsubiyyət şəkilçili alt, yan, ara, qabaq köməkçi adlarının ikinci tərəf kimi işləndiyi – ikinci növ ismi birləşmələrdən düzələn mürəkkəb sifətlər də vardır: sətiraltı (fikir), rayonlararası (müşavirə), bayramqabağı (yarış), həyətyanı (sahə), seçkiqabağı (yığıncaq) və s.
Qədər, kənar, üst, yana, bab, fənd, orta sözləri ilə də mürəkkəb sifətlər düzəlir: məktəbəqədər (tərbiyə), məktəbdənkənar (oxu), dağüstü (park), ağayana (adam), ortabab (kəndli), qocafəndi (yemək) və s. (1, 99-101)